Məhkəmə qərarları › İş №1(001)-486/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-486/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-486/2022 25.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Xaliq oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1996-cı il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Xocalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Cantəpə” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair

2. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Cantəpə” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında 22 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 6 ünvanında yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, orada əvvəlcədən aralarında razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin evə yaxınlaşdığı halda məlumat vermək üçün evin giriş qapısında dayanmış, o isə evin giriş qapısının üzərində olan qıfılı Təqsirləndirilən şəxs2 verdiyi kəlbətinlə sındırıb qapını açaraq evə qanunsuz daxil olmuş, evdəki çarpayının üzərindəki döşəyin cırılmış hissəsində gizlədilmiş pul kisəsinin içərisindən 1100 manat nağd pulu gizli olaraq talayıb həmin yerdən qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə uzaqlaşaraq Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakım gizli talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakım gizli talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup halında 22 yanvar 2022-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 6 ünvanında yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, orada əvvəlcədən aralarında razılaşmaya əsasən kənar şəxslərin evə yaxınlaşdığı halda qohumu Təqsirləndirilən şəxs1 məlumat vermək üçün evin giriş qapısında dayanmış, qohumu Təqsirləndirilən şəxs1 isə evin giriş qapısının qıfılı onun verdiyi kəlbətinlə sındırıb qapını açaraq evə qanunsuz daxil olmuş, evdəki çarpayının üzərindəki döşəyin cırılmış hissəsində gizlədilmiş pul kisəsinin içərisindən 1100 manat nağd pulu gizli olaraq talayıb həmin yerdən qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə uzaqlaşaraq Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun bacısının qeyri rəsmi əridir. 2022-ci fevral ayının axırlarına kimi onlar Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən Yeni yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evdə kirayədə yaşamışlar. O, Təqsirləndirilən şəxs2 yaşadığı evə qonaq gedərkən qonşuluqda yaşayan adını sonradan bildiyi Zərərçəkmiş şəxs görmüş, lakin sonuncu ilə heç-bir tanışlığı olmamışdır. O, 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, həmin zaman sonuncu evdə tək olmuş, söhbət zamanı qonşuluqda yaşayan Turalın nə işlə məşğul olduğunu soruşmuşdur. Mirzağa ona Turalın siqaret köşkündə satıcı işlədiyini demişdir. O, Mirzağadan Turalın evdə pulu olubolmamasını soruşmuş, Mirzağa da Turalın evdə pul saxladığını ehtimal etdiyini bildirmişdir. O, Mirzağadan Turalın yaşadığı evin qapısına vurulmuş qıfılı sındırmaq üçün alət istəmiş, Mirzağa da ona kəlbətin vermişdir. Həmin gün saat 13 radələrində o, Mirzağa ilə birlikdə oğurluq etmək məqsədilə Turalın yaşadığı evin qarşısına gəlmiş, Mirzağa ətrafa nəzarət etmək üçün çöldə qalmış, o isə kəlbətinlə qıfılın asılqan hissəsini qoparıb otağa daxil olmuşdur. O, otağa daxil olan kimi pul axtarmağa başlamışdır. O, otaqda olan çarpayının üzərindəki döşəyi qaldırdıqda, döşəyin cırılmış hissəsində sarı rəngli pul kisəsinin olduğunu görmüşdür. O, kisəni açıb içərisində olan pulları götürüb cibinə qoymuş, boş pul kisəsini otağa atmışdır. O, evdən çıxandan qıfılı yerinə bərkitmiş və Mirzağa ilə birlikdə sonuncunun yaşadığı evə gəlmişlər. Orada oğurladığı pulu sayıb, 1100 manat olduğunu bilmiş, 550 manatı Mirzağaya vermiş, 550 manatı isə özündə saxlamışdır. Turalın evindən oğurladıqları pulun onda qalmış 550 manatını sonradan öz gündəlik ehtiyaclarına istifadə etmişdir. Törətdiyi cinayət əmilindən peşman olduğunu bildirərik, məhkəmə tərəfindən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının axırlarına kimi o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən Yeni yaşayış massivindəki fərdi yaşayış evində kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs isə onlarla qonşuluqda yaşamışdır. Qeyri rəsmi arvadının qardaşı Təqsirləndirilən şəxs1 mütəmadi olaraq onlara qonaq gəlib-getmişdir. 2022-ci ilin yanvar ayının 22-də Təqsirləndirilən şəxs1 onun yaşadığı evə qonaq gəlmiş, söhbət zamanı qonşuluqda yaşayan Turalın nə işlə məşğul olduğunu soruşmuşdur. O, X3 şossesində, yolun kənarında tütün məmulatları köşkündə satıcı işlədiyini bildirmişdir. Bundan sonra Kənan Turalın evdə pulu olubolmaması ilə maraqlanmış, o, da öz fikrini bildirərək Turalın evdə pulu olduğunu Kənana demişdir. Bundan sonra Kənan ondan qapının kilidini sındırmaq üçün nə kimi alətin olduğu ilə maraqlanmış, o, evlərində olan kəlbətini Kənana vermişdir. Onlar oğurluq məqsədi ilə Turalın yaşadığı evə girmək qərarına gəlmişlər. Bu məqsədlə də 22 yanvar 2022-ci il tarixdə, günorta, saat 13 radələrində Turalın yaşadığı otağın giriş qapısına yaxınlaşmışlar. Otağın giriş qapısı asma qıfılla bağlı olmuşdur. Kənan kəlbətinlə Turalın yaşadığı otağın giriş qapısının üzərindən asılmış bağlı vəziyyətdə olan qıfılın asılqanını yerindən qopararaq qapıdan otağa daxil olmuşdur. O, isə çöldə ətrafa nəzarət etmək üçün bayırda qalmışdır. Təxminən 10-15 dəqiqədən sonra Kənan Turalın yaşadığı otaqdan çıxıb ona yaxınlaşmış, tələsik kilidin asılqanını yerinə bərkidərək hər ikisi onun yaşadığı evə qayıtmışlar. Evdə Kənan cibindən Turalın yaşadığı otaqdan oğurladığı pulu çıxarıb saymış pulun 1100 manat olduğu müəyyən olmuşdur. Həmin pulun 550 manatını Kənan ona vermiş, 550 manatı isə Kənanda qalmışdır. O, Turalın ona verdiyi 550 manatı sonradan öz gündəlik ehtiyaclarına sərf etmişdir. O, törətdiyi əməldən peşman olduğunu bildirib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Çırağan” şadlıq sarayının yaxınlığında yerləşən tütün məmulatları köşkündə satıcı işləyir. O, əsasən gecə saatlarında işlədiyi üçün iş yerinin yaxınlığında bir otaqlı evdə kirayədə tək yaşamışdır. Təxminən 3 aydan artıq müddət ərzində topladığı əmək haqqı 1100 manat təşkil etmişdir. Həmin 1100 manat pulu o, pul kisəsində, yatdığı çarpayının üzərindəki döşəyin zədələnmiş hissəsində gizlətmişdir. 2022-ci il yanvarın 21-dən 22-nə keçən gecə həmişəki kimi işdə olmuş, 22 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evə qayıtmışdır. Yaşadığı evin qarşısına gəldikdə qapının asma qıfılının asılqanının yerindən qoparılıb yenidən yerinə bərkidildiyini görmüşdür. O, qıfılın üst hissəsini çıxartmış və yaşadığı otağa daxil olmuşdur. Otaqda olanda o, özünə məxsus olan, çarpayının altına qoyduğu pul kisəsinin içinə baxdıqda, pul kisəsinin içində olan 1100 manat pulunun yerində olmadığını görmüşdür. Dərhal evdən çıxaraq Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmədiyi üçün o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixdə olan hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27 mart 2022-ci il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 mart 2022-ci il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci l tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİnin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncu istintaqa verdiyi ifadəni təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncu istintaqa verdiyi ifadəni təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Həsənov X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(012)-135/2015 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməl CM-in 177.2.1, 177.2.2 və177.2.3-cü maddələrinə tövsif edilərək cəza müddəti dəyişdirilmədən saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 03 il 2 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 09 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq barəsində amnistiya tətbiq edilmiş və cəzadan azad olunmuşdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 300 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 177.2.2 və 77.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 05 il müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası saxlanılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(012)-135/2015 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 il 03 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 19001)-486/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barələrində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli 062-23251-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 062-23342-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Həsənov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 17.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 69.3cü maddəsinə əsasən qəti olaraq 02 il 09 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq barəsində amnistiya tətbiq edilmiş və cəzadan azad olunmuşdur. Qeyd edilən qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 27 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-86/2022 nömrəli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 23 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(012)-135/2015 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 il 03 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti qurtardığına görə azad edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardığı vaxtdan iki il keçməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 27 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-86/2022 nömrəli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 24 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, 24 sentyabr 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 24 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən təqdim edilmiş hesabatlara əsasən Müdafiəçi1 Xaliq oğlu Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 55 (əlli beş) saat və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 51 (əlli bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Xaliq oğlu təqsirləndirilən şəxsin müdafiəsinə ümumilikdə 50 (əlli) saat və Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəsinə ümumilikdə 50 (əlli bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 24 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar