Məhkəmə qərarları › İş №1(001)-462/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-462/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-462/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov 1-ci küçə, ev 85-də qeydiyyatda olan və ünvan 3-də kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,349 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən “Bazar Store” marketinin qarşısına daşımış, 10 iyun 2021-ci il tarixdə, saat 11:10-da həmin ünvanda Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılaraq ünvan 2 ünvanında yerləşən 7ci Polis bölməsinə gətirilərək şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,349 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, hərbi xidmətdə olmuşdur, əvvəllər müxtəlif yerlərdə fəhlə və ofisiant kimi işləmişdir, son bir aydır ki, «Neftçilər» metrosunun yanında «Köz Halil usta» kafesində ofisiant işləyir. O, 2011-ci ildə ailə qurmuşdur, 7, 6 və 4 yaşlarında 3 övladı var. İki ildir ki, həyat yoldaşından rəsmi olaraq ayrılmışdır, övladları anaları ilə birlikdə qalırlar, lakin onları maddi cəhətdən o, təmin edir. O, qaraciyərində «Hepatit C» xəstəliyindən əziyyət çəkir. Keçən il isə ağır öd əməliyyətı keçirmişdir və ödü götürülüb.Bədənində ağrılar olduğundan onları sakitləşdirmək məqsədilə təxminən 3-ildir ki, narkotik vasitə heroin əldə edib istifadə edir. 10 iyun 2021ci il tarixdə saat təxminən 11 radələrində şəxsi işi ilə bağlı olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən «Bazar Store» marketin qarşısında təklikdə piyada gedən zaman 2 nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə həmin bölməyə aparılmış və orada ona müdafiəçi təqdim edilmiş və hüquqları izah olunmuşdur.Sonra onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərinə axtarış keçirilmişdir. Polis əməkdaşı axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığını soruşduqda o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra onun üzərində axtarış aparılsa da başqa bir əşya aşkar edilməmişdir. Sonra onun iştirakı ilə təqdim etdiyi büküm açılmış və o, bildirmişdir ki, həmin bükümün içərisində olan qəhvəyi rəngli toz halında olan maddə narkotik maddə olan heroindir, ona “kakos” deyirlər.Soruşulduqda bildirmişdir ki, o, həmin narkotik vasitəni 09 iyun 2021ci il tarixdə saat 21 radələrində Nəsimi rayonu Papanin adlanan ərazidə adını Bəkir kimi bildiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Bundan sonra üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. O, yalnız öz istifadəsi üçün narkotik vasitə heroin əldə edir, dediyi kimi 3 ildir ki, heroin istifadə edir. Onun narkotik vasitəni daimi aldığı bir yer yoxdur, təsadüfən rastlaşdığı şəxslərdən alır. Bəkirdən əvvəl bir dəfə heroin almışdır və adını ona Bəkir kimi demişdi, bəlkə də səhv demişdir, dəqiq bilmir. Onun heç bir anket məlumatını və əlaqələrini bilmir. Narkotik axtarıb almaq məqsədilə 09 iyunda Papaninə getmişdi, təsadüfən Bəkirlə rastlaşmış və 10 manat verib bir büküm heroin almışdır. Onun üzərində heroin olmasını heç kim bilmirmiş, gizlin bir yer tapıb təklikdə istifadə edəcəkmiş. Onun özünün mobil telefonu yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 3 övladının olmasını və xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 10 iyun 2021-ci il tarixdə 7-cü Polis bölməsinə ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla bölmə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Daha sonra ondan və 7-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə saat 11:10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsində yerləşən «Bazar Store» marketin qarşısında saxlanılmış və onlar tərəfindən 7-ci Polis bölməsinə gətirilmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş, daha sonra isə onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında bükülünü çıxararaq stolun üzərinə qoymuşdur və soruşulduqda həmin bükümdə narkotik vasitə olan «kakos» olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı əşya aşkar edilməmişdir. Kağız büküm açıldıqda orada qəhvəyi rəngli toz halında maddə olduğu məlum olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs bükümdə olan narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, bükümdə olan narkotik vasitəni adını Bəkir olaraq bildiyi şəxsdən öz istifadəsi üçün almışdır. Daha sonra içərisində narkotik olan büküm təhqiqatçı tərəfindən ağ boş zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə hamısı imza etmişlər. Onun ardınca isə şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirak edənlər protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 10.06.2021-ci il tarixli, 6/2357 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,349 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi – 0,349 qram, sərf edildi – 0,05 qram, qalıq – 0,299 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının 29.06.2021-ci il tarixli, 2090 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 10.07.2012-ci il təvəllüdlü X2, 18.09.2013-cü il təvəllüdlü X3 və 16.12.2015-ci il təvəllüdlü X4 adlı övladları vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, 3 övladının olmasını və xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, 3 övladı vardır, xəstəlikdən əziyyət çəkir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 iyun 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, Binəqədi RPİ İŞ-nin müstəntiqi, polis polkovnik- leytenantı X10 tərəfindən qəbul edilmiş 12 iyun 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirini seçilməsi qərara alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə heroinin 0,299 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin 0,299 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X8 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar