Məhkəmə qərarları › İş №1(001)-46/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-46/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-46/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 10 iyun 2021-ci il tarixdə axşam saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.320 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 11 iyun 2021-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümdə təmiz çəkisi 0.320 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10.06.2021ci il tarixdə axşam saatlarında 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə hesab edilən heroin alıb üzərində saxlamışdır. 11.06.2021-ci il tarixdə saat təxminən 12 radələrində Biləcəri qəsəbəsi Natəvan küçəsi 13 V ünvanının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Bölmənin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə baxış keçirilərkən boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü kağıza bükülmüş büküm aşkar edilərək götürülmüşdür. bundan başqa üzərinədn heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanıdır. 11 iyun 2021-ci il tarixdə əməliyyat yolu ilə əldə etdiyi məlumata əsasən ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib qəbul etdiyi məlum olmuşdur. Həmin məlumat bölmə rəisinə məruzə olunduqdan sonra qərara alınmışdır ki, məlumatı yoxlamaq məqsədi ilə əməliyyat tədbirləri keçirilsin. Bu məqsədlə 11 iyun 2021ci il tarixdə rəhbəri özü təyin edilməklə, o və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət qrup yaradılmışdır. Bundan sonra 11 iyun 2021-ci il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 13V ünvanı yaxınlığına gəlib çıxmış və onlar özlərini ona təqdim edərək polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxsla birlikdə 6-cı PB-nin inzibati binasına gəldikdən sonra raportla bu barədə məruzə etmişdir. Bundan sonra bölmənin təhqiqatçısı Nəsimi Musayev tərəfindən videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən və çəkiliş aparılacağı bildirildikdən sonra o, üzərinə vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmış, daha sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükülü açılaraq içərisinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içindəki heroindir, özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən “20 Yanvar” metrostansiyasının yaxınlığında 20 manata alıb üzərində saxlamışdır. Həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və hamılıqla zərfin üzərində və protokolda imza etmişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış ifadəsində Bakı şəhəri Binəqədi RPİ 6cı PB-də əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 11.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək, daşıması və saxlaması barədə Binəqədi RPİ-nin 6-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 11.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 11.06.2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 11.06.2021-ci il tarixli, 6/2392 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “zərflər üçün N 175” dairəvi möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,320 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,320 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,270 qram. 12.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 12.06.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiqin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 12.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 21.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş və o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş maddəni təqdim edib, həmin bükümün içindəki madənin heroin olduğunu, onu öz istifadəsi məqsədi ilə tanımadığı şəxsdən “20 Yanvar” metrostansiyasının yaxınlığında 20 manata aldığını bildirmişdir. 21.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. 26.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,320 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 0,270 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 02.07.2021-ci il tarixli, 2146 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 21.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(001)-46/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. 01.03.2022-ci il tarixli Bakı şəhər Binəqədi RPİ-nin 6-cı PB-nin məktubundan və ona əlavə edilmiş 26.02.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Binəqədi RPİ-nin MSY-nə təqdim edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 1 (bir) gün şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(001)-46/2022 nömrəli qərarı əsasında axtarışda olan Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə tutulmuş və hazırkı vaxtadək Bakı istintaq Təcridxanasında həbsdə saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 26 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,270 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 26 fevral 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,270 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar