Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-484/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 26 yanvar 1983-cü il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Zəfər” Vəkil Bürosunun direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işinin başlanılmasını, məhkəmənin 6(001)-37/2025 nömrəli iş üzrə iclaslarına dair qərar və protokolların sübut kimi tələb edilməsimi, işdə zərərçəkmiş şəxs və xüsusi ittihamçı qismində tanınmağını xahiş etmişdir. X11 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, o, Binəqədi Rayon Məhkəməsində baxılan 6(001)-37/2025 nömrəli iş üzrə maraqlı şəxs qismində iştirak etmişdir. Eyni iş üzrə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, məhkəmə iclasında qarşı tərəfin vəkili Mirzəyev Vüsal onun barəsində həqiqətə uyğun olmayan və nüfuzunu zədələyən ifadələr səsləndirmişdir. Mirzəyev Vüsal demişdir ki, guya onun səs yazısından ibarət disk mövcuddur və o, həmin diskdə araşdırmaya qanunsuz yollarla müdaxilə etdiyini və bunu kimin vasitəsilə etdiyini öz səs yazıları ilə bildirir. Vəkilin sözlərinə görə həmin disk iş materialları arasından müəmmalı şəkildə yoxa çıxmışdır. Əlavə olaraq, eyni işlə bağlı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında vəkil bildirmişdir ki, guya onun səs yazısı var və o, həmin səs yazısında deyir ki, “narahat olma, mən Binəqədi prokurorunu da, polisini də görmüşəm, mənə heç kim heç nə edə bilməz”. Vəkil Vüsal Mirzəyevin yuxarıda qeyd etdiyi ifadələri işlətməsinin sübutu kimi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli 6(001)-37/2025 iş nömrəli qərarları təqdim edir. Göründüyü kimi vəkil X12 Rayon Məhkəməsində 6(001)-37/2025 nömrəli iş üzrə keçirilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iki dəfə ardıcıl olaraq ona qarşı eyni məzmunlu böhtan atmaqla onu faktiki olaraq Cinayət Məcəlləsinin 311-1.2-ci maddəsi ilə cinayət törətməkdə ittiham etmişdir. Bu iddialar tamamilə yalandır, böhtandır, qeyd edilən səs yazıları mövcud deyildir. Vəkil bilərəkdən onun şərəf və ləyaqətini alçaltmaq, məhkəmədə onun barəsində mənfi fikir formalaşdırmaq, onu ictimai rəydə nüfuzdan salmaq məqsədilə bu yalan məlumatları yayıb. Bu hərəkət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan “böhtan” cinayətinin tərkibini təşkil edir. Məhkəmə baxışında xüsusi ittihamçı X11 şikayətə uyğun ifadə verərək, X2 Cinayət Məcəlləsinin 147.1-ci madddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasinı, barəsində həmin maddənin sanksiyasında göstərilən hədlərdə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs X6 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X5 xüsusi ittiham qaydasında şikayəti əsassızdır, hər hansı arqumentə söykənmir. Onun Cinayət Məcəlləsinin 147.1-ci madddəsində nəzərdə tutulan əməli törətməsinə dair xüsusi ittihamçı tərəfindən hər hansı sübut təqdim olunmayıb. O, indiyə kimi dərk edə bilmir ki, Binəqədi Rayon Məhkəməsində baxılmış 6(001)-37/2025 nömrəli iş üzrə Dadaşov İlkin hansı statusdadır. O, həmin işdə X7 müdafiəçisi olmuş və onlar X14 barəsində şikayət etmişlər. Onlar İlhamla bağlı səs yazısını prokurorluğa təqdim etmişlər və həmin səs yazısında X5 adı hallandığına görə prokuror izahatının alınması üçün İlkin Dadaşovu prokurorluğa çağırmışdır. Bu zaman İlkin Dadaşov onda olan səs yazılarını özünün müdafiəsi üçün prokurora təqdim etmişdir. X4 təqdim etdiyi səs yazılarına istinad edərək X14 barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, onlar isə həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermişlər. Həmin qərar səs yazılarına əsaslandığı üçün o, məhkəmə zalında vəsatət verərək, həmin səs yazılarının təqdim olunmasını tələb etmişdir. 6(001)-37/2025 nömrəli iş üzrə keçirilmiş iclasların videoyazısından da görünür ki, sədrlik edən hakim də prokurordan həmin səs yazılarını tələb edir, prokurorluq isə heç bir əsaslı izah vermədən səs yazılarının olmadığını bildirir. Təbii ki, belə olan halda sədrlik edən ondan həmin səs yazılarında nə olmasını soruşmuş, o, isə demişdir ki, “yadında qaldığı qədər tərəflər öz aralarında söhbət edirlər, X11 adlı şəxs X10 deyir ki, mən görüşmüşəm. Bakının prokuroru ilə də, Binəqədinin prokuroru ilə də”. Ola bilsin ki, onun yadında səhv qaldığıdan, İlkin Dadaşovun Bakının prokuroru və ya Binəqədinin prokuroru deməsini qarışdırmışdır. Faktiki olaraq ekspert rəyində qeyd edilmişdir ki, Dadaşov İlkin “Bakının prokuroru ilə də görüşmüşəm, bu məsələ ilə bağlı hamısı ilə görüşmüşən” sözlərindən istifadə etmişdir. Onun yaddaşında bu görüşmək söhbəti qaldığından, o, məhkəmədə sədrlik edənin sualına cavab olaraq yaddaşında olanları demişdir. Mətn uzun olduğundan, o, təbii ki, bütün danışıqları əzbər xatırlaya bilməz, çünki həmin səs yazısına yalnız bircə dəfə qulaq asmışdır. Məhkəmə prosesləri çəkişmə prinsipinə riayət edilməklə keçirilmiş, verdiyi vəsatətlər təmin olunmuş, səs yazıları prokurorluqdan tələb olunmuş, təqdim etmədiklərinə görə isə məhkəmə mübahisələndirdikləri qərarı ləğv edərək, yenidən araşdırılması üçün prokurorluğa göndərmişdir. Həmin qərarda bütün səs yazılarının ekspertizaya göndərilməsi barədə tapşırıq verilmişdir. Bundan sonra səs yazıları ekspertizaya göndərilmişdir. İşin mahiyyəti bundan ibarətdir. Göstərilənlərə əsasən hesab edir ki, onun əməlində heç bir cinayət tərkibi yoxdur, o, xüsusi ittihamçı X11 barəsində hər hansı böhtan xarakterli məlumat yaymamışdır. Sonda təqsirləndirilən şəxs X6 dediklərini nəzərə alaraq, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(001)-37/2025 nömrəli qərarında (səh. 5, bənd 8) qeyd edilmişdir ki, “Bundan başqa iş materiallarında səhifə 53-də Dadaşov İlkin ifadəsində göstərir ki, iş materiallarına əlavə edilməsi üçün səs yazısı olan disk təqdim etmişdir. Lakin materialların içərisində həmin disk olmamışdır. Məhkəmə iclasında bu məsələyə münasibət bildirərkən Binəqədi rayon prokurorluğunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Əliəkbər Babayev bildirmişdir ki, o disk şəklində deyil votchap vasitəsilə göndərilmiş səs yazısı idi. Bu zaman məhkəmə iclas zalında tərəflər arasında mübahisə yaranmış belə ki, X8 nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili X6 etiraz edərək bildirmişdir ki, həmin disk iş materiallarında olmuşdur. Hətta onlar birgə bu səs yazısına qulaq asmışlar orada İlkinin araşdırmaya qanunsuz yollarla müdaxilə etdiyi və bunu kimin vasitəsilə etdiyi öz səs yazısı ilə bildirilirdi. Biz bunu eşitdikdə diskin axımı dayandırılmış, daha sonra isə müəmmalı şəkildə iş materiallarından yoxa çıxmışdır”; • Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(001)-37/2025 nömrəli qərarından (səh. 2, bənd 4) görünür ki, “Məhkəmə iclasında X7 nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, məhkəmə qərarında qərarın elan olunduğu gündən 10 gün müddətində şikayət verilə biləcəyi göstərilmişdir. Əgər qərar qarşı tərəfə verilməmişdirsə, şəxs qərardan necə şikayət vermişdir? Bundan başqa, Dadaşov İlkinin prokurorluğa təqdim etdiyi diskdəki səs yazılarına prokurorluqda qulaq asdıqda İlkin özü İlhama demişdir ki, “narahat olma, mən Binəqədi prokurorunu da, polisini də görmüşəm, mənə heç kim heç nə edə bilməz”. O, həmin səs yazısının verilməsini tələb etdikdən sonra, səs yazısı yoxa çıxmışdır. Goranboy rayon prokurorluğunda Əliyev İlhamla bağlı şikayətləri olmuşdur. Onlar səs yazılarını təqdim etmiş və səs yazıları ekspertizaya göndərilmişdir”; • Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 6(001)-37/2025 nömrəli iş üzrə məhkəmə iclaslarının videoyazılarına tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında göstərilənlərlə məhkəmə iclaslarının videoyazıları uyğunluq təşkil edir; • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2025-ci il tarixli 4/871-4/872 nömrəli audio və videoyazıların məhkəmə ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “X7 təqdim etdiyi səslər” xüsusi qeydi olan və 01 ədəd üzərində “X5 təqdim etdiyi səslər” xüsusi qeydi olan optik disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – X9 məxsusdur. Həmin ekspert rəyinin 28-ci səhifəsində “K1” kimi işarə edilmiş diktorun (X5) adından yazılmış mətndən görünür ki, o, “Bakının prokuroru ilə də görüşmüşəm bu məsələ ilə bağlı hamısı ilə görüşmüşəm. Ondan şikayət eləmişəm, qatmışam aləmi bir-birinə ki. İsaq da yerini dəyişib Nəsimiyə keçib. Bəlkə də mənim şikayətimə görə dəyişiblər. Hər yerə yazmışam, 4 dəfə prokraturaya şikayət eləmişəm. Ombudsman, prokratura, Məhkəmə-Hüquq Şurası, Vilayət Eyvazov qatmışam hamısını bir-birinə ki, İsaqdan şikayətçiyəm” sözlərini işlətmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçı X5 gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Xüsusi ittihamçı X11 şikayətində X2 yalan olduğunu bilə-bilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasları zamanı onun adından “araşdırmaya qanunsuz yollarla müdaxilə etdiyini və bunu kimin vasitəsilə etdiyini öz səs yazısı ilə bildirməsi” və “narahat olma, mən Binəqədi prokurorunu da, polisini də görmüşəm, mənə heç kim heç nə edə bilməz” kimi ifadələr işlətməklə bilərəkdən onun şərəf və ləyaqətini alçaltmasını, məhkəmədə onun barəsində mənfi fikir formalaşdırmasını, onu ictimai rəydə nüfuzdan salmasını və ona böhtan atmasını əsas gətirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(001)-37/2025 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, həqiqətən də xüsusi ittihamçı İlkin Dadaşov iş materillarına əlavə edilməsi üçün səs yazıları təqdim etmiş, lakin materialların içərisində həmin səs yazılar) olmamışdır. Məhkəmə tərəfindən Bakı şəhəri Binəqədi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Əliəkbər Babayev tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülmədən cinayət işinin başlanılmasının rədd edildiyi qənaətinə gəlinmiş, işdə ziddiyətli ifadələr olduğundan müstəntiq tərəfindən şübhənin aradan qaldırılması məqsədilə üzləşdirmə aparılmalı, zərurət olarsa ekspertiza təyin edilməli olması göstərilmişdir. Həmin qərarın qəbul edilməsindən sonra Binəqədi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Əliəkbər Babayev tərəfindən ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2025-ci il tarixli 4/871-4/872 nömrəli audio və videoyazıların məhkəmə ekspertizası rəyinə əsasən Dadaşov İlkin tərəfindən “Bakının prokuroru ilə də görüşmüşəm bu məsələ ilə bağlı hamısı ilə görüşmüşəm” ifadəsinin işlədilməsi müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs X6 vəkildir və hüquqlarını təmsil etdiyi şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etmək onun birbaşa vəzifəsidir. X2 mübahisələndirilən ifadələrinin ümumi tonunu və hansı kontekstdə ifadə edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onlar qiymətləndirici mülahizələr olmaqdan daha çox sırf faktlara əsaslanan qeydlərdən ibarət olmuşdur. Belə ki, X5 təqdim etdiyi səs yazılarının istintaq orqanı tərəfindən iş materiallarına əlavə olunmaması və tədqiq edilməməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(001)-37/2025 nömrəli qərarı ilə öz təsdiqini tapmışdır. Məhkəmənin qənaətinə görə X2 ifadələrində mənfi çalarlar olsa da, bu ifadələr X5 şərəf və ləyaqətinin ləkələnməsinə və ya onun nüfuzdan salınmasına deyil, əsasən istintaq orqanının fəaliyyətindəki nöqsanlara diqqət çəkilməsinə yönəlmişdir. X6 məhkəmə iclaslarında səsləndirdiyi ifadələrin X1 yazılarındakı ifadələrdən müəyyən qədər fərqlənməsini həmin səs yazılarına cəmi bir dəfə qulaq asması və tam mətni xatırlamasının mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə V.Mirzəyevin gətirdiyi bu dəlillə razılaşaraq hesab edir ki, əgər xüsusi istedada (bacarığa) malik deyildirsə, hər hansı şəxsdən cəmi bir dəfə eşitdiyi səs yazısını olduğu kimi xatırlamasını tələb etmək ağlabatan və gerçəkçi deyildir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxs X2 Binəqədi Rayon Məhkəməsində baxılmış 6(001)-37/2025 nömrəli iş üzrə keçirilmiş məhkəmə iclaslarında işlətdiyi ifadələrin məzmununda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə razılaşmır və hesab edir ki, məhkəməyə təqdim olunmuş sübutlarla da həmin maddənin dispozisiyasında təsbit edilmiş cinayət əməlinin tərkibinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X13 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından, təqsirləndirilən şəxsə həmin maddə üzrə bəraət verilməli, iş üzrə maddi sübut hesab edilən içərisində məhkəmə iclaslarının videoyazılarının əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-350, 352- 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibi olmadığından, ona həmin maddə üzrə bəraət verilsin. İçərisində məhkəmə iclaslarının videoyazılarının əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-484/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-484/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver