Məhkəmə qərarları › İş №1(001)-502/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-502/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-502/2023 21.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Merdinli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Azərbaycan Tennis Federasiyasında sürücü işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 397, DSK-2-də yerləşən yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 19 mart 2023-cü il tarixdə, saat 11 radələrində, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 397, DSK-2 inzibati binasının həyətində qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs onun çağırışına cavab verməməsi səbəbindən qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əvvəlcə sağ əli ilə Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinə bir dəfə şillə ilə qəsdən vurmuş, Zərərçəkmiş şəxs su qabının üstünə qismən ayaq üstə olmaqla yıxıldıqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol tərəfində dayanmaqla əlləri ilə həmin şəxsin baş nahiyəsinə qəsdən yumruqlar, sonra isə əlləri ilə Zərərçəkmiş şəxs baş ilə sol qol nahiyələrinə bir neçə dəfə qəsdən yumruqlar vuraraq Zərərçəkmiş şəxs “sol təbil pərdəsinin perforiyası ilə müşayət olunan sol qulaq seyvanın qançırı, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sol-mil bilək oynağı nahiyəsinin qançırları, sağ və sol said nahiyələrinin sıyrıqları” ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar zavodun həyətində yaşayırlar və qaçqın kimi orada məskunlaşmışlar. Gündüzlər orada başqa adamlar işləyir. Həyətdə sarmaşıq vardır və o, orada torba basdırıb sarmaşığı uzatmaq istəmişdir ki, evin gəlinləri xalça yuyanda görülməsinlər. Həyətdə ip vardır və o, ipi götürüb, sarmaşığa toxuyub onu qabağa çəkən zaman Nübar gəlib ipi götürdü ki, ip onlarındır. O da Nübara belə etməməsini bildirmişdir. Bu zaman Nübar yaxşı etdiyini bildirməyə başladı və o Nübarı vurdu. Onların arasında çoxdan münaqişə olmuşdur. Qardaşına təhqir olunması ilə bağlı smsləri göndərmişdir. Zərərçəkmiş şəxs onun qardaşı arvadıdır və qadındır. Ona görə də, ondan küməmişdir. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncunun ona qarşı heç bir şikayət və tələb yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ipi rayondan qaynanası gətirmişdir. 19 mart 2023-cü tarixdə, saat 11 radələrində o, qayınanası Gülbəs, qaynı Bəşir birlikdə yaşadıqları DSK-2 zavodunun həyətində olmuşlar. Həmin vaxt həyətin ortasında yerdə olan ipi görən qayınanası Gülbəs həmin ipi zivə düzəltmək üçün gətirdiyini, ipi kimin yerə atdığını onlardan soruşmuşdur. O da qayınanası Gülbəsə ipi yerdən götürməsini bildirmişdir. Sonra o, qayınanası Gülbəs ilə birlikdə evə daxil olduqda, qayınanası Gülbəs ona həyətə çıxaraq ipi götürməsini bildirmişdir. O, da evdən həyətə çıxıb yaxınlaşaraq ipi yerdən götürdükdə, qaynı Bəşir də ona “az” deməklə ipi yerə qoymağını bildirmişdir. O isə “o nə sözdür, mənə deyirsən” sözlərini qaynı Bəşirdən soruşaraq yoluna davam edib ətrafı tor hasarla əhatələnmiş toyuq hinin içərisinə girmişdir. Evə aparmaq üçün əlindəki ipi hində olan kisənin içərisinə qoymaq istəyərkən qaynı Bəşir də onun ardınca hinə girib ona yaxınlaşmışdır. Sonra arxadan əli ilə saçlarından tutaraq, yumruqla onu vurmağa başlamışdır. Qaynı Bəşir onu vurarkən qayınanası Gülbəs hinə girərək Bəşiri tutub dartmaqla ondan aralmışdır. Onunla qayınanası Gülbəs birlikdə toyuq hinindən çıxaraq evin içərisinə girdikdə, qaynı Bəşir də eyni həyətdə yaşadıqları öz evinə getmişdir. 24 mart 2023-cü il tarixdə, saat 11 radələrində qaynı Bəşirlə birlikdə yaşadıqları evin həyətində olarkən aralarında mübahisə yaranmış, Bəşir yaşadığı evdə yaşamağı ona qoymacağını bildirmişdir. Ona görə də, o, yaşadığı evdən çıxıb anasının evinə getmişdir. Anasının evində olarkən qaynı Bəşirin 19 mart 2023cü il tarixdə onu döyməsi ilə Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng edərək məlumat bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, həyətdən çığırtı səsi gəldiyi üçün evdən həyətə çıxmışdır. Həyətdə toyuq hininin içərisində oğlu Bəşirin gəlini Nübarı döydüyünü görmüşdür. Oğlu Bəşir gəlini Nübarın sol tərəfində dayanmaqla əlləri ilə gəlininin baş, bədən nahiyələrinə qəsdən yumruqlar vurmuşdur. Gəlini Nübar da üzünə vurmasın deyə əlləri ilə üz nahiyəsini qapamışdır. Həmin vaxt tez gedərək hinin içərisinə girib onlara yaxınlaşaraq oğlu Bəşiri tutub dartmaqla gəlini Nübardan aralamışdır. Gəlini Nübar da oğlu Bəşirin vurmaması üçün onun arxasına keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə tərtib edilmiş yekun protokolun ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə başlanmış məhəməyədək icraat materialı üzrə tərtib edilmiş yekun protokol ləğv edilmiş və faktla bağlı material üzrə həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə olan hadisə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 397, DSK-2-də yerləşən zavodun həətində baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 515 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol təbil pərdəsinin perforiyası ilə müşayət olunan sol qulaq seyvanın qançırı, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sol-mil bilək oynağı nahiyəsinin qançırları, sağ və sol said nahiyələrinin sıyrıqları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti 19 mart 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, eləcə də barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. AZ-İİİ 432416 nömrəli və AZ-İİİ 719988 nömrəli doğum haqqında şəhadətnamələrədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsdən görünür ki, Təqsirləndirilən şəxs il barışmış, hazırda ondan şikayətçi deyil, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və məhkəmədən iş üzrə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 32 (otuz iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar