Məhkəmə qərarları › İş №1(001)-468/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-468/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-468/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2018-ci il tarixdən başlayaraq 22 oktyabr 2011-ci il təvəllüdlü X3 və 03 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, bir uşağa 125,00 manat, iki uşağa cəmi 250,00 manat, 01 fevral 2021-ci il tarixdən isə artırılaraq əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 175,00 manat, iki uşağa cəmi 350,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(066)-1780/2018 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)-1222/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 3(001)-1248/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktlarının icra edilməsi ilə əlaqədar ona 05 may 2022-ci il, 14 mart 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 30 mart 2023-cü il tarixədək şəxsi maraq niyəti ilə cəmi 13150,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni fəhlə işləyir, aylıq gəliri 500 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə evlənmiş, birgə nikahlarından X5 və X4 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşamış, 2018-ci ildə aliment tələbinə dair Göygöl Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 29 noyabr 2018-ci il tarixli, 2(066)-1780/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 31 oktyabr 2018-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 125,00 manat, iki uşağa cəmi 250,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 22 oktyabr 2011-ci il təvəllüdlü Tuncay Cinoyevin və 03 may 2013-cü il təvəllüdlü Türkan Cinoyevanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından alimenti ödəməmiş, 2021-ci ildə Zərərçəkmiş şəxs alimentin artırılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 01 fevral 2021-ci il tarixli, 2(001)-1222/2021 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 175 manat, iki uşağa cəmi 350 manat sabit pul məbləğində müəyyən edilmiş, sonuncu qətnamənin icrası da Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilmiş, bundan sonra icra məmuru ona bildiriş təqdim etməklə alimentin ödənilməsini tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktlarını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 3(001)- 1248/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktlarının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Məhkəmə istintaqı zamanı aliment borcundan 4000 manat ödəniş etdiyini, alimentin qalan məbləğini də ödəyəcəyini nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə evlənmiş, birgə nikahlarından X5 və X4 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ondan ayrılaraq uşaqları ilə birlikdə yaşamış, o, övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 29 noyabr 2018-ci il tarixli, 2(066)-1780/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 31 oktyabr 2018-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 125,00 manat, iki uşağa cəmi 250,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 22 oktyabr 2011-ci il təvəllüdlü T.Cinoyevin və 03 may 2013-cü il təvəllüdlü T.Cinoyevanın yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilsə də sonuncu alimenti ödəməkdən yayınmış, 2021-ci ildə alimentin artırılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində yenidən iddia qaldırmış, məhkəmənin 01 fevral 2021-ci il tarixli, 2(001)-1222/2021 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 175,00 manat, iki uşağa cəmi 350,00 manat sabit pul məbləğində müəyyən olunmuş, qətnamənin icrası eyni qaydada Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edildiyi üçün icra məmuru ona sonuncu məhkəmə aktı üzrə bildiriş təqdim etməsinə baxmayaraq o, alimenti ödəməkdən bir mənalı imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 3(001)-1248/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktlarının icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin ümumi borc məbləğindən 4000 manat ödəniş həyata keçirmişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 31 oktyabr 2018-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 125,00 manat, iki uşağa cəmi 250,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 22 oktyabr 2011-ci il təvəllüdlü X3 və 03 may 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 noyabr 2018-ci il tarixli, 2(066)-1780/2018 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 12 dekabr 2018-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəməmiş, 2021-ci ildə alimentin məbləği artırılaraq əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 175,00 manat, iki uşağa cəmi 350,00 manat sabit pul məbləğində müəyyən olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 fevral 2021-ci il tarixli, 2(001)- 1222/2021 saylı qətnaməsi icra edilməsi məqsədilə icra şöbəsinə həvalə edilmiş, sonuncu icra sənədi üzrə 08 fevral 2021-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 3(001)-1248/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilmiş, qətnamələri icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 232950124 cinayət işi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə tərəfimdən qərar qəbul edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göygöl Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(066)-1780/2018 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)-1222/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası zamanı Təqsirləndirilən şəxs məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də fərdi əmək fəaliyyəti ilə məşğul olduğu, yəni fəhlə işlədiyi və aylıq gəlirinin 500,00 manat təşkil etdiyi etraf edilmişdir. Onun gəlirləri olduğu halda alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir. İş materiallarına əlavə olunmuş 14 sentyabr 2021-ci il, 05 may 2022-ci il, 14 mart 2023-cü il tarixli xəbərdarlıqlardan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 3(001)-1248/2022 saylı qərarından, eyni zamanda digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Göygöl Rayon Məhkəməsinin 29 noyabr 2018ci il tarixli, 2(066)-1780/2018 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)-1222/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. İstintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməni nəzərdə tutulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən hazırkı vaxtadək həbsdə olduğu 02 ay 15 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından azad edilməli, hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə təqsirli bilinsin və ona 01 (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən hazırkı vaxtadək həbsdə olduğu 02 ay 15 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut , mülki iddia, ekspertiza xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar