Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-477/2023 23.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi “Güvən” vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 11 saylı bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1976-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 1 ünvanın həyətində arvadı Zərərçəkmiş şəxs onun icazəsi olmadan “Kontakt Home” mağazasına getməsi səbəbindən aralarında ailə-məişət və şəxsi münasibətlərin pozulması zəminində baş vemıiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ağac parçası və yumruq-təpiklə qəsdən vuraraq sonuncuya sol yanaq nahiyyəsinin qançırı, sol təpə nahiyyəsinin qançır-şişkinliyi, sağ əlin daraq-falanqa oynaqlarında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin dərialtı hematoması kimi xarakterizə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildən Günel Mirələkbərov ilə rəsmi nikaha daxil olaraq evlənmiş və bu evlilikdən azyaşlı övladları var. Bir müddət sonra Günel ilə münasibətləri soyumağa başlamış və onların arasında müəyyən narazılıqlar olmuşdur. 21 fevral 2023-cü ildə evdə olan zaman Günel ona bildirmişdir ki, anasıgilin Bakı şəhərində olan evinə təmizlikçi gələcək, ora getmək istəyir. O da Günelə icazə vermişdir. Günel səhər saatlarında gedib günorta vaxtı geri qayıtmışdır. Ertəsi gün, yəni 22 fevral 2023-cü il tarixdə Günel ona bildirmişdir ki, gəlini Türkiyədən “Kontakt Home” mağazalar şəbəkəsinə kredit ödənişi edib, lakin məbləğ sistemdə görünmür, bu məsələni aydınlaşdırmaq üçün oraya getmək istəyir. O Günelə icazə verməmiş və bildirmişdir ki, özü gedib bu məsələni aydınlaşdırar. Bundan sonra o, işə getmişdir. Günorta saatlarında o, Günelə zəng etmiş və Günel onun telefon zəngimə cavab verməmiş, mesaj yazıb “Kontakt Home” mağazasında olduğunu bildirmişdir. Sonradan o Günelə ikinci dəfə zəng etdikdə Günel telefon zənginə cavab vermiş və o Günelə ondan icazəsiz oraya getdiyi üçün evə gəlməməyi, əgər gələrsə Güneli döyəcəyini bildirmişdir. Bundan sonra o evə getmişdir. Saat 14 radələrində Günel evə gəlmişdir. Həmin vaxt o həyətdə olmuş və həyətə daxil olduqdan sonra Günelin bədəninin müxtəlif nahiyələrinə yumruq-təpiklə vurmuşdur. Bu vaxt yerdə olan ağac parçasını götürüb Günelin sağ əlinə vurmuşdur. Sonra o sillə ilə Günelin üz nahiyəsinə vurmuş və Günelin başı daş hasara dəymişdir. Sonra Günel yerdən qalxıb qaçaraq evə daxil olmuşdur. O isə küçəyə çıxıb öz avtomobili ilə oradan uzaqlaşmış taksi fəaliyyəti ilə məşğul olmuş və həmin gün axşam evə getməmişdir. Həyətdən çıxan zaman Güneli vurduğu ağac parçası əlində olmuş və sonradan ağac parçasını xatırlamadığı yerdə atmışdır. Hadisə zamanı heç bir xəsarət almamış, hadisənin heç bir şahidi olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 göstərmişdir ki, Günel 2006-cı ildən Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq evlənmiş və bu evlilikdən azyaşlı övladları var. Ailə qurduqdan 2 il sonra Rövşənin ona qarşı münasibəti soyumağa başlamışdır. Sonradan o hiss etmişdir ki, Rövşən ona xəyanət edir, lakin ailəsinin dağılmaması üçün bu məsələni böyütmür, bu barədə Rövşənə heç nə demirmiş. Buna baxmayaraq Rövşənin ona qarşı olan münasibəti düzəlməmiş, əksinə daha da pisləşmişdir. 2017-ci ildən etibarən Rövşənlə arasında olan münasibələr tam soyuyub, lakin övladlarına görə bəzi məsələləri böyütmürmüş. Rövşənlə dəfələrlə aralarında mübahisələr olmuşdur. 2022-ci ilin sentyabr-oktyabr ayından etibarən Rövşən hər gecə evdə gecələmir, həftə ərzində 1-2 gün evdə olurmuş. Bu müddət ərzində Rövşən harada olduğu barədə ona məlumat vermir, o özü də əlavə gərginlik yaratmamaq üçün Rövşəndən heç nə soruşmurmuş. 21 fevral 2023-cü il tarixdə evdə olan zaman ona “Kontakt home” mağazalar şəbəkəsindən zəng gəlmiş və kreditin ödənilməsinin vaxtı olduğunu bildirmişlər. O Rövşəndən mağazaya gedib ödəniş etmək üçün icazə istəsə də Rövşən ona icazə verməmişdir. O da məcbur qalıb heç yerə getməmişdir. Ertəsi gün, yəni 22 fevral 2023-cü il tarixdə o həkimə getmiş və həkimdən çıxdıqdan sonra krediti ödəmək üçün “Kontakt home” mağazasına getmişdir. Həmin mağazada olan zaman Rövşən ona zəng etmiş və o Rövşənin telefon zənginə cavab verməmişdir. Sonradan Rövşən ona ikinci dəfə zəng etdikdə o telefon zənginə cavab vermiş və olduğu yeri Rövşənə demişdir. Bundan sonra Rövşən onu telefonda nalayiq ifadələrlə təhqir edib evə gəlməməyi, onu evə buraxmayacağını bildirmişdir. Lakin buna baxmayaraq saat 14 radələrində o evə getmişdir. O qapıdan həyətə daxil olan zaman Rövşən həyətdə onun üzərinə gəlmiş və yumruq-təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. O Rövşənin zərbələrindən sonra yerə yıxılmış və Rövşən həyətdə yerdə olan ağac parçası ilə onun sağ əlinə vurmuşdur. Sonra o ayağa durmaq istəyən zaman Rövşən sillə ilə onun üz nahiyəsinə vurmuş və onun başı daş hasara dəymişdir. Sonra o birtəhər evə daxil olmuş, lakin Rövşən onun arxası ilə evə daxil olmamışdır. Rövşən həyətdə küçəyə çıxmış, sonra da çıxıb getmiş və həmin gün axşam evə gəlməmişdir. O bu barədə övladlarına heç nə deməmişdir. Hadisə həyətdə olduğu üçün onlar bunu eşitməmişlər və məlumatları olmamışdır. Ondan nəsə baş verməsi barədə soruşduqda yalandan demişdir ki, həyətdə yıxılmışdır. Ertəsi gün, yəni 23 fevral 2023-cü il tarixdə o Neftçala rayonunda yaşayan valideynləri ilə telefon əlaqəsi yaradan zaman baş vermiş hadisə barədə məlumat vermiş, bundan sonra atası Bəybala hirslənib DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra polis əməkdaşları onun ünvanına gəldikdə o ərizə ilə əri Rövşəndən şikayət etmişdir. Hadisə 22 fevral 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 1 ünvanın həyətində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş və şahidi olmamışdır. Hadisə zamanı elə də səs-küy olmadığı üçün övladları, yaxud qonşular oraya gəlməmişlər. Hadisə zamanı o Rövşəni vurmamış, ona hər hans maddi ziyan dəyməmişdir. Rövşəndən şikayətçidir və onun cəzalandırılmasını tələb edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 31 mart 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1,i.v.1-2). Hadisə yerinə baxış keçirilməsi barədə 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münaqişə 22 fevral 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 1 ünvanın həyətində baş vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1,i.v.12-17). Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli, 323 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol yanaq nahiyyəsinin qançırı, sol təpə nahiyyəsinin qançır-şişkinliyi, sağ əlin daraq - falanqa oynaqlarında hərəkətməhdudluğu ilə müşaiyət olunan sağ əlin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətlərinə aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxsnm bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə yəni xx.xx.2023-cü il tarixdə bərk küt əşyanın (ola bilsin ağac parçası) nəticəsində əmələ gələ bilərdilər. Vət.Zərərçəkmiş şəxsnm bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır (cild 1,i.v.54-55). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, i.v.99-100). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.113-115). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.52). Doğum haqqında AZ-İİ № 035409 nömrəli və AZ-İ № 721401 nömrəli şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Xuraman və xx.xx.2011-ci il təvəllüdlü Arda adlı uşaqları var (cild 1, i.v.116-117). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul edir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq və eyni zamanda sanksiyada nəzərdə tutulmuş digər cəza növlərinin daha ağır cinayət-hüquqi nəticələr yaradacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyası həddində cərimə cəzasının təyin edilməsi daha məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, müdafiəçilər Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 26 (iyirmi altı) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 26 (iyirmi altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 156 (yüz əlli altı) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-477/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-477/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver