Məhkəmə qərarları › İş №1(001)-501/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-501/2025

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-501/2025 06.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çaxırlı ərazi dairəsi, Sarıcəfərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən, ev 19-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə gecələdikləri ünvan 1 ünvanında yerləşən “Salt” hotelin 14 nömrəli otağında Zərərçəkmiş şəxs yatılı vəziyyətindən istifadə edərək ona məxsus əl çantasından 200 manat nağd pul və həmin otaqda dolabın üzərindən Zərərçəkmiş şəxs məxsus dəyəri 2090 (iki min doxsan) manat olan “İphone 15Pro” markalı mobil telefonu daxilində 3 manat dəyərində olan ***-***-**-**6 saylı mobil nömrə ilə birlikdə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2293 (iki min iki yüz doxsan üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs məxsus 200 manat pulu saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs əl çantasına qanunsuz daxil olmaqla oğurlamışdır. İşin halları və dəlilləri: Məhkəmə baxışında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünü CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə əvvəllər bir dəfə pul qarşılığında görüşdüyü və cinsi münasibətdə olduğu Dilbər adlı qadına zəng vuraraq, yenidən görüşmək istədiyini bildirmişdir. Dilbər ona vaxtı olmadığını və görüşmək istəyərsə rəfiqəsi Pərvanəyə zəng etməsini demiş, Pərvanənin mobil telefon nömrəsini ona vermişdir. Pərvanə ilə əlaqə saxlayıb danışmış, onunla 100 manat müqabilində gecəlik görüşə razılaşmışdır. Həmin gün gecə saatlarında “Salt” otelə getmiş və Pərvanə ilə gecələmək üçün otaq tutmuşdur. Bir müddət sonra Pərvanə də həmin otelə onun tutduğu otağa gəlmişdir. Onlar birlikdə viski içmişlər. O, Pərvanəyə 100 manat pul vermiş və onlar cinsi əlaqədə olmuşlar. Saat təxminən 04 radələrində yatmışdır. Səhər işə getməli olduğundan saat 06:00-da yuxudan oyanmışdır. Gecə çox içdiyindən və yuxudan oyandıqdan sonra hələ də içkinin təsiri altında olduğundan Pərvanənin mobil telefonunu və pulunu oğurlamaq qərarına gəlmişdir. Pərvanənin yatılı olmasını görüb Pərvanənin çantasını açmış və içərisində qəhvəyi rəngli pul qabı olduğunu görmüşdür. Həmin pul qabını açdıqda içərisində 100 manat Pərvanəyə verdiyi pul və 1 ABŞ dollarının olduğunu görmüşdür. Pərvanənin qul qabısından 100 manat pulu və Pərvanəyə məxsus mobil telefonu götürərək, otağı tərk etmişdir. Pərvanədən oğurladığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Pərvanədən oğurladığı telefonu satmaq üçün Sabunçu qəsəbəsində yerləşən telefon dükanlarına aparmışdır. Telefon kodda olduğu üçün apardığı dükanlar telefonu almaqdan imtina etmişlər. O, telefonun kodunu açmaq üçün həmin ərazidə olan dükanlardan birində Elnur adlı telefon ustasına göstərmiş, Elnur isə bunun üçün çox pul lazım olduğunu və telefonu 100 manata ala biləcəyini demişdir. O, Elnurla razılaşaraq Pərvanədən oğurladığı telefonu 100 manata Elnura satmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, ilk dəfə cinayət törətməsi nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə gecə saat 12:00 radələrində Təqsirləndirilən şəxs ilə Biləcəri qəsəbəsində yerləşən “Salt” oteldə görüşüb, bir qədər içki içmişlər. Spirtli içkinin təsirindən tez yatmışdır. Səhər saat 6-7-yə işləmiş oyanıb görmüşdür ki, nə “İphone 15Pro” markalı mobil telefonu, nədə ki çantasında olan 200 manat pul yoxdur. Bundan sonra o, oteli tərk edərək polisə getmiş və oğurluq barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışında Şahid ifadə verərək bildirdi ki, Sabunçu qəsəbəsində, X3 ilə üzbə-üz telefon dükanı işlədir. Hazırda dəqiq xatırlmadığı tarixdə təqsirləndirilən şəxs onun dükanına gəlmiş, “İphone 15Pro” markalı mobil telefonunun koda düşdüyünü və həmin telefonu koddan çıxara bilib-bilmədiyini soruşmuşdur. O, telefonun koddan çıxarılmasının 500-600 manat xərci olduğunu bildirmiş, təqsirləndirilən şəxs o qədər pulunun olmadığını demiş və ondan telefonu ehtiyat hissəsi kimi almaq istəyib-istəmədiyini soruşmuşdur. Həmin vaxt onun üzərində cəmi 100 manat pul olmuş və o, telefonu 100 manata ala biləcəyini təqsirləndirilən şəxsə bildirimşdir. Təqsirləndirilən şəxs onun bu təklifi ilə razılaşmış, o, 100 manat ödəyərək telefonu almışdır. Telefonu alarkən təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini onun mobil telefonuna göndərmişdir. O, həmin telefonu ehtiyat hissəsi kimi tanımadığı şəxsə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:  “cinayət işi başlama və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1);  “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 iyul 2025-ci il saat 19:15-dən tutulmuş hesab edilmişdir (i.v. 28-29);  “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 52);  “ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayəti işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 61);  “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 64);  “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 84-85);  “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət təqibini həyata keçirən orqandan gizlənməsi, seçilmiş qətimkan tədbirinin şərtlərini pozması və heç bir üzrlü səbəb olmadan çağırışlara əməl etməməsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 94-95);  Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmışdır (i.v.126-131);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v. 44);  “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 247 saylı rəyindən görünür ki, işlənmiş vəziyyətdə olan, “İphone 15 Pro 512GB Blue” markalı mobil telefonun xx.xx.2025-ci il tarixə olan real bazar qiyməti ilə dəyəri 2090,00 (iki min doxsan) manat məbləğində müəyyən edilmişdir (i.v. 146-150);  “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, oğurlanan mobil telefonun alqı-satqısına dair 1 ədəd A4 vərəq cinayət işi üzrə maddi sübut hesab edilmişdir (i.v. 174-180). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 25-ci maddəsinin tələblərinə görə hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər. Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli 1 nömrəli Qərarının 19-cu hissəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci hissəsinin üçüncü abzasında göstərilmişdir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir. Hazırkı cinayət işinin materialları təhlil edildikdə müəyyən olunur ki, pul vəsaitinin saxlanıldığı əl çantası “başqa saxlanc yeri” üçün müəyyən edilmiş yuxarıda göstərilən hüquqi meyarlara cavab vermir. Belə ki, əl çantasının funksional təyinatı əşyaların stasionar və mühafizəli şəkildə saxlanılması deyil, onların daşınmasıdır. Əl çantası cinayətkar qəsdin reallaşdırılması üçün hər hansı xüsusi maneə yaratmayan, gündəlik istifadə olunan adi məişət əşyasıdır. Xüsusi mühafizə tədbirləri ilə təchiz edilməmiş bir əşyaya, yəni əl çantasına daxil olma “saxlanc yerinə daxil olma” kimi qiymətləndirilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 17 mart tarixli Qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. X2 Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-in 318.1-ci maddəsinin ikinci cümləsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsinin tərkibini yaratmır və onun törətmiş olduğu cinayət əməli həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda məhkəmə Zərərçəkmiş şəxs məxsus oğurlanmış mobil telefonun dəyərinin 3.000 (üç min) manat qiymətləndirilməsi ilə bağlı ibtidai istintaq orqanın gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin mobil telefonun qiyməti 2090 (iki min doxsan) manat qəbul edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli 1 nömrəli Qərarının 27-ci hissəsinin sonuncu abzasına əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İş materiallarında olan “X1” MMC-nin xx.xx.2025-ci il tarixli, 247 saylı rəyinə əsasən işlənmiş vəziyyətdə olan, “İphone 15 Pro 512GB Blue” markalı mobil telefonun xx.xx.2025ci il tarixə olan real bazar qiyməti ilə dəyəri 2090,00 (iki min doxsan) manat məbləğində müəyyən edilmişdir. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Lakin, iş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı ittihamın həllində əmlakın faktiki dəyərinin və zərərçəkmiş şəxsə vurulan maddi ziyanın miqdarının müəyyən edilməsində müvafiq ekspert rəyinin deyil, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi dəyər göstəricilərinin əsas götürülməli olması qənaətinə gəlsə də, bu barədə qərarını əsaslandırmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə səmimi peşman olaraq törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış oğurlanan mobil telefonun alqı-satqısına dair 1 ədəd A4 vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 330 (üç yüz otuz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə nəzərə alaraq, habelə CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 01 iyul 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanıb hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış oğurlanan mobil telefonun alqı-satqısına dair 1 ədəd A4 vərəq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 330 (üç yüz otuz) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar