Məhkəmə qərarları › İş №1(001)-467/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-467/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-467/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ermənistanın Yexeqnadzor rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 04 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Fatmai bağlar massivində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 10,132 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etdikdən sonra əynində olan qolu qısa gödəkçənin iç sağ cibində saxlamaqla daşımış, 04 may 2022-ci il tarixdə saat 21.20 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu Fatmayı kəndi yeni yaşayış massiivində yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi 1 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinə gətirilmiş və həmin gün saat 22.30 radələrində üzərində aparılan axtarış zamanı əynində olan qısa gödəkçənin iç sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 4 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,146 qram; 2,901 qram; 2,522 qram; 2,563 qram, ümumi çəkisi 10,132 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuananı çəkmək yolu ilə istifadə etmiş və heç vaxt narkotik vasitə satmamış, satmaq fikri olmamışdır. O, narkotik vasitələri müxtəlif vaxtlarda müxtəlif şəxslərdən əldə etmişdir. 04 may 2022-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı kəndi ərazisində yerləşən məktəbin yaxınlığında üzdən tanıdığı «Qaqa» deyə çağırılan şəxsdən 30 manata 4 büküm narkotik vasitə olan qurudulmuş marixuana almışdır ki vaxtaşırı istifadə etsin. Həmin gün, axşam saatlarına yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdiklərini bildirib onu Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifləri ilə razılaşaraq sonuncularla birlikdə Binəqədi Rayon Polis İdarəsinə getmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah edilərək müdafiəçi dəvət edilmiş, saha sonra videoçəkilişlə üzərində axtarış aparılacağı bildirilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qolu qısa gödəkcənin iç sağ cibindən 4 ədəd bükümdə olan narkotik vasitəsi çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı ondan həmin bükümdəkilərin nə olduğunu soruşduqda o, bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onları şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan gödəkcənin sol cibindən üzərində ***-***-**-** mobil nömrə olan «Redmi» markalı mobil telefon aparatı, şəxsiyyət vəsiqəsi, 2 ədəd özünə aid «Kapital Banka» məxsus plastik kartlar, əynində olan şalvarının arxa sol cibindən 95 manat pul aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş 4 büküm narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmaqla götürülmüş, mobil telefon aparatı, şəxsiyyət vəsiqəsi və 2 ədəd plastik kart ona iş üçün əhəmiyyət kəsb etməsi izah olunaraq götürülmüş, 95 manait pul isə onun özünə qaytarılmışdır. Bir neçə gün keçdikdən sonra istintaqın gedişində qalan əşyaları da özünə təhvil verilmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu və himayəsində biri azyaşlı olmaqla iki övladının olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnik-leytenantı rütbəsindədir. Çalışdığı Baş Narkotiklərlə Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olur. Əməliyyat yolu ilə daxil məlumatın yoxlanılması məqsədi ilə DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün DİN-in BNMİ-nin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra əməliyyat qrupunun rəhbəri tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 rəhbərliyi altında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə 04 may 2022-ci il tarixdə saat 21:20-də Bakı şəhəri, Binəqədi rayonu Fatmayı kəndi yeni yaşayış massivində yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu vaxt o və əməliyyat qrupunun digər üzvləri həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını bildirmiş və şübhəli şəxsi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “Mərkəz” vəkil bürosundan vəkil dəvət edilmişdir. Polis idarəsinin xidməti otaqların birində DİN-in BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarovun, “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, əməliyyat qrupunun üzvləri- Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3, narkotik vasitənin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl sonuncuya qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs, əynində olan qolu qısa gödəkcəsinin iç sağ cibindən 04 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, istintaq üçün sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 04 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Fatmayı kəndində üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in müvafiq möhürü ilə möhürlənmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qısa gödəkcənin iç sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 4 ədəd kağız bükümdə olan kütlələr aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 7/447 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr” yazılar və imzalar olan 1 ədəd kağız paketdə 4 ədəd kağız bükülələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,146 qram; 2,901 qram; 2,522 qram;, 2,563 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 10,132 qramdır. Təqdim olunmuş 4 ədəd kağız bükülülərdə olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi – 10,132 qram, tədqiqata sərf edildi – 0,08 qram, qalıq – 10,052 qram. xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin inzibati binasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, əynində olan qolu qısa gödəkcəsinin iç sağ cibindən 04 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, istintaq üçün sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 04 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Fatmayı kəndində üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in müvafiq möhürü ilə möhürlənmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış məqsədi ilə zənglərə, sms mesajlara və telefonda olan digər proqramlara baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edə biləcək heç məlumat aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş dörd ədəd bükümdə ümumi təmiz çəkisi 10,132 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və onun ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi olaraq 10,052 qram qalığı saxlanması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli, 2432 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlər aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittihama əlavələr edilərək CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X9 və X12 adlı biri azyaşlı olmaqla iki uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol verilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. CM-in 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Qeyd olunan Qərarının 9-cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməzdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə edilməmiş, həmçinin məhkəmə istintaqı zamanı ittiham tərəfindən göstərilən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli onun üzərindən aşkar edilmiş bükümlərin sayına görə CM-in 234.2-ci maddəsi ilə tövsif edilsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gələcək sübutlar mövcud deyildir. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Bununla yanaşı isə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmin narkotik vasitəni satmaq üçün deyil öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 10,132 qram narkotik vasitə olan heroini əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsinə tövsif edilə bilməz. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan – satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsini və ya saxlamasını, hazırlamasını, istehsal etməsini, emal etməsini, daşımasını, göndərməsini, yaxud qanunsuz olaraq narkotik vasitələri satmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların ittiham tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi qanuni və əsaslı olar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X7 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2ində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 06 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsindən imtina edilməklə, həmin tarixdə sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkiləri 10,052 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2ində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkiləri 10,052 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar