Məhkəmə qərarları › İş №1(001)-502/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-502/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-502/2025 08.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını xeyli miqdarda gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci dəmir yolu küçəsində yerləşən 6b nömrəli fərdi yaşayış evinin həyətinin hasarından tullanaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətdəki olan tikilidən 1 ədəd 500 manat dəyərində su qızdırıcını, 1 ədəd 700 manat dəyərində “Ariston” markalı su qızdırıcını və pəncərədən daxil olmaqla evdən 1 ədəd 380 manat dəyərində işlək vəziyyətdə olan xalçanı, 1 ədəd 2.000 manat dəyərində 1950-ci ildə istehsal edilmiş antik xalçanı, 1 ədəd 600 manat dəyərində karton qutuya yığılmış qab-qacaq dəstini, 1 ədəd 1.000 manat dəyərində “Karaca” markalı mis əlvan metaldan hazırlanmış karton qutuda olan qazan, çaydan və dərin qabı, 1 ədəd 150 manat dəyərində samovarı, 1 ədəd 300 manat dəyərində əl işi olan nərdtaxtanı və 1 ədəd 500 manat dəyərində yataq örtüyünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 6.130 (altı min yüz otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci dəmir yolu küçəsində yerləşən 6b nömrəli fərdi yaşayış evinin həyətinin hasarından tullanaraq pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd 70 manat dəyərində “Palaroid” markalı fotoaparatı, 1 ədəd 120 manat dəyərində kartof məhsulu bişirən aparatı, 1 ədəd karton qutuya yığılmış ümumi dəyəri 150 manat təşkil edən uşaq oyuncaqlarını, 1 ədəd 200 manat dəyərində tozsoranı, 1 ədəd 700 manat dəyərində “LG” markalı televizoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1.240 (bir min iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzindən məhkəməyə daxil olmuş cavab məktubundan göründüyü kimi cinayət işinin istintaqını aparmış Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi Elnur Əsədov və təqsirləndirilən şəxsin müdafiəçisi Nazim Abdullayev xx.xx.2025-ci il tarixdə saat 12:40dan 12:55-dək, xx.xx.2025-ci il tarixdə saat 12:55-dən 13:09-dək və xx.xx.2025-ci il tarixdə saat 12:58-dən 13:10-dək müəssisədə olmuşlar. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40-da Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmçinin təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, o, saat 12:50-dən 13:40-dək ifadə vermiş, bundan başqa, cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi tanış etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:55-dən 13:20-dək cinayət işinin materialları ilə tanış olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs CMin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və məhkəməyədək icraat zamanı cinayətprosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasının gedişində əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs müdafiə və cinayət işinin materialları ilə tanış olmaq hüquqları pozulmuşdur. Bununla bağlı cinayət işinin materialları nəzərdə keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında” protokolda, xx.xx.2025-ci il tarixli “təqsirləndirlən şəxsə yenidən ittiham elan etmək haqqında” qərarda, xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquq və vəzifələri haqqında” bildirişdə, xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrində nəzərdə tutulmuş hüquqları haqqında” bildirişdə, xx.xx.2025-ci il tarixli “təqsirləndirlən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın, o cümlədən hüquq və vəzifələrinə dair yazılı bildirişlərin təqdim edilməsi haqqında” protokolda, xx.xx.2025-ci il tarixli “cinayət prosesinə etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında” protokolda, xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolunda, xx.xx.2025-ci il tarixli “ekspert rəyini təqsirləndirilən şəxsə və müdafiəçisinə elan edilməsi haqqında” protokolda, xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verilməsi haqqında” və xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolda Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 imzaları vardır. xx.xx.2025-ci il tarixli “təqsirləndirlən şəxsə yenidən ittiham elan etmək haqqında” qərara və xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokola əsasən Binəqədi RPİ-nin İstinatq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 və təqsirləndirilən müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 xx.xx.2025-ci il tarixdə saat 12:40-dan saat 13:40-dək, xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verilməsi haqqında” protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 12:50-də, xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 12:55-dən 13:20-dək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzində olmuşlar. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-7638/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs tənbeh növü tədbiq edilmiş Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması məqsədilə Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 və müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 xx.xx.2025-ci il saat 12:40dan 12:55-dək, xx.xx.2025-ci il saat 12:55-dən 13:09-dək, xx.xx.2025-ci il saat 12:58-dən 13:10-dək Mərkəzdə olmuşdurlar. Qeyd olunan hallardan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 formal olaraq protokol tərtib edərək cinayət işinin materiallarına əlavə etmiş, faktiki olaraq Təqsirləndirilən şəxs müdafiə və cinayət işinin materialları ilə tanış olma hüquqlarını pozmuşdur. Belə ki, CPM-in 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218-221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin vəzifəsidir. CPM-in 91.5.22-ci maddəsində əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-in 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-in 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması onun hüququ olması ilə yanaşı qanunvericiliyin həmin tələblərinə əməl edilməsi müstəntiqin birbaşa vəzifəsi hesab edilir. Lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X4 tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməyərək, iş üzrə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış edilməsi barədə formal protokol tərtib edib iş üzrə istintaqı yekunlaşdırmışdır. Belə ki, sorğu verilərək alınmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinin məktubu ilə müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verilməsi haqqında” və xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokollarda qeyd edilmiş vaxtlarda Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən prosessual hərəkətlərin aparılmasında iştirak etməmişdir. Göstərilən həmin hal xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verilməsi haqqında” və xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolların formal olaraq tərtib olunmasını və həmin tarixlərdə müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxslə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzində istintaq hərəkətlərinin aparılamamasına dəlalət edir. Bununla yanaşı müdafiə hüququnun pozulması ilə bağlı məhkəmə qeyd edir ki, müdafiə hüququ təqsirləndirilən şəxsin ən mühüm hüquqlarından biridir. Bu hüququn pozulması yolverilməzdir və bu kimi halları istər Azərbaycan Respublikasının Cinayət- Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları birmənalı qadağan edir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, müdafiəçiyə malik olmaq konstitusion hüququnun həyata keçirilməsinin qaydaları və şərtlərini tənzimləyərkən qanunverici CPM-in 92-ci maddəsi ilə bu hüququn reallaşdırılmasını şübhəli (təqsirləndirilən) şəxsin iradəsi və ya ədalət mühakiməsinin maraqlarının tələb etdiyi konkret halların mövcudluğu ilə əlaqələndirərək onun realizə edilməsinin cinayət prosesini həyata keçirən orqanın mülahizəsindən asılı olmadığını müəyyən etmişdir. Yuxarıda sadalananlar ibtidai istintaqı həyata keçirmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən Cinayət-Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün);... 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;... Beləliklə, məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284-286-cı maddələrinin tələbləri pozulduğundan hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır.. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Cinayət işinin materialları təhlil edilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)- 701/2025 nömrəli qərarı ilə 01 ay 06 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli inzibati həbsin müddətinin bitdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə səbəb olan əsasların aradan qalxmadığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 22 fevral 2026-cı il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 22 fevral 2026-cı il tarixədək uzadılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X4 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə, təqsirləndirilən şəxsə yerinə göndərilsin.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar