Məhkəmə qərarları › İş №1(001)-448/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-448/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-448/2023 29.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi məklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında yerləşən fərdi yaşayış evini 06 yanvar 2022-ci il tarixdə Şahid1 satmasına baxmayaraq evin özünə məxsus olmasını bildirməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib həmin evi 33.000 (otuz üç min) manata satacağı barədə yalan vəd verib aldatmış, 12 yanvar 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanında yerləşən ünvan 4 manat, 02 mart 2022-ci il tarixdə Şirvan şəhəri. M.Ə.Rəsulzadə küçəsində quraşdırılmış «kassam.az» ödəmə terminalı vasitəsi Şahid4 adına olan **********645840 bank kartına mədaxil edilmiş və Bakı şəhəri, Binəqədi rayonu ərazisində nağdlaşdırılmış 2000 (iki min) manatı alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 32.000 (otuz iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əlində ev var, lakin Zərərçəkmiş şəxs digər evi almağa razılaşmadı. O, kreditlə Zərərçəkmiş şəxs satdığı evi ilk olaraq Şahid1 satmışdır. Həmin vaxt borcu olduğundan pula ehtiyacı olmuş, bu səbəbdən belə bir addım atmışdır. Maklerlər adam gətirdi ki, evi Tamillaya satsın. Evi Tamillaya satdıqdan sonra onlara dedi ki, evi qaytarsınlar. Tamilla razılaşmasa da onun yoldaşı evi qaytarmağa razılaşdı. Tamilla isə özünü öldürəcəyini, lakin evi qaytarmayacağını demişdir. O da evi bu səbəbdən Jaləyə qaytara bilməmişdir. Zərərçəkmiş şəxs verdiyi puldan da xərclədiyi üçün pulu onlara qaytara bilməmişdir. Bundan başqa əlində ev olsa da Jalə başqa ev istmədiyini bildirmişdir. Daha sonra Jalə ondan şikayət etmişdir. Şikayətdən onun sonradan xəbəri olmuş və həmin vaxtlar Jaləyə olan borcunu ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ilk olaraq evi Tamellaya 49000 manat pula razılışaraq satmış və ondan 23000 manat pulu nəğd olaraq almış, qalan 26000 manat pulu isə aylıq olaraq 500 manat ödənilməsi ilə razılaşmışdır. Evin heç bir sənədi olmamışdır. Evi podrat müqavilə əsasında satmışdır. Həmin vaxt onun kredit və başqa borcu olmuşdur. O, əvvəllər nə Zərərçəkmiş şəxs, nə də Şahid1 tanımamışdır. Onları makler gətirmiş və bu zaman tanımışdır. Evin əvvəl Tamillaya satılmasından maklerin xəbəri olmamışdır. Makler Jaleni gətirdikdən sonra evi ona satmış və Jaledən nəğd şəkildə 30000 manat pul almışdır. Jaledən aldığı pulu 20000 manata yaxın olan borcuna vermişdir. Zərərçəkmiş şəxs borcunu hər ay hissə-hissə ödəyə bilər. Jaləyə olan borcundan 9000 manat pulu poçt vasitəsilə ona göndərmiş, lakin Jalə həmin məbləği götürməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 6 yanvar 2022-ci il tarixdə ev axtarmaq üçün Binəqədiyə gəlmişlər. Makler vasitəsi ilə Qətibənin evini tapmışlar. Qətibə evini 6 yanvar 2022-ci il tarixdə Tamillaya satmış, onun isə bundan xəbəri olmamışdır. Qətibə onlara həmn evi yanvar ayının 12-də satmışdır. Qətibəyə 30000 manat pul verərək alğı-satqı etmişlər, sonra da 2000 manat pulu Qətibənin qızının kartına göndərmişdir. Aralarında olan razılaşmaya görə Qətibə iki ay müddətində evi boşaldaraq onlara təhvil verməli idi. O, Qətibə ilə əlaqə saxlayıb evi boşaltmağa hazır olub-olmadığını soruşmuş, Qətibə isə hələ hazır olmadığını deyib, evdə olmadığını bildirmişdir. Bundan başqa Qətibə ona əgər evi kirayə verirsə onun özü qalmaq istədiyini demişdir. O, Qətibə ilə razılaşıb evi onun özünə ayı 250 manata yaya qədər kirayə vermişdir. Qətibə hər ay evin kirayə pulunu onun kartına göndərdiyi üçün aralarında problem yaranmamışdır. Onların ailə vəziyətləri ilə bağlı Bakı şəhərinə gəlmələri alınmadığından Qətibə aldığı evdə kirayə qalmağa davam etmiş və onun hər ay 250 manat kirayə pulunu da kartına göndərmişdir. Sonra Qətibəyə evi boşaltması üçün zəng etsə də onun nömrəsinə zəng çatmamışdır. O da gedib aldığı evin qapısını döydükdə, qapını bir xanım açmış və evi Qətibədən aldığını bildirmişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmədiyi üçün sonuncu şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, maklerlə gedib Qətibədən ev almışlar və belə hadisə baş vermişdir. Evi 33000 manat pul müqabilində almışlar. Evə baxmağa gedəndə evdə Qətibəgilin özləri yaşayırdı. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşıgil evə baxarkən evi Təqsirləndirilən şəxs satdığı və evin ona məxsus olduğunu öyrənmişlər. Evi notariusda alğı-satqı yolu ilə almışlar. 5-6 ay keçdikdən sonra görmüşlər ki, aldıqları evdə başqa adam yaşayır. Evin başqasına satılmasından xəbərləri olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə həmin şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Götürmə aparılması və məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin surəti, xx.xx.2022-ci il tarixli qəbzin surəti, bank kartının surəti, bildirişin surəti, ərizənin surəti, AKX-03681xx/xx-2022 №-li müqavilənin surəti istintaq üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və qeyd olunan sənədlərdə məlumatlara baxış keçirilmişdir. Müqaviləyə baxışla aşağıdakılar müəyyən edilmişdir: podrat müqaviləsi 12 yanvar 2022-ci il tarixdə Şahid4 ilə Zərərçəkmiş şəxs arasınqda bağlanmış və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə Birinci tərəf öz materiallarından istifadə etməklə Bakı ş. Binəqədi ray. Binəqədi qəs. Mədən 1 korpus 9 ünvanında yerləşən tikinti sahəsi 111 kv.m təşkil edən 6.80 metr hündürlüyü, 10(on ) daş kürsü, 2.80 metr tavan hündürlüyü olan 3(üç) otaqlı 1 (bir) mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 33000(otuz üç min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 30000(otuz min) manat notariusun deposit hesabı vasitəsi ilə ödəyir. Qalan 3000(üç min) manat 45 gün müddətinə ödəməyi öhdəsinə götürür. Qəbzə baxışla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində quraşdırılmış «kassam.az» ödəmə terminalı vasitəsi ilə **********645840 №-li Kapital Bank kartına 2000 manat mədaxil edilmişdir. Kartın sürətinə baxışla müəyyən edilmişdir ki, **********645840 №-li bank kartı «VİSA» sisteminə aid Kapital Bankın «Birkart Umico» kartıdır. Ərizəyə baxışla müəyyən edilmişdir ki, Şahid4 adına olan **********006 nömrəli su kodunu Zərərçəkmiş şəxs adına keçirməsinə etiraz etmir. Bildirişə baxışla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədən 9 ünvanında quraşdırılmış işıq sayğacı Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. AKX-03681xx/xx-2022 №-li müqaviləyə baxışla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədən ünvanında quraşdırılmış qaz sayğacı Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Götürmə aparılması və məlumatlara baxış keçirilməsi haqqında 19 dekabr 2022-ci il protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş 01 vərəqdə xx.xx.2022-ci il tarixli podrat müqaviləsinin surəti istintaq üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və qəbzlərdə olan məlumatlara baxış keçirilmişdir. Müqaviləyə baxışla aşağıdakılar müəyyən edilmişdir: podrat müqaviləsi 06 yanvar 2022-ci il tarixdə Şahid4 ilə Şahid1 arasınqda bağlanmış və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə Birinci tərəf öz materiallarından istifadə etməklə Baki ş. Binəqədi r. Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanında, 101 kv/m torpaq sahəsində inşa edilən 3.00 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel-metlax, ümumi sah 101 kv.m. olan 2 mərtəbəli, 3 daş kürsülü, 7 ( yeddi) otaqlı, mətbəxli, dəhlizli, təmirli, fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 49000 ( qırx doqquz min ) manat təşkil edir. Sifarişçi həmin məbləğin 10000 ( on min ) manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 39000 (otuz doqquz min ) manat pul vəsaitindən 13000( on üç min) manatı əvvəlcədən beh şəklində ödənilib, 26000( iyirmi altı min) manat isə hər ay 500( beş yüz) manat ödəmək şərti ilə xx.xx.2026 cı il tarixədək ödəməyi öhdəsinə götürür. Şübhəli şəxsin tutulması və barəsində atarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınaraq tutulması və onun olduğu yerin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədi ilə barəsində axtarış elan edilmişdir. Tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə saat 09:00-da tutularaq saxlanılma yerinə təhvil verilmişdir. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham həmin tarixdə saat 10:00-da elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti aparılmış və sonuncu istintaqa verdiyi ifadələri bir daha hadisə yerində təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 12 yanvar 2022-ci il tarixli podrat müqaviləsinin surəti və ödəniş qəbzinin surəti, Şahid1 tərəfindən təqdim edilmiş 06 yanvar 2022-ci il tarixli podrat müqaviləsinin surəti iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişlər. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əbindən və çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən AZ1053 poçt şöbəsi vasitəsilə Zərərçəkmiş şəxs göndərilmiş 9000 manat məbləğində pul sonuncu tərəfindən qəbul edilmədiyindən həmin məbləğ göndərən şəxsə geri qaytarılmışdır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın qismən ödənilməsinə dair müvafiq hərəkətini, qadın olmasını, habelə zərərçəkmiş şəxsin ona vurulmuş maddi ziyanı tam tələb etməsini və maddi ziyanın ödənilməməsi səbəbindən şikayətçi olması olması kimi halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 03 fevral 2023-cü il tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuş və 04 fevral 2023-cü il tarixdə saat 10:00-da təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSYdən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saat hesabı ilə 24 saatdan, yəni 1 (bir) gündən artıq müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 03 fevral 2023-cü il tarixdə saat 09:00-dan təqsirləndirilən şəxs qismində cəlb edildiyi 04 fevral 2023-cü il tarixdə saat 10:00-dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 12 yanvar 2022-ci il tarixli podrat müqaviləsinin surətinin, ödəniş qəbzinin surətinin və 06 yanvar 2022-ci il tarixli podrat müqaviləsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 12 yanvar 2022-ci il tarixli podrat müqaviləsinin surətinin, ödəniş qəbzinin surətinin və 06 yanvar 2022-ci il tarixli podrat müqaviləsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar