Məhkəmə qərarları › İş №1(001)-48/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-48/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-48/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Tərcüməçi X1, Xüsusi ittihamçı "xxxx" ASC-in sədri vəzifəsini müvəqqəti icra edən X3 nümayəndəsi “Femida” vəkil bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X7 iştirakları ilə, 24 aprel 1986-cı ildə Şimali Osetiya Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Biosis” Tibb Mərkəzində həkim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X7 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə görə, X11 xx.xx.2023-cü ildə facebook sosial şəbəkəsində (şəxsi səhifəsində) Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 1A, 49 saylı mənzildə ("xxxx" MTK) suyun gəlməməsi haqqında etdiyi video paylaşımda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ünvanına təhqiredici “tvar”, “debil”, “dolbayob” kimi ifadələr işlədib, onların şərəf və ləyaqətini bilərəkdən alçaltmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 2 ünvanda uzun müddət su gəlmədiyi üçün 02 avqust 2023-cü ildə yaşadığı mənzildə 2 video çəkmişdir. Videolardan biri suyun verilməməsi ilə bağlı emosional xarakterli, digəri isə Ombudsmana ünvanlanmış şikayət xarakterli müraciət olmuşdur. Hər iki videonu facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində yerləşdirmişdir. Onlardan ilkinin ekssentrik olduğunu qəbul edir, həmin video zəifliyini və əsəbi halını göstərdiyi üçün onu dərhal silmişdir. Eyni zamanda həmin videonu heç kimlə paylaşmamışdır. Facebook sosial şəbəkəsinin funksiyalarında video yükləmək imkanı yoxdur. Belə olduğu halda xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi videofaylın redaktə olunmadığı, montaj edilmədiyi və yerləşdirdiyi videonun tam surəti olduğuna dair əsaslı şübhələri vardır. Videonu çəkərkən əsəbi olduğu üçün işlətdiyi ifadələri də xatırlamır. Həmin videonun həqiqiliyi qəbul olunmuş olsa belə, orada konkret şəxsin adını çəkməmişdir, ümumən əməkdaşlardan danışmışdır, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə hüquqi şəxs olduğundan şərəf və ləyaqəti ola bilməz, ancaq işgüzar nüfuzdan söhbət gedə bilər ki, o da mülki mühakimə qaydasında həll edilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə göstərilmiş «тварь» (məxluq), «дебил», «долбоеб» (kütbeyin) sözləri təhqiredici sözlər deyil. Belə ki, «тварь» (məxluq) sözü “İncil”dən alınmış sözdür, mənası Allahın xilqəti, Allah tərəfindən yaradılmış məxluqdur, «дебил» tibbi termindir və bu sözün təhqir olduğu tezisinin özü bu vəziyyətdən əziyyət çəkənlər üçün təhqiramizdir. Bir həkim olaraq həmin diaqnoz adı ilə nə özü təhqir oluna bilər, nə də onu təhqir üçün istifadə etmək olar, «долбоеб» (kütbeyin) sözü rus dili baxımından isimdir, canlıdır, kişi cinsli, ləng və qeyri-adekvat insan mənasını verir. В.П.Аксенов, «Остров Крым», 1977-1979 г, В.П.Аксенов, «Негатив положительного героя», 1996 г., В.В.Козлов, «Гопники», 2022 г. kimi müəllif əsərlərində bu ifadədən istifadə edilmişdir. Əgər həmin sözlər təhqir olsa idi, kütləvi əsərlərdə istifadə edilməzdi. Xüsusi ittihamçı X4 və başqalarına münasibətdə təhqir xarakterli ifadələr işlətmədiyindən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı "xxxx" ASC-in sədri vəzifəsini müvəqqəti icra edən X3 nümayəndəsi “Femida” vəkil bürosunun vəkili Nümayəndə şikayəti müdafiə edərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü ildə X11 facebook sosial şəbəkəsində (şəxsi səhifəsində) ünvan 2 ünvanda ("xxxx" MTK) suyun gəlməməsi haqqında video paylaşım etmiş, videoda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ünvanına təhqiredici “tvar”, “debil”, “dolbayob” kimi ifadələri dəfələrlə işlətmiş, şərəf və ləyaqəti bilərəkdən alçaltmışdır. "xxxx" ASC-in Şikayət və müraciətlərin araşdırılması şöbəsinin "xxxx" qrupunun mühəndisləri araşdırmanın nəticəsi olaraq problemin MTK-ın daxili məsələsi olması haqqında məlumat verməsinə, həmçinin "xxxx" ASC-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllının facebook səhifəsində rəsmi fikir (şərh yazaraq) bildirməsinə baxmayaraq Zaur Orucov təhqirlərinə davam etmişdir. Çoxmərtəbəli yaşayış binası daxili su təchizatı sistemlərinin layihəsinə uyğun olaraq müvafiq tutuma malik ehtiyat su tutumu və nasos stansiyası inşa edilərək xx.xx.2002-ci il tarixli 14/27 saylı texniki şərtlər əsasında yaşayış binasının su anbarının mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinə birləşdirilərək fasiləsiz su təchizatı təmin edilmişdir. MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının daxili su anbarının və nasos stansiyasının istismar edilməməsi səbəbindən binanın daxili su təchizatında problem yaranmışdır. Həmin problem "xxxx" ASC-dən qaynaqlanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma hesab olunur. Göstərilənlərə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edərək barəsində altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə bağlı hökm çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: WhatsApp Video 2023-08-04 at 16.39.37.mp4 adlı videofonoqramdakı danışığın mətni (tərcüməsi) aşadığıdakı məzmundadır: Zaur Orucov: - Dostlarım, keçən ilki konsert yenidən başlayır. Yenə də mən ictimaiyyəti cəlb edirəm. Ona görə ki, başqa cür bu həşəratlar, yeri gəlmişkən, mən təhqir edəcəm. Qoy onlar bunu qeydə alsınlar, məni məhkəməyə versinlər, təhqir olunsunlar, mən təhqir edəcəm. Qoy bu məhkəməyə qədər getsin. Mən partdıyana qədər şişirdəcəm. Beləcə, bu həşəratlar yenə də suyu kəsməyə başlayıblar. Yenə də tutuquşu kimi ağızlarına gələni danışırlar ki, MTK burda "xxxx"nun yarada bilmədiyi su infrastrukturunu yaratmalıdır. Bunlar konkret debildirlər, yeri gəlmişkən dünən də bütün dünyaya rüsvay oldular. Dünya şöhrətli şahmatçı yazıb ki, bizdə normal şəkildə yuyuna bilmir. Su qıtlığıdı bunlarda, hə? Dubayda məsələn, səhrada su var, dünyada su var. Bu debillər isə öz işlərini qura bilmirlər. Bax belə. Mən yenə hazırlaşıram. Bunlarda sağalıb, başa düşürsüz? Görünür keçən il mən Ombudsmana, bizim icraya yazandan sonra yanları sağalıb. Onlar məsələni həll etdilər, mənə zəng vurdular ki, məsələnizə baxacağıq, onlara təzyiq edəcəyik. Ondan sonra su bir il əla gəldi. Bunların məlum yeri sağalıb. Mən bir daha deyirəm, mən şüurlu şəkildə onları təhqir edirəm. Qoy bu videonu yazsınlar və məni məhkəməyə versinlər. Mən baxacam görüm məhkəmədə nə deyəcəklər. Mən bunu şüurlu edirəm. Bax, mən sizi təhqir edirəm, həşəratlar. Bax belə, indi yenə Ombudsmana şikayətlər gözləyin. Ona görə ki, təmiz su insanın haqqıdır. İcraya və bizim deputatımıza. Tezliklə bizdə seçkilərdir və düşünürəm ki, deputat da bunda iştirak etmək istəyəcək. Hələlik bu qədər. A, daha bir şey. Tural deyəsən Ağarzayev. Mən indi dəqiqləşdirim, səhv dedimsə şərhlərdə yazacam. Bu adam qeyri-peşəkarcasına, kütbeyin və axmaqcasına, axırıncı bilmirəmdə sözüm yoxdur buna deməyə. Bax mən konkret onun haqqında danışıram. Qoy o da təhqirə görə məni məhkəməyə versin. MTK-ın məni suynan təmin etməli olduğu barədə axmaqlamağa başladı. Görünür MTK həyətdə artezian quyusu qazmalıdı, hə? Dalbayoblar. Siz dalbayobsunuz. Mənim sizin haqqınızda başqa sözüm yoxdur. Ancaq bu söz. Mən sizi adbaad, vəzifədə olanları təhqir edirəm. "xxxx"da yuxarıda oturanları və bizə cavab verənləri. Sizin danışıq mərkəzinizdə olanlar da debildir, hansıları ki, siz qəsdən öyrətmisiz dəstəyi atsınlar, həftənin ortasında iş gününün qızğın çağında insanların iş yerində olmadığını desinlər. Bax, sız hamınız, sizə nifrət edirlər. Siz o qurumlardan birisiniz ki, özünüzü bütünlüklə batırmısınız. Bütün insanlar da sizə nifrət edir. Ona görə də bu video indi tezliklə yayılacaq. Hamını paylaşmağa çağırıram. Məhkəmə-video ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 4/1569 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı DVD-R diskdə olan mübahisəli videofonoqramda kadrlararası, kadrdaxili montaj əlamətləri və audioaxının videoaxına sintezi müəyyən olunmamışdır. Məhkəmə-linqvistik ekspertizasının 27 dekabr 2023-cü il tarixli 4/1954 nömrəli rəyindən görünür ki, X11 tərəfindən facebook sosial şəbəkəsində şəxsi səhifəsində yayımladığı WhatsApp Video 2023-08-04 at 16.39.37.mp4 adlı videogörüntüdə işlədilmiş “tvar”, “dalbayob”, “debil”, “obosralis” kimi söz və ifadələr təhqir xarakterli məlumatlar hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 7.0.26-cı maddəsinə görə xüsusi ittihamçı - bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir. 37.2-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının: 2-ci bəndinə görə cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10- cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalıdır. 5-ci bəndinə görə CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. 10-cu bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. 20-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-in XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. Beləliklə, xüsusi ittihamçı bildirir ki, təqsirləndirilən şəxs Zaur Orucov xx.xx.2023-cü ildə kütləvi nümayiş etdirilən sosial internet şəbəkəsində "xxxx" ASC-in əməkdaşlarını təhqir etmişdir. Təqsirləndirilən şəxs Zaur Orucov ittihamı qəbul etmir, sözügedən videofonoqramın həqiqiliyini və sübut kimi qəbuledilən olmasını mübahisələndirməklə yanaşı, həmin videofonoqramda konkret şəxsə qarşı təhqir ifadələrinin olmadığını bildirir. Videofonoqramın həqiqiliyi və kənar müdaxiləyə məruz qalmadığı məhkəmə-video ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 4/1569 nömrəli rəyi ilə təsdiq olunur. Videofonoqramın həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə məhkəmə qeyd edir ki, videofonoqram sübut kimi qəbul ediləndir və onun hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Məhkəmə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Zaur Orucovun facebook sosial şəbəkəsində paylaşdığı videofonoqram xüsusi ittihamçı K.F.Həsənovun xüsusi ittiham qaydasında şikayətinə münasibətdə Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin təsiri altına düşmür. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə konkret ad göstərilmədən ümumilikdə "xxxx" ASC-in əməkdaşlarının təhqir edildiyi bildirildiyindən və xüsusi ittihamçı K.F.Həsənov həmin cəmiyyətin sədri vəzifəsini icra edən şəxs olaraq eyni zamanda cəmiyyətin əməkdaşı sayıldığından məhkəmə iş üzrə qiymətləndirməni iki istiqamətdə, yəni həm xüsusi ittihamçının özünə, həm də cəmiyyətin əməkdaşlarına münasibətdə aparmışdır. Təqsirləndirilən şəxs Zaur Orucov tərəfindən facebook sosial şəbəkəsində şəxsi səhifədə paylaşılmış videofonoqramın məzmunundan mübahisəsiz qaydada görünür ki, orada xüsusi ittihamçı X3 şərəf və ləyaqəti nalayiq formada alçaldılmamış, onun adı məzmunda çəkilməmiş, ona qarşı təhqir xarakterli söz və ifadələr işlədilməmişdir. Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyektini şəxsiyyətin şərəf və ləyaqəti təşkil etdiyindən şərəf və ləyaqəti alçaldan söz və ifadələr konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa (məsələn, qurumun bütün işçiləri haqqında söyüşlər söymə və s.) Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Belə olan halda aydın olur ki, xüsusi ittihamçı X8 təqsirləndirilən şəxs Zaur Orucov tərəfindən facebook sosial şəbəkəsində paylaşılmış videoda şəxsən təhqir edilmədiyindən heç bir zərər çəkməmişdir. Xüsusi ittiham qaydasında şikayətin "xxxx" ASC-in digər əməkdaşlarının şərəf və ləyaqətini müdafiə etmək məqsədinə münasibətdə məhkəmə bir daha vurğulayır ki, əgər təhqirin konkret ünvanı yoxdursa Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Başqa sözlə, əməkdaşlar ifadəsi qeyri-müəyyən olduğundan təhqirin konkret ünvanı ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyektini şəxsiyyətin şərəf və ləyaqəti təşkil etdiyindən sözügedən videofonoqramda şərəf və ləyaqəti alçaldan söz və ifadələrin ona şamil olunduğunu güman edən şəxs şərəf və ləyaqətinin müdafiəsini müstəqil şəkildə həyata keçirməlidir. Təsvir olunanlara yekun vuraraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 facebook sosial şəbəkəsində paylaşdığı videodakı danışığının məzmununda xüsusi ittihamçı X8 barəsində təhqir hesab oluna biləcək söz və ifadələr işlədilmədiyindən, habelə şərəf və ləyaqətin müdafiəsi müstəqil şəkildə həyata keçirilməli olduğundan Zaur Orucovun həmin paylaşımı K.F.Həsənovun xüsusi ittiham qaydasında şikayətinə münasibətdə Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin təsiri altına düşmür. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət- Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) məhkəmənin hökmü əsaslı hesab edilir. 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X7 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi xüsusi ittihamçı K.Həsənovun şikayətinə münasibətdə məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməli və xüsusi ittihamçı K.Həsənovun şikayətinə münasibətdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Bəraət aldığına görə məhkəmə xərcləri X6 tutulmamalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxs X10 cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, işin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittihamçı K.F.Həsənovun şikayətinə münasibətdə bəraət verilsin. X6 məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs X10 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar