Məhkəmə qərarları › İş №1(001)-486/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-486/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-486/2023 04.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 1 (001)- 316/2020 saylı tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı İlkin Rəhimovun 30 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X8 küçəsi, döngə 3, ev 2-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, ünvan 1 il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-841/2023 saylı, 09 avqust 2023-cü il tarixli qərarı ilə tutulma tarixi xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində başqa cinayət işi ilə bağlı 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Papanin» deyilən yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 20 fevral 2023-cü il tarixdə saat 11.30-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən «Xocasən Məscidi» nin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 40-cı polis bölməsinə gətirilmiş, orada saat 13.10-da xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf kağıza bökülmüş bükülüdə təmiz çəkisi 0,990 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 3 ildir ki, “kakaos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir.19 fevral 2023-cü il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manata bir bükümdə “kakos” almışdır ki, ağrıları olan zaman istifadə etsin. Həmin narkotik vasitəni əynindəki cins şalvarın sağ yan cibində saxlamış, 20 fevral 2023-cü il tarixdə saat 11:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Xocasən Məscidi”nin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etməklə onu saxlamış, həmin şəxslər ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələndiklərini bildirməklə onu Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə dəvət etmişlər.Orada onu şübhəli şəxs qismində tutub müdafiəçi ilə təmin etmişlər, ona hüquq və vəzifələri izah edilərək bildirmişlər ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir.O, etiraz etməmiş, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə dair razılıq ərizəsi vermişdir.Daha sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş, bundan sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf rəngli kağız bükümdə saxladığı narkotik vasitə heroini çıxarıb masanın üstünə qoymuş, ondan həmin narkotik vasitə barədə soruşan zaman bükümün içərisində heroin olduğunu, həmin heroini öz istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmiş, şəxsi axtarış zamanı üzərindən başqa əşya aşkar edilməmiş, üzərindən aşkar olunmuş bir ədəd şəffaf kağız bükümdə olan heroin zərfə qoyularaq möhürlənib imzalanmaqla götürülmüş, şəxsi axtarış barədə protokol tərtib edilmiş, tanış olaraq doğru olmasına görə protokola imza etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 19 fevral 2023-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmiş, hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, belə ki, 20 fevral 2023-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən “Xocasən Məscidinin” yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq işlədiyi bölmənin təhqiqatçısı Hacı Musayevin xidməti iş otağına gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heorin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsinə əsasən məlum olur ki, o, Şahid1 ifadəsinə verdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 6/1032 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs imza” sözləri yazılan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,990 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarxili Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 23 fevral 2023-cü il tarixli 1046 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 1 (001)-316/2020 saylı tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı İlkin Rəhimovun 30 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. Həmçinin, iş materiallarında olan qərara əsasən məlum olur ki, ünvan 1 il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-841/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə tutulma tarixi xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində başqa cinayət işi ilə bağlı 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını və şahid ifadələlərini və dövlət ittihatçısının mövqeyini dinləyib, iş materiallarını və ekspertizanın rəylərini araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və törətdiyi cinayət əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CMnin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il, saat 12.30 radələrindən 22 fevral 2023-cü il, saat 10.05 radələrinədək tutulduğu müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40cı PB-nin təhqiqatçısı, polis kapitanı Hacı Musayev tərəfindən tərtib olunmuş 20 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il saat 12.30 tarixdə tutulmuşdur. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 22 fevral 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Murad Quliyevin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Murad Quliyev tərəfindən qəbul olunmuş 22 fevral 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 22 fevral 2023-cü il tarixdə saat 10.05-də azad edilmişdir. Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı tərəfindən qəbul olumuş 08 may 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-46-5/2-7987/2023 saylı məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə saxlanılaraq Binəqədi RPİnin MSY-nə təhvil verilmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri təsdiq edilməklə o, saxlanıldığı Bakı şəhəri, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, təqsirləndirilən şəxs baxılan iş üzrə deyil, başqa cinayət işi üzrə həbs olunduğundan, Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni 04 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 210 (iki yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin qalığı - 0,940 qram məhv edilməli və iş üzrə maddi sübut- 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 35 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək tutulduğu və 08 iyun 2023-cü il tarixdə tutulduğu cəmi 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni 04 dekabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 0, 940 qram narkotik vasitə olan heroin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə müdafiəçi X4 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar