Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-481/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-769/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin iş üzrə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 28 may 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 0,510 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və 29 may 2022-ci il tarixdə saat 00:15-də Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Azadlıq pr. 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibindən 2 ədəd qırmızı rəngli kağıza bükülmüş halda olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,226 qram və 0,284 qram, ümumi təmiz çəkiləri 0,510 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 may 2022-ci il tarixdə saat axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən ərazidən üzdən tanıdğı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün 02 bükümdə narkotik vasitə olan heroin alıb üzərindən saxlamışdır. 29 may 2022 ci il tarixdə saat gecə saatlarında yaşadığı ünvan 1 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu zaman, iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrdən istifadə etməsində şübhələr olduğunu bildirərək, onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində olduğu zaman, video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı edilmiş təklifə əsasən əynində olan tünd göy rəngli idman şalvarımın sağ yan cibindən içərisində narkotik vasitə olan 2 ədəd bükümü təqdim etmiş və bundan sonra üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş bükümlər zərfə qoyularaq möhürlənmişdir Aşkar edilmiş bükümlərdəki maddələr narkotik vasitə olan heroin olmuş və o, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə edərək üzərindən saxlamışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib məhkəmdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə şöbəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə ondan və Binəqədi RPİ-nin 4-cü PŞ-nin Cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. O, Şahid2la birlikdə 29 may 2022-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs olduğu ehtimal olunan ünvan 5 ünvanının yaxınlığına getmişmiş və orada xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməsini təklif etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə getmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüququ və vəzifələri izah edilərək ona müdafiəçi təyin edilmiş və üzərinə çəkilişlə baxış keçiriləcəyyi barədə ona məlumat verilişdir. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən iki ədəd qırmızı rəngli kağıza bükülmüş bükümləri təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin bükümlər açılaraq və içərsində olan maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümlərdə olan narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən yerdən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış ifadəsində Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 29 may 2022-ci il tarixdə saat 00:15-də məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞnin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynindəki tünd göy rəngli idman şalvarın sağ yan cibindən 2 ədəd qırmızı rəngli kağız bükülüdə olan maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/3022 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün № 173» möhür əksi, «..Təqsirləndirilən şəxs..» və s. sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,284 qram, 0,226 qram ümumi təmiz çəkiləri 0,510 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,510 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,410 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiqin vəsatəti rədd edilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona həmin tarixdə saat 16:30-da elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,510 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 0,410 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 2936 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən iki ədəd qırmızı rəngli kağızlara bükülmüş bükmüləri masanın üzərinə qoyaraq, içərisində narkotik vasitə heroin olduğunu bildirib, bükümləri təhqiqat orqanlarına təhvil vermişdir. Həmin maddələri o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» deyilən yerdən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr qablaşdırılaraq möhürlənmişdir. xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi rayon RPİ-nin 4-cü PŞ-nin məktubundan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-769/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 29 may 2022-ci il tarixdə saat 00:15-də məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 may 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon prokuroruvəzifəsini icra edən, ədliyyə müşaviri Ramin Nağdəliyevin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsindən imtina edilərək həmin tarixdə saat 16:30-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saat hesabı ilə 24 saatdan, yəni 1 (bir) gündən artıq müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 29 may 2022-ci il tarixdə saat 00:15-dən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edildiyi 30 may 2022-ci il tarixdə saat 16:30dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,410 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,410 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-481/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-481/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver