Məhkəmə qərarları › İş №1(001)-47/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-47/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-47/2024 31.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu ildə Zaqatala rayonu Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və başqa maddələri ilə təqsirli bilinərək 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, o avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək niyyəti ilə tanışları X10 və şəxsiyyəti məlum olmayan «Anar» adlı şəxslə birləşib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən X10 və şəxsiyyəti məlum olmayan «Anar» adlı şəxs kənarda gözləmiş, o, isə həmin ünvanda park edilmiş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məxsus 2007-ci il buraxılışlı, ağ rəngli «VAZ 21074» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapısını açaraq salona daxil olub, salonun içərisində, qabaq sağ oturacağın üzərində olan avtomobilin açarlarından istifadə edib mühərriki işə salaraq X8 və şəxsiyyəti məlum olmayan «Anar» adlı şəxsin onu gözlədikləri yerə getmiş, orada sonuncular avtomobilə oturduqdan sonra həmin yerdən uzaqlaşmaqla avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Samir və Anar adlı şəxsləri uzun müddətdir ki, tanıyır. Həmkəndlidirlər. Eyni zamanda Anar Samirin qaynıdır. Üçü birlikdə Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tikinti sektorunda fəhlə kimi işləyərək özlərini dolandırmışlar. xx.xx.2022-ci ildə saat 18 radələrində işdən çıxdıqdan sonra Anar və Samirlə Bakı şəhəri 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən «Dəli-Kür» adlanan kafedə əyləşib yemək yeyib spirtli içkilər qəbul etmişlər. Söhbət əsnasında Samir Xudatova səhər Zaqatala rayonuna gedəcəyini demişdir. Kafedən çıxdıqdan sonra o, Sabunçu rayonu ərazisində yaşayan bacısı Gülnarənin evinə getmiş, düşünmüşdür ki, gecəni orada qalıb səhər Zaqatala rayonuna yola düşər. Gecə saat təxminən 01 radələrində Samir Xudatov ona zəng etmiş, hazırda Zaqatala rayonuna gedən maşın olduğunu, istəyirsə onlarla birlikdə gedə biləcəyini bildirmişdir. Hazır maşın düşdüyünü görüb Samirə getmək istədiyini demiş və bu məqsədlə evdən çıxıb taksi ilə Samirin olduğu Sulutəpə qəsəbəsinə yola düşmüşdür. Qəsəbəyə çatanda Samirin ağ rəngli «VAZ 21074» markalı avtomobil sürdüyünü, Anarında maşında olduğunu görmüşdür. Samirdən avtomobilin kimə məxsus olduğunu soruşmuş, Samir tanışından rayona getmək üçün götürdüyünü bildirmişdir. Ona inanıb avtomobilin arxa sərnişin oturacağında əyləşmiş və yola düşmüşlər. Lökbatan qəsəbəsi Heybət yolunda olarkən yol polisi avtomobili dayandırmışdır. Bu zaman təşvişə düşən Samir avtomobili qaçırdığını bildirmişdir. Həmin vaxta kimi avtomobilin qaçırılmış olmasından məlumatı olmamışdır. Əvvəllər məhkum olunduğu üçün bu məsələnin ona narahatlıq yaradacağından ehtiyat etmiş, ona görə də Samir yol polisi ilə danışan zaman avtomobildən düşüb başqa istiqamətə getmişdir. Bir müddət sonra kənddə Samirlə rastlaşmış, hadisə ilə maraqlananda Samir avtomobilin cərimə meydançasına aparıldığını, özünün isə sərbəst buraxıldığını bildirmişdir. 2023-cü ilin iyun ayının 20-də Zaqatala rayon Polis Şöbəsinə çağırılmışdır. Orada ona Binəqədi RPİ-in İstintaq Şöbəsində avtomobilin talama məqsədi olmadan qaçırılmasına görə cinayət işi başlandığı və həmin cinayətdə şübhəli olduğu bildirilərək Bakı şəhərindən gəlmiş polis əməkdaşlarına təhvil verilmişdir. Həmin gün Bakı şəhərinə gətirilmiş, Binəqədi RPİ-in İstintaq Şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin verdiyi məlumat əsasında ona məlum olmuşdur ki, Samir Xudatov həqiqətə uyğun olmayan ifadə vermiş, avtomobili onun qaçırdığını demişdir. Bununla razı olmasada, polis əməkdaşları ona bildirmişlər ki, hadisə cinayət xarakterli deyil, sonda onun barəsində X11 protokol tərtib edilməklə iş bağlanacaqdır. Buna görə etirafedici ifadələr vermiş, xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində ağ rəngli «VAZ 21074» markalı avtomobili qaçırdığını demişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi ifadələrindən imtina edir və bildirir ki, həmin cinayəti Samir Xudatov təkbaşına törətmişdir. Qeyd olunanlara əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məxsus 2007-ci il buraxılışlı, ağ rəngli «VAZ 21074» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili etibarnamə əsasında Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Şahid1 idarə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında məlum olmuşdur ki, «VAZ 21074» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısından qaçırılmış, Bakı şəhəri Qaradağ rayonu DYPX postunda saxlanılmışdır. xx.xx.2022-ci il tarix saat 02:58-də X8 adına İXP ******* nömrəli protokol tərtib olunmuş və sonuncuya 400 manat məbləğində cərimə təyin olunmuşdur. Həmin cərimə ödənilməmişdir. Cərimə ödənilmədiyi üçün Komitə təqsirli şəxsdən şikayətçidir. Şahid qismində dindirilmiş Mənzil İstismar Departamentinin Ağcabədi rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Şahid1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-in DYPŞ-in YPX-in inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə həmkarı Qaradağ RPİ-in DYPŞ-in YPX-in inspektoru Şahid2 ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsi Heybət yolunda xidmətdə olduqları zaman gecə saat 02:40 radələrində Bakı şəhəri istiqamətindən Lökbatan qəsəbəsi istiqamətində ağ rəngli «VAZ 21074» markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu və sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb, həmin avtomobilə saxla işarəsi vermişdir. Avtomobil saxla işarəsindən sonra dayandıqda, avtomobilin salonunda sürücüdən başqa iki nəfər sərnişinlərin olduğunu müşahidə etmişdir. Sükan arxasında oturmuş şəxs xx.xx.1985-ci il təvəllüdlü Zaqatala rayon sakini X10 olmuş, onun həmin avtomobili idarə etmək hüququ olmamışdır. X12 suallara adekvat cavab vermədiyinə görə onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün hal şahidlərinin iştirakları ilə xüsusi texniki vasitədən istifadə edilmiş və müayinə zamanı X1 içki qəbul etməsi müəyyən olunmuşdur. Bundan sonra X11 protokol tərtib olunmuş və X8 idarə «VAZ 21074» markalı, 90-AE- 756 dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilməklə özü sərbəst buraxılmışdır. Eyni zamanda qeyd edir ki, o, Samir Xudatovun sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edən zaman avtomobilin salonunda olan iki nəfər sərnişin avtomobildən düşərək naməlum istiqamətə getmişlər. Həmin şəxslərdən biri sonradan istintaqda gördüyü Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-in DYPŞ-in YPX-in inspektoru Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısıdır. xx.xx.2022-ci ildə gecə saatlarında qardaşı Məhəmməd yaşadığı Sabunçu rayonu ərazisində yerləşən evinə gəlmiş, gecəni qalıb səhər Zaqatala rayonuna yola düşəcəyini bildirmişdir. Gecə saat 01 radələrində Samir yuxudan oyanmış, ona zəng gəldiyini, Zaqatala rayonuna gedən hazır maşın olduğunu deyib, evdən çıxmışdır. 8-9 ay sonra eşitmişdir ki, qardaşı Samir maşın qaçırmada təqsirləndirilir. Bununla bağlı ondan soruşmuş, Samir demişdir ki, xx.xx.2022-ci ildə gecə saatlarında ona zəng edib Zaqatala rayonuna gedən hazır maşın olduğunu deyən həmkəndlisi Samir onu aldatmış, hazır maşın dediyi avtomobili əslində qaçırmış, sonradan isə cinayəti onun üstünə atmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Məhəmməd və Anar həmkəndliləridirlər. Bununla yanaşı Anarın bacısı ilə evli olmuşdur. Hər üçü birlikdə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə inşa edilməkdə olan hündürmərtəbəli binalarda günəmuzd fəhlə kimi işləmişlər. 26 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində işdən çıxdıqdan sonra Anar və Məhəmmədlə birlikdə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən adını xatırlamadığı kafedə yemək yeyib alkoqollu içkilər qəbul etmişlər. Söhbət zamanı alkoqollu içkinin təsiri ilə sərxoş olduğundan avtomobil idarə etmək həvəsində olduğunu Anar və Məhəmmədə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun idarə etməsi üçün avtomobil gətirəcəyini demişdir. Saat təxminən 23 radələrində üçü birlikdə kafedən çıxmış, Təqsirləndirilən şəxs avtomobilin Sulutəpə qəsəbəsində olduğunu dediyindən piyada hərəkət edərək Sulutəpə qəsəbəsinə yollanmışlar. Həmin vaxta kimi o, Sulutəpə qəsəbəsində olmamışdır. Artıq 27 oktyabr 2022-ci il gecə saat 01 radələri olmuşdur. Qəsəbəyə çatdıqdan sonra R.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs ondan və Anardan olduqları yerdə dayanıb onu gözləmələrini istəmiş, yaxınlıqda yaşayan tanışından avtomobili götürüb gələcəyini demişdir. Bundan sonra Məhəmməd onlardan aralaşıb gözdən itmişdir. O və Anar isə yaxınlıqda açıq mağaza olduğunu görüb ora daxil olmuş, mağazadan bir şüşə araq və meyvə almışlar ki, yol boyu içsinlər. Mağazadan çıxan kimi Təqsirləndirilən şəxs ağ rəngli «VAZ 21074» markalı avtomobili sürüb gəlmiş, avtomobili idarə etməsi üçün ona təhvil verərək özü arxada sərnişin oturacağına əyləşmişdir. Bundan sonra o, avtomobili Qaradağ rayonu Lökbatan qəsəbəsi istiqamətində idarə etmiş, yol boyu araq içməyə davam etmişlər. Bir qədər getdikdən sonra Lökbatan dairəsində yol polisi əməkdaşı onun idarə etdiyi avtomobilə dayan işarəsi verdiyindən avtomobili saxlamış, avtomobildən enərək yol patrul xidməti əməkdaşlarına yaxınlaşmışdır. Bu zaman Anar və Məhəmməd hansısa səbəbdən avtomobildən enərək uzaqlaşmışlar. İçkili olduğu üçün inspektor onu sərxoşluq müayinəsindən keçirmiş, barəsində X11 protokol tərtib olunmuş, daha sonra isə sərbəst buraxılmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmış, tanışınındır dediyi ağ rəngli «VAZ 21074» markalı avtomobili qaçırmışdır. Şahid S.S.Xudatov verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobili onun qaçırması ilə bağlı bildirdikləri doğru deyil, bu yolla Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmaq istəyir. Əgər Təqsirləndirilən şəxs avtomobili qaçıracağını desə idi, heç vaxt onunla razılaşmazdı. Onun və Anarın Təqsirləndirilən şəxs avtomobili qaçırmasından məlumatı olmamışdır. 2023-cü ilin yay aylarında Binəqədi RPİ-də cinayət işi üzrə şahid qismində dindirilərkəndə eyni məzmunlu ifadə vermişdir. Buna görə ona heç kim tərəfindən təsir və təzyiq edilməmiş, heç bir cinayət törətmədikləri üçün o və Anar heç bir yerə qaçıb gizlənməmişlər. Həmin vaxtdan nə o, nədə ki, Anar istintaqa dəvət edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v.1). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:55-də Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v.61). Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «VAZ 21074» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirdiyi yeri göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin yeri göstərərək xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında park edilmiş ağ rəngli «VAZ 21074» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapısını açaraq salona daxil olub, salonun içərisində, qabaq sağ oturacağın üzərində olan avtomobilin açarlarından istifadə edib mühərriki işə salaraq avtomobili talama məqsədi olmadan qaçırdığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı texniki vasitədən istifadə olunmuş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.80-83). Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 1,i.v.84). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.87-88). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-653/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmaqla iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.102-106). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X3 İdarəsindən verilmiş 22 iyul 2023cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v.119-121). Şəxsin tanınmaya təqdim edilməsi haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-in DYPŞ-in YPX-in inspektoru Şahid2 ona təqdim olunmuş şəxslərin arasında soldan sağa, sırada 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxs göstərərək, həmin şəxsi xarici əlamətlərinə görə tanıdığını və sonuncunun sərnişin qismində Samir Xudatovun idarə etdiyi «VAZ 21074» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olduğunu bildirmişdir. Tanınma zamanı texniki vasitədən istifadə olunmuş, fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v.144-146). Sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, «VAZ 21074» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi - Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilmiş, X10 və naməlum “Anar” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, i.v.147-152). Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur və bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan CM-in Xüsusi hissəsinin norması ağırlaşdırıcı əlamət olmadan avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməni (qaçırma) nəzərdə tutan Cinayət Məcəlləsinin 185.1-ci maddəsidir. Belə ki, işin təsvir edilmiş hallarından göründüyü kimi Təqsirləndirilən şəxs ona istinad edilən cinayətdə özünü təqsirli bilmir, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrindən imtina etmişdir. Ona qarşı yeganə mötəbər sübut şahid X8 ifadəsidir ki, hökmün təsviri hissəsində ətraflı təsvir edilən həmin ifadəsində S.Xudatov cinayətin Təqsirləndirilən şəxs tərəfindən təkbaşına törədildiyini bildirmişdir. Cinayət işinin materialları və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ağırlaşdırıcı əlamət olmaqla avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə cinayətinə görə elan edilmiş ittiham yalnız Təqsirləndirilən şəxs öz etirafına əsaslanmış və həmin etirafı təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, Samir Xudatov istər məhkəmədə, istərsə də ayrılmış cinayət işində sözügedən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri kimi ifadələr verməmiş, “Anar” adlı şəxsin ifadəsi isə ümumiyyətlə alınmamışdır. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində sözügedən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında Samir və Anarla birlikdə törətməsi barədə vermiş olduğu ilkin ifadələrindən imtina etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri barədə etirafları hər hansı bir sübut vasitəsi ilə təsdiq edilmədiyindən, onun etiraflarından imtina etdiyi halda qeyd olunan cinayət əməlini ağırlaşdırıcı əlamət olmaqla törətməsi digər hər hansı bir sübut vasitəsi ilə təsdiq olunmur. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində cinayət hadisəsi üzrə etirafından imtina etdikdən sonra, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Qeyd etmək lazımdır ki, Cinayət-Prosessual qanunvericiliyin tələbinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda - ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu məqamda məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının 24 iyul 2023-cü il tarixli qərara əsasən hazırkı cinayət işindən X10 və naməlum “Anar” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayırması (hüquqi qiyməti) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirliliyinə birbaşa təsir edə biləcək hal kimi qiymətləndirilə bilməz və bu mənada Təqsirləndirilən şəxs məhz ağırlaşdırıcı əlamətlə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməsi cinayət işi üzrə sübuta yetirilməli olan hallardandır. Əks yanaşma Təqsirləndirilən şəxs münasibətdə təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işində bu vəziyyətin yaranmasının səbəbi ibtidai istintaq orqanı tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin düzgün tətbiq edilməməsi ilə bağlıdır. Cinayət-Prosessual Məcəlləsinin 50.1-ci maddəsi müstəntiqə, prokurora, hakimə cinayət təqibi üzrə icraatı ayırmaq hüququ verməklə yanaşı, bu cür ayırmanın mümkün olduğu şərtləri də müəyyənləşdirir. Qeyd olunan maddədə nəzərdə tutulmuş qaydanın müəyyən edilməsi prosessual qənaət məqsədi güdsə də, mütləq şərt kimi cinayət işləri üzrə ayrıca icraatların cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə maneə olmamasını da nəzərdə tutur. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsi cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması şərtlərini və qaydasını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 211.3-cü maddəsinə əsasən, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz. Cinayət işi materiallarından “Anar” adlı şəxs barəsində axtarış elan olunduğu ümümiyyətlə müəyyən edilmir, X10 barəsində axtarış işinə isə Binəqədi RPİ-in xx.xx.2023cü il tarixli məktubuna əsasən tutulub istintaqa təqdim edildiyi üçün xx.xx.2023-cü ildə xitam verilmişdir. S.S.Xudatovun vaxtında istintaqa təqdim edildiyi, “Anar” adlı şəxsin isə S.Xudatovun qaynı olmaqla Zaqatala rayonu Aşağı Tala kəndində yaşadığı bəlli olduğu halda şəxsiyyəti müəyyən edilməmiş kimi qiymətləndirilməklə barələrində ayrıca icraata cinayət işi ayrılması Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin təyinatına cavab vermir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işindən X10 və naməlum “Anar” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə ayrıca icraata ayırmış cinayət işi həmin işdəki şəxslərin dairəsi ilə məhdudlaşır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirliliyinə birbaşa təsir etmir. Məhkəmənin qənaətinə görə, təsvir edilənlər Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin CM-in 185.2.1-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə dəyişdirilməsini tələb edən hal kimi qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək, həmin ünvanda park edilmiş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məxsus 2007ci il buraxılışlı, ağ rəngli «VAZ 21074» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapısını açaraq salona daxil olub, salonun içərisində, qabaq sağ oturacağın üzərində olan avtomobilin açarlarından istifadə edib mühərriki işə salaraq həmin yerdən uzaqlaşmaqla avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid S.S.Xudatovun ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X7 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” X4 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X5 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 185.2.1-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməli və o Azərbaycan Respublikası CM-in 185.1ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 29-cu maddəsinə əsasən Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 185.1-cü maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısından «VAZ 21074» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmadığı barədə ifadəsində göstərdiklərini özünümüdafiə kimi qiymətləndirib rədd edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Sabunçu rayonu ərazisində yerləşən evdə olduğunu, bu zaman S.S.Xudatovdan telefon zəngi gəldiyini, onun zəngindən sonra, yəni rayona getməsi üçün hazır avtomobil düşdüyünü bilib evdən çıxdığını, Sulutəpə qəsəbəsinə çatdıqda isə Samir Xudatovun «VAZ 21074» markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini gördüyünü desə də, onun istifadəsində olan mobil telefon nömrələri üzrə məlumatlar müdafiəçisinin vəsatəti əsasında mobil operatorlardan götürülmüş, lakin dedikləri təsdiqini tapmamışdır. Bununla əlaqədar Şahid4 ifadəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Şahid4 Təqsirləndirilən şəxs bacısıdır və onun ifadəsi qardaşını müdafiə etmək xarakteri daşıyır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəsəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində 2 azyaşlı uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun xx.xx.2011-ci il təvəllüdlü Hacıməmməd və xx.xx.2015-ci il təvəllüdlü Yağmur adlı uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmir. Belə ki, Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun əvvəllər də talama cinayətləri törətdiyini və məhkumluğunun ödənilmədiyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işində olan tutma haqqında protokola əsasən Təqsirləndirilən şəxs 20 iyun 2023cü ildə şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut – «VAZ 21074» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi - Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verildiyi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – “VAZ 21074 minik” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qaytarıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar