Məhkəmə qərarları › İş №1(001)-469/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-469/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-469/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi ev 1 nömrəli yataqxanada yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə məqsədi ilə 07 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 01 ədəd ağ rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,002 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etdikdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşımış, 13 aprel 2022-ci il tarixdə saat 15.00 dəqiqədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyi küçəsində “Murad” kafesinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X10 küçəsi 6 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə gətirilmiş və həmin gün saat 16.15 dəqiqədə üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli 01 ədəd kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 1,002 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 180.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Qısa vaxtdır ki, narkotik vasitələrdən istifadə etmiş və bu onda asılılıq yaratmışdır. 07 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə şəxsiyyəti haqqında heç bir məlumatlara sahib olmadığı, lakin üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün bir kağız bükümündə narkotik vasitə heroin almışdır. O, həmin şəxsdən əvvəllər bir neçə dəfə eyni növ narkotik vasitə almışdır. O, həmin şəxslə görüşü heç bir vaxt əvvəlcədən planlaşdırmamış, ona narkotik vasitə lazım olduqda həmin şəxsin olduğu yerə gedib lazım olan narkotik vasitəni həmin şəxsdən ala bilmişdir. Onun həmin şəxslə heç bir telefon əlaqəsi olmamış, yaşadığı ünvanı və idarə etdiyi nəqliyyat vasitəsini bilməmişdir. O, orta boylu, arıq bədən quruluşlu, qaraşın, təxminən 35-40 yaşlaroında Bakı ləhcəsi ilə danışan biridir. Həmin şəxs daima səliqəli geyinmiş və üzündə seyrək tük saxlamışdır. 07 aprel 2022-ci il tarixdə günorta saatlarında narkotik vasitə heroini bir bükümdə əldə etdikdən sonra daima geyindiyi əynindəki boz rəngli şalvarının sağ yan cibində saxlayaraq daşımışdır. 13 aprel 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsindəki «Murad» kafesi yaxınlığında olduğu vaxt xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduğunu bildirən mülki geyimli şəxslər ona yaxınlaşıb haqqında narkotik vasitə saxladığı barədə məlumat olduğunu bildirməklə, üzərində axtarış aparılması məcburiyyətini izah edib onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinin inzibati otaqlarının birində olduğu vaxt hüquqlarının müdafiəsi üçün istəyi üzrə 11 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, vəkillə konfidensial görüşü üçün şərait yaradıldından sonra o, könüllü olaraq ərizə ilə müraciət edərək üzərində şəxsi axtarış aparılmasında vəkilin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl axtarışın aparılmasının mahiyyəti və hüquqları ona izah edilmiş, daha sonra təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet varsa təqdim etsin. O, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 07 aprel 2022-ci il tarixdə tanımadığı şəxsdən aldığı ağ rəngli yazılar olan kağız bükümdəki narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarını cavablandırdıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitənin qablaşdırıldığı və üzəri möhürləndiyi zərfə, eləcə də ona uca səslə oxunmuş protokola heç bir etiraz etmədən imza atmışdır. Üzərində aparılmış axtarış hərəkətləri videoçəkilişdən istifadə olunmaqla aparılmış, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsindəki «Murad» kafesi yaxınlığında saxlanılarkən, polis bölməsinə gətirilərkən və üzərinizdə axtarış aparılarkən ona qarşı hər hansı bir psixi və ya fiziki zorakılıq edilməmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. O nə pis şey varsa cəza çəkmə müəssisəsində öyrəndiyini, əvvəlki cəza çəkdiyi dövrün onun islah olunmasına kömək etmədiyini, şans verilərsə özünü doğruldacağın bildirərək cavanlığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 5-ci Polis bölməsində cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmış, polis baş leytenantı rütbəsində olmuşdur. Çalışdığı Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, 1993-cü il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayon sakini, Təqsirləndirilən şəxs narkotik vasitələrin Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Əməliyyat yolu ilə daxil məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 5-ci PB-nin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə rəhbərliyi altında Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü ilə birlikdə 13 aprel 2022-ci il tarixdə, 15:00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Gəraybəyli küçəsində “Murad” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu vaxt o və əməliyyat qrupunun digər üzvü həmin şəxsə yaxınıb xidməti vəsiqələrini göstərərək Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşı olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis bölməsinin inzibati binasına dəvət etmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 11 saylı vəkil bürosundan vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçisinin iştirakı olmadan üzərində axtarış aparılmağına etirazı olmadığını bildirmişdir. Polis bölməsinin xidməti otaqların birində Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Tanarverdiyevin, əməliyyat qrupunun üzvü Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Binəqədi RPİ-nin KTQ inspektor kriminalisti, polis baş leytenantı X4, narkotik vasitənin əldə edilməsi, saxlanması, qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaların təqdim etməsi ona təklif edilmiş, Təqsirləndirilən şəxs, 01 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin, istintaq üçün sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu, 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən yerdə üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in müvafiq möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən 14 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmışdır. Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 14 aprel 2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin təhqiqatçısı X3 tərəfindən cinayət işi istintaq aidiyyatı üzrə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 15 aprel 2022-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X8 tərəfindən 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində 13 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2022ci il tarixli 6/2112 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №174” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs»” Sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,002 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış vasitə heroindir. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli 2767 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimullyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müdətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qərarı ilə 03 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkum olunmayan hesab edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarıdan artıq miqdarı 0,15 qram müəyyən edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin çəkisi isə 1,002 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunmuş və məhkumluğu ödənildiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 33 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,952 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar