Məhkəmə qərarları › İş №1(001)-48/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-48/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-48/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X4 Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/Y 1472 K-da qeydiyyatda olmaqla Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 21 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində etibarnamə əsasında BA035577 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X23” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Binəqədi Rayon Məhkəməsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, yolun sol tərəfindən sağ tərəfinə addımlayaraq hərəkət edən piyada X8 avtomobilin qabaq hissəsi ilə vuraraq ona hər iki təpə və gicgah sümüyünün kəllə əsasına keçən xətti sınıqları, alın payının sağ yarısının subdural (sərtqişaaltı) hematoması, sağ təpə-gicgah paylarına subaraxnoidal (yumşaq qişa altına) qansızmalar və beyin toxumasının diffuz əzilməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, hər iki ağciyərin aşağı paylarının arxa səthinin kontuziyası (əzilməsi) ilə müşaiyət olunan döş qəfəsinin küt travması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları, sağ qasıq və sağ körpücük sümüyünün akromial ucunun sınığı, sağ saidin yuxarı 1/3-nin arxa səthinin əzilmiş yarası, sifətin, yuxarı və aşağı ətrafların çoxsaylı qançır və sıyrıqları xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X5 xx.xx.2023-cü il tarixdə müalicə aldığı “X17” X18 ölümünə səbəb olmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünə qismən təqsirli bilərək göstərdi ki, o, ailəsini dolandırmaq üçün idarə etdiyi “Toyota Prius” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi xidməti göstərmişdir. 21 noyabr 2023-cü il tarixdə saat 14:30 radələrində o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi ilə Binəqdi Rayon Məhkəməsi istiqamətində hərəkətdə olmuşdur. Yolun sağ tərəfində yerləşən Gənclər evində olan tədbirlə bağlı həmin Gənclər evinin qarşısında xeyli gənc qız, o cümlədən səhv etmirsə mərhumə xanımın tələbə yoldaşları dayanmışdı. O, fikrini bir anlığına həmin qızlara yönəldərək, sağ tərəfə baxmış və anidən hadisə baş vermişdir. İlk anda maşının qabaq şüşəsinə nə isə atıldığını düşünmüş, avtomobillə kimisə vurmasını dərk etməmişdir. O, dərhal idarə etdiyi avtomibili saxlayaraq, avtomobildən enmiş, endikdən sonra qəza törətdiyini bilmiş və vurduğu qızın asfalt yolun üzərində uzandığını görmüşdür. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım avtomobili gələrək həmin qızı xəstəxanaya aparmışdır. Hadisə ani anda, onun sağa-sola baxmağı ilə bir anda baş vermişdir. O, hadisə zamanı yol hərəkəti qaydalarının hər hansı pozuntusuna yol verməmişdir. O, öz yolu ilə hərəkət etmiş, hadisənin baş verməsinə səbəb ola biləcək hər hansı manevr etməmişdir. Sadəcə olaraq, mərhumə xanım əks istiqamətdə hərəkət edən avtomobilin arxa tərəfindən onun yoluna çıxdığı üçün onu görməmişdir. O, piyadanı idarə etdiyi avtomobillə öz hərəkət zolağının orta hissəsində vurmuşdur. O, özünü qismən təqsirli bilir ona görə ki, ən azından hadisə nəticəsində bir insanın ölməsinə səbəb olmuşdur. Vurduğu piyadanın ölməsi ilə bağlı peşmandır, onun valideynlərinə səmimi olaraq baş sağlığı verir. Sonda Təqsirləndirilən şəxs ağır həyat yolu keçdiyini, hər iki valideynini itirdiyini, uzun müddətdir ki, evli olmasına baxmayaraq, övlad sahibi olmadığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X5 hüquqi varisi X12 göstərmişdir ki, Əsgərova Əzizə onun qızıdır. X22 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu vurması nəticəsində xx.xx.2023-cü il tarixdə müalicə aldığı “X17”də ölmüşdür. 2 ilə yaxındır ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə proseslərini uzatmaqla, Təqsirləndirilən şəxs cəzadan yayındırılmasına çalışırlar. Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi törətməsi nəticəsində qızının vəfat etməsini və onları dərindən sarsıtmasını nəzərə alaraq sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Sonda Q.Əskərov Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsidir, hadisə yerində yolun hərəkət hissəsi düz olmaqla asfaltbetonludur, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 11 metr olmaqla hərəkət zolaqlarının sayı 4-dür, hərəkət hissəsinin eni 5,5 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa qoşa nişanlanma xətti, hərəkət hissəsinin hərəkət zolağına qırıq-qırıq bölünmə xətləri, həkəkət hissəsinin kənarları sarı rəngli xətlə qeyd olunmuş və piyada keçidi vardır. Yolun sağ tərəfində olan piyada keçidi nişanından piyadanın vurulduğu yerə qədər məsafə 6,47 metrdir. Yol, şəhər elektrik işığı və kənar obyektdən düşən işıqla işıqlandırılır. Hadisəni törədən “Toyota Prius” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində sağ təkərləri hərəkət hissəsinin kənarının qeyd olunduğu sarı xəttin üzərində qarşı tərəfin Binəqədi Rayon Məhkəməsi istiqamətində olmuşdur (i.v.5-11); • xx.xx.2023-cü il tarixli 2/47143 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur (i.v.23); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X19 xx.xx.2023-cü il tarixli 240 nömrəli “Ekspert Rəyi”ndən görünür ki, mərhum X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki təpə və gicgah sümüyünün kəllə əsasına keçən xətti sınıqları, alın payının sağ yarısının subdural (sərtqişaaltı) hematoması, sağ təpəgicgah paylarına subaraxnoidal (yumşaq qişa altına) qansızmalar və beyin toxumasının diffuz əzilməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin travması, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, hər iki ağciyərin aşağı paylarının arxa səthinin kontuziyası (əzilməsi) ilə müşayiət olunan döş qəfəsinin küt travması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları, sağ qasıq və sağ körpücük sümüyünün akromial ucunun sınığı, sağ saidin yuxarı 1/3-nin arxa səthinin əzilmiş yarası, sifətin, yuxarı və aşağı ətrafların çoxsaylı qançır və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, 21 noyabr 2023-cü il tarixdə avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb hər iki təpə və gicgah sümüyünün kəllə əsasına keçən xətti sınıqları, alın payının sağ yarısının subdural (sərtqişaaltı) hematoması, sağ təpə-gicgah paylarına subaraxnodial (yumşaq qişa altına) qansızmalar və beyin toxumasının diffuz əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, Ə.Q. Əsgərova 24 noyabr 2023-cü il tarixdə saat 06:45-də “X17” p.h.ş-də ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir (i.v.43-49); • “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində təyin edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X13 yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş qızı X5 cinayət işi üzrə icraat zamanı hüquq və vəzifələrini həyata keçirmək üçün hüquqi varis təyin edilmişdir (i.v.51); • “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokola əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi “X21”nin qarşısından keçən avtomobil yolu hər iki istiqamətdə iki hərəkət zolaqlı olmaqla, qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün ağ rəngli uzununa qoşa xətt vardır, yolun hərəkət hissəsinin kənarları sarı rəngli xəttlə qeyd olunmuşdur. Avtomobil yolunun Binəqədi Rayon Məhkəməsi istiqamətində “X21”nin qarşısından keçən hissəsində yol üfüqidir. “X21”nin qarşısından yolun əks tərəfində olan ərzaq mağazasının qarşısına doğru piyada keçidi vardır və yolun hər iki tərəfində, səkidə piyada keçidinin olması barədə lövhə vardır. xx.xx.2023-cü il tarixdə “X21”nin qarşısından keçən avtomobil yolunda baş vermiş yol nəqliyyat-hadisəsinin olduğu video görüntüyə baxış keçirilmiş və bunun əsasında baxış iştirakçılarından Təqsirləndirilən şəxs iştirakı ilə onun avtomobillə piyada X8 vurduğu yer müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə piyadanı vurduğu yer müəyyən edilərək ölçülmüş və piyadanın vurulduğu yerin avtomobil yolunun Binəqədi Rayon Məhkəməsi istiqamətində yolun sağ tərəfindən mərkəzə doğru 4,20 metr məsafədə, piyada zolağından piyada vurulma yerinə 5,90 metr məsafədə, piyadanın vurulma yerindən yolun sağ tərəfində olan piyada keçidi lövhəsinə doğru 8,70 metr olması müəyyən edilmişdir. Baş vermiş hadisənin video görüntüsünə əsasən piyada X5 mağazanın qarşısından “X21” istiqamətində yolu keçməyə çalışarkən avtomobil yolu ilə hərəkət edən 3 avtomobildən sonuncusu ötdükdən sonra, mağazanın qarşısında dayanan yük avtomobilinin arxasından addım atmağa başlaması nəzərə alınıb, həmin yer müəyyən olunaraq piyadanın vurulduğu yerə qədər məsafə ölçülmüş və 4,9 metr olması müəyyən olunmuşdur. Baş vermiş hadisənin video görüntüsünə əsasən Təqsirləndirilən şəxs avtomobillə piyadanı vurduqdan sonra idarə etdiyi avtomobil qarşıda yolun sağ tərəf səki hissəsində elektrik dirəyi ilə paralel saxlaması nəzərə alınıb, piyadanın vurulduğu yerdən həmin elektrik dirəyi ilə paralel, yolun sağ tərəfindən ikinci hərəkət zolağına doğru məsafə ölçülmüş və 14,40 metr olması müəyyən olunmuşdur (i.v.62-63); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-15486/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-13-16/2-17588/2024 nömrəli məktublarından görünür ki, “Toyota Prius (HİBRİD)” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən X7 adına qeydiyyatdadır, qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş X24 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. DİN-in Baş X24 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1983cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 035577 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb (i.v. 74; 78); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs Ağır Cinayətləri Dair İşlər üzrə AR Məhkəməsinin xx.xx.2009-cu il hökmünə əsasən AR CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur (i.v.79-80); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/373 nömrəli rəyinə əsasən istintaq tərəfindən verilən məlumata əsasən Totoya Prius markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (i.v.92-94); • “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X23” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab olunaraq, Binəqədi RPİ-nin DYPŞ-nin mühafizə olunan duracağında saxlanılır (i.v.95-102); • “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.131-132); • Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-385/2024 saylı qərarı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/3004-4/1683 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskə yazılmış “Qəza video” adlı videoyazıdakı görüntülərə görə piyada yolun hərəkət hissəsinə daxil olduğu andan vurulana kimi t=6,22 saniyə, piyada yolun kənarında dayanmış ağ rəngli yük maşınının arxa sol bərabərinə çatıdığı andan vurulana kimi t=3,87 saniyə, piyada qoşa xəttə çatdığı andan vurulana kimi t=1,05 saniyə vaxt keçmişdir. Videoyazı tərpənən yazı qurğusu vasitəsi ilə ekran görüntülərinin təkrar yazılması (ekran surəti) yolu ilə əldə olunduğundan ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskə yazılmış “Qəza video” adlı videoyazıdakı görüntülərə görə qrafik üsulla məsafənin müəyyən edilməsi mümkün olmadı. 2. Obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların həll etdiyi məsələlər sırasına aid olmadığından ekspert qarşısında qoyulmuş 2-ci sual üzrə tədqiqat aparılmadı. 3. Piyadanın vurulmasında iştirak edən avtomobilin kameranın görünüş sahəsinə düşdüyü andan piyadanın vurulmasına kimi çox az zaman (cəmi t=0.28 san) keçdiyindən ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskə yazılmış “Qəza video” adlı videoyazıdakı görüntülərə görə avtomobilin sürətini müəyyən etmək mümkün olmadı. 4,5. Piyadanın yük avtomobilinin arxasından çıxdığı andan sürücünün görünüş dairəsinə düşməsi şəraitində Toyota Prius markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müdafiə tərəfinin vəsatətində piyadanın yolun kənarında dayanmış ağ yük avtomobilinin arxasından keçərək qoşa xəttin üzərində dayanması sonra isə qəflətən adi qaçış sürəti ilə qaçaraq 1 metr məsafə qət etdikdən sonra Toyota Prius markalı avtomobil tərəfindən vurulması göstərilmişdir. Həmçinin, qərarda sürücü Təqsirləndirilən şəxs ifadəsinə əsasən idarə etdiyi Toyota Prius markalı avtomobilin yolun sol kənarında dayanmış yük avtomobilinə paralel olan zaman bir minik avtomobilinin sol tərəfi ilə hərəkət etmiş və həmin vaxt idarə etdiyi avtomobilin qarşı tərəfində peyda olan piyadanı vurmuşdur. Yuxarıda qeyd olunanlar isə onu izah edir ki, müdafiə tərəfinin vəsatətində və sürünü Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər real hadisə mexanizminə uyğun deyildir, yəni piyadanın qoşa xəttin üzərindən hərəkətə başladığı andan deyil, daha əvvəldən sürücünün görünüş dairəsinə düşmüşdür. Ona görə də piyadanın qoşa xəttin üzərindən sürücünün görünüş dairəsinə düşməsi məlumatı əsasında aparılan tədqiqat obyektiv nəticəni əks etdirmədiyindən həmin məlumat üzrə tədqiqat aparılmır; • “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və baş vermiş yolnəqliyyat hadisəsinin video görüntüsü olan diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, həmin diskdə “Qəza video” adlı videofayl vardır, həmin videofaylda olan videogörüntü 01 dəqiqə 01 saniyə müddətindədir. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 15:29 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsində yerləşən “X21”nin qarşı tərəfində olan mağazadan bir nəfər qızın çıxaraq avtomobil yoluna doğru addımlaması, həmin mağazanın qarşısından bir qədər irəlidə yolun kənarında yük avtomobilinin dayanması, qızın yolun hərəkət hissəsinə daxil olarkən addımladığı zaman həmin hərəkət zolağında növbə ilə üç avtomobilin hərəkət etməsi, qızın həmin avtomobillərin onun qarşısından ötüb keçmələrini gözləməsi, sonuncu avtomobilin ötüb keçdikdən sonra qızın mağazanın qarşısında dayanmış yük avtomobilinin çıxaraq çəpinə təxminən 6 normal addım ataraq hər iki yolu ayıran ağ rəngli qoşa xətti keçib digər istiqamətdə olan avtomobil yoluna daxil olduğu zaman avtomobil yolunun həmin istiqamətdə olan sağ tərəfdən mərkəzi doğru ikinci hərəkət zolağı ilə hərəkət edən göy rəngli avtomobilin hərəkətdə olduğu sürətlə qızı vurması, avtomobilin qızı vurması ilə zərbədən qızın havaya qalxaraq müəyyən məsafədən sonra qarşıda avtomobil yolunun sağ tərəf hərəkət hissəsinə düşməsi, avtomobilin isə qızı vurduqdan sonra müəyyən məsafə irəlidə qarşı hissəsi yolun sağ tərəfində olan səkidəki elektrik dirəyi ilə paralel yolun sağ tərəfindən ikinci hərəkət zolağında dayanması, hadisədən sonra sürücünün avtomobildən yerə enərək yerdə uzanan qıza yaxınlaşması, avtomobilin qarşı sərnişin yerindən isə bir nəfər kişi cinsli şəxsin yerə enərək getməsi, hadisə yerinə kənardan başqa şəxslərin toplaşması, yerdə uzanan qızı sürücü və oraya toplaşan şəxslərin yerdən qaldıraraq həmin avtomobilə doğru gətirmələri və avtomobilə əyləşdirmək istəmələri müəyyən edilmişdir (i.v.31-32). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 3-cü hissəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Həmin qərarın 11-ci hissəsinə uyğun olaraq CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Sözügedən qərarın 12-ci hissəsinə əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu hissəsinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəməyol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X23” markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Binəqədi Rayon Məhkəməsi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyib və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, yolun sol tərəfindən sağ tərəfinə addımlayaraq hərəkət edən piyada X8 avtomobilin qabaq hissəsi ilə vuraraq ona hər iki təpə və gicgah sümüyünün kəllə əsasına keçən xətti sınıqları, alın payının sağ yarısının subdural (sərtqişaaltı) hematoması, sağ təpə-gicgah paylarına subaraxnoidal (yumşaq qişa altına) qansızmalar və beyin toxumasının diffuz əzilməsi ilə müşaiyət olunan qapalı kəllə-beyin tarvması, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, hər iki ağciyərin aşağı paylarının arxa səthinin kontuziyası (əzilməsi) ilə müşaiyət olunan döş qəfəsinin küt travması, döş qəfəsinin sağ yan səthinin sıyrıqları, sağ qasıq və sağ körpücük sümüyünün akromial ucunun sınığı, sağ saidin yuxarı 1/3-nin arxa səthinin əzilmiş yarası, sifətin, yuxarı və aşağı ətrafların çoxsaylı qançır və sıyrıqları xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X5 ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hazırki hökmün qəbul olunduğu 12 mart 2025-ci il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X23” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibi X3ytarılmalı, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri - 213 (iki yüz on üç) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 12 mart 2025-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut kimi tanınmış “X23” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibi X3ytarılsın. Baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri - 213 (iki yüz on üç) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar