Məhkəmə qərarları › İş №1(001)-496/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-496/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-496/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, İsmayıllı rayonu, Yeniyol kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, fərdi evdə yaşamış, hal hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,483 qram ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 17:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən “Uğur” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 18:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,483 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddət olar ki, bədənində ağrılar olduğu üçün psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi metamfetamini Bakı şəhərinin müxtəlif yerlərindən, tanımadığı şəxslərdən əldə edir. 02 fevral 2024-cü il tarixdə, günorta saatlarında o, psixotrop maddə əldə etmək məqsədi ilə Bakı şəhərində yerləşən və «Papanin» kimi tanınan əraziyə getmişdir. Orada o, əvvəllər tanımadığı, lakin zahiri görünüşündən psixotrop maddə istifadəçisinə oxşar bir şəxsə yaxınlaşaraq həmin şəxsə, bədənində ağrılar oduğunu və buna görə də psixotrop maddəyə ehtiyacının olduğunu bildirmişdir. Həmin şəxs ona, 10 manata bir büküm metamfetamin verə biləcəyini bildirmişdir. O, razılaşaraq həmin şəxsə 10 manat pul verib qarşılığında şəffaf sellofana bükülmüş halda olan metamfetamini əldə edərək əynində olan şalvarının sağ yan cibinə qoymuş və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 02 fevral 2024-cü il tarixdə saat 19:15 radələrində o, ünvan 1 ünvanında yerləşən “Uğur” marketin yaxınlığında olarkən ona, iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş, Binəqədi rayon polis idarəsinin 40-cı Polis bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq psixotrop maddə əldə edib, üzərində saxlamaqda şübhəli bilindiyini bildirərək onu 40-cı Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olarkən təhqiqatçı tərəfindən ona, müdafiə hüquqları izah edilmiş və o, maddi imkanı olmadığı üçün dövlət hesabına pulsuz müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra ona, Bakı şəhəri, 11 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və o, həmin siyahıda adları qeyd olunan istənilən vəkil tərəfindən müdafiə olunmağına etiraz etmədiyini bildirmişdir. Bir müddət sonra təhqiqatçı tərəfindən ona, 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. O, həmin vəkillə tanış olduqdan sonra hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Təhqiqatçı tərəfindən buna dair protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmağı haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti ona təqdim edilmiş, o cümlədən şübhəli şəxs kimi bütün hüquq və vəzifələri ona izah edilmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən ona, barəsində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra o, ərizə ilə müraciət edərək, barəsində aparılacaq şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak etməsini istəmədiyini bildirmişdir. Bundan sonra müdafiəçisinin iştirakı olmadan onun barəsində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Proses başlamadan öncə təhqiqatçı tərəfindən ona, eləcə də digər iştirakçılara, həmin prosesin video çəkilişlə baş tutacağı bildirilmiş və heç biri buna etiraz etməmişlər. Bundan sonra təhqiqatçı ona, üzərində psixotrop maddə və ya daşınması qanunla qadağan edilmiş digər əşya vardırsa həmin əşyaları təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmış və üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı o, təhqiqatçıya, masanın üzərinə qoyduğu bükümün içərisində olan kütlənin metamfetamin olduğunu, həmin psixotrop maddəni də xx.xx.2024-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, «Papanin» kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi və içərisində psixotrop maddə olan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyulmuş, zərf möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Yekunda təhqiqatçı tərəfindən barəsində şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və o, həmin protokolu oxuyaraq doğruluğunu imzamla təsdiq etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və eyni zamanda hazırda üzərindən aşkar edilmiş psixotrop maddədən də heç kimə heç bir miqdarda satmamış və ya hədiyyə verməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təzyiq göstərilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis mayoru vəzifəsində işləyir. 02 fevral 2024-cü ildə işlədiyi Binəqədi RPİ-nin 40-cı PB-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1988-ci il tarixdə, İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu, Yeniyol kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 40cı PB-nin rəhbərliyinə raportla məlumat vermiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, onun rəhbərlik etdiyi, Binəqədi RPİ- nin 40-cı PB-nin c/a üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izldədikdən sonra 02 fevral 2024-cü il tarixdə saat 17:10-da ünvan 1 ünvanında yerləşən “Uğur” marketin yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə həmin şəxsə özlərini təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışdırlar. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra onlar Təqsirləndirilən şəxs psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etmədiyindən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarova təqdim ediməklə araşdırmanın aparılması da həmin təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri “11” saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 40-cı PB-nin inzabati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bununla bağlı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddə hesab edilən metamfetamini xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən 10 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşıdığını və polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirildi, lakin başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metametaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarov tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ- nin 40-cı PB-nin c/a üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair sonuncu barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə saat 17:10-da Binəqədi RPİ-nin 40-cı PBnin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 6/767 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,483 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı İ) daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi Anar Ağayarovun vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edib, həmin bükülünün içərisində metamfetamin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 3303 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-574/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02(iki) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(037)-12/2024 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) il 2(iki) 18(on səkkiz) gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01(bir) il 01(bir) ay 09(doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Cəzanın çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 04 iyun 2024cü il tarixdən hesablanmışdır. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,433 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin X5 Kamerasına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə, habelə hadisə yerinə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli əmələ görə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki Təqsirləndirilən şəxs Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş hissəsi əvəz olunmuş 01(bir) il 01(bir) ay 09(doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 09(doqquz) ay 23(iyirmi üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə qəti cəza təyin edilməlidir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 02 fevral 2024-cü il tarixdə saat 18:20-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 04 fevral 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 11:30-dan 12:55-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(037)- 12/2024 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) il 2(iki) 18(on səkkiz) gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01(bir) il 01(bir) ay 09(doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Cəzanın çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 04 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,433 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120(yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş hissəsi əvəz olunmuş 01(bir) il 01(bir) ay 09(doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 09(doqquz) ay 23(iyirmi üç) gün hissəsi hazırki hökmə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdən 04 fevral 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,433 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar