Məhkəmə qərarları › İş №1(001)-481/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-481/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-481/2024 25.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakları ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayət verərək X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanaraq ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, Kərimli (qızlıq soyadı Şəfiyeva) Fəridə Vaqif qızı onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi internet informasiya ehtiyyatı olan Getcontact tətbiqində dəfələrlə yaymışdır. Getcontact, "Spam Bloklama" və "Zəng edən şəxsiyyəti müəyyənləşdirmə" tətbiqidir. Getcontact, narahat edən zəngləri filtrləməyə və yalnız istədiyiniz insanların ünsiyyət qurmasına imkan verir. Fəridə Kərimli onun qardaşı X8 ilə 27 İyun 2022-ci ildə nikaha daxil olmuşdur. Ancaq nikahları uzun müddət davam etməmiş və qardaşının iddiası əsasında Binəqədi Rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onların nikahına xitam verilmişdir. X15 özünə məxsus ********** mobil telefon nömrəsi ilə 09 dekabr 2023-cü ildə Getcontact tətbiqində əvvəlcə anonim adla qeydiyatdan keçmişdir. Sonradan öz adıyla, daha sonra isə "Jajananska S" adıyla, ən son isə "bK3, M6" adıyla həmin tətbiqdə fəaliyyətinə davam edir. X14 müxtəlif vaxtlarda sözügedən tətbiqdə onun mobil telefon nömrəsinə şərh yazaraq onu "petux" adlandırıb. X22 Nazirliyinin 102 saylı qaynar xəttinə şikayətlərindən sonra Yasamal Rayonu 29cu Polis Şöbəsinin sahə müvvəkkili Qərib X3 polisə çağıraraq, ona və ailə üzvlərinin ünvanına yazdığı təhqiramiz şərhlərin bir hissəsini sildirmiş, ancaq X4 təhqiramiz şərhlərini davam etdirmişdir. Bakı şəhəri Baş polis idarəsinə şikayətlərindən sonra, həmin qurumun ictimai təhlükəsizlik idarəsinin əməkdaşı Nicat X2 polisə dəvət edib, xəbərdarlıq etmişdir. X21 yenə də oxşar əməllərini davam etdirmiş, Getcontact tətbiqində onun və ailə üzvlərininin ünvanına təhqiramiz şərhlərini davam etdirmişdir. Bu dəfə isə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsi onun şikayətinə əsasən Fəridə Şəfiyevanı polisə dəvət edib, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) inzibati tənbeh növü tətbiq etmişdir. X9 onun barəsində adıçəkilən sosial şəbəkədə yazdığı şərhlər onun şərəf və ləyaqətini ləkələyib. Həmin ifadənin məzmununda barəsində təhqiredici məzmunun olmasını görməmək mümkün deyil. Göstərilənlərə əsasən X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanaraq ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Daha sonra X6 vəsatət və ona əlavə edilmiş xüsusi ittiham qaydasında təkrar şikayətlə məhkəməyə müraciət edərək ilkin şikayətində X1 yanlış qeyd etdiyini, hazırki şikayətində isə həmin yanlışlığı düzəldərək X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanaraq ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 məhkəmə iclasında izahat verərək xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında üsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Getcontact” sosial media platformasında yazılmış rəyi əks etdirən ekran görüntüsündən görünür ki, “Feride Shefiyeva” istifadəçi adına sahib profilin sahibi tərəfindən “Elimdar Huseyin” istifadəçi adına sahib profili barəsində şərh yazılmışdır. Şikayətə əlavə edilmiş digər “Getcontact” sosial media platformasında yazılmış rəyi əks etdirən ekran görüntüsündən görünür ki, “Ürək formalı profil” istifadəçi adına sahib profilin sahibi tərəfindən “Elimdar Huseyin” istifadəçi adına sahib profili barəsində şərh yazılmışdır. Göstərilən sosial platforma profillərinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 məxsus olmasını təsdiq edən mötəbər sübut şikayətə əlavə edilmədiyi üçün həmin profillərin sahibinin həqiqətən də X12 aid olması şübhə doğurur. Eyni zamanda şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müxtəlif vaxtlarda “Getcontact” sosial media platformasında onun mobil telefon nömrəsinə şərh yazaraq onu "petux" adlandırdığını göstərsə də cinayət qanununda nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi barədə şikayətdə hər hansı məlumat göstərilməmiş, bunları təsdiq edən sübutlar isə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətə əlavə edilmiş rəyi yazmış hesabın sahibinin X15 olmasını təsdiq edən yaxud həmin rəyin X15 tərəfindən yazıldığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər ürək formalı profilin də kimə məxsus olması barədə mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Halbuki, CPM-nin 293.3.3-cü maddəsinə əsasən şikayət cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin X15 tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut isə xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilməmişdir. Halbuki, CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Bundan başqa xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Eyni zamanda X6 ilkin olaraq xüsusi ittiham qaydasında X9 barəsində şikayətlə məhkəməyə müraciət etmiş, daha sonra xüsusi ittiham qyadasında şikayətində şikayət verilmiş şəxsin soyadını yanlış yazdığını qeyd edərək məhkəməyə ikinci dəfə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək həmin şikayətində X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, CPM-nin 293-cü maddəsində xüsusi ittiham qaydasında şikayətə əlavə edilməsi, eləcə də məhkəməyə şikayət ərizəsi təqdim edildikdən sonra həmin şikayətlə birlikdə baxılması üçün təkrar şikayətin təqdim edilməsi təsbit edilməmişdir. Bununla da xüsusi ittiham qaydasında şikayətin məzmununa dair, yəni CPM-nin 293.3.2, 293.3.3 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Göründüyü kimi şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətində şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməmiş, eləcə də xüsusi ittiham qaydasında şikayətin məzmununa dair tələblərə riayət edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən, həmçinin CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X15 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dair şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar