Məhkəmə qərarları › İş №1(001)-477/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-477/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-477/2025 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Alfa Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İnformasiya idarəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 302.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi belə tədbirləri keçirərək şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuşdur.

2. Belə ki, o, 2024-cü ilin təxminən noyabr ayında ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İnformasiya idarəsinin rəisi vəzifəsində işləyən zaman həmin agentliyin inzibatı binasının xidməti otağında olarkən əməkdaşlar arasında barəsində mənfi və xoşagəlməz məlumatların yayılmasından şübhələndiyinə görə ehtimal etdiyi həmin məlumatları əldə etmək məqsədilə əməliyyataxtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmadan Şahid1, Şahid3, Şahid2 və Agentliyin digər əməkdaşlarının iş saatlarında daxili telefonlarla apardıqları gündəlik telefon danışıqlarını ona təhkim edilmiş “Lenovo” markalı monoblok tipli kompüterdən istifadə edərək kompüterin “Asteriks” platformasında olan “İP telefoniya” sistemində “Extension” adlı texniki vasitə ilə qeydə alıb kompüterdə “Downloads” adlı qovluq yaradaraq həmin qovluğa köçürmüş, təxminən 2024-cü ilin sonuna kimi köçürdüyü danışıqlara qulaq asmış, bununla da, həmin şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmaqla əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericliyi pozmuşdur. Proses iştirakçılarının ifadələri:

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 302.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəlində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin sabiq sədr müavini Bəhruz Məmmədov ona zəng edərək birlikdə işləməyi təklif etmiş və agentliyə dəvət etmişdir. Dəvət olunmasının məqsədi ANAMA-nın gündəlik fəaliyyətini rəqəmsallaşdırmaq olmuşdur. Çünki orada köhnə sistem mövcud olmuşdur. 2021-ci ildə ANAMA-da beynəlxalq minatəmizləmə qurumu tərəfindən proqram təminatı təqdim olunmuş və 2023-cü ilə qədər istifadə olunmuşdur. Lakin minatəmizləmə fəaliyyətinə reallığı əks etdirməmişdir. Ona görə də, dəvət olunmuşdur ki, bütün minatəmizləmə fəaliyyətini rəqəmsallaşdırsın. O, əvvəllər də bu cür işlərlə məşğul olmuşdur. 17 mart 2023-cü il tarixdə agentliyin İnformasiya idarəsinin rəisi vəzifəsində işləməyə başlamışdır. 2023-cü ildə programın yaradılması ilə bağlı bir şirkətlə müqavilə bağlanılmışdır. O, həmin şirkət barədə rəhbərliyə məruzə etmiş, bundan sonra məktub yazılıb razılıq alınmışdır. 2023-cü ilin iyun ayında şirkətlə müqavilə bağlanmış və ilin axırına qədər program təminatının işə salınmasını şirkət öhdəsinə götürmüşdü. Orada müqavilə müxtəlif hissələrə bölünmüşdür. Həmin hissələrdən biri texniki dəstək hissəsi olmuşdur. 2024-cü ilin yanvar ayından program təminatı işə salınmış və yerlərdə təlimlər təşkil olunmuşdur. 2024-cü ilin təxminən sentyabr ayında Hesablama Palatasının 3-4 nəfərdən ibarət komissiyası agentliyə gələrək agentliyin ümumi fəaliyyətini yoxlamışlar. Auditorlar proqramla bağlı suallar verərək, proqramın mövcud olub-olmaması və mövcuddursa istismar olunub-olunmaması barədə məlumatlar toplamışlar. Onlar əvvəlcə bunu yaxşı qəbul etmiş, lakin sonradan müəyyən suallar yaranmağa başlamışdır. Onlar proqramın fəaliyyət göstərməyə başladığı təqdirdə 1 il pulsuz texniki xidmətin göstərilməli olmasını və nəyə görə pul ödəmək istədiklərini bildirmişlər. Qarşı tərəfdən ödəniş sənədləri gəlmişdir ki, illik texniki dəstəyə ödəniş olunsun. Orada 49.000 manat puldan söhbət getmişdir, ümumi məbləğ isə 249.000 manat olmuşdur. Belə programların başqa yerdə qiyməti daha baha olmuşdur. Rəhbərlik tərəfindən ödənişlərə razılıq verilsə də, sonradan ödənişlər dayanmışdır. Bundan sonra, xoşagəlməz söz-söhbətlər yaranmışdır. O da rəhbərliyə ödəniş etməsələr, şirkətin öz xidmətini dayandıracağını və bunun da ciddi problemlərə səbəb olacağını bildirmişdir. Lakin görmüşdür ki, ona qarşı mənfi yanaşma vardır. Onu dəstəkləməytənlərdən biri Şahid1 olmuşdur. Mühasib Rəhilə xanım ödəniş etmək istəməmişdir. Fəridə xanım ümumi şöbənin müdiri olmuşdur. Düşünmüşdür ki, bu 3 şəxs mənfi fikrin yaranmasına səbəb olan şəxslərdir. Həmin şəxslərə qarşı onun heç bir qərəzliliyi olmamışdır. Həmin məsələni araşdırmaq üçün bu yola əl atmışdır. İP telefoniya deyilən proqram təminatı vardır və həmin proqram vasitəsi ilə istənilən telefonun səs yazmasını etmək mümkündür. O, həmin əməkdaşların telefonlarını İP telefoniya sisteminin “Extension” bölməsindən “record” vasitəsilə səsyazmaya almışdır. Bunun üçün o, öz iş kompüteridən proqrama qoşulmuş, təxminən noyabr ayından dekabr ayına qədər 1 həftə 10 gün həmin şəxslərin danışıqlarına qulaq asmış və danışıqlarında bərəsində hər hansı bir mənfi və ya xoşagəlməz məlumatlar eşitməmişdir. Qeyd olunan şəxslər daxili telefonlarla yalnız gündəlik, işgüzar və məişət xarakterli söhbətlər aparmışlar. Onun barəsində isə ümumiyyətlə heç bir danışıq aparmamışlar. Ona görə də, danışıqlara qulaq asmağı sonlandırmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, səsyazmaları dinləməsinin necə aşkar olunmasını bilməmişdir. O, cəmi 3 nəfərin, yəni Şahid1, Rəhilə və Fəridə xanımın telefon danışıqlarını dinləmişdir. Hazırda öz vəzifəsi üzrə orada işləyir, lakin İT bölməsi tabeçiliyindən çıxarılmışdır. Hazırda özünü tam təqsirli bildiyini və törətdiyi əməldən peşman olduğunu qeyd edərək məhkəmədən barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 302.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:

5. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən aprel ayında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (“ANAMA”) satınalmalar şöbəsinin baş mütəxəssisi vəzifəsində işləməyə başlamış, 2021-ci ilin sonunda isə satınalmalar və müqavilələrin icrasına nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə işləyir. 2025-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinə çağırılmış və orada ona idarədə daxili telefonla danışıqlarının dinlənildiyi bildirilmişdir. Ona səs yazıları dinlətdirilmiş, o da səs yazılarının ona məxsus olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs onun səslərini hansı səbəbdən qeydə alması barədə heç bir məlumatı olmamışdır və bu barədə Təqsirləndirilən şəxs sual verməmişdir.

6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Hadrut mobil bazasında informasiya üzrə mütəxəssis vəzifəsində işləməyə başlamış, 2024-cü ildən isə agentliyin Əməliyyatların koordinasiya idarəsinin təmizləmə bölməsinin aparıcı mütəxəssisi vəzifəsində işləmişdir. 15 oktyabr 2025-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İdarə rəisi Rahib Quliyev mobil telefon vasitəsilə ona zəng edərək 6-cı mərtəbəyə qalxmasını bildirmiş, o da nə ilə bağlı yuxarı qalxmasını soruşduqda, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının agentliyə məxsus bir sıra avadanlıqları götürəcəyini və onların da hal şahidi kimi iştirak etmələrini, akta qol çəkmələrini bildirmişdir. O da götürülən əşyalarla aktda qeyd olunan əşyaları nəzərdən keçirmiş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xidməti otağından istifadəsində olan 1 ədəd “Samsung” markalı planşet, 2 ədəd yaddaş qurğusu, 7 ədəd fleşkart, 1 ədəd sim kart, qovluqda olan sənədlər toplusu, 1 ədəd “Lenovo” markalı monoblok tipli kompyuter, 1 ədəd “Dell” markalı notbuk, 1 ədəd yaddaş qurğusu götürülmüşdür. Vəzifəsi ümumi əməliyyatların gedişatına nəzarət etmək, dövlət qurumları ilə əlaqə yaratmaq olmuşdur. Təqsirləndirilən şəxs bəzi işçilərin səs yazısını hansı səbəbdən dinləməsini bilmir və bu barədə ona sual verilməmişdir.

7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2002-ci ildə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə minaaxtaran vəzifəsində işləməyə başlamış, 2021-ci ildə struktur dəyişiklikdən sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin texniki təminat və təsərrüfat şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Keçmiş şöbə rəisi olan İbrahim müəllim onu otağa çağırıb Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının agentlikdən bəzi əşyaları götürəcəyini və onun da hal şahidi kimi iştirak etməli olduğunu bildirmişdir. O, informasiya idarəsində Yusif müəllimin otağına qalxmış və orada olan əşyalar götürülmdüşdür. Bundan sonra aktda qeyd olunan əşyaları oxumuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Amma əşyaların hansı səbəbdən götürülməsi və nə baş verməsi ilə bağlı məlumatları olmamışdır.

8. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin necə baş verməsi haqqında onda dəqiq məlumat yoxdur. İş yerində telefonlarının dinlənilməsinin danışıldığını eşitdikdə bundan məlumatı olmuşdur. Özü heç nə bilməmişdir. İstintaqa çağırılan zaman ona səsləri dinlədilmiş, o da səs yazılarının ona məxsus olmasını təsdiq etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, telefon danışıqlarının dinlənilməsi 2024-cü ilin sonunda onlara məlum olmuşdur. O, DTX-ya dəvət olunmuş və orada səs yazıları təqdim olunduqda, səs yazılarının ona məxsus olub-olmamasını soruşmuşlar. O da təsdiq etmişdir. İş yerində daxili telefonlarla apardığı danışıqlar dinlənilmişdir. Telefon danışıqlarının hansı səbəbdən dinlənilməsini bilmir. Telefon danışıqlarının dinlənilməsi onun iş fəaliyyətinə mənfi təsir göstərməmişdir. O, 2021-ci ildən ANAMA-da işləmiş, Təqsirləndirilən şəxs isə kollektivə 2023-cü ildən gəlmişdir. Yusif müəllimlə işgüzar münasibətləri çox yaxşı olmuşdur. Yusif müəllimin onların telefon danışıqlarını hansı səbəbdən dinləməsini bilməmişdir.

9. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, telefon danışıqlarına qulaq asılmasından Dövlət Təhlükəsizlik Xidmətinə çağrılan zaman məlumatı olmuşdur. DTX-da səs yazıları dinlətdirilmiş və həmin səs yazılarının ona məxsus olub-olmaması soruşulmuşdur. O da səs yazılarının ona məxsus olmasını təsdiq etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla münasibətləri normaldır. Minatəmizlə Agentliyinin aparatında 180 nəfər işçi vardır. Təqsirləndirilən şəxs onun səs yazısını hansı səbəbdən dinləməsini bilmir və bu barədə ona suallar verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

10. Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadan dövlət sirri təşkil edən məlumatların xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə gizli və qanunsuz əldə edilməsi faktı üzrə CM-in 284-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

11. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs xidməti otağına keçirilmiş baxış zamanı 1 ədəd “Lenovo” markalı monoblok tipli kompüter, 1 ədəd “X4 S7 FE” markalı planşet, 1 ədəd “HP” markalı netbuk, 1 ədəd “Dell” markalı netbuk, 1 ədəd “Kingstone” markalı yaddaş qurğusu, 1 ədəd Silicon Power markalı yaddaş qurğusu, 1 ədəd Ugreen markalı yaddaş qurğusu, 1 ədəd ANAMA markalı yaddaş qurğusu, 1 ədəd Toshiba markalı yaddaş qurğusu, 1 ədəd SP Slicon Power markalı yaddaş qurğusu, 1 ədəd Transcend markalı yaddaş qurğusu, 2 ədəd sim kart, 1 ədəd “Seagate” markalı yaddaş qurğusu, 1 ədəd “WD” markalı yaddaş qurğusu, 1 ədəd “USB 3.0 128” markalı yaddaş qurğusu, 1 ədəd 4/3-744 nömrəli disk, 1 ədəd qeyd dəftərcəsi və qurumun fəaliyyətinə dair 31 vərəqdən ibarət hesabat aşkar edilərək qabşlaşdırılmış və götürülmüşdür.

12. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İnformasiya idarəsinin rəisi Təqsirləndirilən şəxs istifadə etdiyi “Lenovo” markalı işçi kompüterinin bərpa olunmuş yaddaş nüsxəsinin köçürüldüyü 02 fevral 2025-ci il tarixli 5/22-73 nömrəli yaddaş qurğusuna keçirilmiş baxış zamanı həmin yaddaş qurğusunun “SES” adlı qovluğun içərisində olan 69 ədəd audiofaylda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşları arasında aparılan telefon danışıqlarının səs yazılarının qeyd alınması müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

14. 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

15. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 302.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

16. Qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1464 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqlar eyniləşdirilməsi üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid3 məxsusdur. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid2 məxsusdur. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrində “K5” kimi işarə olunmuş diktorun səsi və nitqi – Şahid1 məxsusdur.

18. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi “Lenovo” markalı monoblok tipli kompüter, həmçinin həmin kompüterin bərpa olunmuş yaddaş nüsxəsinin köçürüldüyü 02 fevral 2025-ci il tarixli 5/22-73 nömrəli yaddaş qurğusu iş üzrə maddi sübut kimi tanınmış, həmin “Lenovo” markalı monoblok tipli kompüter saxlanılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş, həmin kompüterin bərpa olunmuş yaddaş nüsxəsinin köçürüldüyü 02 fevral 2025-ci il tarixli 5/22-73 nömrəli yaddaş qurğusu isə cinayət işinin materiallarına əlavə edilmişdir. Götürülmüş digər əşya və sənədlər isə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə qaytarılmışdır.

19. Azərbaycan Respublikasının Minatəmizləmə Agentlyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentlyinin İnformasiya idarəsinin rəisi vəzifəsində işləmişdir.

20. Azərbaycan Respublikasının Minatəmizləmə Agentlyinin xx.xx.2025-ci il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentlyinin İnformasiya idarəsinin rəisi vəzifəsində işləyir və iş yeri üzrə müsbət xarakterizə olunur.

21. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müvafiq müddəalarının ona münasibətdə tətbiq edilməsi və barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

22. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.

23. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 302.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 302.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.

24. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşür.

25. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).

26. Həmin Qərarın 19.5-ci bəndində əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir.

27. Yenə həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır.

28. Qanunvericiliyin tələblərinə əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Habelə, “Konstitusiya və suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisi Qərarının 6 və 7-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata sözügedən amnistiya aktına əsasən xitam verilməsinə etiraz edilməmiş, əksinə təqsirləndirilən şəxs tərəfindən barəsində Amnistiya aktının tətbiq edilməsi ilə bağlı ərizə ilə müraciət olunmuşdur.

29. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1-ci maddəsinə görə aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda...

30. CPM-in 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

31. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında da amnistiya aktının tətbiq edilməsi qaydası ilə bağlı göstərilmişdir ki, CPM-in 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3- 1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olubolmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır.

32. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olmasını, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə dair etirazın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 302.1-ci maddəsi ilə amnistiya aktı “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı) tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir.

33. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.

34. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır.

35. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Lenovo” markalı monoblok tipli kompüter ona geri qaytarılmalı, 1 (bir) ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılmalıdır.

36. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.

37. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nın təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir.

38. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

39. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

40. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (üç altmış beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir

41. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

42. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

43. Göstərilənlərə əsasən və CPM-in 39, 43, 175, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

“Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Lenovo” markalı monoblok tipli kompüter ona geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri Alfa Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar