Məhkəmə qərarları › İş №1(001)-459/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-459/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-459/2022 23.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 7 ünvanında yerləşən gərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımış, bundan başqa şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, 06 fevral 2022-ci il tarixdə axşam saatlarında Binəqədi-Novxanı yolunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,240 qram çəkidə narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda 0,337 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 07 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və eyni cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,337 qram olan kustar hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 09 may 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1 ünvanında yerləşən “Lallar fabriki” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,982 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 47 ünvanında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov 36/1 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,982 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu ərazisində Novxanı yolunda piyada hərəkət edən zaman yol qırağında yerdə iki ədəd kiçik ölçüdə sellofan büküm olduğunu görmüş, həmin bükümləri götürüb baxdıqda içərisində narkotik vasitə olduğunu bilmişdir. Həmin bükümlərin kimsə tərəfindən atıldığını və ya düşürüldüyünü güman edib narkotik vasitələri istifadəçisi olduğuna görə həmin bükümləri özü ilə götürərək oradan uzaqlaşmışdır. Həmin bükümləri istədiyi zamanda istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında piyada olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasında şübhə olduğunu bildirib onu 4-cü Polis şöbəsinə dəvət etmişlər. O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə həmin şöbəyə gəlmişlər. Orada onun hüquqları izah edilmiş və şübhəli şəxs kimi hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. O, üzərində axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Buna görə də o, əynində olan tünd göy rəngli idman şalvarının yan cibində saxladığı iki bükümdə olan narkotik maddələri təqdim etmişdir. O, sellofan bükümlərdən birinin içərisində “kakos” kimi tanınan, digərində isə “şüşə” kimi tanınan narkotik maddə olduğunu bildirmişdir. Bundan başqa əynində qeyri qanuni əşya aşkar edilməmişdir. Təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Keçirilmiş axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra toplanmış materiallar İstintaq şöbəsinə göndərilmiş və həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 09 may 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 7 ünvanında yerləşən gərdi yaşayış evinin həyətində olan zaman polis əməkdaşları onun həyətinə daxil olaraq heç bir söz demədən onu Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparmışlar. Polis bölməsində olan zaman polis əməkdaşları ona narkotik vasitələri istifadə edilməsində şübhəli bilindiyini bildirmiş və o, buna etiraz edərək üzərində qadağan edilmiş hər hansı bir vasitə olmadığını demişdir. Həmin zaman polis əməkdaşları ona narkotik vasitələrin şəxsi istifadəsi üçün üzərində gəzdirməsini etiraf etməsini demiş və o, buna etiraz etdikdə adını bilmədiyi polis əməkdaşı tərəfindən döyülərək təzyiqlərə məruz qalmışdır. O, döyülməyə dözə bilməmiş və polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları ona bir büküm narkotik vasitə vermiş və o, həmin maddəni cibinə qoymuşdur. Həmin günü təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Lakin o, müdafiəçisinə bu barədə hər hansı bir söz deməmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona əvvəlcədən polis əməkdaşlarının dediyi kimi, cibindəki narkotik vasitəni çıxararaq təqdim edib özünə məxsus olmasını və şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirməsini bildirmişdir. Bundan sonra narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq vaxtı qorxduğu üçün törətmədiyi cinayət əməlini etiraf etmişdir. Göstərilənləri nəzərə alıb barəsində ədalət qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumatla bağlı 07 fevral 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanına gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış və üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti əsasında müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən, sonuncu əynində olan idman şalvarının yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün birinin içərisində “kakos” adlanan narkotik vasitə, digərinin içərisində isə “şüşə” adlanan maddə olduğunu, həmin bükümləri Novxanı yolunda piyada hərəkət edərkən yoldan tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş baxışla protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİnin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 09 may 2022-ci il tarixdə saat 16 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 47 ünvanının yaxınlığına gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış və üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə gətirlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti əsasında müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərində vidoeçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən, əynində olan gödəkcənin yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümün içərisində heroin adlanan narkotik vasitə olduğunu, həmin heroini saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Lallar fabriki”nin yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı əynində olan başqa qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 47 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və sonuncuya hər hansı bir təsir göstərilməmiş, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməliyyat müvəkkili Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın aparılması aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək gəzdirməsi, saxlaması və istifadə etməsi barədə Binəqədi RPİnin 4-cü PŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə, saat 20:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şirinov X4 RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 07 fevral 2022-ci il tarixdə saxlanaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 2 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/758 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №173” dairəvi möhür əksi “M.Əhmədov imza....Təqsirləndirilən şəxs imza....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,240 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,337 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,240 qram, tədqiqata sərf edildi – 0,04 qram, qalıq – 0,200 qram. Metamfetaminin təmiz çəkisi – 0,337 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 0,307 qram. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 (bir) ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi RPİnin 4-cü PŞ-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülünün içərisindəki maddənin heroin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X3 vəsatəti təmin edilməmiş və Şirinov X4 RPİ-nin MSY-dən azad olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-180/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli, 2005 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə Binəqədi RPİ-nin 43-cü PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şirinov X4 RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 09 may 2022-ci il tarixdə saxlanaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülü aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/2678 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Təqsirləndirilən şəxs” Yazısı və imzalar zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,982 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,982 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,932 qram. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 (bir) ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Binəqədi RPİnin 43-cü PB-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-516/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 09 may 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,240 qram çəkidə narkotik vasitə heroin, təmiz çəkisi 0,337 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,982 qram çəkidə narkotik vasitə–heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalmış 0,200 qram narkotik vasitə heroin, 0,307 qram psixotrop maddə metamfetamin və 0,932 qram narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 07 fevral 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoluna əlavə edilmiş 01 ədəd CD disk və 09 may 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoluna əlavə edilmiş 01 ədəd CD sübut növü kimi qiymətləndirilərək, iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-də döyülməsi barədə daxil olmuş məlumat əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs hər hansı şəxs tərəfindən işgəncələrə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qoyulması faktı müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. AZE 11303009 və AA1288958 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqları vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, 09 may 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə daxil olaraq onu Binəqədi RPİ-nin 43-cü PB-nə aparmaları və orada törətmədiyi cinayəti etiraf edilməyə məcbur edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2qramadək , metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-180/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməllərini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 180/2022 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törədməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-516/2022 nömrəli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 09 may 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 (iki) gün, 09 may 2022-ci il tarixdən isə hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, , Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CMin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-180/2022 nömrəli hökmü ilə məhkum olunduğu 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 7 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, CM-in 66.5ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin ediləcək cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 09 may 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,200 qram narkotik vasitə heroin, 0,307 qram psixotrop maddə metamfetamin və 0,932 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 202 (iki yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 55 (əlli beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-180/2022 nömrəli hökmü ilə məhkum olunduğu 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 7 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəli 09 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,200 qram narkotik vasitə heroin, 0,307 qram psixotrop maddə metamfetamin və 0,932 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 202 (iki yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar