Məhkəmə qərarları › İş №1(001)-490/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-490/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-490/2021 20.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 17.07.2021-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evin içərisində və həyətində əvvəllər qeyri-rəsmi birlikdə yaşadığı Zərərçəkmiş şəxs rəfiqəsi Kəmalə adlı xanımla Təqsirləndirilən şəxs münasibətlərinin olmasını öyrənməsi səbəbindən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əl və yumruq zərbələri ilə vuraraq üst dodağın selikli qişasının əzilmiş yarası, sol üst göz qapağının, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin qançırları, sol bazu nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maddi imkansızlığa görə, ailəsinə dəstək ola bilmək üçün Bakı şəhərinə gəlib kirayədə qalmaqla “Meyvəli” bazarında yük boşaldaraq dolanışığını təmin etməyə başlamışdır. 2019-cu ildən etibarən kirayə yaşadığı yerdə qalan Zərərçəkmiş şəxs ilə tanış olmuş, 2021-ci ilin yanvar ayında Vəsilə ilə sevgili olmuşlar, lakin yaxın münasibətləri cəmi 2 ay çəkmişdir. Hadisə baş verməmişdən təxminən 2 həftə qabaq Vəsilənin evinə uzaq qohumu olan Kəmalə adlı qadın gəlib yaşamağa başlamışdır. Onun həmin vaxtlarda Kəmalə ilə yaxın münasibəti olmuşdur. 16.07.2021-ci il tarixdə axşamüstü işdə olarkən Vəsilə ona zəng vurub “sən camaata niyə Kəmalə ilə münasibətinin olmağınla bağlı danışmısan, insanların ağzına söz salmısan” deyib onu təhqir etməyə başlamışdır. O, Vəsiləyə bu haqda heç kimə heç nə danışmadığını bildirmiş, onu təhqir etməyə davam etdiyi üçün o da Vəsiləni söymüş və zəngi yekunlaşdırmışdır. 16.07.2021-ci il tarixdən 17.07.2021-ci il tarixə keçən gecə saat 01 radələrində evdə olarkən Vəsilə onlara gəlib niyə onu telefonda söydüyünü soruşmuş və stolun üstündən qab-qacağı götürüb üstünə atmışdır. O, Vəsilənin sərxoş olduğunu hiss etmiş sonuncun hərəkətlərinə dözməyib Vəsilənin sifət və bədən nahiyələrinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Hətta Vəsilə bundan sonra stolun üstündə olan bıçağı götürüb onun üstünə gəlmiş və o, çətinliklə sonuncunun əlindən bıçağı götürmüşdür. Bundan sonra Vəsilə evdən həyətə çıxmış və onun özünü, ailəsini, nəslini ağır söyüşlərlə təhqir etməyə başlamışdır. O, əsəbilərini cilovlaya bilməmiş və Vəsilənin arxasınca həyətə çıxaraq saçından tutub sifətinə daha bir dəfə zərbə endirmişdir. Daha sonra sakitləşmək məqsədi ilə bayıra çıxmış, bir müddət sonra evə qayıdanda Vəsilənin polisə şikayət etdiyini öyrənmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 il əvvəl yaşadığı yerdə kirayə qaldıqdan sonra tanımışdır. Fəridlə təxminən bir ay sevgili münasibətləri olmuş, sonra öz təşəbbüsü ilə münasibətlərini yekunlaşdırmışdır. Sonralar Fəridlə qonşu kimi münasibətləri qalmışdır. Hadisədən təxminən 2 ay əvvəl qardaşının keçmiş arvadı Kəmalə onunla əlaqə saxlayıb Bakı şəhərində qalmağa yerinin olmadığını bildirərək onu evinə qəbul etməsini xahiş etmişdir. Onun Kəmaləyə yazığı gəldiyi üçün evində qalmasına razılıq vermişdir. Bir yerdə qaldıqları 1-2 həftə ərzində özünü yaxşı aparmadığını, həyətdə kirayə qalan digər tanımadığı oğlanlara mütəmadi söhbət etdiyini görüb hətta Kəmaləyə bu barədə irad tutmuşdur. Hadisə baş verməmişdən bir gün qabaq o, işdə olan zaman Kəmalə ona zəng edərək həmin günü evə gecə gələcəyini ona demişdir. Həmin gün axşam Kəmalə evə gələn zaman onun spirtli içki qəbul etdiyini hiss etmiş, lakin ona bu barədə heç nə deməyib gedib yatmışdır. Səhəri gün işdə olarkən qonşuluqda qalan oğlanlar Kəmalənin axşam Fəridlə birlikdə olub əyləndiyini bildirmiş, Kəmalə qonağı olduğu üçün sonuncunun bu hərəkət ona pis təsir etmişdir. O, Fəridi tanıdığı üçün zəng vurub irad tutub demişdir ki, “Kəmalə mənim qonağımdır, niyə onun adını pis çıxarırsan”. Fərid telefonda onu söyərək zəngi yekunlaşdırmışdır. Həmin gün gecə işdən çıxıb yaşadığı evə gəlmiş və dərhal Fəridin evinə gedib etdiyi hərəkətin səbəbini soruşmaq istəmişdir. 17.07.2021-ci il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs kirayə qaldığı evə getmiş, həm onu niyə təhqir etməsinin səbəbini soruşmaq, həm də Kəmalə ilə münasibətinin olub-olmamasını dəqiqləşdirmək istəmişdir. Fərid onu görən kimi yenə təhqir etməyə başlamış və qəfildən sifətindən, bədənindən bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. O, əsəbiləşib stolun üstündə olan qab-qacağı Fəridin üstünə atmışdır. Atdığı əşyalar Fəridə dəyməmiş, həmin zaman məqsədi sadəcə olaraq özünü qorumaq olmuşdur. Ailəsini təhqir etdiyi üçün o, da Fəridin ailəsinə söymüş və evdən həyətə çıxmışdır. Fərid təhqirlərdən sonra daha da əsəbiləşərək arxasınca həyətə çıxmış və saçından tutaraq sol göz nahiyəsindən yumruqla vurmuşdur. Daha sonra Fərid çıxıb getmişdir və o, dərhal polisə bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçi olduğu üçün onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, X1 ilə 1997ci ildə ailə həyatı qurmuş və təxminən 9 ildən sonra yola getmədikləri üçün rəsmi qaydada boşanmışdır. O, həmin vaxtdan etibarən Bakı şəhərinə gələrək qabyuyan, dayə və digər vəzifələrdə işləyərək dolanışığını təmin etməyə çalışmışdır. Onun Sabiq həyat yoldaşı Sərdarın bacısı Vəsilə ilə normal münasibətləri olmuşdur. Hadisədən təxminən 2-3 ay əvvəl Bakı şəhərinə gələndə qalmağa ev tapmaqda çətinlik çəkdiyi üçün Vəsiləyə zəng vurub kömək istəmişdir. Müvəqqəti olaraq kirayə münasib ev tapana qədər Vəsiləgildə qalmağı xahiş etmiş və ona razılıq vermişdir. O, Təqsirləndirilən şəxsla Vəsilənin evində qaldığı müddət ərzində qonşu kimi tanış olmuşdur. O, Vəsilə ilə Fəridin əvvəllər yaxın münasibətinin olmasını bilməmişdir. Fəridlə yaxınlığı yaranandan sonra bir dəfə sonuncun evində olub bir yerdə vaxt keçirmişlər. 16.07.2021-ci il tarixdə axşamüstü Vəsilə zəng vurub Fəridlə münasibətinin olub-olmamasını ondan soruşmuş və Fəridin başqa yerlərdə bu haqda danışdığını bildirmişdir. O, utandığı üçün Fəridlə münasibətinin olmasını Vəsilədən gizlətmişdir. 17.07.2021-ci il tarixdə gecə saat 01 radələrində evdə yatarkən Vəsilənin evə gəlməyinə oyanmışdır. Vəsilə gecə evə gəlib Fəridin ona xəsarət yetirdiyini bildirmiş və o, sonuncun sifətində xəsarət izləri görünmüşdür. Vəsilə həmin gün ona heç nə deməmişdir. Səhəri gün Vəsilə işdə olarkən ona zəng vurub ev sahibinin narazılıq etdiyini bildirərək evindən çıxıb getməsini istəmişdir. O, da həmin günü əşyalarını yığıb evdən ayrılmış, bir neçə gündən sonra da Balakən rayonuna qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18.08.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 17.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində və içərisində baş vermişdir. 17.07.2021-ci il tarixli, 1063 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – üst dodağın selikli qişasının əzilmiş yarası, sol üst göz qapağının, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin qançırları, sol bazu nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 17.07.2021-ci il tarixdə yumruq və təpiklə vurulan zərbələr nəticəsində əmələ gələ bilərdi, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. 20.07.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 07.09.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 10.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 10.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar