Məhkəmə qərarları › İş №1(001)-475/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-475/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-475/2024 19.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ermənistanın Keşişkənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olumamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 18 oktyabr 2023-cü il tarixdə saat 02:00 radələrində yaşadığı ünvan 2 ünvanında onunla birgə yaşayan arvadı Zərərçəkmiş şəxs ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığın Təqsirləndirilən şəxs tərəfindən yenidən gərginləşdirilməsi nəticəsində məişət və birgəyaşayış münasibətləri ilə bağlı baş vermiş mübahisə zamanı arvadının onun icazəsi olmadan öz qardaşı qızının toy mərasiminə getməsini bəhanə edərək Zərərçəkmiş şəxs baş, boyun və sifət nahiyələrinə əl zərbələri və masanın üzərində olan dolu vəziyyətdəki 2 litrlik “Coca Cola” plastik butulkası ilə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının cüzi şişkinlik fonunda qançırı, sağ gözaltı və almacıq nahiyəsinin hematoması, burunun şişikinliyi və bu fonda sağ yan çəpərinin sıyrığı halında küt travması, sağ yanağın şişkinliyi halında əziyi, sağ maksillar sinusun ön divarında, sağ orbitanın alt divarına uzanan yerdəyişməmiş sınıq xətti kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə çoxdan olmuşdur. Zərərçəkmiş şəxs rayona getməmişdən qabaq ona deyiləsi olmayan söz dediyindən belə bir hadisə baş vermişdir. Sonra isə o, rayona getmiş, gedəndən sonra xəbər tutmuşdur ki, Əzizəgil gediblər. Sonra uşaq yığıb rayona getdiklərini bildirmişdir. Əzizəgil rayondan gələndən sonra dediyi söz nə olduğunu soruşmuş, ona kobud cavab verməyə başlamışdır. Bundan başqa Əzizəyə bir də ondan icazəsiz niyə getdiyini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Əzizə ona söyüş söymüş, o da otağa keçib dediyi sözün nə olduğunu soruşduqda, qışqırmağa başlamış, o da əli ilə Əzizəni vurduqda əli burnuna dəymiş və onun burnu qanamışdır. Aralarında əvvəllər mübahisə olmuşdur. Mübahisənin başlanğıcı Əzizənin edib taksi şoferinə yoldaşını hara aparmasını soruşması ilə başlamışdır. Əzizəni sol əli ilə vurmuşdur. Əzizəni bir dəfə vurmuş, sonra evlərinə təcili tibbi yardım gəlmişdir. Təcili tibbi yardımı onlar özləri çağırmışlar və tibb işçiləri əzizəni apardıqda onlara Əzizənin burnunun qanadığını, onu nə üçün apardıqlarını soruşduqda tibb işçiləri onunla razılaşmışlar. Əzizəni vurduğuna görə peşmandır və özünü qismən təqsirli bilir, çünki əzizə onu bu həddə çatdırmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, artıq 4-cü ildir bu vəziyyətdədirlər. O, əməliyyat olduqdan sonra aralarında narazılıq yaranmışdır. Eldənizin çevrəsi dəyişdikdən sonra evə gec gəlməyə başlamışdır. Eldəniz 13 il idi içmirdi və sonradan içməyə başlamışdır. O, bəzi gecələr evə gəlmirdi, gələndə də onunla dava edirdi. Eldəniz evə gələndə özlərini yatmış göstərirdilər. Eldənizin ona və qızına qarşı nifrətini və əsəbini tam başa düşə bilməmişdir. Onlar yaxşı ailə olmuşlar, lakin son 4 ili bu vəziyyətə düşmüşlər. Hadisə günü Eldəniz toydan gecə içkili gəlmiş, onu çağırdıqda o da durmamışdır. Durub getsə idi onu və ailəsini təhqir edəcəkdi. Eldəniz onu söyəndə qızı səsləri yazmışdır. Belə olduqda oğlu gedib qaynımı çağırır, qaynı da hər səfərində onları xilas edirdi. O, evdə quran oxuduğu yerdə Eldəniz onu söyüb oxumamasını demişdir. Eldəniz əlində “Coca Cola” plastik butulkası ilə otağa daxil olub, ona yaxınlaşaraq dayanmadan dəfələrlə onun başına vurmuşdur. Bundan sonra Eldəniz çölə çıxmış və 2-3 dəqiqə sonra geri qayıdaraq yumruqla onun sifət nahiyəsindən vurmuşdur. Bu vaxt oğlu yatmış, qızı Arzu isə oyaq olmuşdur. Arzu mobil telefonla təcili tibbi yardıma zəng etmiş və bir neçə dəqiqə sonra təcil itibbi yardım gəlmişdir. Lakin Eldəniz təcili tibbi yardım əməkdaşlarını evə buraxmaq istəməmişdir. O, qızı Arzu ilə birlikdə gizlicə çölə çıxıb təcili tibbi yardım avtomobilinin qapının qarşısında olduğunu görmüşdür. O və qızı Arzu həmin avtomobilə əyləşmişlər. Həkimlər müayinə etdikdən sonra onu Səhiyyə Nazirliyinin 1 saylı X2 aparmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt eldəniz evdə olmuşdur. Evləri 3 otaqlıdır. Hadisə saat 2 radələrində olmuşdur. Eldəniz onu 15 dəqiqə söyməyə başlamış və qardaşının onu niyə toya çağırmadığını, orada özlərini kişilərə göstərdiklərini demişdir. Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anası Əzizə işə də getmirdi. Hadisə səbəbsiz yerə baş vermişdir. Atası Eldəniz onu niyə toya çağırmadılar deyə deyinirdi, halbuki bütün günü onları söyürdü. Onlara əxlaqsız, pozğunsunuz demişdir. Anası Quran oxuduğu halda atası söyə-söyə butulka ilə anasının başına vururmuş, təhqirlər etmişdir. Sonra atası yenidən anasının başından yumruq vurduqda, üzünün qanlar icində olduğunu görmüşdür. O, 103-ə zəng etmiş və tibbi yardım avtomobili gəlmişdir. Atası isə onları evdən qovduqda, anası ilə birtəhər evdən qaçmışlar. Evdən qaçanda görmüşlər ki, 103 avtomobili oradadır. Anası ilə birlikdə onlara sığınıb xəstəxanaya getmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ailədə iki uşaqdırlar. Atası anasını vuranda orada olmuş və atası əvvəl butulka ilə, sonra yumruqla vurmuşdur. Anasının baş hissəsindən vurmuşdur. Səhv etmirsə 3 ildir belə hadislər olur. Anası ilə atasının barışacaqlarını düşünmür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2005 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının cüzi şişkinlik fonunda qançırı, sağ gözaltı və almacıq nahiyəsinin hematoması, sağ əng sümüyünün qapalı xətti sınığı, sol gözlatı nahiyənin qançırı, burun sümüyünün burun tənəffüsünün pozulması ilə müşayiət olunan qapalı sınığı, burunun şişikinliyi və bu fonda sağ yan çəpərinin sıyrığı halında küt travması, sağ yanağın şişkinliyi halında əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18 oktyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla və plastmas butulka ilə zərbə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T305/2024 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının cüzi şişkinlik fonunda qançırı, sağ gözaltı və almacıq nahiyəsinin hematoması, burunun şişikinliyi və bu fonda sağ yan çəpərinin sıyrığı halında küt travması, sağ yanağın şişkinliyi halında əziyi, sağ maksillar sinusun ön divarında, sağ orbitanın alt divarına uzanan yerdəyişməmiş sınıq xətti olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurma aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətin xarakteri və lokalizasiyası istər şəxsin özü tərəfindən, istərsə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsini inkar edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməli, təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməklə, cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar