Məhkəmə qərarları › İş №1(001)-449/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-449/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-449/2020 12.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 87 ünvanında yaşamış, barəsində xüsusi tibbi müəssisəyə (psixiatriya stasionarına) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq edilmiş, hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə alan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılmasına dair iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılmasına dair iş materiallarına əsasən o, xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində ünvan 2 mənzil 87 ünvanında atası Zərərçəkmiş şəxs təcili tibbi yardım çağırması səbəbindən aralarında yaranmış mübahisə zamanı atası Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən, daha sonra mətbəxdən götürdüyü bıçaqla baş nahiyəsindən və sağ əlindən vuraraq ona sol alt göz qapağının, başın sol təpə-gicah nahiyələrindəki, burun nahiyəsindəki, sol əlin V barmağındakı kəsilmiş yaraları, sol gicgah nahiyəsində deşilmiş-kəsilmiş yara, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın, çənə və çənəaltı nahiyələrinin yumşaq toxumaların əziyi, dərialtı hematoması ilə müşayiət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, 2017-ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə fakültəsinin Elektronika telekommunikasiya radiotexnika ixtisasını bitirmişdir. X1 2019-cu ildə evlənib köçdükdən sonra o, atası və anası ilə bir yerdə yaşamışdır. xx.xx.2017-ci il tarixdə Lənkəran şəhərində Daxili Qoşunlarda hərbi xidmətdə olarkən, 3 ayın əsgəri ikən onu təhqir etməsinə görə əsəbiləşib bir əsgər yoldaşını üzərində olan süngü bıçağı ilə 3 dəfə vurmuş, ona görə məhkəmə qərarı ilə 6 ay azadlıqdan məhrum olunmuşdur. Sonra hərbi xidmətdən tərxis olunmuş, yəni kənarlaşdırılmışdır. Hərbi xidmətdən yarımçıq qayıtdıqdan sonra evdə atası ilə tez-tez mübahisə etmişdir. O, əvvəllər 3 dəfə müxtəlif vaxtlarda psixiatriya xəstəxanasında müalicə almışdır. Atası onun arxasınca gəlib onunla maraqlanmış, müalicəsi yaxşı keçmiş, barışıq əldə olunmuş və evə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə səhər vaxtı anası İlhamə Əsgərovanın sağlamlıq vəziyyətinin pisləşməsi ilə bağlı atası təcili tibbi yardım çağırdıqdan sonra atası ilə mübahisəsi yaranmışdır. Anası komaya düşdüyündən ona atasının nəisə etdiyini düşünmüşdür. Atasının üstünə yeriyib onu yumruqla bir neçə dəfə vurmuşdur. Atası ona müqavimət göstərməmiş, qorxusundan qaçmaq istəmişdir. O, əsəbiləri sakitləşmədiyi, anasına nəisə etdiyinə görə cəzalandırmaq üçün masanın üzərindən bıçaq götürüb si atasını bıçaqla bir neçə dəfə vurmağa çalışmışdır. O, təcili tibbi yardım həkimlərinə hücum etməmişdir. Həkimlər atasını vurduğuna görə ondan qorxduğu üçün hamama girib qapını bağlamışlar. Sonra atası aşağı düşüb polis çağırmışdır. Polislər gəlib onu polis bölməsinə aparmış, anlaqlı olmadığını bildirib buraxmışlar. Anası bir neçə gün xəstəxanada qaldıqdan sonra sağalıb xəstəxanadan çıxmış və atası ilə anası Sahil qəsəbəsində yaşamağa başlamışlar. Çünki atasına evə qayıdacağı təqdirdə ona xəsarət yetirəcəyini demişdir. Bir neçə gündən sonra evdə olarkən təcili tibbi yardım həkimləri gəlib onu aparmış, Respublika Psixiatriya Xəstəxanasına yerləşdirmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, arvadı X5 və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Oğlu Təqsirləndirilən şəxs 2017-ci il tarixdən hərbi xidmətdən qayıtdıqdan sonra ruhi əsəb xəstəliyindən əziyyət çəkir. 2017-ci ildə Lənkəran rayonunda hərbi xidmətdə olarkən başından xəsarət almış, hətta əsgər yoldaşı ilə münaqişə yaşadığı üçün oğlunun hərbi xidməti yarımçıq qalmışdır. Daha doğrusu, oğlu hərbi xidmətdə başından aldığı xəsarətdən sonra özünü adekvat aparmamağa başlamışdır. Oğlu çox keçmədən əsgər yoldaşına xəsarət yetirdiyi üçün həbs olunmuş, məhkəmənin qərarı ilə 6 ay azadlıqdan məhrum edilmiş və hərbi xidmətdən geri qaytarılmışdır. 2017-ci ildən bu günə kimi oğlu 5 dəfə psixiatriya stasionarında müalicə almışdır. Hazırda da oğlu psixiatriya xəstəxanasında qeydiyyatdadır. Oğlu tez-tez heç bir səbəb olmadan evdə münaqişələr yaradır, ailə üzvlərinə qarşı aqressiv münasibət göstərir. Əvvəllər bir neçə dəfə o, oğlunun psixiatriya xəstəxanasına yerləşdirilməsində köməklik olunması üçün Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət etmişdir. 7-ci Polis Bölməsinin əməkdaşlarının köməkliyi ilə onu psixiatriya xəstəxanasına yerləşdirmişlər. xx.xx.2020-ci il tarixdə saat 08:20 radələrində yuxudan oyanıb çarpayıda yatan, təzyiq xəstəliyindən əziyyət çəkən həyat yoldaşı İlhamə Əsgərovaya yaxınlaşdıqda əllərinin buz kimi olduğunu, reaksiya vermədiyini, suallarına cavab vermədiyini görüb bərk narahat olmuş və təcili tibb yardıma zəng etmişdir. Bu vaxt yuxudan oyanan oğlu onun təcili tibbi yarımda zəng vurmasına bərk əsəbiləşmişdir. 10-15 dəqiqə keçməmiş həkimlər gəlmişdir. Əvvəllər bir neçə də təcili tibbi yardım vasitəsilə Ramiqi xəstəxanaya yerləşdirdikləri üçün oğlu yenə həkimlərin onunla bağlı çağırıldığını düşünmüşdür. Həkim həyat yoldaşına yaxınlaşıb ilkin tibbi yardım göstərmək istəyərkən oğlu həkimə icazə verməmiş və “anama yaxınlaşsan, səni bıçaqlayacam” demişdir. Həkim Ramiqi sakitləşdirməyə çalışsa da, stolun üstündən mətbəx bıçağını götürüb həkimin üzərinə getməyə başlamışdır. Həkimlər qorxudan hamama girib qapının arxasını bağlamışlar. Yaşadıqları mənzilin qonaq otağında həkimlər qaçdıqdan sonra sakitləşdirib bıçağı əlindən almaq üçün oğluna yaxınlaşmışdır. Oğlu Ramiq onu təhqir etməyə başlamış və yumruqla çənəsindən vurmuşdur. Bundan sonra oğlu iki əli ilə oğlunun kürək nahiyəsindən tutmağa çalışmış və bu zaman Ramiq bıçaqla ona xəsarət yetirməyə başlamışdır. Bu zaman başından qan axdığını görüb oğlunu möhkəm itələyib evdən çıxıb yaxınlıqdakı 7-ci Polis Bölməsinə tərəf qaçmağa başlamışdır. Yolda polis əməkdaşları və Daxili Qoşunların əsgərlərini görüb onlardan kömək istəmiş və polis əməkdaşları ilə birlikdə mənzilə qayıtmışdır. Həmin vaxt qonşular X6 sakitləşdirmişdir. Onlar polis əməkdaşları ilə birlikdə mənzilə gələndə Ramiq həkimlərə həyat yoldaşını təcili tibbi yardım avtomobilinə yerləşdirməyə kömək etmişdir. Həmin vaxt polis əməkdaşları oğlunu tutub 7-ci Polis Bölməsinə aparmışdır. O, həyat yoldaşı ilə birlikdə təcili tibbi yardım avtomobili ilə X12 getmiş və orada onun başına tikiş qoymuşlar. O, daha sonra gedib ekspertizadan keçmişdir. Oğlunun psixi problemləri var, şizofreniyadan əziyyət çəkir. Polis əməkdaşları xx.xx.2020-ci il tarixdə Ramiqi bölməyə aparsalar da, ruhi xəstəliyi ilə bağlı sənədi olduğu üçün onu dərhal buraxmışlar. Xəstəxanadan həyat yoldaşını çıxarıb birlikdə qorxularından Sahil qəsəbəsində yaşayan qardaşının evinə getmiş və bir neçə gün orada qalmışdır. xx.xx.2020-ci il tarixdə axşam Ramiqin evdə olduğunu dəqiqləşdirdikdən sonra təcili tibbi yardıma zəng vurmuş, onlar gedib oğlunu aparmışlar. Həmin tarixdən oğlu Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 2 mənzil 87 ünvanında baş vermiş hadisə yerinə baxış keçirilmiş və baxış zamanı üzərində qan ləkəsi olan qara dəstəkli bıçaq aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 874 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - baş beyin silkələnməsi və asteno-nevrotik vəziyyət ilə müşayiət olunan sol alt göz qapağının və başın sol təpəgicgah nahiyələrindəki və burun nahiyəsindəki, sol əlin V barmağındakı kəsilmiş yaralar kəsici kənara malik olan iti alətin (əşyanın) təsirindən, sol gicgah nahiyəsində deşilmişkəsilmiş yara deşici-kəsici alətin təsirindən, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alın, çənə və çənəaltı nahiyələrinin yumşaq toxumaların əziyi, dərialtı hematoması küt əşyanın təsirindən onun X12 daxil olduğu və qərarda göstərilən xx.xx.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən başın sol təpə-gicgah nahiyələrindəki və burun nahiyəsindəki, sol əlin V barmağındakı kəsilmiş yaralar, sol gicgah nahiyəsindəki deşilmiş-kəsilmiş yara qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən, çənə və çənəaltı nahiyələrində yumşaq toxumaların əziyi, dərialtı hematoma isə yumruqla vurulan zərbənin təsirindən əmələ gələ bilərdi. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli, 052954 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Şizofreniya paranoid forma” diqanozu ilə psixiatrik xəstəxanalarda müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixli, 1293 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər “Şizofreniya paranoid forma” diqanozu ilə psixiatrik xəstəxanalarda müalicədə olması nəzərə alınaraq ona ittiham olunan əməl dövründə və hazırda onun psixi vəziyyətini, anlaqlı olub-olmamasını müəyyən etmək ambulator şəraitdə bir qədər çətinlik törətdiyi üçün uzun müddətli müayinə məqsədilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. xx.xx.2020-ci il tarixli, 75 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Paranoid şizofreniya» formasında xroniki psixi xəstəlik müşahidə edilir. 2-ci sual üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda təsvir edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» formasında xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. 3-cü və 4-cü suallar üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığına görə anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi patologiya çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixli 75 nömrəli ekspertiza rəyinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi anda Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olması müəyyən edildiyindən və sonuncu cəmiyyət üçün təhlükəli olmaqda davam etdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanılmışdır. xx.xx.2020-ci il tarixli, 3/984 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, hazırkı vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-790/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-449/2020 nömrəli qərarından görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində xüsusi tibbi müəssisəyə (psixiatriya stasionarına) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üzrə ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs hazırda olduğu kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən zaman da anlaqsız vəziyyətdə olmasını nəzərə alıb barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi qənaətinə gəlmişdir. Belə ki, CM-in 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 95.0-cı maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi (95.0.1), ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə (95.0.2), ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə (95.0.3), ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə (95.0.4). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 348.2 və 348.2.1-ci maddələrinə əsasən əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır. CPM-in 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, həmin Məcəllənin CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməli, barəsində tətbiq edilmiş xüsusi tibbi müəssisəyə (psixiatriya stasionarına) yerləşdirmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, hazırkı vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə CPM-in 197.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 132, 197, 344-347, 356, 384-385, 477, 483.2 və 485-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən və cəzadan azad olunsun. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş xüsusi tibbi müəssisəyə (psixiatriya stasionarına) yerləşdirmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, hazırkı vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar