Məhkəmə qərarları › İş №1(001)-482/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-482/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-482/2023 29.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “X13” İstehsalat Birliyində sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs , avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşlur. Belə ki, o, 15 yanvar 2023-cü il tarixdə saat 18:17:34-də radələrində “ВC” dərəcəli AD 097175 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “universal” tipli minik avtomobili ilə ünvan 3 ünvanın qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq heç bir tətbir görməyib qarşısında yolu soldan sağa keçmək istəyən piyada X4 avtomobilinin qabaq sağ hissəsi ilə vurub - baş beyinin yumşaq qişasına, toxumasına və mədəciklərə qansızmalar ilə müşayiət olunan sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ənsə nahiyəsinin əzəlmiş yarası, sağ sağrı nahiyənin qançırı, sağ diz oynaşı nahiyəsinin və sağ baldır nahiyəsinin sınıqları dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sonuncunun 16 yanvar 2023-cü il tarixdə X14 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobil idarə etmək üçün “BC” dərəcəli AC 097175 seriyalı sürücülük vəsiqəsi vardır. Təxminən 12-13 il olar “X13” İstehsalat Birliyində sürücü işləyir. X9 məxsus “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhkim olunmuşdur. Avtomobili bir ay müddətinə birlik tərəfindən verilən “minik avtomobilləri üçün yol vərəqəsi” ilə idarə etmişdir. 15 yanvar 2023-cü il tarixdə saat təxminən 18 radələrində yağışlı hava şəraitində özünə siqaret almaq üçün yaşadığı ünvandan idarə etdiyi “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə çıxmışdır. O, avtomobillə hərəkət edərək sağa dönüb, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsinə çıxmışdır. Həmin küçə ilə vağzal istiqamətinə saatda təxminən 40-50 km/saat sürətlə hərəkət etmişdir. Yağış yağdığı üçün təxminən 1-2 metr məsafədən bir nəfər qadının avtomobilinin qarşısında olduğunu görmüşdür. O, adını sonradan bildiyi Qənirə Hacıyevanı avtomobillə vurmamaq üçün sükanı sola çevirmiş, lakin avtomobilin qabaq sağ tərəfi sonuncuya dəymişdir. O, dərhal avtomobili saxlayıb düşmüş, hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə Qənirə Hacıyevanı avtomobilin arxa oturacağına qoyub X15 aparmışdır. Tibbi yardım göstərilməsinə baxmayaraq Qənirə Hacıyeva 16 yanvar 2023-cü il tarixdə günorta saatlarında xəstəxanada ölmüşdür. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X10 ilə barışmış, sonuncunu ondan hər hansı bir şikayət və tələbi yoxdur. O, əməlindən səmimi peşmançılığını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, X6 onun anası olmuşdur. X16 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində qardaşı Şahid ilə birlikdə yaşamışdır. 15 yanvar 2023-cü il tarixdə saat təxminən 19 radələrində qardaşı Fariz ona zəng vurub anasını Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində avtomobil yolunu keçən zaman “Hyundai” markalı avtomobilin vurduğunu və X15 aparıldığını demişdir. O, da həmin xəstəxanaya getmiş, orada anasının baş nahiyəsində ağır dərəcəli xəsarət aldığından reanimasiya şöbəsinə yerləşdirildiyini, anasını avtomobillə vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Anası aldığı xəsarətdən 16 yanvar 2023-cü il tarixdə xəstəxanada ölümüşdür. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam ödənilmiş, sonucu ilə barışmış və hal-hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X6 onun anası olmuşdur. X7 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yaşamışdır. 15 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində anasının Biləcəri qəsəbəsində Yəhya Hüseynov küçəsində Təqsirləndirilən şəxs iradə etdiyi “Hyundai” markalı avtomobillə vurularaq X15 aparıldığını eşitmiş və dərhal xəstəxanaya getmişdir. Anası baş nahiyyəsindən ağır dərəcəli xəsarət aldığından reanimasiya şöbəsinə yerləşdirilmiş, aldığı xəsarətdən 16 yanvar 2023-cü il tarixdə xəstəxanada ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı yol nəqliyyat hadisəsinin ünvan 3 ünvanın qarşısında avtomobil yolunda baş verməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 2/1462 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 15 yanvar 2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən avtomobil dayanacağında saxlanılan “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin sağ qabaq farasının sınması, qabaq kapotun sağ tərəfinin əzilmiş vəziyyətdə olması müəyyən edilmişdir. “X13” İstehsalat Birliyinin yol vərəqəsindən görünür ki, 2023-cü ilin yanvar ayının 01-dən 31-dək “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək sürücü Təqsirləndirilən şəxs həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli, 12 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X19 rəyindən görünür ki, mərhumə X6 15.01.2 123-cü il saat 19.30-da “X17” PHŞ-nə “baş beyinin ocaqlı travması” diaqnozu ilə gətirilmişdir. Daxil olarkən huşsuz vəziyyətdə olmuşdur. Baş beyinin KT müayinəsinin nəticəsində baş beyinin sol yarımkürəsi üzərində kəskin subdural hematcma aşkarlanmışdır. xx.xx.2023-cü il tarixdə xəstədə STA fonunda ürək dayanması baş verdi. Aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə xx.xx.2023-cü il saat 13.00-da bioloji ölüm baş vermişdir. Son klinik diaqnoz: Kəllə-beyin travması. Baş beyinin ağır dərəcəli əzilməsi. Sol beyin yarımkürəsi nahiyəsində kəskin subdural hematoma. Beyin ödemi. Tənəffüs çatmamazlığı. X1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalar ilə müşaiyət olunan sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı; Ənsə nahiyəsinin əzilmiş yarası; Sağ sağrı nahiyəsinin qançırı; Sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatı olub, onun tibbi yardım üçün “X17” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 19.30-dan az əvvəl bərk küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma olmuşdur. Beləliklə, mərhumə X5 yetirilən xəsarətlərlə onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X1 ölümü xx.xx.2023-cü il tarixdə saat 13.00-da “X17” PHŞ-də baş vermişdir. İlkin meyit əlamətləri ilə həmin vaxt öz təsdiqini tapır. X1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. X1 meyitinin sağ və sol dirsək çuxurlarında, döş qəfəsinin sağ yarısında, döş qəfəsinin sağ yarısında - sağ körpücük sümüyü proyeksiyasında, sağ qasıq nahiyəsində aşkar olunmuş nöqtəşəkilli yaracıqlar (inyeksiya yerləri) həmin nahiyələrdə yerləşən venoz damarlarına iynə vurulması nəticəsində əmələ gələ bilərdilər. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş, baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu disk götürülmüşdür. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə hadisənin baş verdiyi ünvan 4 ünvanın yaxınlığında yerləşən “Bakı-Moskva” kafesinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülər əks olunmuşdur. Həmin görüntülərdə xx.xx.2023-cü il tarixdə saat 18:17:34-də Bakı şəhəri, Binəqədi rayonu, 13 nömrəli ünvanın qarşısında yolu soldan sağa keçən piyadanı avtomobilin qabaq hissəsi ilə vurması və piyadanın avtomobilin qabaq hissəsinə düşməsi, sürücünün avtomobili sağda saxlayaraq, hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə avtomobilinə əyləşdirməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxsxx.xx.2023-cü il tarixdə saat 18:17:34-də ünvan 7 ünvanın qarşısında yolu soldan sağa keçən piyadanı vuran avtomobilin, idarə etdiyi “Hyundai İX-35” markalı 20-AA- 981 dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, avtomobili idarə edən şəxsin özü olmasını, piyadanı vurduqdan sonra avtomobilə qoyaraq xəstəxanaya apardığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli, 8/810 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (01.11. 2028-ci il tarixədək etibarlı olan) AD 097175 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmış, 1 (biri) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10 Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış ““Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai İX-35” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar