Məhkəmə qərarları › İş №1(001)-495/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-495/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-495/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 320/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəyi olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamış, hazırda həmin cəzanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 19 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu adsız marketin yaxınlığında istintaqa məlum olmayan mənbədən 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 0,084 qram çəkidə narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarında 0,312 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamin əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 13:40-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən “Araz” marketin qarşısında olduğu zaman Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin inzibati binasına gətirilmiş və saat 15:10-da üzərində aparılan axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən şeffaf sellafona bükülmüş şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0.312 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamin və qara rəngli kağızına bükülmüş təmiz çəkisi 0,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 mart 2023-cü il tarixdə dostu Rüfət Camalov ilə görüşmüş və evlərinin yaxınlığında “Araz Market” adlı marketin yaxınlığında küçədə dayanmışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq o və dostu Camalı, eləcə də yanlarında olan tanımadıqları bir şəxsi də polis avtomobilinə əyləşdirib Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə aparmışlar. Bölmədə Vaqif müəllimin otağında onun qabağına bükümləri qoyaraq bildirmişlər ki, həmin bükümləri öz üzərinə götürsün. O isə buna etiraz etmiş və bükümləri öz boynuna götürməyəcəyini bildirmişdir. Bundan sonra dostu Rüfət otaqdan çıxarılmış, polis əməkdaşları tərəfindən ona qarşı kobud rəftar edilərək işgəncə verilmişdir. O da bundan qorxduğu üçün qbağına qoyulmuş bükümləri öz boynuna götürməyə məcbur olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdən 1 km məsafə uzaqlıqda olmuşdur. Yanlarında qara avtomobil dayanmışdır. Hər üçü həmin qara avtomobil ilə blməyə aparıldı. Avtomobilə minməzdən öncə 15-20 dəqiqə bayırda dartışmışlar. Bölmədə yoxlama aparsalar da üzərindən narkotik vasitə çıxmamışdır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Xəzər RPİ-nin polis əməkdaşıdır. Bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə ondan və Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq, müvafi qərar qəbul edilmişdir. 19 mart 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən “Araz” marketin qarşısına getmişlər və həmin yerdə Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduğu üçün onu Binəqədi RPİ-nin 6-cı polis bölməsinə dəvət etmşilər. Bundan sonra Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilərək təhvil verilmişdir. Ona hüquq və vəzifələri izah etdikdən sonra üzərinə videoçəklişdən istifadə edilməklə axtarış aparılacağı bildirlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya oldğu halda təqdim etməsi təklif edilmiş, sonuncu əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağızına bükülmüş və bir ədəd şeffaf sellafona bükülmüş kütlələri təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükmlərdə heroin və metamfetamin olduğunu, onu 19 mart 2023-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu DSK yolu deyilən ünvanda tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Budnan sonra həmin bükümlər qablaşdırılaraq üzəri imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Qabilə qarşı heç bir müdaxilə olmamşdır. O, Kamal ilə birlikdə olmuşdur. Qabil bükümləri bölmədə könüllü təqdim etmişdir. Qabilin yanında dostu da var idi. Qabilin dostu könüllü olaraq onlarla birlikdə bölməyə getmişdir. . Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mart ayının 19-u Qabilin anasına zəng etmiş və Qabillə görüşmək istədiyini bildirmişdir. Həmin gün o, Qabilə “Araz” marketin yaxılığında görüşmüşdür. Bu zaman yanlarında tanımadıqları bir nəfər də olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşaraq Qabillə onu, həmçinin yanlarında dayanan digər şəxsi də polis avtomobilinə mindirib Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə aparmışlar. Bölmədə Vaqif müəllimin otağında bükümləri Qabilin qabağına qoyaraq demişlər ki, bu bükümlər onundur. Qabil də bükümlərin onun olmadığını bildirmişdir. Sonra onu həmin otaqdan çıxarmışlar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, market Qabilgilin evindən 1 km aralıdadır. Polislər gəldiyi qara Xəzər markalı avtomobil olmuşdur. Təxminən 15-20 dəqiqə poislərlə mübahisələri olmuş daha sonra hər üçü bir avtomobildə bğölməyə aparılmışdır. O, avtomobilin qabaq oturacağında əyləşmişdir. Onun üzərinə baxış keçirdilər, sonra onu çıxardılar. Qabilin üzərindən heç nə çıxmamışdır. O, ehtiyatda olan hərbiçidir. Qanunsuzluqla bağlı hər hansı yerə müraciət etməmişdir. Araz marketdən kamera görüntülərini istəsələr də onlara verilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 19 mart 2023-cü il tarixdə saat 13:40-da məhdudlaşdırılaraq həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən şeffaf sellafona bükülmüş ağ rəngli kristallik formada və qara rəngli kağızına bükülmüş qəhvəyi rəngli maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1685 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 175” dairəvi möhür əksləri və “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,084 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,312 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,084 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,034 qram. Metamfetaminin təmiz çəkisi – 0,312 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,262 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağızına bükülmüş narkotik vasitə heroinə və bir ədəd şeffaf sellafona bükülmüş psixotrop maddə metanfetaminə maddəyə bənzər kütlələri təqdim edir, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotok vasitə və psixotrop maddəni 19 mart 2023-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu DSK yolu deyilən ünvanda tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirir, qeyd olunan kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı Nəsimi Musayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırıaraq möhürlənib götürülür, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə baş təhqiqatçısı tərəfindən protokol tərtib edilir, protokol iştirakçılara oxunur, möhürlənmiş zərfi və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-285/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən müvafiq hölm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına əhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkum edildiyi 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 6 ay 23 gün müddətdə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-320/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi CM-in 67.1ci maddəsinə əsasən hökmlə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin xx.xx.2023-cü il tarixli, 3747 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,084 qram narkotik vasitə olan heroin, 0,312 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və heroinin tədqiqatdan sonra qalıq qalmış 0,034 qramı, eləcə də metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,262 qramı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd disk sübut növü kimi qiymətləndirilərək, cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair və dəvət edilmiş əlavə şahidin məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin və əlavə şahidin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş, təqsirləndirilən şəxsin və əlavə şahidin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin miqdarı 0,15 qramdan artıq və 2 qrama qədər olduğundan, onun həmin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamaqla daşıma kimi tövsif edilmiş, narkotik vasitə olan heroinin qramı isə 0,15 qramdan az miqdar təşkil etdiyindən heroinin şəxsi istehlak miqdarından artıq miqdar kimi nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, hazırda həmin məhkumluq üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd olunan qanuvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 320/2023 nömrəli hökmü ilə məhkum edildiyi 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-285/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməyərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, 21 mart .03.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 mart 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-320/2023 nömrəli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni 26 iyul 2023-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,034 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0,262 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-320/2023 nömrəli hökmü ilə məhkum edildiyi 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,034 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0,262 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar