Məhkəmə qərarları › İş №1(001)-460/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-460/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-460/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Vusal Kakhramanovun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonu, Qoçulu kəndində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gürcüstan Respublikası, Bolnisi rayonu, Qoçulu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Vusal Kakhramanovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vusal Kakhramanova ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun oğlu Şahid1 8.000 manat müqabilində Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib özünə inandırmaqla aldadaraq, 07 fevral 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 33 ünvanında 8.000 manat alıb vədinə əməl etməyərək ələ keçirməklə Zərərçəkmiş şəxs 8.000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Vusal Kakhramanov özünü ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının əvvəllərində tanışı Şahid4 onunla görüşərkən sürücüsü olduğu Şahid2 tanışı Zərərçəkmiş şəxs oğluna “Toyota Prius” markalı avtomobil almaq istədiyini, bu işdə kömək lazım olduğunu bildirmişdir. O, həmin vaxt tanışı Rasimə problem olmadığını, kömək edə biləcəyini, Gürcüstan Respublikasından ucuz qiymətə yaxşı vəziyyətdə bir “Toyota Prius” markalı avtomobil gətirə biləcəyini demişdir. Bundan sonra Rasim onu Zərərçəkmiş şəxs ilə tanış etmiş, onlar birlikdə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Leyla” şadlıq evinin qarşısında görüşmüşlər. Həmin vaxt tanışı Rasimə dediyi eyni sözləri və təklifi Rəşidə də bildirmiş, bunun üçün 8.000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs ona qulaq asaraq təklifi ilə razılaşmış və qiymətin də münasib olduğunu bildirmişdir. O, Rəşidə pulu verdiyi gündən təxminən bir həftə ərzində Gürcüstan Respublikasından texniki parametrləri yaxşı olan 2010-cu il buraxılışlı “Toyota-Prius” markalı avtomobil alıb gətirəcəyinə söz vermişdir. 07 fevral 2020ci il tarixdə axşam saatlarında Rasimlə birlikdə Zərərçəkmiş şəxs ilə zəngləşərək Bakı şəhəri, ünvan 2 ünvanda Rəşid oğlunun yaşadığını bilmiş, orada Zərərçəkmiş şəxs tanışı Hüseyn adlı şəxsin və Rasimin yanında 8.000 manat pulu sayıb ona vermiş və onların yanında pulu saydıqdan sonra cibinə qoymuş, hətta Rəşidin xahişi ilə pulu almağı barədə qəbz yazıb sonuncuya vermişdir. Pula ehtiyacı olduğuna görə Rəşidin verdiyi 8.000 manat pulu xəstə anasının müalicəsinə və şəxsi tələbatlarına xərcləmiş, verdiyi vədə əməl etməyərək Gürcüstan Respublikasına getməmiş və söz verdiyi avtomobili alıb gətirməmişdir. Söz verdiyi vaxt tamam olduqda Rəşid zəng vuraraq avtomobili istəmiş, bu zaman sonuncudan əlavə olaraq bir həftə də vaxt almış, pulu düzəldib qaytara biləcəyini fikirləşmiş, ancaq pul tapa bilmədiyinə görə Zərərçəkmiş şəxs müxtəlif bəhanəlrlə aldadıb vaxtı uzatmış, nəticədə Rəşid ondan polisə şikayət etmişdir. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tam olaraq ödəmiş, zərərçəkmiş şəxslə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Vusal Kakhramanova elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində oğluna avtomobil almaq məqsədilə tanışları arasında soraqlaşma aparmışdır. 2020-ci ilin fevral ayının əvvəllərində tanışı Süleyman Rəhimova maşın almaq istəyi barədə məlumat verdikdə, sonuncunun yanında olan və əvvəllər Süleymanın sürücüsü vəzifəsində çalışan Şahid4 adlı şəxs tanışlarının bu sahədə çalışdığını deyərək, ona köməklik edə biləcəyini bildirmişdir. lakin onu kifayət qədər tanımadığı üçün danışıqlarına reaksiya belə verməmiş, bu hadisədən bir gün keçdikdən sonra, 07 fevral 2020-ci il tarixdə Rasim adlı şəxs ona məxsus mobil nömrəyə zəng edərək, maşın alğısatqısı ilə məşğul olan qohumu, sonradan adının Vusal Qhrəmanov olduğunu bildiyi şəxslə birlikdə olduqlarını bildirmiş və onunla görüşmək istədiyini bildirmişdir. Rasimin barəsində kifayət qədər məlumata malik olmasa da əvvəllər tanışı Süleymanın sürücüsü olması sonuncuya qarşı inam yaratmış və buna görə Rasimin təklifinə razılıq verərək onlarla Binəqədi rayonu, 9-cu mkr ərazisində yerləşən “Leyla” şadlıq evinin qarşısında görüşmüşdür. Görüş zamanı Rasim onu Vusalla tanış etmiş və bu tanışlıqdan sonra hər ikisi Bakı şəhərindən deyil, Gürcüstan Respublikasından maşın alıb gətirməyini daha məsləhətli olmasını bildirmişlər. O, Rasimlə Vusalın təkliflərinə müsbət cavab verib, onlardan “Toyota Prius” markalı avtomobilin alınması üçün hansı məbləğdə pul lazım olduğunu soruşmuş, həmin vaxt Vusal 8.000 manat pul lazım olduğunu bildirmişdir. Həmin günü Vusal oğlu Şahid1 adına maşın gətirə bilməsi üçün sonuncu Vusala mülki etibarnamə vermiş və bütün bunlardan sonra eyni gündə axşam saatlarında oğlunun yaşadığı ünvan 3 ünvanda yerləşən binanın həyətində Vusala 8.000 manat pulu sayıb vermişdir. Həmin vaxt Vusal pulu alması barədə öz xətti ilə qəbz yazıb vermiş, həmin qəbzə Rasim və dostu Şahid3 da imza etmişdir. Aralarında olan razılığa görə Vusal təxminən bir həftə ərzində 8.000 manatın müqabilində Gürcüstan Respublikasından oğlu üçün 2010-cu il istehsallı, “Toyota Prius” markalı avtomobil alıb gətirməyə söz vermişdir. Lakin Vusalın dediyi müddət gəlib çatdıqda ondan əlavə olaraq müddət istəmiş və əlavə müddət də bitdikdə Vusal aldadığını deyib biraz da vaxt istəmişdir. O, Vusaldan bir xəbər çıxmadığını gördükdə Rasimə zəng vurmuş, bu zaman Rasim ona narahat olmamasını, lazım gələrsə Vusalın maşınını satıb, onun pulunu verəcəyini demişdir. Lakin sonradan Vusal məxsus maşının lizing şirkətinə məxsus olduğunu bilmişdir. O,bir müddət Vusalı gözləsə də nəticə vermədiyini görüb bir il sonra polisə şikayət etmək məcburiyyətində qalmışdır. İbtidai istintaq və məhkəmə istintaqı dövründə Vusal Kakhramanov tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış və Vusal Kakhramanovdan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma atasıdır, 2020-ci ilin fevral ayının əvvələrində atası ona avtomobil almaq məqsədi ilə tanışı Şahid4 vasitəsi ilə Vusal Kakhramanov ilə tanış olmuş, Vusal söhbət zamanı atasına Gürcüstan Respublikasından avtomobillər gətirdiyini və lazım olsa onun üçün də avtomobil gətirə biləcəyini söyləmişdir. Buna görə atası ona avtomobil almaq məqsədi ilə Vusalın vasitəsi ilə Gürcüstan Respublikasın “Toyota Prius” markalı avtomobil gətizdirmək qərarına gəlmişdir. 07 fevral 2023-cu il tarixdə atası X5 Kakhramanova yaşadığı ünvan 4 ünvanın qarşısında onun üçün Gürcüstan Respublikasından bir həftə ərzində 2010-cu il istehsallı, “Toyota Prius” markalı avtomobil gətirməsi üçün 8.000 manat pul vermişdir. Həmin günü atası onunla əlaqə saxlayaraq ünvan 5 ünvanında yerləşən 16 saylı notariat kontoruna çağırmış və orada Vusalla tanış olmuş, sonra Vusala maşını gətirməsi üçün mülki etibarnamə vermişdi. Vusal pulu alıb getdikdən sonra vəd etdiyi bir həftə başa çatmasına baxmayaraq söz verdiyi avtyomobili gətirib ona təhvil verməmiş və atasından 8.000 manat pulu alaraq dələduzluq etmişdir. İbtidai istintaq və məhkəmə istintaqı dövründə Vusal Kakhramanov onlara vurulmuş ziyanı tam olaraq ödəmiş və onlarla barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir dostluq edir və yaxın münasibəti vardır. Zərərçəkmiş şəxs və digər tanışı olan Süleymanla birlikdə arada Polis Akademiyasının yaxınlığında yerləşən kafedə görüşərək nahar etmiş və söhbətləşmişdir. 2020-ci ilin fevral ayının əvvələrində Rəşidlə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında görüşüb söhbət edən zaman Rəşid ona Süleymanın keçmiş sürücüsü Rasimin vasitəsi ilə tanıdığı Vusal adlı şəxsin köməyi ilə oğlu Tərlan üçün Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətizdirmək istədiyini, hətta oğlunun Vusala mülki etibarnamə verdiyini bildirmişdir. Təxminən bir saat sonra Vusal və Rasim onların söhbətləşdiyi “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığına gəlmiş, orada onlar Vusalın idarə etdiyi “Chevrolet Cruze” markalı, **-KN-*** dövlt qeydiyyat nişanlı avtomobilə əyləşərək əvvəllər Rəşidin yaşadığı, hazırda isə oğlu Tərlanın yaşadığı ünvan 6 ünvanın qarşısına gəlmişlər. Orada Rəşid razılaşdıqları kimi Vusala 8.000 manat pulu sayıb vermiş, həmin vaxt Vusal pulu alması barədə qəbz yazıb vermişdir. Həmin qəbzə onunla bərabər Rasim, Rəşid və Vusal da qol çəkmiş, ancaq Vusal vədinə əməl etəməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “X2 Respublikasından maşın gətirmək adı ilə Zərərçəkmiş şəxs 8000 manat pul alması barədə” yazmış olduğu 01 vərəqədən ibarət qəbz Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına könüllü təqdim edilmiş və həmin qəbz götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Vusal Kakhramanov 10 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Vusal Kakhramanov cinayət işi üzrə CMin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Vusal Kakhramanov tərəfidən vurulmuş zərərlər bağlı zərərçəkmiş şəxsə verilməsi üçün 1200 manat pul istintaq orqanına təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-381/2023 nömrəli qərarından görünür ki, Vusal Kakhramanov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Vusal Kakhramanov barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş zərərlə bağlı ödənilmiş 1200 (bir min iki yüz) manat pulu təhvil almışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Vusal Kakhramanov əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş zərərlə bağlı ödənilmiş 900 (doqquz yüz) manat pulu təhvil almışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş zərərlə bağlı ödənilmiş 550 (beş yüz əlli) manat pulu təhvil almışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “X2 Respublikasından maşın gətirmək adı ilə Zərərçəkmiş şəxs 8.000 manat pul alması barədə” yazmış olduğu qəbz iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Vusal Kakhramanov ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli, 5526 nömrəli qəbzdən görünür ki, Vusal Kakhramanov tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 2000 (iki min) manat məbləğində pul keçirilmişdir. xx.xx.2023-cü il tarixli Vusal Kakhramanov tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq ödənilmişdir. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Vusal Kakhramanov tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Vusal Kakhramanovun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Vusal Kakhramanovun CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, təqsirləndirilən şəxs Vusal Kakhramanov cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs Vusal Kakhramanov həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Vusal Kakhramanov barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X2 Respublikasından maşın gətirmək adı ilə Zərərçəkmiş şəxs 8.000 manat pul alması barədə” yazmış olduğu qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs Vusal Kakhramanovun hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Vusal Kakhramanova göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs Vusal Kakhramanov həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Vusal Kakhramanov barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “X2 Respublikasından maşın gətirmək adı ilə Zərərçəkmiş şəxs 8.000 manat pul alması barədə” yazmış olduğu qəbz cinayət işinin materiallarında saxlanılsın. Vusal Kakhramanova məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar