Məhkəmə qərarları › İş №1(001)-459/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-459/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-459/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Qubadlı rayonu Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qubadlı rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Mənzil X5 tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən binalarda ipoteka yolu ilə mənzil alınmasında köməklik göstərəcəyi ilə bağlı yalandan vəd verib, bunun müqabilində mənzilə görə ilkin ödənişin 6.000 manat olduğunu, qısa müddət ərzində mənzilin ona təhvil verilməklə aylıq ipoteka ödənişlərini ödəyəcəyini bildirib Zərərçəkmiş şəxs razılığını alaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 182R ünvanında yerləşən Bakı şəhəri 27 saylı notariat ofisində 6.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək cinayətkar niyyətini pərdələmək üçün qeyd olunan tarixdə həmin notariat ofisində həmin məbləğin guya ki borc şəklində qəbul etməsinə dair sonuncu ilə kredit müqaviləsinin bağlanmasına nail olub, Zərərçəkmiş şəxs 6.000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin mart ayında sonuncunun bacısı oğlu Şahid1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs ilə tanışlığına qədər Ceyhunla 2022-ci ilin fevral ayında təsadüfən həmsöhbət olub tanış olmuşlar. Həmin vaxt onun pula kəskin ehtiyacı olmuş, çünki bir iş görmək istəmiş, ona görə də pul axtarmışdır. Ceyhunla söhbət zamanı iş görmək istədiyini, amma pul çatmadığını demiş, soruşmuşdur ki, haradansa pul götürmək mümkün olduğunu bilirsə kömək etsin. Onda Ceyhun demişdir ki, xalası Aybənizdən soruşub maraqlanar, xalasında pul olar. Bundan sonra Ceyhun özü xalası ilə danışmış və xx.xx.2022-ci il tarixdə onunla əlaqə saxlayıb pulu notarius vasitəsilə verə biləcəyini bildirmişdir. O, demişdir ki, notarius müqaviləsi olmasa da borcu qaytaracağından narahat olmasınlar, amma Aybəniz xanım notariusda sənədləşməyə təkid etmişdir. O, etiraz etməmiş və həmin gün saat 17 radələrində birlikdə Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notariat kontoruna getmişlər və orada aralarında borc müqaviləsi tərtib olunmuş, o, Zərərçəkmiş şəxs 6.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək faizsiz borc almışdır. Bundan sonra bir müddət görmək istədiyi işlə məşğul olmuş, amma ziyana düşdüyünə görə pulun 4.200 manatını qaytarsa da, bütün məbləği tam qaytara bilməmişdir. Onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamışdır. Pulu qaytara bimədiyinə görə peşmandır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi-sonuncu üçün qohumu Şahid1 vasitəsilə Yasamal rayonu ərazisində güzəştli sosial mənzil almağa ödəniş müqabilində köməklik edəcəyini vəd etməsi, bu məsələ barədə danışmaq üçün əvvəl yaşadığı ünvanda görüşüb danışdıqları, həmin məsələnin müsbət həlli üçün ilkin ödəniş kimi 6.000 (altı min) manat verilməsinin zəruri olduğunu bildirəndən sonra, şərtləri ilə razılaşıb xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 182 ünvanda yerləşən ünvan 4a verməsinə dair məlumatla əlaqədar bildirir ki, Zərərçəkmiş şəxs pulu borc kimi almış və bu barədə müqavilə bağlamışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, Aybəniz xanımdan 6.000 manatı borc kimi almışdır. Borcu imkansızlığa görə gecikdirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı mənzil bir otaqdan ibarətdir, ev kiçik olduğuna görə sosial mənzil almaq qərarına gəlmiş və bu mənzillərin alınması qaydası barədə bir çox tanışlarından soruşub maraqlanmışdır. 2022-ci ilin fevral ayında bacısı oğlu Şahid1 demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxslə təsadüfən tanış olmuş və aralarında tanışlıq münasibəti vardır, sonuncu Yasamal rayonu ərazisində tikilən sosial evlərdə mənzil almağa köməklik göstərir. O, hal-hazırda yaşadığı bir otaqlı mənzildən geniş mənzilə köçmək istədiyinə görə fikirləşmişdir ki, sosial binalarda daha geniş mənzillərdən birini götürsün. 2022-ci ilin fevral ayında, dəqiq tarix yadında deyil, bacısı oğlu Ceyhun tanışı Məmmədi onun yanına gətirmiş və o, Məmmədlə söhbət etmişdir. Məmməd işlədiyi yerin adını konkret olaraq demədi, amma bildirdi ki, sosial evlərdə mənzillərin verilməsinə nəzarəti onlar edir, yəni onların icazəsi olmadan oradan heç kimə ev verilmir, onlar kimə razılıq verirlərsə həmin şəxs də mənzil ala bilir. İnandırıcı danışdığına görə Məmmədə inanmış və demişdir ki, ona 2-3 otaqlı mənzil lazımdır. Məmməd demişdir ki, “heç bir çətinlik yoxdur, ilkin ödəniş olaraq 6.000 manat və ya 8.000 manat ödəməlisiniz, sonra isə hər ay 200-300 manat ödəyəcəksiniz”. O, Məmmədin izah etdiyi şərtlərlə razılaşmış, demişdir ki, -“mən sənə ilkin ödəniş kimi 6.000 manat pul verə bilərəm, amma sənə belə inana bilmərəm, gedək birlikdə notariat kontorunda pulu verim və borc müqaviləsi imzalayaq”. Məmməd sözünün üstündə duracağına söz vermiş, notariusa getməyə lüzum olmadığını demiş, amma yazılı müqavilə olmadan pulu verməyəcəyini qəti bildirəndən sonra notariusa getməyə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində oğlu Şahid2 və bacısı oğlu Şahid1la birlikdə, eləcə də Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notariat kontoruna getmişlər. Orada Təqsirləndirilən şəxsla aralarında borc müqaviləsi imzalanmış, o, 6.000 (altı min) manat pulu Məmmədə vermişdir. Məmməd oğlu Əlirza və bacısı oğlu Ceyhunun yanında söz verib, Yasamal rayonunda tikilən sosial binalarda tezliklə on mənzil ayrılacağını vəd edərək cavab gözləməsini demiş və 6.000 manat pulu alaraq getmişdir.Bundan sonra bir müddət keçmiş, gözləyib Məmməddən bir soraq olmadığını görəndə özü əlaqə saxlamaq istəmiş, Məmməd bir neçə dəfə telefon zənglərinə cavab verməmişdir. Bundan sonra narahat olmuş, bacısıoğlu Ceyhuna vəziyyəti demişdir. Ceyhun da narahat olmuş və onun işindən ötrü bir neçə dəfə Məmmədin yaşadığı ünvana getmiş, lakin Məmmədi tapa bilməmişdir. 2022-ci ilin sonunadək Məmmədi tapıb danışmaq, aldığı pulu qaytarmasını tələb etmək cəhdləri nəticəsiz olmuşdur. Bundan sonra bilmişdir ki, Məmməd onu aldatmış, pulunu ələ keçirib heç bir iş görməmiş, elə qabaqcadan ona yalan vəd verib 6.000 manatını almışdır.O, 31 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Məmməd tərəfindən ona 6.000 (altı min) manat ziyan vurulmuşdur, maddi imkanının məhdudluğuna, ailə vəziyyətinə görə bu məbləğ onun üçün mühüm ziyandır, ona görə ziyanın tam ödənilməsini tələb edir. 27 saylı notariat kontorunun notariusu X2 təsdiq etdiyi kredit müqaviləsinin surətini şikayətinə əlavə etmişdir. Onu da bildirir ki, müqavilənin məzmununa görə Təqsirləndirilən şəxs ondan 6.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək faizsiz borc alır. Buna baxmayaraq, o, Təqsirləndirilən şəxs borc kimi deyil Yasamal rayonunda tikilən sosial evlərdə güzəştli şərtlərlə mənzil almasına köməklik edilməsi üçün vermiş, notariat müqavilədə onun razılaşmasının həqiqi mahiyyəti göstərilə bilməzdi, ona görə pulunun Məmmədə verilməsini borc müqaviləsi ilə təsdiqləmişlər. Ona görə də aralarında bağlanmış həmin kredit müqaviləsi ancaq Təqsirləndirilən şəxs onun 6.000 manat pulunu ələ keçirməsini təsdiq edən sənəd kimi qəbul edilməlidir, müqavilədə göstərilən borc şərtinin isə həqiqət olmaması nəzərə alınmalıdır. Onu da bildirir ki, Təqsirləndirilən şəxs ona vəd etdiyi mənzil verilməsi işinin bir aydan gec olmayaraq həll ediləcəyinə söz verdiyinə görə müqaviləni də bir ay müddətinə bağlamışdır. Sosial evlərdə güzəştli şərtlərlə mənzillərin alınmasının qaydalarını bilmədiyim üçün Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs isə özünü bu işlərlə məşğul olan, yəni xidmət göstərən şəxs kimi təqdim etmişdir. Hər halda onun qanunsuz bir iş görmək məqsədi olmamış, qanunsuz bir iş görməmiş, ümumiyyətlə hesab edir ki, dövlət nəzarətində tikilən sosial evlərdə güzəştli şərtlərlə mənzillərin verilməsinə qanunsuz müdaxilə olunması mümkün deyildir. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs sosial binalarda güzəştli mənzil almasına kömək edəcəyi barədə vəd verib onu aldadaraq, 6.000(altı min) manat pulunu ələ keçirməsinin faktiki halları barədə düzgün, ətraflı ifadə vermişdir.Hazırda Təqsirləndirilən şəxsla üzləşdirmədən sonra əlavə ifadə vermək istəyir və bildirir ki, üzləşdirmədə də özünə qarşı törədilmiş cinayətdə Məmmədin hərəkətləri, ona 6.000 manat ziyan vurması, vurulmuş ziyanın indiyədək ödənilməməsi barədə sonuncunun üzünə hər şeyi olduğu kimi demişdir. Təqsirləndirilən şəxs üzləşmədə verdiyi ifadələrindən isə görür ki, ona qarşı cinayət törətməsi azmış kimi, indiyədək heç bir təəssüf və peşmançılıq bildirmir, əksinə olaraq, həyasızcasına deyir ki, guya o,Məmmədi tanımadan, bircə dəfə görüşdükləri zaman Məmmədin planlaşdırdığı hansısa bir işi görməsi üçün 6.000 manat borc verməyə razılaşmış, sonra isə borcun çox hissəsini qaytarmışdır. Bütün bunlar yalandır, Məmmədin bu yalanları təsdiq edən heç bir dəlili yoxdur, onu pulu qaytarmasını ümumi sözlərlə deməsinə baxmayaraq, harada, nə vaxt, hansı şəkildə borcu qaytarması barədə bir dəlil belə gətirə bilməmişdir, çünki dedikləri tamamilə yalandır. Cinayəti törədən zaman Məmmədin niyyəti barədə biməsə belə, gələcəkdə pulunu almasını sübut edə bilməsi üçün özü təkid edib notariat müqaviləsi bağlamağa nail olmuş, halbuki Məmməd bundan da boyun qaçırmışdır. İndi isə Məmməd həmin müqavilədən özünə təqsirsizlik donu geyindirmək üçün istifadə etməyə çalışır. Məmməd vərdişlərində peşəkar dələduzdur, artıq məlumdur ki, hazırda həbsdə olduğu iş üzrə Bakı şəhərində onlarla zərərçəkmiş şəxsləri aldadaraq, məhz sosial binalarda güzəştli mənzillər almalarını təşkil edəcəyinə vəd verməklə pul alıb insanlara ziyan vurmuşdur. Bir daha tələb edir ki, Təqsirləndirilən şəxs ona vurduğu 6.000 manat ziyanı tam ödəsin və əməlinə görə qanunla nəzədə tutulmuş qaydada məsuliyyət daşısın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anası X3 böyük bacısıdır, yəni xalası kimi qohumudur. Xalası Aybənizlə münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs adlı şəxslə 2022-ci ilin əvvələrində təsadüfən tanış olmuş və aralarında tanışlıq münasibəti yaranmışdır. Tanışlığı zamanı Məmməd özünü Bakı şəhəri, eləcə də Sumqayıt şəhəri üzrə yeni tikilən sosial evlərin satışı ilə məşğul olan şəxs kimi təqdim etmiş, bundan sonra münasibətləri yaranmışdır. Söhbətləri əsnasında Məmməd demişdir ki, özünə və etibar etdiyi yaxınlarına lazım olarsa, sosial evlərdə güzəştli şərtlərlə mənzil almalarına köməklik edə bilər. Həmin vaxtlar xalası Zərərçəkmiş şəxs yaşadığı mənzilin sahəsi ailəsi üçün kiçik olduğuna görə sosial binalardan daha geniş sahəsi olan mənzil almaq istədiyini bilmişdir. Xalasının mənzil almaq istədiyini Məmmədə bildirdikdə sonuncu demişdir ki, Yasamal rayonu ərazisində tikilən sosial evlərdə mənzil almağa köməklik göstərər. Məmmədə demişdir ki, xalası ilə danışıb dəqiqləşdirəndən sonra fikrini deyəcəkdir. Bundan sonra xalası Zərərçəkmiş şəxs ilə danışıb Məmmədlə tanışlığı və sosial binalardan mənzil olmağa kömək edə biləcəyini demişdir. Xalası Aybəniz isə üç otaqlı mənzil istədiyini bildirmişdir. Bundan sonra o, 2022-ci ilin fevral ayında, dəqiq tarix yadında deyil, tanışı Məmmədi xalası Aybənizlə biləvasitə danışması üçün, sonuncunun yaşadığı Bakı şəhəri, 6-cı mikrorayon, 2/10 saylı yaşayış binasının qarşısına aparmış, orada xalası Məmmədlə söhbət etmişdir. Məmməd işlədiyi yerin adını konkret olaraq deməmiş, amma bildirmişdir ki, sosial evlərdə mənzillərin verilməsinə onlar nəzarəti edirlər, yəni onların icazəsi olmadan sosial binalardan heç kimə ev verilmir, kimə razılıq verirlərsə, həmin şəxs də mənzil ala bilir. Məmməd inandırıcı danışdığına görə özü və xalası Məmmədə inanmışlar. Xalası Aybəniz orada Məmmədə demişdir ki,2-3 otaqlı mənzil almaq istəyir. Məmməd isə demişdir ki, mənzil alması üçün heç bir çətinlik yoxdur, ilkin ödəniş olaraq 6.000 manat və ya 8.000 manat ödənilməlidir, pulun yerdə qalan hissəsini isə hər ay 200-300 manat ödəməklə mənzilin pulunu tam ödəyəcəkdir. Xalası Aybəniz mənzil almaq barədə Məmmədin izah etdiyi şərtləri biləndən sonra razılaşmış və Məmmədə demişdir ki, ilkin ödəniş kimi 6.000 manat pul verə bilər. Eyni zamanda xalası Aybəniz Məmmədə demişdir ki, -“dediyin şərtlərlə razıyam özünə də inanıram, amma pulu şifahi razılıqla verə bilmərəm, gərək birlikdə notariat kontoruna gedib orada borc müqaviləsi bağlayaq ki, pulu rəsmi qaydada verim”. Məmməd sözünün üstündə duracağına söz verərək, notariusa getməyə lüzum olmadığını demiş, xalası Aybəniz isə yazılı müqavilə olmadan pulu verməyəcəyini qəti bildirəndən sonra Məmməd notariusa getməyə razılaşmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində xalası Zərərçəkmiş şəxs və xalası oğlu Şahid2, özü və Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notariat kontoruna gəlmişlər. Orada Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında borc müqaviləsi imzalanmışdır ki, Məmməd 6.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixədək faizsiz borc alır. Məmməd onların yanında bir daha xalası Zərərçəkmiş şəxs söz verib demişdir ki, Yasamal rayonunda tikilən sosial binalarda tezliklə sonuncuya mənzil ayrılacaqdır, Məmməddən cavab gözləsin, məsələnin düzəlməsi bir aydan çox çəkməz.Bununla da Məmməd onun xalasından 6.000 manat pulu alaraq getmişdir.Bundan sonra bir müddət keçmiş, gözləyib Məmməddən bir soraq olmadığını görəndə xalası və özü Məmmədlə əlaqə saxlamaq istəmişlər, bir neçə dəfə telefon zənglərinə cavab verməmişdir. O, xalasının işindən ötrü bir neçə dəfə Məmmədin yaşadığı ünvan 5 ünvana getmiş,lakin Məmmədi tapa bilməmişdir. 2022-ci ilin sonunadək Məmmədi tapıb danışmaq, xalasından aldığı pulu qaytarmasını tələb etmək cəhdləri nəticəsiz olmuşdur. Artıq aydın olmuşdur ki, Məmməd yalan danışmış, xalası Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirmiş, heç bir iş görməmiş, elə qabaqcadan yalan vəd verib 6.000 manatı almış, sonra onlardan gizlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. Təqsirləndirilən şəxs adlı şəxsi 2022-ci ilin mart ayının əvvəlində onlar üçün sosial binalarda güzəştli şərtlərlə mənzil almağa kömək edəcəyi barədə anası ilə danışıqlar aparan şəxs kimi tanımışdır. O vaxta qədər tanışlığı, hər hansı münasibəti olmamış, Məmmədlə danışıqları da anası özü aparmışdır. Anası isə Məmmədi xalası oğlu Şahid1 vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin əvvəllərində Ceyhunun təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs Bakı və Sumqayıt şəhərlərində yeni tikilən sosial evlərdə mənzillərin satışı ilə məşğul olan şəxs kimi özünü təqdim etmiş və lazım olarsa mənzil almağa kömək edə biləcəyini demişdir. Ceyhun həmin vaxtlar onların yaşadıqları bir otaqlı mənzilin ailəni qane etmədiyinə görə anasının sosial binalardan daha böyük mənzil almaq istədiyini bilmiş, bu barədə Məmmədə də demişdir. Məmməd Yasamal rayonu ərazisində tikilən sosial evlərdə mənzil almağa köməklik göstərəcəyini deyəndən sonra Ceyhun Məmmədi onun anasının yanma gətirmiş və danışmışlar. Məmməd 2-3 otaqlı mənzil almaq üçün ilkin ödəniş olaraq 6.000 manat və ya 8.000 manat ödənilməli olduğunu, pulun yerdə qalan hissəsini isə hər ay 200-300 manat ödəməklə mənzilin pulunun tam ödəniləcəyini bildirmiş, anası Zərərçəkmiş şəxs da ilkin ödəniş kimi 6.000 manat pul verə biləcəyini bildirib razılaşmışdır. Bundan sonra anası tələb etmişdir ki, pulun verilməsi notariusda rəsmi təsdiq olunsun,Məmməd boyun qaçırtmaq istəmiş,lakin anasının notariusda təsdiq olunmadan pulu verməyəcəyini qəti bildirməsindən sonra razılaşmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində anası Zərərçəkmiş şəxs və xalası oğlu Ceyhun, özü və Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notariat kontoruna gəlmişlər. Orada anası Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında borc müqaviləsi imzalanmışdır ki, Məmməd ondan 6.000 manat məbləğində pulu bir ay müddətinə - xx.xx.2022-ci il tarixədək faizsiz borc alır. Məmməd onların yanında bir daha anası Zərərçəkmiş şəxs söz verib demişdir ki, Yasamal rayonunda tikilən sosial binalarda tezliklə anasına mənzil ayrılacaqdır, cavab gözləsin, məsələnin düzəlməsi bir aydan çox çəkməz. Bununla da Məmməd anasından 6.000 manat pulu alaraq getmişdir. Bundan sonra bir müddət keçmiş, gözləyib Məmməddən bir soraq olmadığını görəndə anası və o, Məmmədlə əlaqə saxlamışlar, bir neçə dəfə telefon zənglərinə cavab verməmişdir. Xalası oğlu Ceyhun da Məmmədi axtarmağa qoşulmuş, yaşadığı ünvana getmiş, amma tapa bilməmişdir. 2022-ci ilin sonunadək Məmmədi tapıb danışmaq,aldığı pulu qaytarmasını tələb etmək cəhdləri nəticəsiz olmuşdur. Məmmədin onları aldatdığı məlum olandan sonra anası Zərərçəkmiş şəxs şikayət verib xahiş etmişdir ki, onları aldadaraq pulunu ələ keçirmiş, heç bir iş görməmiş, sonra da onlardan gizlənən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə, 27 saylı notariat ofisində Zərərçəkmiş şəxs (borc verən) ilə Təqsirləndirilən şəxs (borc alan) arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana 6.000 manat məbləğində borcu xx.xx.2022-ci il tarixə qədər qaytarılması şərti ilə vermişdir (cild 1, i.v 24). Cinayət işinin başlanması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Zərər çəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v 42). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 88). Azərbaycan Respublikası DİN-dən verilmiş Tələbnamədən və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 gün şübhəli şəxs qismində tutulması cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində AR CM-in 178.2.3-cü maddəsi ilə başlanmış cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır (cild 1, i.v 110-111, 200-209). xx.xx.2025-ci il tarixli sübutarın qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:02-də Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-141№ ilə qeydə alınmış kredit müqaviləsi iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin mateirallarında saxlanılmışdır (cild 1, i.v 152-160). İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı məhkəmədə qaldırdığı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, cavabdehdən maddi zərərin əvəzi olaraq 6.000 manat və dövlət rüsumu olaraq 80 manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (cild 1, i.v 231-234). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs hər nə qədər hazırki iş üzrə özünü təqsirli bilməsə də məhkəmə onun bu mövqeyini sübutlarla təkzib olunmuş hesab edir. Belə ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri bir-birini tamamlayaraq, təqsirləndirilən şəxsin məqsədli şəkildə aldadıcı davranışla vəd verərək pul vəsaitini aldığını təsdiqləyir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə çoxsaylı epizod üzrə analoji dələduzluq əməllərinə görə cinayət işinə baxılır. Həmin iş üzrə zərərçəkmiş şəxslərin ifadələri də hazırkı iş üzrə zərərçəkmişin ifadəsi ilə eyni mahiyyəti daşıyır — onlar da təqsirləndirilən şəxsin “sosial ev almağa köməklik göstərəcəyəm” vədi ilə aldadılaraq ondan asılı vəziyyətə düşdüklərini, pullarını verdiklərini, lakin nə mənzil aldıqlarını, nə də pullarını geri qaytara bildiklərini göstərmişlər (cild 1, i.v 113-151). Bu hallar birlikdə təqsirləndirilən şəxsin davranışının təsadüfi deyil, sistemli və məqsədyönlü xarakter daşıdığını, eyni üsulla aldatma və etimaddan suiistifadə etməklə özgənin maddi vəsaitlərini ələ keçirdiyini sübut edir. Göründüyü kimi, qeyd edilənlər təqsirləndirilən şəxsin davranışının borc münasibəti deyil, məhz aldatma və etimaddan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirmə, yəni dələduzluq cinayətinin tərkib əlamətlərini daşıdığını birbaşa sübut edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış 1(010)-13/2025 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə mülki iddiaya münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər:..181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin ödənilməsini..;. Eyni Məcəllənin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurulması müəyyən edildiyindən və bu mənada sonuncunun vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ yarandığından zərər çəkmiş şəxsin mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 6000 manat, dövlət rüsumunun əvəzi olaraq 80 manat alınıb zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:..132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 3M-141 reyestr nömrəli kredit müqaviləsi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış 1(010)- 13/2025 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 6000 (altı min) manat, dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat, cəmi 6080 (altı min səksən) manat alınıb zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Maddi sübut – xx.xx.2022-ci il tarixli 3M-141 reyestr nömrəli kredit müqaviləsi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 385 (üç yüz səksən beş) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar