Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-493/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış narazılıq və çoxsaylı münaqişələr səbəbindən özü və övladlarına görə narahat olan Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayının ikinci on günlüyündə onunla birgə yaşadıqları evi tərk edərək valideynlərinin qaldığı evə getməsindən və onun təkidlərinə baxmayaraq onunla qaldığı ünvana geri qayıtmayaraq nigahlarına xitam verilməsi üçün də, Abşeron rayon məhkəməsinə müraciət etməsindən əsəbiləşib, qısqanclıq və əsəb zəmnində Zərərçəkmiş şəxs1 və sonuncunun atası evində ola biləcək yaxınlarını qorxutmaq, sağlamlıqlarına ağır zərər vurmaq və öldürməklə hədələmək niyyəti ilə hədənin icrasının real əsaslara söykəndiyini nümayiş etdirmək məqsədi ilə 27 aprel 2022-ci il tarixdə axşam saatlarında öz yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində saxladığı «Chevrolet Cruize» markalı, az ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilinin benzin çənindən təxminən bir litr həcmində tezalışan neft məhsulu hesab edilən benzini iki ədəd boş platsik su qabının içərisinə doldurub qapaqları ilə həmin qabları bağlayıb, həmin qabları özü ilə götürərək həmin günü saat 21:35 radələrində Zərərçəkmiş şəxs1 övladları və valideynləri ilə bərabər yaşadığı ünvan 4 ünvanına gəlmiş, həmin evin davravazasının kilidi bağlı olmayan çöl giriş qapısını açaraq qapını cəftəsini içəridən bağlayıb həyətə, oradan da, fərdi yaşayış evinə daxil olub Zərərçəkmiş şəxs1 çağırdıqda özü ilə gətirdiyi üzərində «Pepsi» sözü yazılmış plastik su qabının içərisindəki tezalışan neft məhsulu hesab edilən benzini həmin vaxtı dəhlizdə onun qarşısına çıxan qayınanası Zərərçəkmiş şəxs2 və ardınca səsə gələn arvadı Zərərçəkmiş şəxs1 üzərlərinə yaxın məsafədən tökərək sonuncunun boyun nahiyəsinin kimyəvi maddənin təsirindən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən İ-İİ dərəcəli yanıq yarası xəsarəti almasına səbəb olmuş, daha sonra evin həyətinə düşüb eyni hərəkətlərə davam edərək həmin ünvana yardım məqsədi ilə gələn qaynı Zərərçəkmiş şəxs3 qarşı da eyni hərəkətlərə yol verib Zərərçəkmiş şəxs3 üzərinə eyni plastik qabdakı tezalışan neft məhsulu hesab edilən benzini tökərək hədənin icrasının real əsaslara söykəndiyini, yəni onları yandırmağın mümkünlüyünü nümayiş etdirmək üçün özü ilə götürdüyü alışqanı nümayiş etdirməklə üzərlərinə tezalışan neft məhsulu hesab edilən benzini tökdüyü Zərərçəkmiş şəxs1, Məlahət Qurbanovanı, Zərərçəkmiş şəxs3 hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla müşayiət olunan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, 2006-cı ildə o, X11 ilə ailə həyatı qurmuş, nikahdan sonra sonuncu Məmmədov soyadına keçmişdir. Bir müddət Fəridə ilə Naxçıvan Muxtar Respublikasında yaşadıqdan sonra ünvan 5 ünvanda qonşu evdə onun atası ilə anası qalır. Fəridə ilə onun nikahından Gülay, Günay və Mehdi adlı üç azyaşlı övladı var. Əvvəllər onun Fəridə ilə münasibətləri yaxşı olmuşdur. Sonradan onda narkotik asıllığı yarandığından aralarında bununla bağlı narazılıqlar olsa da, sonuncu onu tərk etməmiş və tək buraxmamışdır. O, təxminən 2018-ci ildən 2020-ci ilə qədər tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb “falqada” çəkib iynəməklə qəbul etmişdir. 2020-ci ildən artıq o, narkotik vasitə qəbul etmir. Sağlam həyat tərzi keçirir. Fəridə evi tərk etməmişdən əvvəl sonuncu ilə onun arasında ailə məişət zəmnində kiçik mübahisələr olmuşdur. Belə ki, o, Fəridə ilə bərabər uşaqları məktəbə aparmaq istəyəndə sonuncu razılıq verməmiş, o da Fəridənin tək uşaqları məktəbə aparmaq istəməsini görüb qısqanmışdır. Bundan başqa Fəridə ona yersiz, acı cavablar qaytardığından aralarında mübahisələr də, olmuşdur. 2022-ci ilin yanvar ayının sonunda həmin vaxtı yaşadıqları evin dəhlizində Fəridə ilə o, mübahisə edərkən sonuncu ona cavab qaytardığına görə əsəbiləşib sağ əlinin arxa tərəfi ilə Fəridənin burnundan bir dəfə zərbə vurmuşdur. Həmin zərbədən Fəridənin burnu zədələnmiş və o, Fəridəni Xırdalan şəhərindəki poliklinikaya aparmışdır. Rentgen müayinəsində məlum olmuşdur ki, onun zərbəsindən Fəridənin burnunda kiçik qığırdaq əzilməsi vardır. Fəridə həmin poliklinikada onun tərəfindən döyüldüyünü bildirməmiş, yalandan demişdir ki, guya xəsarəti hamamda yıxılanda almışdır. Bundan sonra 15 fevral 2022-ci il tarixdə gecə saat 02 radələrində o, yenə də, həmin vaxtı qaldıqları ünvan 6 ünvanında Fəridə ilə mübahisə edib sonuncuya sillə vurub döymüşdür. Həmin mübahisəyə səbəb sonuncunun 14 fevral 2022-ci il il tarixdə uşaqları da götürüb gəzməyə getdiyi “Aff park” adlanan məkandan gec, yəni saat 22 radələrində evə qayıtması olmuşdur. O, həmin gün evdə Fəridə ilə mübahisə edib, uşaqların yataq otağında sonuncunun sifətindən bir dəfə sillə ilə zərbə vurmuşdur. Uşaqlar həmin vaxtı yatmışdılar. Həmin vaxtı Fəridə atası evinə getmək istədiyini demiş, o da maşına əyləşməsini bildirmişdir. Fəridə onun idarə etdiyi maşına əyləşmiş, maşında Fəridə ağlamağa başlamış və sonra Fəridəni evə qaytarmışdır. Fəridə həmin hadisə ilə bağlı heç kimə xəbər, məlumat verməmişdir. Lakin səhərisi qızı Gülayın xəbər verməsindən sonra qaynı Bəxtiyar onlara gəlmişdir. Bəxtiyar onunla danışanda o, Bəxtiyarı vurmadan, söymədən, tapança, odlu silahla qorxuzmadan demişdir ki, “çıx get burdan, ailəmi dağıtma”. Lakin Bəxtiyar onun sözlərinə məhəl qoymayıb bacısı Fəridəni də götürüb getmişdir. Uşaqlar isə onunla evdə qalmışlar. Bəxtiyar Fəridəni atası evinə, yəni Binəqədi rayonu, İsfahani küçəsi döngə 3 ünvanındakı evə aparmışdır. Fəridə təxminən 1 həftə həmin ünvanda atası və anası ilə uşaqlarsız qalmışdır. Təxminən bir həftə sonra o, uşaqlarını da götürüb qayınatasının evinə aparmışdır. Bundan sonra, yəni 2022-ci ilin fevral ayından o, tək qalmağa başlamış, uşaqlar isə anaları Fəridə ilə qalmışlar. 2022-ci ilin mart ayında Fəridə ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdir. O, bunu biləndən sonra əsəbiləşib Fəridəyə hər gün demək olar ki, zəng edib boşanmamasını, uşaqları da götürüb evə qayıtmasını xahiş və tələb etmişdir. Lakin Fəridə israrla ondan boşanacağını bildirmiş və o, bundan çox narahatçılıq keçirmişdir. İstəmişdir ki, arvadı onu boşamasın, uşaqları da götürüb evə qayıtsın. O, Fəridəyə öz telefon nömrəsindən zənglər etmiş, mesajlar yazmışdır, lakin Fəridə evə qayıtmamışdır. O, bütün bunlardan əsəb keçirməyə başlamış və qərara gəlmişdir ki, Fəridəni sadəcə qorxutsun, bəlkə qorxudub hədələməyi hesabına, sonuncu evə onun yanıma qayıdar. Onun Fəridəni öldürmək, yandırmaq fikri olmamışdır. 2022-ci ilin aprel ayının təxminən ikinci on günlüyündə o, Fəridəni qorxudub hədələmək üçün yaşadığı ünvan 3 evinin həyətində “Chevrolet Cruize” markalı, az ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilinin benzin çənindən təxminən bir litr həcmdə 92 markalı benzini 03 ədəd şüşə su qablarına doldurmuşdur. Həmin su şüşələrinin hər birinin həcmi bir litrdən aşağı olmuşdur. Bir litr benzini 3 ədəd su şüşəsinə yerləşdimiş, həmin su qablarının başlarını öz qapaqları ilə bağlayıb onları bir ədəd torbaya qoymuş və götürüb qayınatasıgilə yollanmışdır. Həmin içərisində benzin olan su şüşələrini qayınatası Sadıqın yaşadığı, həmçinin arvadı Fəridənin uşaqları ilə qaldıqları ünvan 7 evin düz qarşısına qoymuş və qaynı Bəxtiyara 070 730 85 95 saylı mobil telefon nömrəsindən zəng edib “Bəxtiyar özümü də yandıraram, Fəridəni də yandıraram, gətir uşaqları qoy evə, evin qabağına da hədiyyəni qoyuram” demişdir. Bəxtiyara bunları deməklə sonuncunu sadəcə hədələmişdir ki, Fəridə ilə uşaqları onu evinə qaytarmadığı təqdirdə Fəridəni və özünü yandırıb öldürəcəkdir. Lakin Fəridə və uşaqlar evə qayıtmamışlar. Arada atası uşaqları gətirib evə qoysa da, sonradan Bəxtiyar o, evdə olmayanda gəlib uşaqları aparmışdır. Həmin hadisədən sonra, 27 aprel 2022-ci il tarixdə axşam saat 19 radələrində Fəridə və uşaqlar yenə yadına düşmüş, həmin vaxt o, Bəxtiyara zəng edib “niyə uşaqlarımı və arvadımı evə gətirmirsən?” demişdir. Bəxtiyar evə qayıtmamaqla bağlı Fəridənin öz qərarı olduğunu ona bildirəndə onlar telefonda mübahisə etmiş, telefonda biri-birlərini qarşılıqlı söymüşlər. Bəxtiyar hətta ona demişdir ki, Fəridə evə qayıtsa onun başına oyun açar. O, Bəxtiyarla telefonla danışıb mübahisə edəndən sonra Fəridəyə təsir göstərib uşaqları ilə bərabər evə qaytarmasına nail olmaq üçün Fəridəni yenə də öldürməklə hədələmək qərarına gəlmişdir. O, Fəridəni sevir və istəmişdir ki, sonuncu evə qayıtsın. Lakin Fəridə qayıtmadığından o, qısqanclıqdan, əsəbdən onu qorxutmaqla, öldürməklə hədələyib psixi təsir edərək Fəridəni evə qaytarmaq qərarına gəlmişdir. Öldürməklə hədələməsi həqiqi görünsün deyə o, özü ilə tez alışan, spesifik iyə malik benzin götürmüşdür. Hamı kimi o da bilir ki, benzin tez alışan, yanan məhluldur, adamın üstünə benzin töküb od vursan adam yanar. Ona görə hərəkətləri həqiqi görünsün deyə özü ilə gedəndə benzin götürmüş, Fəridənin atası evində Fəridənin, anası Məlahətin və qaynı Bəxtyarın üzərlərinə benzin töküb onları yandırmaqla, öldürməklə hədələmişdir. Belə ki, o, Fəridəni qorxutmaq üçün yenə Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi ev 134 ünvanındakı həyətdə “Chevrolet Cruize” markalı, az ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilinin benzin çənindən təxminən bir litr 92 markalı benzini iki ədəd boş plastik su qabının içərisinə doldurmuş, bu dəfə bir litr benzin iki ədəd üzərində “pepsi” sözü yazılmış plastik su qablarına yerləşmişdir. O, içərisi dolu hər iki plastik qabı bir ədəd sellofan torbanın içərisinə qoymuş və Fəridəni yandırmaqla, öldürməklə hədələmək üçün özünə məxsus “Chevrolet Cruize” markalı, az ** KK *** dövlət qeydiyyat nişanlı avtomobillə qayınatasının yaşadığı, ünvan 7 ünvanın qarşısına gəlmişdir. O, həmin ünvana çatanda maşından düşmüş və özü ilə gətirdiyi iki ədəd plastik qabın içərisində olan benzini torba qarışıq götürmüşdür. Siqaret çəkən olduğundan üzərində alışqan da olmuşdur. O, qayınatasıgilə yaxınlaşdıqda evlərinin yaxınlığında məhəllədə oynayan qızlarını görmüşdür. O, uşaqları ilə görüşmüş, analarının harada olduğunu soruşduqda, Fəridənin atasıgildə olduğunu bildirmişlər. O, artıq Fəridənin qayınatası evində olduğuna əmin olandan sonra iki ədəd plastik qabda benzinlə qayınatasıgilə gəlmişdir. Çöl darvazasının giriş qapısını yoxladıqda kilitinin açıq olduğunu görüb darvazanın giriş qapısını açıb həyətə daxil olmuş, evə kənardan heç kim gəlməsin deyə darvazanın giriş qapısının cəftəsini içəridən bağlamış və birbaşa evə daxil olmuşdur. Yəni əlində benzin dolu iki qabla evin içərisinə qapıya qədər gəlib qapının qarşısında Fəridəni çağırmışdır. Həmin vaxt qayınanası Məlahət onun qarşısına çıxmış və ondan burada nə etdiyimi soruşduqda o, sonuncuya Fəridəni çağırmasını demişdir. Həmin vaxtı səsə Fəridə gələndə o, sonuncuya demişdir ki, “gəl 2-3 kəlmə danışaq”. Həmin vaxt Fəridə atasının narahat olacağını deyəndə o, Fəridəyə yenə də “gəl aşağıda söhbət edək” demişdir. O, qapıdan həyətə düşəndə görmüşdür ki, üzbəüz qalan qaynı Bəxtiyar evə girmək istəyir, lakin o, həyətin giriş darvazasının qapısının cəftəsini içəridən bağladığı üçün sonnucu qapını aça bilməmiş, hətta hasardan aşıb həyətə daxil olmaq istəmişdir. Həmin vaxt Fəridə darvazanın qapısının cəftəsini içəridən açıb Bəxtiyarı həyətə buraxmış, o, həmin vaxt Fəridənin onunla evə qayıtmaq fikrində olmadığını görüb Fəridəni, qayınanası Məlahəti və qaynı Bəxtiyarı qorxutmaq, onları hədələmək üçün özü ilə gətirdiyi torbanın içindəki benzin dolu su qablarından birinin qapağını açıb həmin qabın içindəki benzin məhlulunu yaxın məsafədən arvadı Fəridənin, qayınanası Məlahətin və qaynı Bəxtiyarın üzərlərinə, yəni başlarına, paltarlarına səpib tökməyə başlamış və həmin benzini onların üstünə tökəndə “bu dəqiqə sizi yandırıb öldürəcəyəm” deyərək öldürməklə və yandırmaqla hədələmişdir. O, sonuncuları yandırıb hədələdikdə demişdir ki, “Fəridə evə qayıtmalıdır, yoxsa sizi yandırıb öldürəcəyəm”. Hadisə vaxtı alışqan çıxarmamışdır. Ola bilsin ki, əlində olsun, lakin alışqanı yandırıb nümayiş etdirməsini xatırlamır. Fəridə, qayınanası Məlahət və Bəxtiyar qorxmuş və elə bilmişlər ki, o, onları yandıracaqdır. Fəridənin qışqırıq səsinə qonşular hadisə yerinə toplaşmışlar, Bəxtiyar həyətdən çıxıb yerdən bir ədəd dəmir götürüb ona tərəf gəlmiş və o artıq camaatın toplaşdığını görüb hadisə yerini tərk etmək qərarına gəlmişdir. O, Fəridəni qorxutsa da, sonuncu onunla gəlməmişdir. O, artıq camaatın toplaşdığını görüb hamıya demişdir ki, “çəkilin kənara mən gedirəm”. O, içərisində benzin olan su qablarından birini, yəni Fəridənin, Məlahətin, Bəxtiyarın üzərlərinə benzin tökdüyü həmin üzərində “pepsi” sözü yazılmış plastik su qabını hadisə yerinə, yəni qayınatamgilin evinin qarşısında yerə tullamışdır. İçərisində benzin olan digər su qabını isə torba qarışıq özü ilə götürüb hadisə yerini avtomobili ilə tərk edərək qaçmışdır. O, həmin içərisində benzin olan ikinci su qabını yolda torba qarışıq xatırlamadığı yerə tullamışdır. Fəridə yenə də evə gəlməmşidir. Polisin onu axtardığını bildiyi üçün, o, evin qapısını heç kimə açmamışdır. 05 may 2022-ci il tarixdə özünə məxsus 070 817 44 89 saylı yeni telefon nömrəsindən “whatsapp” proqramı vasitə ilə Bəxtiyarın 050 344 14 43 saylı mobil telefon nömrəsinə növbəti hədələyici video göndərmişdir. Bəxtiyara həmin hədələyici videoda bildirmişdir ki, Fəridəni qaytarmayacağı təqdirdə Fəridəni və özünü öldürəcəkdir. Hətta Bəxtiyargil qorxutmaq üçün o, həqiqi tapançaya oxşar, lakin suvenir alışqan tapançanı və evdə olan həqiqi tüfəngə oxşar, özünün düzəltdiyi dəmir lüləli, taxta dəstəkli oyuncaq tüfəngi, həqiqi odlu silahlar kimi nümayiş etdirib demişdir ki, bu silahlarla gəlib Fəridəni və özünü öldürəcəkdir. Lakin Fəridə yenə də evə qayıtmamışdır. Bundan sonra polis onu tutmuş, həmin suevnir tapança ilə tüfəngə oxşar əşyanı götürmüşlər. Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X12 adlı övladları vardır. O, Hüseynlə ailə həyatı qurduqdan sonra bir müddət Naxçıvan MR-da yaşasa da, sonradan sonuncunun Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi ev 134 ünvanındakı ata evinə köçmüşlər. Hüseyn heç bir yerdə işləməmiş, onun özü də heç bir yerdə işləməmişdir. Ailəyə Hüseynin atası və onun qardaşları maddi yardım etmişlər. Onların yardımı ilə dolanmışlar. Son 6 il olar ki, Hüseyn narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik asıllığı olmuşdur. O, dəfələrdə Hüseyni evdə narkotikin təsiri altında olduğunu görmüş, hətta ciblərindən əvvəl narkotik vasitələr və nakotik vasitələrin qəbul etmək üçün istifadə olunan «falqalar» tapmışdır. O, narkotik vasitələrin növünü ayırd edə bilməsə də, Hüseynin deməsindən bəlli olurdu ki, həmin tapdığı qəhvəyi və ağ rəngli maddələr narkotik vasitələrdir. Belə ki, Hüseynin özü demişdir ki, qəhvəyi rəngində olan maddə narkotik vasitə heroindir. Onun həmin narkotik vasitələri haradan, kimdən aldığını bilməmişdir. O, ümid etmişdir ki, Hüseyn düzələcək, daha narkotik vasitələr qəbul etməyəcəkdir. Lakin sonuncu buna davam etmişdir. Hətta 6 il ərzində Hüseyni atasıgil dəfələrlə narkotik asıllığından qurtarmaq üçün fəhlə prospektində yerləşən narkotik mərkəzə müalicəyə yerləşdirsələr də, sonuncu bir müddət müalicə aldıqdan sonra yenə narkotik vasitələr qəbul etməkdə davam etmişdir. Artıq bərabər yaşamaq mümkün olmamışdır. Belə ki, Hüseyn son vaxtlar onu yersiz olaraq qısqanmış, evdən bir yerə çıxanda güdmüş və sonra onu evdən çıxmasına görə əsassız, yersiz olaraq danlamışdır. Son vaxtlar Hüseyn evdə ona əl qaldırmış, onu uşaqların gözü qarşısında döymüşdür. 2022-ci ilin yanvar ayının sonlarına yaxın günlərdə hələ Hüseynlə bərabər Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsi ev 134 ünvanında qalanda Hüseyn evdə heç nəyin üstündə onunla mübahisə etmiş, ona evdən bayıra çıxmağa qadağa qoymuş, əsassız olaraq qısqanmışdır. O, Hüseynin iddialarının əsassız oluğunu deyəndə sonunucu bunu bəhanə edərək həmin günü evdə onun burnundan bir dəfə yumruqula bərk zərbə vurmuşdur. Hüseynin yumruq zərbəsi nəticəsində burnu çatlamışdır. Hüseynin özü onu Xırdalan şəhərində yerləşən poliklinika və ya tibb mərkəzinə aparmış, orada rentgen müayinəsindən keçdikdə məlum olmuşdur ki, burnu çatlamışdır. O, yalandan xəstəxanada qəbulda əyləşənə demişdir ki, guya burnundakı xəsarəti hamamda yıxılanda almışdır. Həmin hadisə ilə bağlı şikayət etməmiş və Hüseynlə bərabər qalmışdır. Həmin hadisəni evdə olan uşaqları, həmçinin Hüseynin öz anası görmüşdür. Hüseyn onu həmin günü evin birinci mərtəbəsində dəhlizdə vurmuşdur. O, həmin hadisə barədə öz qardaşlarına, anasına heç nə deməmiş, ailəsi dağılmasın deyə Hüseynin onu döydüyünü gizlətmişdir. Lakin Hüseynin valideynləri bundan xəbərdar idilər. Bundan sonra 2022-ci ilin fevral ayının 13-dən 14-nə keçən gecə, yəni 14 fevral 2022-ci il tarixdə gecə saat 02 radələrində Hüseyn evdə onunla bir gün qabaq anasıgilə getdiyinə və əynindəki paltarına görə mübahisə edib üzərinə hücum etmiş və həmin hadisə zamanı birinci onun başından və sifətinin sağından yumruqlarla bərk ardıcıl zərbələr vurmuş, daha sonra da qarnından və bədənindən təpiklərlə ardıcıl zərbələr vurub onu döymüşdür. O, Hüseynin yumruq və təpik zərbələrindən evdə yerə yıxılmışdır. Həmin hadisə evin içərisində birinci mərtəbədə uşaqların otağında baş vermişdir. Həmin hadisə zamanı uşaqlar yatmış, hadisəni heç kim görməmişdir. Onu döyəndən sonra Hüseyn ondan maşınına əyləşməyi tələb etmiş, sonra onu maşınla Xırdalanda məhəllənin əks tərəfinə aparmış, o, sakitləşəndən sonra onu evə qaytarmışdır. Hüseynin məqsədi, sonuncunun zərbələrindən xəsarət aldığından evdə qışqırmaması, uşaqların hadisəni görüb bilməməli olmuşdur. O, sakitləşəndən sonra Hüseyn onu evə qaytarmışdır. O, Hüseynə demişdir ki, narahat olmasın, onun barəsində heç kimə, heç nə deməyəcəkdir. Lakin onun böyük qızı Gülay həmin günün səhərisi ondan xəbərsiz qardaşı Bəxtiyara zəng edib onun döyülməsi barədə məlumat verəndən sonra Bəxtiyar onlara gəlmiş və onun vəziyyətini, ağzının qorxudan, əsəbdən əyildiyini görüb onu tanış nevropatoloq həkim Hüseyn Sultanovun qəbuluna aparmışdır. Həmin həkim ona dərmanlar yazmış və bu hadisədən sonra artıq o, qərara gəlmişdir ki, Hüseyndən məhkəmə yolu ilə ayrılsın. O, həmin hadisədən sonra atası evində, yəni ünvan 9 ünvanında qalmağa başlamışdır. Bəxtiyar onun xahişi ilə onu atası evinə aparmışdır. Uşaqlar isə hələ bir müddət Hüseynlə bərabər qalmışdır. Hüseyn uşaqları onun yanına buraxmamışdır. O, artıq atası evinə qayıdandan sonra valideynlərinə, qardaşlarına bildirmişdir ki, Hüseynin hərəkətlərinə dözə bilmir, məhkəmə yolu ilə ayrılmaq qərarına gəlmişdir. Lakin Hüseyn buna razı olmamış, ondan boşamamasını və evə qayıtmasını tələb etmişdir. Təxminən bir həftə atası evində qalandan sonra aparılan danışıqların nəticəsi olaraq Hüseynin atasının köməyi ilə Hüseyn uşaqlarını atası evinə gətmiş və 2022-ci ilin fevral ayını sonundan artıq o, hər üç uşağı ilə bərabər atası evində, yəni Bakı şəhəri, Binəqədi rayonu, İsfahani küçəsi döngə 3 ünvanda qalmağa başlamışdır. Həmin evdə ondan başqa atası və anası Məlahət Abdulayeva da qalmışlar. Atası evi birmərtəbəli, dörd otaqdan ibarətdir. Evin iki otağında o və uşaqlar, digər otaqda isə anası ilə atası qalmışdır. Qardaşı Bəxtiyar isə öz ailəsi ilə atasının evi ilə üzbəüz qalır. 2022-ci ilin mart ayında o, artıq Hüseyndən boşanmaq üçün məhkəməyə müraciət etmişdir. İlk olaraq mediasiya prossesi tamamlanmış, hazırda Abşeron rayon məhkəməsində məhkəmə prosessi davam edir. Məhkəməyə müraciət edəndən sonra Hüseyn onu təhdid etməyə başlamış, yəni hər gün demək olar ki, 050 *** ** ** saylı telefon nömrəsindən onun 050 285 67 69 saylı və qızı Gülayın 050 665 20 38 saylı mobil telefon nömrələrə zənglər edərək, «SMS» yolu ilə mesajlar göndərərək onu təhdid etmiş, uşaqları ilə bərabər evə qayıtmasını tələb etmişdir. Onun atası evinin həyəti videomüşahidə kamerası ilə görüntülənir. Həmin kameraların görüntülərinə baxanda görmüşlər ki, Hüseyn gecə saatlarında maşınla atası evinin qarşısına gəlib həyətə boylanır. Hüseyn bir müddət bu qaydada təhdid etmişdir. 13 mart 2022-ci il tarixdə günorta saat 14 radələrində Hüseyn onun atası evinin qarşısına gəlib üzbəüz qalan qardaşı Bəxtiyarın 9-cu sinfində oxuyan oğlu, yəni qardaşı oğlu Sadiqə yaxınlaşaraq sonuncuya, Sadiqin bildirməsinə əsasən uzun qara rəngli tüfəng nümayiş etdirərək onu nəzərdə tutub demişdir ki, “bibinə denən axşam evə qayıtsın, yoxsa məndən inciməsin, öldürəcəyəm”. Bu sözləri Hüseyn Bəxtiyarın azyaşlı oğluna deyib getmişdir. Bunu uşaq onlara deyəndən sonra digər qardaşı X23 Nazirliyinin “102” xidmətinə zəng edib Hüseynin əməlləri barədə məlumat vermiş, bundan sonra Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsində araşdırma başlanılmışdır. Həmin şikayətdən iki gün sonra Hüseyn onların həyətinə gələndə polis onu saxlamışdır. Bundan sonra 17 aprel 2022-ci il tarixdə saat 21:10 radələrində Hüseyn yenidən atası evinin qarşısına gələrək evin çöl giriş darvazasını açmaq istəsə də, darvazanın kiliti içəridən bağlı olduğundan aça bilməmiş, həmin vaxtı özü ilə gətirdiyi bir ədəd torbada içərisində benzin olan üç ədəd su (sok) qablarını evin qarşısında yerə qoyaraq qardaşı Bəxtiyara zəng edib demişdir ki, “sənə hədiyyə qoydum gəlib götürərsən”. Hüseynin bu hərəkətləri həyəti görüntüləyən videomüşahidə kamerasının görüntülərinə də düşmüşdür. Onlar bundan sonra polisə məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları həmin “molotov kokteyllərini”, yəni içərisində benzin olan su qablarını hadisə yerindən götürmüşlər. Bu hadisədən sonra qardaşları Hüseynin atası evinə gedərək sonuncuya Hüseynin hərəkətləri barədə şikayət etdikdə Hüseyn evlərinin həyətində qardaşlarının üzərinə odlu silah olan tapançaya oxşar əşya çıxarıb nümayiş etdirərək söyüb, öldürməklə hədələmişdir. Bunları ona qardaşları sonra evdə demiş və bu barədə də “102” xidmətinə məlumat vermişlər. Hüseyn onu hədələməkdə davam etmiş və 2022-ci ilin aprel ayının 22-də Hüseyn gecə saatlarında atası evinin qabağındakı qaz borusunun üzərindən “məni nəyə məcbur edirsiniz siz gətirin evə” məzmunlu balaca kağız palakat yazıb asmışdır. Sonra özü telefonda həmin plakatı yazdığını təsdiq etmişdir. Bununla bağlı o, 102 xidmətinə zəng edib məlumat vermiş və ərizə yazmışdır. Bundan sonra 27 aprel 2022-ci il tarixdə saat 21:35 radələrində Hüseyn özü ilə yenidən su qabının içərisində benzin, yəni “molotov kokteyli” götürüb ünvan 9 ünvanında yerləşən atası evinə gələrək özü ilə gətirdiyi benzin məhlulunu onun, anasının və səsə gələn qardaşının üzərinə töküb əlindəki alışqanla onları yandırıb öldürməklə hədələmişdir. Belə ki, həmin hadisədən təxminən 10 dəqiqə qabaq qardaşı Bəxtiyar uşaqları ilə onun ata evində olmuşlar, sonuncular ata evində onlarla yemək yeyib hadisədən təxminən 10 dəqiqə qabaq çıxıb öz evlərinə getmişlər. Evdə o, azyaşlı oğlu, anası və atası qalmışdır. Onun iki qızı qonşuya oynamağa getmişlər. Həmin vaxtı, yəni saat 21:35 radələrində o, evdə olarkən evin içərisində qapının düz qarşısında dəhlizdə anasının “Fəridə” deyərək qışqırıq səsinə həmin dəhlizə gələndə görmüşdür ki, Hüseyn əlində plasmas su qabının içərisində benzin, yəni “molotov kokteyli” ilə evə hücum edib həmin su qabının içərisindəki benzin məhlulunu anasının üzərinə səpələyib tökmüşdür. Evdən o dəqiqə benzin iyi gəlməyə başlamışdır. Hüseyn anasının üzərinə benzin tökəndə o, sonuncunun digər əlində alışqan və içərisində başqa su qabında benzin olan torba olduğunu görmüşdür. Hüseyn onu görüb həmin qapağını açdığı su qabının içərisindəki benzin məhlulundan yaxın məsafədən onun da üzərinə səpələyib tökməyə başlamışdır. Həmin məhlulun iyindən və rəngindən bilmişdir ki, benzindir. Hüseyn anası ilə onun üzərinə benzin töküb əlindəki alışqanı nümayiş etdirərək onlara “sizi yandırağacağam, çıx eşiyə” demişdir. O, Hüseynin bu hərəkətlərindən narahat olub, “evdən çıx, aşağı düş gəlirəm” demişdir. Belə ki, evdə 5 yaşlı oğlu, xəstə atası olduğundan qorxub Hüseyndən aralanmaq istəmişdir. Həmin vaxt həyətə qardaşı Bəxtiyar da gəlib özünü çatdırmışdır. Hüseyn həyətə girəndən sonra həyətin darvazasanın kilidini, yəni cəftəsini içəridən bağladığından Bəxtiyar həyətə girə bilməmişdir. O, həmin vaxt Bəxtiyarın səsini eşidib həyətdə özünü itirməyib həyətin giriş darvazasının cəftəsini içəridən Bəxtiyarın üzünə açıb Bəxtiyarı həyətə buraxmışdır. Bəxtiyar Hüseynlə həyətdə qarşılaşdıqda Hüseyn Bəxtiyarın da üzərinə özü ilə gətirdiyi əlindəki su qabının içindəki benzindən atıb səpərək tökməyə başlamış və digər əlindəki alışqanı Bəxtiyara da nümayiş etdirib onu da yandırıb öldürməklə hədələmişdir. Bəxtiyarla bərabər Hüseyn evin həyətində anası ilə onun üzərinə benzin səpməkdə davam etmişdir. Onun səpələdiyi benzin üstlərinə, paltarlarına tökülmüşdür. Hüseyn onların üstünə benzin tökəndə onlar qorxub evin həyətindən küçəyə çıxmışlar, həmin vaxt Hüseyn əlində benzin olan qabla bərabər arxaları ilə həyətdən küçəyə çıxmış və evlərinin düz qarşısında küçədə içində benzin olan su qabını onlara tərəf, Bəxtiyarın üzərinə tullamışdır. Onlar qorxmuşlar ki, artıq Hüseyn onları yandıracaqdır. Artıq Hüseynin hərəkətlərindən hadisə yerinə qonşular da yığışmışdır. Həmin vaxtı Bəxtiyar özünü itirməyib tez yerdən bir ədəd armatur götürüb Hüseyni qorxudub qovmağa başlamışdır. Hüseyn artıq camaatın ona irad bilməsini, qışqırmasını, polis çağırmasını, Bəxtiyarın da əlində armatur olmasını görüb qaçmışdır. Hüseyn qaçanda digər benzinli su qabını torba qarışıq özü ilə aparmışdır. Bundan sonra onlar polisə şikayət etmişlər. Polis hadisə yerinə gəlmiş və Hüseynin evin qabağında onları hədələyib üstlərinə tulladığı içində bir az benzin qalan, üzərində “Pepsi” sözü yazılmış su qabını götürmüşdür. Bundan əlavə polis Hüseynin onun üzərinə benzin tökərkən əynində olmuş üzərində güllər olan boz rəngli qısa qol köynəyini (koftasını), üzərində “smaylik” şəkli olan boza çalar açıq yaşıl rəngində şalvarını, bir cüt boz rəngli corabını və bir cüt başmağını da götürmüşdür. Polis həmçinin hadisə zamanı Hüseynin üzərinə benzin tökdüyü anasının əynində olmuş, donu və başındakı hicabı, qardaşının əynində olmuş qısa qol köynəyi də götürmüşdür. Hüseyn ondan uşaqları da götürüb evə qayıtmasını, boşanmamasını, məhkəməyə boşanmaqla bağlı verdiyi müraciətini geri götürüb evə qayıtmasını tələb etmişdir. O, razı olmadığına görə onu hədələmişdir. Onun 27 aprel 2022-ci il tarixdə törətdiyi əməlləri ata evinin həyətini görüntüləyən videomüşahidə kamerasına düşmüşdür. Sonra həmin görüntülərə baxdıqda görmüşdür ki, Hüseyn icazəsiz evin həyətinin giriş darvazasının açıq olduğunu görüb həyətə daxil olmuş və icazəsiz atası evinə girərək anasının və onun üzərinə benzin tökməyə başlamışdır. Onun qardaşı Bəxtiyara hadisə zamanı qızı Gülaya xəbər vermişdir. Belə ki, Gülay atasının onların evə tərəf gəldiyini küçədə görüb tez Bəxtiyara xəbər vermişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar iştirak edə bilməmiş və Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyniməzunlu ifadəsi elan edilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 bacısı olan digər zərərçəkmuş Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən Şahid1 ifadəsi elan edilmişdir. O ifadəsində qeyd etmişdir ki, X1 rayonu, 182 saylı orta məktəbin 9 L sinfində oxuyur. Onların yaşadığı evlə üzbəüz babasıgilin evidir. Həmin evdə nənəsi Məlahət və babası Sadıq qalırlar. Fərid Məmmədova onun bibisidir, sonuncu əvvəllər Xırdalanda qalmış, lakin 2022-ci ilin fevral ayında əri Hüseynlə aralarında olan narazılıq səbəbindən atası evinə, yəni babasıgilə köçmüşdür. Bibisi Fəridədən sonra uşaqları da, babasıgilə köçmüşdür. O, dərsdən sonra bibisi Fəridənin uşaqları, yəni Gülay, Günay və 5 yaşlı oğlu Mehdi ilə oynayır. O, bilmişdir ki, bibisi Fəridə əri Hüseyndən boşanmaq üçün məhkəməyə də müraciət etmiş və Hüseyn bibisinə zəng edib hədələmişdir. 13 mart 2022-ci il tarixdə saat 15:30 radələrində o, hazırlıq kursundan evə qayıdanda evin qabağında küçədə Hüseyni görmüş, sonuncu yaşıl rəngli “Chevrolet” markalı maşın sürür, Hüseyn onu görüb özü maşını onun yanında saxlamış və sükan arxasında oturmuş vəziyyətdə ondan bibisi Fəridənin evdə olub-olmadığını soruşmuşdur. O, Hüseynə dəqiq bilmədiyini və bibisinin deyəsən evdə olmadığını deyəndə Hüseyn maşının salonunda qabaq sağ oturacağın üzərinə qoyduğu gödəkcəsini yuxarı qaldırıb altındakı tüfəngə oxşar əşyanı ona göstərib demişdir ki, “bibinə denən axşama qədər evə gəlsin, əgər gəlməsə məndən inciməsin”. Yəni Hüseyn ona tüfəngə oxşar əşya nümayiş etdirərək bibisi Fəridə evə gəlmədiyi təqdirdə vura biləcəyinə işarə etmişdir. Hüseyn ona bunları demiş, ona başqa söz demədən, ona qarşı hər hansı bir qanunsuz əmələ yol vermədən maşını sürüb getmişdir. O da baş verənləri sonra atası Bəxtiyara, həçminin babasıgilə danışmışdır. Sonrakı hadisələrin şahidi olmamışdır. Lakin bilir ki, Hüseyn sonuncu dəfə 27 aprel 2022-ci il tarixdə babasıgilə gəlib bibisi Fəridənin, nənəsi Məlahətin, həmçinin onlara köməyə gələn atası Bəxtiyarın üzərinə benzin töküb onları yandırmaqla hədələmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadə verərək bildirmişdir ki, 12 ilə yaxındır ki, ünvan 10 ünvanda Bəxtiyar, anası Məlahət və Bəxtiyarın bacısı Fəridə ilə qonşuluqda yaşayır. Qonşuluqda yaşadıqları müddətdə Fəridə Hüseyn adlı şəxsə ərə getmişdir. Lakin, münasibətləri düz getmədiyindən Fəridə ata evinə qayıdıb gəlmişdir. Mütəmadi olaraq aralarında narazılıqlar olmasını qonşulardan, ailə üzvlərimdən eşitmişdir. Çünki o adətən səhər işdə olmuşdur. Axşam evə gələndə evdəkilərdən eşitmişdir ki, Hüseyn evə gəlib, gedib və mübahisə etmişlər. 27 aprel 2022-ci il tarixdə saat 22 radələrində qonşuluqda oturub çay içmək istəyən zaman Bəxtiyarın atası evi, yəni Fəridənin anası ilə qaldığı evdən səs-küy gəlməsini eşitmiş və çölə çıxmışlar. Evə yaxınlaşan zaman darvazanın açıq vəziyyətdə olmasını, içəridə Bəxtiyar, anası Məlahət, bacısı Fəridə və Hüseynin darvazanın evlə olan həyət sahəsində dayanmasını görmüşdür. Hüseynin əlində qapağı açıq vəziyyətdə olan su qabı olmuşdur. Su qabının içərisinində deyəsən benzin olmuşdur. Hüseyn həmin qabda olan benzini içəridə olan ailə üzvlərinin üstünə səpələyirdi. Onlar Hüseyni sakitləşdirmiş, bunu etməməsini xahiş etmişlər. Hüseyn də çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadə verərək iş üzrə Şahid2 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan ********* №-li cinayət işi 02 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Rəhimov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə başlanaraq icraata qəbul edilməklə istintaq edilmişdir. 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 07 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 07 may 2022-ci il tarixdə Binəqədi rayon məhkəməsinin hakimi X3 qərarı ilə barəsində istintaq müddətinin sonuna, yəni 02 iyul 2022-ci il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir. 24 iyun 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 134-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 21 may 2022-ci il tarixli 2675 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X22 Binəqədi rayon şöbəsinin 06 may 2022-ci il tarixli 860 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarət – boyun nahiyəsinin İ-İİ dərəcəli yanıq yarısı kimyəvi maddənin (ola bilsin benzinin) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X22 Binəqədi rayon şöbəsinin 31 may 2022-ci il tarixli 24/819 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədən səthində xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» X22 Binəqədi rayon şöbəsinin 31 may 2022-ci il tarixli 25/820 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 10 iyun 2022-ci il tarixli, 6/2740 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksi olan, ümumilikdə 05 (beş) ədəd polietilen bağlamada təqdim olunmuş: üzərində «Pepsi» yazısı olan bir ədəd içərisi boş plastik butulkanın (№1) içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır, neft məhsulu iz şəklində olduğundan və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı; Zərərçəkmiş şəxs1 əynində olmuş boz rəngli qısa qol köynək, üzərində müxtəlif şəkillər olan açıq boz rəngli qadın şalvarı, boz rəngli qadın corabları və qadın başmaqlarından ibarət geyim geyim əşyalarının (№2) üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır, neft məhsulu iz şəklində olduğundan və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü və butulqadakı neft məhsuluna məxsus izlərlə eyniliyini müəyyən etmək mümkün olmadı; Zərərçəkmiş şəxs2 əynində olmuş üzərində qara rəngli naxışlar olan ağ rəngli hicab və üzərində müxtəlif rəngli gül şəkli olan qısa qol donun (paltarın) (№3) üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır, neft məhsulu iz şəklində olduğundan və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü və butulkadakı neft məhsuluna məxsus izlərlə eyniliyini müəyyən etmək mümkün olmadı; Zərərçəkmiş şəxs3 Sadiq oğlunun əynində olmuş açıq qəhvəyi rəngli qısa qol köynəyin üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır, neft məhsulu iz şəklində olduğundan və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü və butulkadakı neft məhsuluna məxsus izlərlə eyniliyini müəyyən etmək mümkün olmadı; 03 (üç) ədəd içərisi boş, neft məhsulu qoxulu, 1 litrlik yaşıl rəngli şüşə butulkaların içərilərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır, neft məhsulu iz şəklində olduğundan və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı; Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 23 may 2022-ci il tarixli 1333 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərini qavramaq iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional labillik, konfliktə və mübahisəyə meyillilik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri, intellektual imkanları nəzərə alınmaqla baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malik olmaqla etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarındadır. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Psixoloji vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 23 iyun 2022-ci il tarixli, 3/706 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tədqiqat obyekti əldə düzəltmə üsulu ilə ov silahı formasında hazırlanmış predmetdir, döyüş sursatı, partlacıyı maddə, odlu, qaz, pnevmatik və ya soyuq silah hesab edilmir, üzərində vurucu-buraxıcı mexanizmi olmadığından ondan atəş açılması mümkün deyil. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, zavod üsulu ilə tapança formasında istehsal edilmiş alışqan tapançanın gövdəsidir, odlu silah, qaz silahı hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs tələbnaməsindən görünür ki, o, əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahid ifadəsi, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 134-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməli, habelə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X13 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 72 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 12 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 72 (yetmiş iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-493/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-493/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver