Məhkəmə qərarları › İş №1(001)-492/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-492/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-492/2025 15.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, binaya və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 iyul 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni avtomobil boya işləri sexinin qapısının açıq olmasından istifadə edib sexə və sexdə olan istirahət otağında asılqandan asılmış saxlanc yeri hesab olunan əl çantasına qanunsuz daxil olub oradan 4.900 manat nağd pulu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 4.900 (dörd min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə və saxlanc yerlərinə qanunsuz daxil olaraq, qonaq otağında masa üzərində olan saxlanc yeri hesab olunan pul kisəsindən 33 manat nağd pulu və yataq otağında dolabda saxlanc yeri hesab olunan ayaqqabı qutusunda olan həmin dövrün rəsmi məzənnəsi ilə 7.140 manat təşkil edən 4.200 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 106,91 manat təşkil edən 170 Gürcüstan larisini və 350 manat nağd pulu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 7.629,91 (yeddi min altı yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən xidməti məqsəd üçün nəzərdə tutulmuş binanın, yəni avtomobil təmiri sexinin qapısının açıq olmasından istifadə edib sexə qanunsuz daxil olub, orada istirahət otağında masanın üzərində olan dəyəri 3.149 manat təşkil edən “İphone 15pro” markalı mobil telefonu üzərində dəyəri 10 manat olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrə ilə birlikdə götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3.159 (üç min yüz əlli doqquz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saat 11-12 radələrində sexə daxil olub, orada pul qabının içərisindən 4 min manatdan artıq pulu götürmüşdür. Həmin hadisədən 20 gün keçdikdən sonra onu Nəsimi RPİ-nin polis əməkdaşları saxlamışdır. O, oğurladığı pulu polis əməkdaşlarına qaytarmış, təxminən 5 min manat ödəniş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin obyekt 9-cu mikrorayon ərazində yerləşmişdir. Obyekt açıq olmuş, lakin içəridə heç kim olmamışdır. O, pulu asılqandan asılmış, çantanın içərisindən götürmüşdür. Həmin obyekt mağazanın arxa hissəsində yerləşmişdir. O, həmin epizod üzrə zərər çəkmiş şəxsə vurduğu zərəri ödəmişdir. Digər epizod üzrə oğurluq əməlini 03 avqust 2025-ci il tarixdə Abşeron rayonu ərazisində törətmişdir. O, fərdi yaşayış evinin yanından keçərkən qapının açıq olduğunu görüb içəri daxil olmuş, pul qabından 33 manat, yataq otağında şkafın içərisindən 4200 ABŞ dolları götürmüşdür. O, həmin puldan 1200 manatı Nəsimi RPİ-də müstəntiqə qaytarmışdır. O, həmin evdən 170 Gürcüstan larisi və 350 manat götürməmişdir. Üçüncü epizod üzrə oğurluq əməlini 17 avqust 2025-ci il tarixdə “Motodrom” yaşayış massivində yerləşən təmir sexində törətmişdir. O, avtomobil təmir sexinə daxil olub, oradan “İphone” markalı mobil telefon götürmüş, 1 saatdan sonra sahibinə qaytarmdır. Onun zərər çəkmiş şəxsə təqdim edilməsi üçün müstəntiqə pul verməyi ilə bağlı qəbzi yoxdur. O, törətdiyi əməldən peşman olmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 03 avqust 2025-ci il tarixdə oğurluq hadisəsi zamanı evdə ondan başqa heç kim olmamış, qapı açıq olmuşdur. Günorta saatlarında o, çörək almaq üçün stolun üzərində olan pul qabından pul götürmək istədikdə pul olmadığını görmüşdür. Oğlu və həyat yoldaşı qonaq gedərkən onun pul qabında olan 130 manat puldan 100 manat götürmüş, pul qabında təxminən 31-32 manat pul qalmışdır. O, pul qabında pul olmadığını görüb, həyat yoldaşına zəng etmiş, qalan pulu götürməsinin səbəbini soruşmuşdur. Həmçinin şkafda olan ayaqqabı qutusunun içərisinə qoyduqları pulun orada olmadığını görüb, həyat yoldaşından soruşmuş, sonuncu pulun yerini dəyişmədiyini demişdir. Bundan sonra o, Abşeron Polis İdarəsinə şikayət etmiş, araşdırma aparımışdır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs ona vurulmuş zərəri 10-15 gün ərzində ödəyəcəyini desə də ödəməmişdir. Oğurluq nəticəsində ona məxsus 320 manat, 4200 ABŞ dolları və 165-170 Gürcü larisi oğurlanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə avqust ayında səhər saatlarında baş vermişdir. O, sexdən çöldə olarkən paltar dəyişdiyi yerdə əl çantasından pulu oğurlanmış, hadisə kamera görüntülərinə düşmüşdür. O, hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona dəymiş zərər ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı 4900 manat pulu oğurlanmışdır. Həmin pul mağazanın arxasında yerləşən anbarda, paltar dəyişmə yerində saxladığı əl çəntasının içərisindən oğurlanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, avtovağzalda usta işləmişdir. O, telefonunu iş yerində stolun üzərində qoymuş, götürmək istədikdə yerində olmadığını görmüşdür. O, digər telefonu ilə həmin telefonun yerinə baxdıqda “20 Yanvar” meteostansiyası tərəfə uzaqlaşdığını görüb, polisə məlumat vermişdir. Onun telefonu tapılıb təhvil verilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. O, mobil telefonu kreditlə almış, qiyməti 3200 manat olmuşdur. Telefonun içərisində 10 manatlıq nömrə olmuşdur. Hadisə 17 avqust 2025-ci il tarixdə baş vermişdir. O, avtovağzalda avtomobil təmir sexində usta işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03 avqust 2025-ci il tarixdə törədilmiş oğurluq hadisəsi ünvan 4 ünvanında baş vermişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2025ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 4 ünvanında 03 avqust 2025-ci il tarixdə törətdiyi oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-465/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 noyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-302/2022 nömrəli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmış, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 17 avqust 2025-ci il tarixdə törədilmiş oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən avtomobil təmir sexində baş vermişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı polis bölməsində Təqsirləndirilən şəxs içərisində ***-***-**-** saylı mobil nömrə olan “İphone 15 Pro” markalı mobil telefon götürülmüşdür. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2025ci il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən avtomobil təmir sexində 17 avqust 2025-ci il tarixdə törətdiyi oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş içərisində ***-***-**-** saylı mobil nömrə olan “İphone 15 Pro” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 28 iyul 2025-ci il tarixdə törədilmiş oğurluq hadisəsi ünvan 5 ünvanında yerləşən avtomobil təmir sexində baş vermişdir. xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən avto təmir sexində baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerində yerləşən video müşahidə kameralarına baxış keçirilmiş, baxış keçirilən zaman video müşahidə kameralarında bir nəfər kişi cinsi şəxsin avto təmir sexinin içərisində yerləşən rəng boyaları hazırlanan otağa daxil olması və hadisə yerindən uzaqlaşması faktı öz təsdiqini tapmışdır. xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən avtomobil təmir sexindən oğurladığı 4900 manat pul vəsaitini Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı Elxan Qasımova təqdim etmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2025ci il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Nəsimi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında yerləşən avtomobil təmir sexində quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, o özünə məxsus, içərisində mobil nömrə olan “İphone 15 Pro” markalı mobil telefonu müstəntiq Qasım Abbasovdan təhvil almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-744/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 11 dekabr 2025-ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən 170 Gürcüstan larisi və 350 manat nağd pul oğurlamaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Kamallı X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-302/2022 nömrəli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmış, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmanı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 avqust 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 avqust 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-465/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 (iki) gün, cəmi 4 (dörd) gün şübhəli və təqsirlənirilən şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək və 18 avqust 2025-ci il tarixdə 20 avqust 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, içərisində mobil nömrə olan “İphone 15 Pro” markalı mobil telefonunun saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 418 (dörd yüz on səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət hadisəsi zamanı ona vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək və 18 avqust 2025-ci il tarixdən 20 avqust 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu cəmi 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 avqust 2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, içərisində mobil nömrə olan “İphone 15 Pro” markalı mobil telefonunun saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 418 (dörd yüz on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar