Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-493/2025 23.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 30 iyul 2025-ci ildə saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci kilometrində 3 zolaqlı yolun orta zolağı ilə idarə etdiyi BYD markalı, Destroyer 05 Plug-İN hibrid minik modelli, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib qeyd edilən tələbləri pozaraq qarşıdan yolun sağ kənarından hərəkət hissəsinə daxil olub adi yeriyişlə 6 metr məsafə qət etmiş 1972-ci il təvəllüdlü piyada X5 avtomobilin ön sağ tin hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Vaqif Rəhimova ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran kəskin beyin ödemi ilə müşayiət olunmuş ağır dərəcəli baş-beyin əzilməsi, alın, sol gicgah, almacıq qövsləri sümüklərinin yerdəyişmiş sınıqları, 12-ci döş və 1-ci bel fəqərə çıxıntılarının yerdəyişmiş sınıqları, sağ tərəfli hemotoraks və sol tərəfli pnevmotoraksla müşayiət olunmuş sol V-Vİİİ qabırğaların yerdəyişmiş sınıqları və sağ budun hematoması xəsarətlərini yetirməklə X3 14 sentyabr 2025-ci il tarixdə, saat 08:00-da Bakı şəhəri “X12” PHŞ-də kəllə qapağı və əsası sümüklərinin sınıqları və baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin travmatik beyin ödemi səbəbindən ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, o, 30 iyul 2025-ci il tarixdə səhər saat 09:00-da evdən çıxıb, həmişəki kimi işə getmişdir. O, “Bolt” taksi şirkətində BYD markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü kimi işləmişdir. Həmin gün axşama kimi 24-25 sifariş icra etmişdir. Hadisə baş verən gün axşam saatlarında Ekologiya Postundan üzü 20 yanvar tərəfə 45-50 km/saat sürətlə orta cərgədə gedərkən, telefonuna yeni sifariş gəlmiş, o, gedəcəyi yeri müəyyən etmək üçün bir saniyəlik telefonunda olan naviqatora baxmış, bu an avtomobilin ön hissəsinə nəyinsə çırpıldığını görmüşdür. O, ilk öncə nə baş verdiyini anlamamış, avtomobili saxlayıb yerə düşükdən sonra yerdə bir nəfərin olduğunu görmüşdür. O, öz telefonu təcili tibbi yardımın 103 nömrəli qaynar xəttinə məlumat vermişdir. O, ilk öncə zərərçəkmiş şəxsi öz maşını ilə xəstəxanaya aparmaq istəsə də, hadisə yerinə yığışmış vətəndaşlar ona şokda olmasını bildirərək, icazə verməmişlər. Təxminən 5 dəqiqə sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş, zərərçəkmiş şəxsi təcili yardım maşınına mindirərək xəstəxanaya aparmışlar. O, da öz maşınını yolun kənarına çəkərək qapılarını bağlamış və taksi ilə zərərçəkmiş şəxsin ardınca “Semaşko” xəstəxanasına getmişdir. Xəstəxana çatan kimi 102 xidmətini də yığaraq məlumat vermişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin ölməsindən 40-ı çıxdıqdan sonra məlumatı olduğunu, hadisənin baş verdiyi ərazidə yolun sağ tərəfində yük maşınlarının dayandığını və onun zərərçəkmiş şəxsi görməməsinin əsas səbəblərindən birinin də zərərçəkmiş şəxsin həmin yük maşınlarının arasından çıxması olduğunu, zərərçəkmiş şəxsə onun maşının sağ farasının dəydiyini, əgər zərərçəkmiş şəxs maşından tutuna bilmiş olsa idi başının yerə dəyməyəcəyini, hadisədən sonra 6-7 gün xəstəxanaya gedib gəldiyini, 6-7 gündən sonra zərərçəkmiş şəxsin ailəsinin ondan dərmanlar üçün pul istədiyini, onun pulu olmadığından hər hansı məbləğdə pul verə bilmədiyini, bundan sonra aralarında soyuqluq yarandığını və əlaqələrinin kəsildiyini, əvvəllər ailəli olsa da, sonradan boşandığını, on dörd yaşında bir oğlu olduğunu və ona görə hər ay 245 manat aliment ödədiyini bildirdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs son sözlə çıxış edərək bildirdi ki, 20 il sürücülük təcrübəsi var və sürücülüyündən heç bir narazılığı yoxdur. Hadisə baş verən gün də mərhum zərərçəkmiş şəxs piyada keçidindən keçməmişdir, mərhum istəsə idi özünü maşının altına atmaya bilərdi. Zərərçəkmiş şəxsin yerində kim olursa olsun özünü qoruyaraq ölməyə bilərdi. İnsan öz canını sevirsə, heç vaxt maşın yolunu zərərçəkmişin keçdiyi kimi keçməz. Hadisə zamanı onun fikri bir saniyəlik yayınsa da yolunu dəyişməmiş, hər hansı manevr etməmişdir. Əgər hadisənin videogörüntüləri çıxarılarsa dedikləri öz təsdiqini tapacaqdır. Halallıq üçün zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq istəyir, təminat göstərməyə də, aylıq ödəniş etməyə də razıdır. Bundan başqa psixoloji problemləri olan azyaşlı övladı vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirdi ki, mərhum X7 onun əridir. Hadisə baş verən gün o, müalicəsi ilə bağlı İstanbul şəhərində olmuş, hadisə baş verən günün səhərsi ölkəyə qayıtmışdır. Hadisə baş verən vaxtdan ərinin öldüyü günədək 49 gün gecə-gündüz xəstəxanada olmuşlar. O, təqsirləndirilən şəxsi xəstəxanada bir gündən artıq görməmişdir. Ən azından xəstəxanada onların yanında olub, təsəlli verə bilərdilər. 49-cu gün əri rəhmətə getmiş, onlar ərinin nəşini Şəki rayonuna apararaq, orada dəfn etmişlər. Heç olmazsa yaş mərasiminə gəlib, baş sağlığı verə bilərdilər ki, onu da etməmişlər. Ümumiyyətlə təqsirləndirilən şəxs və ailəsinin onlara qarşı etdiklərini heç kim heç kimə etməzdi. İnsan heyvanı vurduqda belə onu sağaldana kimi narahat qalır, lakin qarşı tərəf onun ərinə heyvan qədər hörmət qoymamışdır. Qarşı tərəfin bu hərəkətləri ona və övladlarına çox pis təsir etmişdir. Həmçinin, ərinin xəstəxanada yatdığı müddət ərzində maddi cəhətdən də əziyyət çəkmişlər. Bir-iki dəfə bu barədə qarşı tərəfə məlumat verərək, köməklik göstərmələrini xahiş etsələr də, qarşı tərəf bu istiqamətdə hər hansı bir addım atmamışdır. Ərinin 52-i çıxdıqdan sonra təqsirləndirilən şəxsin atası onlara zəng edərək, ərinin öldüyünü eşitdiklərini və rayondan nə vaxt qayıdacaqlarını soruşmuşdur. Onlar rayondan qayıtdıqdan sonra təqsirləndirilən şəxsin ailəsi onların evinə gəlmiş, nə qədər xərclərinin çıxdığını soruşmuşlar. Onlar da müalicə və dəfn xərclərinə 20.000 manat xərclədiklərini demiş, qarşı tərəf xərcləri ödəyəcəyini bildirmişdir. Lakin, bundan sonra da onlara hər hansı məbləğdə ödəniş edilməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Şamaxı-Yexlax yolunun 11-ci km-dir, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer yaşayış məntəqəsi deyil, yolun işlək hissəsi düz olmaqla asfaltbetonludur, yol örtüyünün vəziyyəti quru, hər iki istiqamət üçün ümumi eni 11 metr olmaqla hərəkət zolaqlarının sayı 3-dür, ağ qırıq xətlər çəkilməklə bir-birindən ayrılmışdır. Yol işıq dirəkləri ilə işıqlandırılır, yolda sürət həddi maksimum 60 km/saatdır. Hadisəni törətmiş “BYD” markalı **-QM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi kapotun sağı əzilib batmış vəziyyətdədir, yolda şin izləri yoxdur, tormozlama izləri aşkar olunmur. Baxış zaman müəyyən edilmişdir ki, BYD markalı avtomobil hərəkətdə olarkən qarşıda yolu sağdan sola keçən piyadanı avtomobilin ön sağ tərəfi ilə vurmuşdur. Piyada sağdan sola hərəkətə başladığı andan vurulmaya kimi 6 metr məsafə qət etmişdir. Hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək, protokola əlavə olunmuşdur (i.v.6-11); • 31.07.2025-ci il tarixli 1/7826 nömrəli və 2/42801 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokollarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur (i.v.20-21); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X13 xx.xx.2025-ci il tarixli 1302 nömrəli “Ekspert Rəyi”ndən görünür ki, vətəndaş V.M.Rəhimovda aşkar edilmiş xəsarətlər - ağır dərəcəli baş-beyin əzilməsi ilə müşayiət olunmuş alın, sol gicgah, almacıq qövsləri sümüklərinin yerdəyişmiş sınıqları, Xİİ döş və İ bel fəqərə çıxıntılarının yerdəyişmiş sınıqları, sağ tərəfli hemotoraks və sol tərəfli pnevmotoraksla müşaiyət olunmuş sol V-Vİİİ qabırğaların yerdəyişmiş sınıqları bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aiddirlər (i.v.31-34); • YNHDİN istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Tural Mustafayevin BDYPİ-nin növbətçi hissəsinə ünvanlanmış məlumatından görünür ki, piyada V.Rəhimov xx.xx.2025-ci il tairxdə, saat 08 radələrində stasionar müalicədə olduğu Bakı şəhəri X11 ölmüşdür (i.v. 40); • “cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 41); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X13 xx.xx.2025-ci il tarixli 197 nömrəli “Ekspert Rəyi”ndən görünür ki: 1. X1 aşkar edilmiş xəsarətlər – kəskin beyin ödemi ilə müşayiət olunmuş ağır dərəcəli baş-beyin əzilməsi, alın, sol gicgah, almacıq qövsləri sümüklərinin yerdəyişmiş sınıqları, 12-ci döş və 1-ci bel fəqərə çıxıntılarının yerdəyişmiş sınıqları, sağ tərəfli hemotoraks və sol tərəfli pnevmotoraksla müşayiət olunmuş sol V-Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ budun hematoması bərk küt əşya(lar) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malikdirlər. 2. X2 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınıqları və baş-beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin travmatik beyin ödemi olmuşdur (i.v.46-52); • “zərərçəkmiş (ölmüş) şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, X6 əri X3 hüquqi varisi qismində tanınmışdır (i.v.57); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-159622/2025 nömrəli məktubundan görünür ki, DİN-in Baş X15 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1987ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (xx.xx.2035-ci il tarixədək etibarlı olan) BB 068775 nömrəli “B1 B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 28); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.27); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/2049 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumata əsasən BYD Destroyer 05 markalı, **-QM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır (i.v.66-68); • “Maddi sübütun tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi BYD markalı, Destroyer 05 Plug-İN hibrid modelli 77QM568 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və sahibinə qaytarılması nəzərə alınmışdır (i.v. 71); • “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 84); • “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 101); • məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqdim edilmiş və içərisində baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsü olan diskə baxış keçirilmiş, disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə olunmuşdur (CİLD İ); • “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-cü il təvəllüdlü bir övladı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 3-cü hissəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Həmin qərarın 11-ci hissəsinə uyğun olaraq CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Sözügedən qərarın 12-ci hissəsinə əsasən bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu hissəsinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 iyul 2025-ci ildə saat 23:00 radələrində idarə etdiyi BYD markalı, Destroyer 05 Plug-İN hibrid minik modelli **- MQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 11-ci kilometrində 3 zolaqlı yolun orta zolağı ilə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolun sağ kənarından hərəkət hissəsinə daxil olub adi yeriyişlə 6 metr məsafə qət etmiş 1972-ci il təvəllüdlü piyada X5 avtomobilin ön sağ tin hissəsi ilə vuraraq ona kəskin beyin ödemi ilə müşayiət olunmuş ağır dərəcəli baş-beyin əzilməsi, alın, sol gicgah, almacıq qövsləri sümüklərinin yerdəyişmiş sınıqları, 12-ci döş və 1-ci bel fəqərə çıxıntılarının yerdəyişmiş sınıqları, sağ tərəfli hemotoraks və sol tərəfli pnevmotoraksla müşayiət olunmuş sol V-Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ budun hematoması ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi vaxtında görməməsinin əsəs səbəblərindən birinin yolun sağ tərəfində yük avtomobillərinin dayanmış olması ilə bağlı dediklərinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş və piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi məhz sürücü Təqsirləndirilən şəxs təqsiri nəticəsində baş vermişdir. Bu hal yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin təqdim etdiyi və iş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəinin əks olunduğu videogörüntü ilə də öz təsdiqini tapır. Sürücü Təqsirləndirilən şəxs diqqəti daim yolda olmalı olduğu halda, o, diqqətsiz və ehtiyatsız davranaraq yola daxil olan piyadanı görməmişdir. Təqsirləndirilən şəxs bunu piyadanın yolu sağdan sola keçmək istəməsi və həmin vaxt yolun sağında yük avtomobillərin olması səbəbindən piyadanı görə bilməməsi ilə izah etsə də, bu hal işdə olan sübutlarla tam təkzib olunur. Həmçinin nəzərə almaq lazımdır ki, hadisənin baş verdiyi yerdə görüntü dairəsi məhdud olmamış, əksinə həmin ərazi süni işıqlandırma ilə işıqlandırılmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, piyada yolun sağından hərəkət hissəsinə daxil olun kifayət qədər böyük bir məsafə qət etmiş və sürücünün hərəkəti üçün təhlükə də piyadanın yolun sağından hərəkət hissəsinə daxil olub sola doğru hərəkətə başladığı andan yaranmışdır. Bu qədər məsafədə piyadanı görməməsi isə ancaq sürücünün ehtiyatsızlığı ilə izah edilə bilər. Həmçinin o da nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə sürücünü görməməsini həm də telefonuna yeni sifariş gəldiyindən gedəcəyi yeri müəyyən etmək üçün telefonuna baxması ilə əlaqələndirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini və öhdəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmənin qənaətinə görə hadisəni törətdikdən sonra uzun müddət zərərçəkmişlə maraqlanmaması, törətmiş olduğu əməldən peşman olmaması, əskinə baş vermiş hadisədə zərərçəkmiş şəxsi təqsirləndirən ifadələr verməsi Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi səciyyələndirən hallardır. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hazırki hökmün qəbul olunduğu 23 yanvar 2026-cı il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. CPM-in 197.1.4-cü maddəsinə uyğun olaraq mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. CPM-in 198.1-ci maddəsinə görə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Belə olan halda iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “BYD” markalı, Destroyer 05 Plug-İN hibrid modelli, **-QM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 275 (iki yüz yetmiş beş) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 yanvar 2026cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “BYD” markalı, Destroyer 05 Plug-İN hibrid modelli, **-QM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 275 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-493/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-493/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver