Məhkəmə qərarları › İş №1(001)-46/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-46/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-46/2025 18.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan təqsirləndirilir ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 25 fevral 2024-cü il tarixdə, saat 4 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahsinə qanunsuz olaraq daxil olub evin dəhlizindən 1 ədəd dəyəri 100 manat olan kişi gödəkçəsini və həmin gödəkçənin cib hisssində olan 12.000 manat nağd pulu, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini, evin açarlarını, qaz və su kartlarını gizli yolla talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumllikdə 12.100 (on iki min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsini oxuyub imzaladığını, ifadəsində nə yazılıbsa doğru olduğunu bildirmişdir. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, oğurluq etdiyi evi və ev sahibini əvvəldən tanımamış, evdə pul olduğundan məlumatı olmamış, gecə saat 3-4 radələrində təsadüfən yoldan keçərkən hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətin divarının çöl tərəfində divara söykənən köhnə divan olduğundanhəmin divanın üstünə çıxaraq hasardan rahat şəkildə həyətə daxil olmuşdur. Həyətdən isə çölə çıxmaq rahat olmuşdur. Həyətə keçdikdən sonra evə yaxınlaşarkən evin qapısının açıq olduğundan qapını sındırmadan evə daxil olaraq dəhlizdə paltar asılqanında pencək olduğunu görmüşdür. Əli ilə pencəyi yoxlayarkən pul olduğunu gördüyündən pencəyi götürərək evdən çıxıb getmiş, evdə başqa nəsə axtarmamış və nəsə götürməmişdir. Evə girərkən evdə heç kimi görməmiş, evdən çıxarkən də ona kiminsə səsləndiyini eşitməmiş və kimisə görməmişdir. Evdən çıxandan sonra isə pulu sayarkən 12000 manat olduğunu görmüşdür. Həmin pulun bir hissəsi ilə borclarını ödəmiş, 1000 manat qardaşı Yağmura borc vermişdir. Tutularkən avtomobildə 4701 manat pulu olmuş, daha sonra həmin pulu yoxa çıxmışdır. Onu 2024-cü ilin fevral ayının ya 26-cı ya da 27-si saxlamışlar. Tutularkən burnunu qırmışlar. Onu müstəntiqin yanına gətirəndə müstəntiqə pulunun itdiyini bildirmiş və vəziyyəti pis olduğundan müstəntiq polis əməkdaşlarına zəng etmiş və onu yenidən bölməyə aparmışlar. Lakin, vəziyyəti pis olduğuna görə Binəqədi Polis İdarəsi onu qəbul etməmişdir. Bölmənin polis əməkdaşlarını məcbur etmişlər ki, onu ekspertizaya aparsınlar. Buna görə də onu xəstəxanaya aparıb burnunu rengten etmişlər və 01 mart 2024-cü il tarixdə onu tutulmuş kimi rəsmiləşdirmişlər. Saipa markalı avtomobil isə ona deyil, əmisi oğlu Elşada məxsus olmuşdur. Tutularkən ona hədə qorxu gəlindiyi üçün və vəziyyəti yaxşı olmadığı üçün məcbur olub avtomobil məsələsində deyilənlərlə razılaşmışdır. Həmin avtomobili o almamış, avtomobil əmisi oğlu Elşada məxsus olsa da özü idarə etmişdir. Həmin avtomobilin alınma tarixi dəqiq yadında olmasa da, onun oğurluq hadisəsi törətməsindən ya bir gün əvvəl ya da bir gün sonra alınmışdır. Ona verilmiş ittihamda göstərilənlərə razıdır sadəcə avtomobil məsələsi və avtomobildə olan pulunun itməsi məsələsi ona aydın deyildir. Qeyd edilənlər barədə isə istintaq vaxtı danışmamışdır. Ona bölmədən başqa şəxsin adı ilə zəng edərək 20 yanvar ərazisinə gəlməsini demişlər. O də «20 Yanvara» ərzisinə gəlmiş, orda maşına nəsə dəymiş və sürücülük vəsiqəsi olmadığına görə şübhələndiyi üçün avtomobili saxlamayıb ordan uzaqlaşmağa başlamışdır. Onu Biləcəri tərəfdə tutmuşlar və özünə gələndə bölmədə olduğunu bilmişdir. «20 Yanvar» adlanan əraziyə də əmisi oğlu Elşada məxsus avtomobillə getmişdir. Evdəkiləri Abşeron rayonundan götürəcəyi üçün avtomobili Elşaddan götürmüşdür. Tutulanda artıq iki gün idi ki avtomobil onda olmuşdur. İş üzrə Şahid2 şahid qismində dindirildikdən sonra isə Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobil Şahid2 adınadır, həmin avtomobili kimin almasından xəbəri olmayıb, avtomobili o almadığından, kimdən alındığını da bilmir, qardaşı Yağmur avtomobil işi məşğul olur, həmin avtomobili də idarə etmək üçün qardaşı Yağmurdan götürmüşdür. İş üzrə Şahid4 əlavə şahid qismində dindirildikdən sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobil alınanda o, qardaşı Yağmur və oğlu orada olmuş, avtomobili qardaşı Yağmur almış o da onun avtomobilini sürüb gəlmiş, Yağmurun adına çox avtomobil olduğunu, həmin avtomobili niyə onun adına almadığını isə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən və onun ailəsindən üzr istədiyini, məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hadisə olan günü gecə bir az tez qalxıb oturmuşdur. Evin içindən səs gəldiyi üçün gedib baxanda bir nəfər şəxsin onun evinə girdiyini və ona məxsus paltarları qucağına alaraq evin çıxış qapısına doğru qaçdığını görmüşdür. Həmin şəxsin arxasınca səslənsə də həmin şəxs qaçmağa davam edərək evin həyətə çıxmışdır. Daha sonra isə evin bir alt mərtəbəsinə düşərək işıqları yandırmışdır ki, həyətin işıqları yansın və həmin şəxs həyətdə olan kameraya düşsün. Lakin həmin şəxs qaçıb getmişdir. Şəxs onun evinə daxil olanda o yatmamış, oyaq olmuşdur. Daha sonra kameraya baxanda həmin şəxsin həyətə daxil olaraq bir müddət gəzdikdən sonra həmin gecə evin qapısını bağlamadığı üçün rahat şəkildə evə daxil olmuşdur. Evdən götürdüyü paltarların bir qismini həyətdə tullamış, onun və həyat yoldaşının pencəyini isə özü ilə aparmışdır. Ona məxsus pencəyinin cibində isə 12000 manat pul, şəxsiyyət vəsiqəsi, qaz və su kartları olmuşdur. İstintaq zamanı ona dəymiş ziyandan 1000 manat qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyini ifadəsini tam xatırlamadığını bildirərək göstərmişdir ki, “Saipa” markalı avtomobil alan zaman avtomobilin sahibi ilə özü danışışaraq pulu əlbəl özü vermişdir. Tək səhvi sənədləşmə işləri aparakən özü iştirak etməmiş, yəni öz adına almamışdır. Daha sonra avtomobilin əmisi oğlu Elşadın adında rəsmiləşdirilməsini bilmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, özü maşın alveri ilə məşğul olur, adına bir neçə avtomobil var və həmin avtomobilləri icarəyə verir. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair hər hansı sənədi yoxdur. Avtomobili aldığı adamın adını xatırlamır. Avtomobuili aldığı tarixi də dəqiq xatırlamır, lakin qardaşı İntiqam tutulmamışdan əvvəl almış, lakin neçə gün əvvəl aldığını da xatırlamır. Həmin avtomobili 5700 və ya 5800 manata almışdır. Həmin avtomobili almağından qardaşı İntiqamın da xəbəri olmuşdur. İntiqamdan ikinci avtomobil almaq üçün tam dəqiq tarixini xatırlamadığı, lakin onun tutulmasından qabaq 10 gün ərzində qaytarmaq şərti ilə 1000 manat borc pul da almışdır. İntiqamın oğurluq etməsindən isə xəbəri olmamışdır. İntiqam tutulandan sonra onu polisə çağıraraq intiqamın ona verdiyi pulun oğurluq olduğunu bildirərək pulu qaytarmasını tələb etmişlər. O da, daha əvvəl 3000 manata aldığı **-RC-*** dövlət qeydiyyat nişanlı digər avtomobili 1200 manata sataraq, 1000 manatı geri qaytarmışdır. Daha sonra verilmiş suallara cavab olaraq avtomobilin sənədləşməsini öz adına etməyərək səhv etdiyini, həmin avtomobili internetdə görərək sahibinə zəng edib danışdığını və almaq istədiyini bildirdiyini, danışdıqdan 2 saat sonra, günüz vaxtı təxminən saat 3-4 arası gedib avtomobilə baxdığını, sürücülük vəsiqəsi olmadığından və avtomobil idarə etmədiyindən öz adına almadığını, həmin avtomobili alarkən İntiqamın da yanında olduğunu, avtomobilin dəyərini hamısını özünün ödədiyini, İntiqamın oğurladığı puldan ona hər hansı köməklik etmədiyini, avtomobil aldıqdan bir müddət sonra ondan borc pul aldığını, İntiqamın sürücülük vəsiqəsi olmasa da avtomobil alınandan sonra İntiqamda olduğunu və təxminən 3-4 gün sonra tutulduğunu, avtomobilin pulunu özü versə də, aldığı adamı xatırlamadığını, işləri çox olduğundan avtomobilin pulunu ödəyəndən sonra çıxıb getdiyini, sənədləşmədə özünün olmadığı üçün kimin adına alındığını bilmədiyini, sənədləşmə işində qardaşı İntiqamın olduğunu, daha sonra həmin avtomobilin əmisi oğlu Elşadın adına alındığını öyrəndiyini, avtomobili özünun alması ilə bağlı heç yerə müraciət etmədiyini, İntiqam qardaşı olduğu üçün buna göz yumduğunu bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, “kreditə maşın götürmək istədiyi üçün qardaşı İntiqamdan borca 1000 manat pul istəmiş, İntiqam da etiraz etməyərək borc pul verə biləcəyini demişdir. Aralarında olan razılaşmaya görə İntiqamın verəcəyi 1000 manat borc pulu ona 4 ay müddətinə hər ay 250 manat ödəməklə qaytarmalı idi. 26 fevral 2024-cü il tarixdə axşam saatlarında İntiqamla Sumqayıt şəhəri, Göyərçin adlanan yerin yaxınlığında görüşərək ondan 1000 manat pul almışdır. X1 rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulanda bilmişdir ki, ona borc verdiyi 1000 manat pul oğurluq puldur. Bununla bağlı Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə dəvət olunanda İntiqamdan borca 1000 manat pul aldığınıı bildirərək həmin pulu polis əməkdaşına təqdim etmişdir. İntiqamdan borca 1000 manat alan zaman həmin pulun oğurluq olduğunu bilməmişdir.” İfadəsi elan edildikdən sonra Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin doğru olduğunu, əlil avtomobili almaq üçün borc pul aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Oğurluq hadisəsindən heç bir məlumatı olmamışdır. Avtomoboil onun adına rəsmiləşdirilsə də ona məxsus olmamış, İntiqamgil onun adına almışlar. İntiqam tutulandan sonra müstəntiq onu çağıraraq onun adına avtomobil olduğunu bildirmidir. O da gedib “SMS Radard”da yoxlayarkən həqiqətən adına avtomobil olduğunu bilmişdir. Avtomobilin onun adına alınmasından ümumiyyətlə xəbəri olmamış, İntiqam tutulduğu gün avtomobilin onun adına olduğundan xəbəri olmuşdur. Adına avtomobil rəsmiləşdirilərkən ona hər hansı xəbərdarlıq gəlmədiyindən bu barədə məlumatı da olmamışdır. İntiqam tutulmamışdan bir həftə əvvəl onun sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi evdə qaldığından onların şəkillərinini çəkib atmasını xahiş etmişdir. İntiqam da sürücülük vəsiqəsnin və şəxsiyyət vəsiqəsinin şəkillərini çəkib ona atmış və həmin vaxtdan sənədlərin şəkilləri İntiqamda qalmışdır. Sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin şəkilləri əmisi oğlu İntiqamda olduğundan ondan xəbərsiz onun adına qeyd edilən avtomobili almışdır. O avtomobili real olaraq görməmiş, sonradan internetdən şəkilinə baxmışdır. Avtomobilin nə zaman və neçəyə alındığından xəbəri olmamış, sonradan da maraqlanmamışdır. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq dövbründə verdiyi ifadə arasında ziddiyyət olduğundan o dindirildikdən və verilmiş suallara cavab verdidkən sonra istintaq dövründə verdiyi ifadəsi elan edilərək təqdiq edilmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə əmisi oğlu İntiqam maşın almaq istədiyini, sürücülük vəsiqəsi olmadığı üçün onun adına almaq istədiyini bildirdiyi üçün etiraz etməmiş və 25 fevral 2024-cü il tarixdə onun adına etibarnamə ilə Saypa markalı **-NY-*** dövlət nömrə nişanlı avtomaşın almışdır. Lakin İntiqam maşını konkret olaraq hansı qiymətə aldığını bilməmiş, sonradan İntiqam tutulanda İntiqamın kiminsə evindən pul oğurladığı və həmin pullada özünə maşın aldığı ona məlum olmuşdur. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirimişdir ki, dostu X2 oğlunun krediti olduğu üçün “SAİPA Tiba” markalı avtomobili onun üçün öz adına almışdır. Daha sonra həmin avtomobili öz adına keçirəcəkdi. Bir müddətdən sonra Əbdülhəsən həmin avtomobili Gülmirzə adlı iş yoldaşına icarəyə verdiyindən ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Keçən ilin fevral ayınında dostu Əbdülhəsən ona zəng edərək Gülmirzənin icarənin vaxtını bitirdiyini, avtomobili Şahid2 adında bir şəxsə satmaq istədiyini bildirdərək votsap vasitəsi ilə sənədləri göndərdiklərindən mobil notariat tətbiqi vasitəsi ilə Şahid2 bir illik etibarnamə vermişdir. O Şahid2ı görməmiş, Gülmirzəni isə qiyabi olaraq tanımışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Şahid3 onun dosdudur, “SAİPA Tiba” markalı avtomobili ona məxsus olsa da dosdu Həmidin adına rəsmiləşdirərək etibarnamə ilə özü idarə etmişdir. Daha sonra iş yoldaşı Şahid4 həmin avtomobili almaq istədiyi üçün avtomobili ona verərək imkan olduqca pulunun ödənilməsi ilə bağlı razılaşmışlar. Avtomobilin dəyəri təxminən 5000- 5500 manat civarında olmuşdur. Gülmirzə avtomobili təxminən 1 il idarə etdikdən sonra ona zəng edərək avtomobili sataraq pulunu vermək istədiyini bildirmişdir. Gülmirzənin ona 3600 manat borcu qalmışdır. Həmin 3600 manatdan 3000 manatın ödənilməsi ilə bağlı razılaşmışlar. Gülmirzə Elşad adılı bir şəxsin vəsiqəsini göndərərək həmin şəxsin adına etibarnamə verilməsini bildirmişdir. O da Həmiddən həmin Elşad adlı şəxsin adına etibarnamə verməsini xahiş etmiş, Həmid də 2024-cü ilin fevral ayının 25-də Elşadın adına noratial qaydada baş etibarnamə vermişdir. Gülmirzənin həmin avtomobili faktiki olaraq neçəyə və kimə satdığından isə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ** NY *** dövlət qeydiyyat nişanlı “SAİPA TİBA” minik markalı avtomobili satmaq üçün “Turbo.az” saytına elan yerləşdirmişdir. Elan yerləşdirkdikdən sonra ona zəng edərək avomobilə baxmaq istədiklərini bildimrişlər. İş yeri Bilgəhdə olduğu və avtomobil də orda olduğu üçün iki nəfər şəxs avtomobilə baxmaq üçün Bilgəhə gəlmişdir. Həmin şəxslərlə avtomobilin qiymətini 5400 manata razılaşmışdır. Gələn şəxslərdən biri hazırkı təqsirləndirilən şəxs olmuşdur. Avtomobilin pulunu ona ödədikdən sonra gələn hər iki şəxs özlərinin sənədlərinin olmadığını deyərək Elşad adlı şəxsin sənədlərini ona verərək etibarnaməni həmin şəxsin adına verilməsini istədikləri üçün o da Əbdülhəsənə zəng edib avtomobili satdığını deyərək etibarnamə vermək lazım olduğunu demiş, daha sonra Əbdülhəsən Elşadın adına etibarnamə verdiyi üçün avtomobili satmışdır. Elşadı isə üzbəüz görməmişdir. Avtomobili almaq üçün gələn hazırkı təqsirləndirilən şəxs və onun yanında olan digər şəxs Elşadın sənədini verdiyi üçün Elşadın adına etibarnamə verilmişdir. Avtomobilin pulunu Yağmur sayaraq vermiş, həmin vaxt hazırkı təqsriləndirilən şəxs də onun yanında olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 mart 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 06:05 radələrində ünvan 4 -də yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərk, yaşadığı evdən 12000 manat pulunun oğurlandığını aşkar etməsi barədə məlumat verməsi faktına Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmişdir. “Baxış keçirilməsi və götürmə barədə” 25 fevral 2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində baxış keçirilmiş və hadisə yerinin 6 ədəd fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Türkiyə Cumhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən evindən baş vermiş oğurluq faktı ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saxlanılmış Təqsirləndirilən şəxs məxsus 10NT438 dövlət qeydiyyat nişanlı “Saipa” markalı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı qırmızı rəngli avtomobilin qabaq və yan tərəflərində cızıqlar olduğu müəyyən edilmişdir. Avtomobilin içərisinə baxış keçirilərkən sağ ayaq altında sulu salfetka, CD disk, kağızlar, əsgi, 01 ədəd kibrit qutusu, ön tərəfdə maqintafonun altında içərisində şəxsiyyət vəsiqəsi, avtomobilin texniki pasportu, 01 ədəd bank kartı, 01 ədəd edirim kartı olan pul kisəsi, ön sol tərəf oturacağın üzərində 01 ədəd samsung A 32 markalı mobil telefon olduğu müəyyən edilmiş, qeyd edilənlərdən başqa hər hansı qiymətli əşya və ya qiymətli kağızlar aşkar edilməmişdir. Avtomobilin kənardan və işçərisindən 4 ədəd foto görüntüsü çəkilərək protokola əlavə edilmişdir. 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təhqiqat orqanına 1000 manat pul vəsaiti təhvil vermişdir. xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:55-də Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanına ünvanladığı, özü və müdafiəçisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edildiyi ********* nömrəli cinayət işi üzrə oğurladığı puldan qardaşı Şahid1 verdiyi və ondan götürülmüş 1000 manat pulun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-150/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən saat 21:55-dən hesablanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(001)-381/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-374/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi qərara alınmışdır. İş materiallarının 83-cü vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1000 manat pul vəsaitini Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı Elzadə Cəfərovdan təhvil almışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti tətbiq edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat saat ictimai işlər cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1.4 və 67-ci maddələrinə əsasən 3 il 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 1.1-ci bəndinə əsasən həmin cəzadan azad edilmişdir. Bundan başqa Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 326.2, 324.1-ci maddələri ilə təqsili bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham hökmdən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 5 il 9 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)-520/2021 hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəni dəqiqləşdirmək üçün onun ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq etmiş və 4 ədəd foto şəkil protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri elan elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, onun barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 180 və 193-1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi qiymətlərin əsas götürülməsi və ona vurulmuş maddi ziyanın ümumilikdə 12100 (on iki min yüz) manat olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi pul hesabına alınmış “Saipa” markalı, 10NY-438 dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq məhkəmənin yekun qərarı qəbul edilənədək Binəqədi Rayon Polis İdarəsinin cərimə meydançasına təhvil verilməsi, Təqsirləndirilən şəxs oğurladığı puldan qardaşı Şahid1 borc verdiyi, sonuncunun istintaq zamanı təhqiqat orqanına könüllü olaraq təqdim etdiyi 1000 manat pul maddi sübut kimi tanınaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Şəki Regional “Asan Xidmət” mərkəsinin notariat ofisinin xüsusi notariusu Əli Hacıyevin xx.xx.2024-cü il tarixli 3584 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə 7E-3956 reystr nömrəsi ilə verilmiş etibarnamənin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin etibarnamədən görünür ki, istehsal ili 2014-cü il, mühərrik nömrəsi M15-8141918, Ban nömrəsi NAS821100E1006218 olan 10NY438 dövlət qeydiyyat nişanlı “Saipa Tiba” minik markalı nəqliyyat vasitəsinə dair Şahid3 tərəfindən Şahid2 nəqliyyat vasitəsinə dair sərəncam hüqququ barədə verdiyi etibarnamə xx.xx.2024-cü il tarixdə saat 18:06-da təsdiq edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3cü və 177.2.4-cü maddələri ilə tam əhatə olunduğundan əməlin tövsifi düzgün olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyandan qismən ödəniş edilməsini (AR CM-in 59.1.14-cü maddəsi), törətdiyi əməli etiraf edərək peşman olmasını (AR CM-nin 59.2ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə ictimai təhlükəli əməl 25 fevral 2024-cü il tarixdə törədilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-520/2021 saylı, 03 avqust 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından isə 07 oktyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan və qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratdığından təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi mövcuddur. Qeyd edilənlərə əsasən də məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir (CM-61.1.1). Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X3 Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı (CM-65.2), onun həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməli (CPM 158.6) və cəzasının əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 1000 (bir min) manat pul vəsaitinin zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.3-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, maddi sübut kimi tanınmış və iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün Binəqədi RPİ-nin cərimə meydançasına təhvil verilmiş “Saipa” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdə saat 4 radələrində oğurluq cinayəti nəticəsində əldə etdiyi vəsait hesabına elə həmin gün saat 18:06 da alınaraq cinayətdən xəbərsiz təqsirləndirilən şəxsin qohumu Şahid2 adına rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən nəqliyyat vasitəsinin cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alındığından xüsusi müsadirə edilməli və cinayət işi üzrə zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1000 (bir min) manat pul vəsaitinin zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hazırda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin cərimə meydançasında saxlanılan **-NY-*** dövlət qeydiyyat nişanlı “Saipa” markalı nəqliyyat vasitəsi xüsusi müsadirə edilərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar