Məhkəmə qərarları › İş №1(001)-473/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-473/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-473/2021 13.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, Füzuli rayonu İşıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 19 iyun 2021-ci il tarixdə gecə saatlarında Abşeron rayonunun Qobu qəsəbəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,011 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 21 iyun 2021-ci il tarixdə saat 17:30 radələrində Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəçində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialın qarşısında avtobus dayanacağında saxlanılıb Binəqədi rayonu, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,011 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində Habil kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir büküm şəffaf sellofana bükülmüş narkotik vasitə heroin alıb əynindəki şalvarın cibinə qoymuşdur ki, narkotik vasitəni arada istifadə etsin. 21 iyun 2021-ci ildə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialın qarşısında avtobus dayanacağında olan zaman Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Bundan sonra o, polislər ilə birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmişdir. Polis bölməsində şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində və bədənində qeyri-qanuni əşyaların olub-olmadığı soruşulduqda o, əynində olan şalvarın cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərifindən üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra o, üzərindən aşkar olunan bir ədəd şəffaf rəngli sellofan bükülünü və içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək onun narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş, şəxsi axtarış barədə protokol tərtib olunaraq, onun və istintaq hərəkətində iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatını yoxlamaq məqsədi ilə ondan və PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xarici əlamətləri məlum olduğundan 21 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialın qarşısında avtobus dayanacağında sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və onu qanunsuz olaraq narkotik maddələr istifadə etdiyinə və üzərində gəzdirdiyinə görə araşdırma aparılması üçün 40-cı polis bölməsinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olaraq müşahidələri altında qeyd olunan polis bölməsinə getmiş və bölmədə sonuncu şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı sonuncuya üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs həmin bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 19 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində Habil kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 01 (bir) ədəd bükülü qablaşdırılaraq götürülmüşdür. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara oxunmuş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində gəzdirməsi faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 21.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində gəzdirməsi barədə Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 21.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 21.06.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü aşkar edilərək götürülmüşdür. 21.06.2021-ci il tarixli, 6/2524 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,011 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,011 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,961 qram. 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Fəxrəddin Şirəliyev tərəfindən verilmiş vəsatət Binəqədi rayon prokuroru Nazim İmanov tərəfindən rədd edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 23.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə 1,011 qram çəkidə narkotik maddə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. 30.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,011 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və onun ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,961 qram qalığı saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 07.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, hazırda isə məhkumluğu yoxdur. 27.07.2021-ci il tarixli, 2490 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 09.09.2021-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. AZ 12628752 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17.09.2009-cu il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 21 iyun 2021-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd edilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 21 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,961 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, ünvan 1da yerləşən ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,961 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar