Məhkəmə qərarları › İş №1(001)-465/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-465/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-465/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin müdafiəçiləri: “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxx 1971-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ögzənin əmlakını gizli olaraq talama məqsədilə 05 mart 2023-cü il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 308C ünvanında yerləşən “Tayqa Store” mağazasının anbarının qapısını fiziki güc tətbiq edib açmaqla binaya qanunsuz daxil olmuş, daha sonra müdir otağının qapısının kilidini sındıraraq orada masanın dolabından tapdığı açarlarla seyfin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla mağazanın müdiri Zərərçəkmiş şəxs seyfdə saxlanılan 11600 manat pulu gizli talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6 ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 308C ünvanında fəaliyyət göstərən «Tayqa Store» mağazasında nəzarətçi işləyir. İş vaxtı saat 12:00-dan saat 22:00-dəkdir. Həmişə olduğu kimi, 05 mart 2023-cü il tarixdə də saat 12:00-da «Tayqa Store» mağazasına gəlmişdir. İşi mağazanın daxilinə nəzarət etməkdən ibarətdir. Həmin gün axşam saatlarında iş vaxtının bitməsinə bir qədər qalmış qərara gəlmişdir ki, mağazanın müdir otağında olan seydən pul oğurlasın. Saat 22:00-da mağazada iş vaxtı başa çatdığına görə işçilər mağazanı bağlamış, həmin gün növbədə olan mühafizəçi Famil kişiyə mağazanı təhvil vermişlər. Famil kişinin oturduğu mühafizəçi köşkü mağazanın qarşı tərəfində yerləşir. İşdən çıxdıqdan sonra «Tayqa Store» mağazasından bir qədər aralanıb təxminən 1 saat müddətində yaxınlıqda olan kafedə şam edib 350 qram araq içmiş, təxminən saat 23:15 radələrində mağazaya tərəf gəlmişdir. Mağazanın anbarının ayrıca qapısı var. Həmin qapı alüminium materialından hazırlanmaqla köhnə vəziyyətdədir və yaxşı bağlanmadığına görə çox vaxt kilidinə kağız qoyub sıxırlar ki, bərk örtülsün. Hava qaranlıq oluduğuna və mühafizəçinin köşkü təxminən 20-22 metr aralıda yerləşdiyinə görə əmin olmuşdur ki, mühafizəçi onun anbarın kiçik qapısını açmasını görə bilməz. Həm də ki, Famil kişinin mühafizə köşkündə olmasını görəndən sonra həmin qapıya yaxınlaşıb itələməklə qapını açaraq anbara daxil olmuşdur. Müdir otağı anbarın sonunda, mətbəxin üstündə yerləşir. Mətbəxin yanında olan yardımçı otağın plastik qapısının üstündə olan açarı çıxarıb pilləkənlərlə iiknci mərtəbəyə qalxmaqla müdir otağının qapısını açmaq istəmiş, açarı açar yuvasına salmış, lakin qapının kilidini açmaq mümkün olmamışdır. Bir qədər silkələmiş, bu zaman açar sınmış, bir hissəsi əlində qalmışdır. Sonra isə döşəməsilən taxtanı yığılmış karton qutuların üstündən götürüb onun düz tərəfini qapının arasına salaraq qapını içəriyə tərəf itələməyə başlamışdır. Bir neçə cəhddən sonra qapı açılmış, müdir otağına keçəndən sonra masanın altında olan şkafları axtarmağa başlamışdır. Oradan otaqda olan seyfin açarları qarşısına çıxmış, daha sonra həmin açarları götürüb seyfə salmaqla ikimərtəbəli seyfin hər iki gözünü açmışdır. Seyfin aşağı gözündə açıq vəziyyətdə və rezinə keçirilmiş pulların olmasını gördükdə dərhal pulları götürüb cibinə qoymuş və gəldiyi qaydada da oradan çıxıb yolu keçməyə başlamışdır. Pulları əynində olan gödəkçənin yan cibinin birinə qoymuş, pulun həcmi çox olduğu üçün cibinə güclə sığışmışdır. Yolu keçərkən pyulları cibinə tam yerləşdirə bilmədiyindən, pulun bir hissəsi asfalta düşmüş, lakin yolda maşınlar hərəkətdə olduğundan və özü də həyəcanlı olduğundan yerə tökülən pulları görə bilməmişdir. Sonra isə yoldan keçən taksini saxladaraq birbaşa evinə gəlmiş, pulların qalınlığından hiss etmişdir ki, oğurladığı pul 10000 manatdan artıq məbləğdir. Lakin ailə üzvlərinin xəbəri olmasından ehtiyat edərək pulları saymamış, evin birinci mərtəbəsində olan qaraja keçib orada olan taxtaların arasında pulları gizlətmişdir. Səhəri gün, yəni 06 mart 2023-ci il tarixdə «Kapital bank»a olan borcundan 780 manat, «Unibank»a olan borcundan 404 manat, «İran bank»a olan borcundan 680 manat ödəniş etmişdir. Həmçinin, Ceyhun adlı taxta ustasına olan 250 manat borcunu ödəmiş, digər bir tanışına olan 190 manat borcunu vermiş, yadında qalmayan məbləği şəxsi ehtyacları üçün xərcləmişdir. 08 mart 2023-cü il tarixdə onu Bakı şəhəri, Binəqədli RPİ-nin 4-cü polis şöbəsinə dəvət edib bildirmişlər ki, mağazadan pul oğurlamasını əks etdirən kamera görüntüləri vardır. Məcbur qalaraq törətdiyi cinayəti etiraf etmiş, daha sonra polis əməkdaşları ilə evinə gələrək qarajda gizlətdiyi pulları təhvil vermişdir. Bu barədə protokol yazılmış, aşkar edilmiş pul sayılarkən məbləğin 7100 manat olması məlum olmuşdur. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs vurduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyində sahibkarlıqla məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmış və ona verilmiş şəhadətnamə əsasında sahibkarlıq fəaliyəti ilə məşğul olur. 29 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 308C ünvanda yerləşən, 143,2 kv.metr qeyri-yaşayış sahəsini icarə müqaviləsi ilə icarəyə götürərək «Tayqa store» adlı mağaza açmış və hazırkı vaxtadək həmin mağazanı işlədir. Mağazanın 30 nəfər əməkdaşı var. Təqsirləndirilən şəxs təxminən 6 il əvvəl mağazaya nəzarətçi kimi işə götürmüşdür. Mağazaya malların alınması, pul vəsaitlərinin yığılması və verilməsi işləri ilə mağazanın mühasib-xəzinədarı Şahid2 məşğul olur. Mağazanın iş rejimi səhər saat 08:00-dan axşam saat 22:00-dəkdir. Mağazanın bağlı olduğu vaxtlarda mağazanın mühafizəsi ilə mühafizəçilər məşğul olurlar. 06 mart 2023-cü il tarixdə səhər saatlarında Şahid2 ona zəng edərək məlumat vermişdir ki, 05 mart 2023-cü il tarixdən 06 mart 2023cü il tarixə keçən gecə kimsə mağazanın ambarının qapısını sındırmaqla içəriyə daxil olmuş, ambarda olan müdir otğanın qapısını da sındırıb otaqdakı dəmir seyfin şkafın siyirməsinə qoyulmuş açarlarını taparaq seyi açaraq seyfdə olan 11000 manatdan çox pul vəsaitini oğurlamışdır. Şəxsi işləri olduğundan Şərafətə tapşırıq vermişdir ki, dəqiqləşdirmə aparıb oğurlanmış pul vəsaiti ilə bağlı polisə məlumat versin. Sonradan tam dəqiqləşdirmə apararaq müəyyən etmişlər ki, hadisə vaxtı mağazadakı seyfdən 11600 manat pul oğurlanmışdır. 08 mart 2023-cü il tarixdə isə eşitmişdir ki, mağazanın müdir otağınrda olan dəmir seyfədin 11600 manat pulu mağazada nəzarətçi işləyən Təqsirləndirilən şəxs oğurlamışdır. O, göstərmişdir ki, hadisə vaxtı dəmir seyfdən oğurlanmış 11600 manat pul vəsaiti özünə məxsusdur. Belə ki, həmin pul vəsaiti mağazanın fəaliyyət göstərməsi ilə əlaqəli pullar olmuş, mağazada dövriyyədə olan pul da onun şəxsi puludur. Hadisə nəticəsində ona ümumilikdə 11600 manat maddi ziyan vurulmuşdur. Həmin ziyan da təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Baş vermiş məlum oğurluq hadisəsindən sonra işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 308C ünvanda yerləşən «Tayqa Store» adlı mağazanın qapılarını təmir etdirmiş və həmin təmir işlərinə görə 80 manat xərci çıxmışdır. Yəni, qeyd etdiyi mağazanın qapılarının sındırılması hadisəsi nəticəsində ona ümumilikdə 80 manat ziyan dəymişdir. Lakin, həmin hadisəyə görə Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərindən 2023-cü ilin mart ayınadək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 308C ünvanda yerləşən “Tayqa Store” mağazasının mühafizəçisi işləmişdir. Belə ki, həftənin şənbə günü istisna olmaqla hər gün saat 22:00-da işə gəlmiş və səhərisi günü saat 08:00-dək mağazanın mühafizəsini təmin tmişdir. Onun üçün ayrılmış mühafizəçi köşkü mağazanın ön tərəfində yerləşir. Həmin mağazanın müdiri Zərərçəkmiş şəxsdur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Fizuli onun işlədiyi həmin mağazada, mağazanın içərisində mühafizəçi işləmişdir. Fizuli ilə qohumluq münasibəti olmasa da, onunla ədavəti və düşmənçilyi də olmamışdır, iş yoldaşı kimi normal münasibətləri olmuşdur. 05 mart 2023-cü il tarixdə saat 22:00-da mağazada iş vaxtı başa çatdığına görə işçilər mağazanı bağlamış və mağazanı ona təhvil vermişlər. 06 mart 2023cü il tarixdə saat 08:00 dəqiqədə mağaza fəaliyyətə başlamış və iş vaxtı başa çatdığına görə yaşadığı evə getmişdir. Həmin günü saat 08:30 radələrində işlədiyi mağazada işləyən hazırda adını xatırlamadığı şəxs mobil telefonuna zəng edib mağazadan oğurluq hadisəsi baş verdiyini bildirmiş və ona görə dərhal mağazaya qayıtmışdır. Az sonra mağazaya polis əməkdaşları gəlmiş və məlum olmuşdur ki, mağazada mühasib işləyən Şərafət adlı xanımın iş otağındakı seyfdən 11600 manat pul naməlum şəxs tərəfindən oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, baş vermiş yuxarıda qeyd etdiyi oğurluq hadisəsini mağazada mühafizəçi işləyən Təqsirləndirilən şəxs törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə saat 23:30 radələrində mağazanın ambarının alüminiumdan olan qapısının bağlanmamasından istifadə edərək həmin qapını güc tətbiq etməklə itələyib açaraq içəri daxil olmuş, sonra isə mağazadakı seyfdə olan pulları götürüb, mağazadan çıxaraq oradan uzaqlaşmışdır. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsi barədə ona heç bir söz deməmiş, həmçinin oğurluq yolu ilə əldə etdiyi pullardan ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 mart 2023-cü il tarixdə saat 08:00 radələrində xəzinədar işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 308C ünvanda yerləşən “Tayqa Store” mağazasına gəlmiş, mağazada yerləşən iş otağının qapısını açmaq istədikdə qapının kilidinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı oğurluq hadisəsi baş verməsindən şübhələnmiş, otaqda olan seyfin qapısını açdıqda seyfdə olan, mağazanın müdiri Zərərçəkmiş şəxs məxsus 11600 manat pulun yerində olmadığını görmüşdür. Belə ki, həmin 11600 manat pulu 04 mart 2023-cü il tarixdə otağında olan seyfə qoymuş, səhərisi günü, 04 mart 2023-cü il tarix bazar, yəni istirahət günü olduğundan işə gəlməmiş, 06 mart 2023-cü il tarixdə saat 08:00 radələrində işə gəldikdə qeyd edilən oğurluq hadisəsinin baş verməsini müəyyən etmişdir. Ona görə də baş vermiş hadisə barədə mağaza rəhbərliyinə, yəni Zərərçəkmiş şəxs məlumat vermiş, Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230040242 nömrəli cinayət işi 09 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİnin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanılaraq icraatına qəbul edilməklə istintaqı aparılmışdır. 09 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. 11 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. 11 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri, Binəqədi RPİ-nin X3 azad olunmuşdur. 11 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, C.Cabbarlı küçəsi, nömrəsiz evə baxış keçirilərkən evin qarajında olan sellofan paketin içərisində saxladığı, oğurluq yolu ilə əldə etdiyi 7100 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, C.Cabbarlı küçəsi, nömrəsiz evə baxış keçirilərkən Təqsirləndirilən şəxs, evin qarajında olan sellofan paketi könüllü olaraq təqdim edir və həmin paketin içərisində 1 ədəd 200 manatlıq, 63 ədəd 100 manatlıq və 12 ədəd 50 manatlıq pul əskinasları aşkar olunur. Təqsirləndirilən şəxs bildirir ki, aşkar edilmiş həmin pul əskinaslarını 05 mart 2023-cü il tarixdə saat 23:30 radələrində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 308C ünvanında yerləşən «Tayqa Store» mağazasındakı seyfdən oğurlamaqla əldə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları sayılır və pulun məbləğinin 7100 manat olması müəyyən edilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 1 ədəd 200 manatlıq, 63 ədəd 100 manatlıq və 12 ədəd 50 manatlıq pul əskinasları, Təqsirləndirilən şəxs həmin pulları təqdim etməsinə dair video görüntüləri əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd 200 manatlıq, 63 ədəd 100 manatlıq və 12 ədəd 50 manatlıq pul əskinaslarının zərərçəkmiş şəxsə qaytarılması, 1 ədəd CD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə qadın kosmetikalarını oğurlaması hissəsində özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 24:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan – 1 ədəd 200 manatlıq, 63 ədəd 100 manatlıq və 12 ədəd 50 manatlıq pul əskinaslarının qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Müdafiəçi1 müdafiəçi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun olan – 1 ədəd 200 manatlıq, 63 ədəd 100 manatlıq və 12 ədəd 50 manatlıq pul əskinaslarının qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar