Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-498/2025 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 avqust 2025-ci il tarixdə, saat 01:00 radələrində ünvan 2 ünvanında yerləşən 13 saylı fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs faktiki mülkiyyətində olmaqla həmin ünvanda saxladığı dəyəri 4.500 manat olan “SYM XPRO 125 AE12WC-EU” markalı, 99-H-153 dövlət qeydiyyat nişanlı motosikli və motosikldə olan 20 manat dəyərində 1 ədəd qara rəngli pul kisəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4.520 (dörd min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayır. Hadisə baş verən gün bir müddət “Biləcəri” parkında gəzişdikdən sonra gecə saat 01:00 radələrində evə gedərkən motosiklet görmüş və həmin motosikleti götürmək qərarına gəlmişdir. O, motosikletə yaxınlaşaraq, itələyə-itələyə yaxınlıqdakı hərbi hissənin yanına gətirmişdir. Həmin yerdə naqil sistemini birləşdirməklə motosikleti işə salaraq yaşadığı ünvana gətirmişdir. Motosikleti yaşadıqları həyətə daxil etmiş və motosikletə baxış keçirərkən, oturacağın altından pul kisəsi tapmışdır. Pul kisəsinin içərisində zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və motosikletə aid sənədlər olmuşdur. Həmin sənədləri yaşadığı evdə özünə məxsus dolaba qoymuş, fikirləşmişdir ki, səhəri gün sənədləri motosikletlə birlikdə aparıb götürdüyü əraziyə qoysun. Lakin, o, motosikleti götürdüyü yerə aparmağa macal tapmamış evlərinə gələn polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2025-ci il avqustun 24-dən 25-nə keçən gecə 23:30 radələrində yaşadığı məhlədən avtomobillə Xırdalan şəhərinə getmiş, 02:00 radələrində qayıtmışdır. Qayıtdıqda görmüşdür ki, yaşadığı evin qarşısında saxladığı motosikleti yerində yoxdur. O, motosikletini axtarsa da, tapa bilməmiş və bu barədə polisə məlumat vermişdir. Polisə məlumat verdikdən 15 dəqiqə sonra polislər onun ünvanına gəlmişlər və onlar birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində ərizə yazaraq motosikletinin oğurlanmasını bildirmişdir. Səhəri gün günorta saatlarında polisdən ona zəng vurulmuş və motosikletin tapıldığı bildirilmişdir. O, polis bölməsinə getmiş və orada motosikletin ona məxsus olmasını təsdiq etmişdir. Motosikleti qaytarılsa da, motosikletinə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməmişdir. Belə ki, təqsirləndirilən şəxs motosikletin naqillərini kəsmiş, plasmas hissələrini və sükan idarə etmə sistemini sındırmışdır. Motosikleti güclüklə idarə edib, polis bölməsinə gətirmişdir. Bundan sonra motosikleti ekspertizaya göndərilmiş, təxminən on beş gün sonra ona qaytarılmışdır. Motosikletinə 900 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, icraata qəbul edilmişdir (i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə ünvan 3 ünvanına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 7-9); • “götürmə və baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə oğurladığı Zərərçəkmiş şəxs məxsus olan “SYM XPRO 125 AE12WC-EU” markalı, 99-H-153 dövlət qeydiyyat nişanlı motosikleti və 01 ədəd qara rəngli, üzərində toyota markasının loqosu olan pul kisəsini könüllü olaraq təqdim etmiş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 18-21); • “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28-29); • “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdə, saat 20:20-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 55-56); • “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 71); • “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 90-91); • “götürmə aparılması və baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 99-H-153 dövlət qeydiyyat nişanı götürülmüşdür (i.v. 105); • “ifadənin yerində yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli Protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs motosikli oğurladığı yeri və 99-H-153 dövlət qeyddiyat nişanını tulladığı yeri əyani olaraq göstərmişdir (i.v. 117-119); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 120); • “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 212 saylı rəyindən görünür ki, işlənmiş vəziyyətdə olan, 2024-cü il buraxılışlı, mühərrikinin işçi həcmi 125 kub santimetr olan “SYM X PRO 125 AE12WC-EU” markalı, 99-H-153 dövlət qeydiyyat nişanlı motosiklın 2025-ci ilin avqust ayına olan pərakəndə satış (sərbəst satış) qiyməti 3825,00 (üç min səkkiz yüz iyirmi beş) manat məbləğində, üzərində “Toyota” markasının loqosu təsvir olunmuş qara rəngli dəri pul kisəsinin 2025-ci ilin avqust ayında olan pərakəndə satış (sərbəst satış) qiyməti 5,00 (beş) manat məbləğində müəyyən edilir (i.v. 121-127); • “sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi 01 ədəd “SYM X PRO 125 AE12WC-EU” markalı, 99-H-153 dövlət qeydiyyat nişanlı motosikl, 01 ədəd üzərində “Toyota” markasının loqosu təsvir olunmuş qara rəngli dəri pul kisəsi, 99-H- 153 dövlət qeydiyyat nişanı iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 136-142); • zərərçəkmiş şəxsin təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “SYM X PRO 125 AE12WC-EU” markalı, 99-H-153 dövlət qeydiyyat nişanlı mopeddə qüsurlar aşkar edilmiş, təmir xərcləri 915 (doqquz yüz on beş) manat təşkil edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə törətmiş olduğu əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşının gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudılaşdırılması cəzasını təyin etsin. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CM-in 99-1.2-ci maddəsinin tələblərinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. CPM-in 132.1-ci maddəsinə əsasən məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Belə olan halda iş üzrə maddi sübut qismində tanınaraq, Zərərçəkmiş şəxs qaytarılmış əşyalar onun istifadəsində saxlanılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 440 (dörd yüz qırx) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur Göstərilənlərə nəzərə alaraq, habelə CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 26 avqust 2025-ci il tarixdən 28 avqust 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını hər gün saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “SYM X PRO 125 AE12WC-EU” markalı, 99-H-153 dövlət qeydiyyat nişanlı motosikl, 01 ədəd üzərində “Toyota” markasının loqosu təsvir olunmuş qara rəngli dəri pul kisəsi, 99-H-153 nömrəli dövlət qeydiyyat nişanı Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 440 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-498/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-498/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver