Məhkəmə qərarları › İş №1(001)-503/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-503/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-503/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Qubadlı rayonu, Kürd Mahruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 04 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,303 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 20:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 15 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:50-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,303 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 04 may 2024-cü il tarixdə, səhər saatlarında o, psixotrop maddə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə getmişdir. Orada o, əvvəllər tanımadığı şəxsdən 10 manat pul verib qarşılığında şəffaf sellofana bükülmüş halda olan metamfetamini əldə edərək əynində olan şalvarının sağ yan cibinə qoymuş və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 04 may 2024-cü il tarixdə o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 15 ünvanının qarşısında olarkən qonşusu X6 ilə təsadüfən rastlaşmış, görüşüb söhbət etməyə başlamışdırlar. Saat 20:00 radələrində dörd nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş, Binəqədi rayon polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları olduqlarını və onların qanunsuz olaraq psixotrop maddə əldə edib, üzərində saxlamaqda şübhəli bilindiklərini bildirərək 7-ci Polis bölməsinə dəvət etmişdirlər. Onlar etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdirlər. Bölməyə gəldikdən sonra Kamranı başqa xidməti otağa onu isə başqa xidməti otağa aparmışdırlar. Bölmədə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona, üzərində psixotrop maddə və ya daşınması qanunla qadağan edilmiş digər əşya vardırsa həmin əşyaları təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmış və üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Həmin kütlənin metamfetamin olduğunu, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təzyiq göstərilməmişdir. Saxlanıldığı gündən sonra bir daha narkotik vasitə və psixotrop maddədən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 7ci PB-in əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 04 may 2024-cü ildə işlədiyi Binəqədi RPİ-nin 7-ci PB-nə Təqsirləndirilən şəxs və X3 psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək, Binəqədi RPİ- nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X7 rəhbərlik etdiyi, onun, Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, Şahid1 və Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X4 da daxil olduğu əməliyyat qrupu təşkil edilmişdir. Üzərində psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs və X5 xarici əlamətlərindən oxşayan şəxsləri şəxsi bir müddət müşahidə edib izldədikdən sonra 04 may 2024-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 15 ünvanının qarşısında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə həmin şəxslərə özlərini təqdim etmişlər və həmin şəxslərin şəxsiyyəti ilə maraqlanmışdırlar. Həmin şəxslər həqiqətən də müvafiq olaraq Təqsirləndirilən şəxs və X6 olduqlarını təsdiq etmiş və bundan sonra onlar həmin şəxslərə, psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduqlarını bildirib, üzərlərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişdirlər. Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bununla bağlı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddə hesab edilən metamfetamini Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən 10 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metametaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 7-ci PB-in əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddələr gəzdirməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 20:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə ağ rəngli psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab edilən metamfetamini Nəsimi rayonunda yerləşən "Papanin" adlanan yerdə tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kristala bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Kristala bənzər kütlənin çəkisi 0,36 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 176 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/2481 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs -imza, dörd- imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bi)r ədəd bükümdəki təmiz çəkisi 0,303 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 0,303 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,253 qram geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiəsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Aslan Haqverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola uyğun olmuşdur. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,303 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,253 qram çəkidə olan psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd disk maddi sübut kimi tanınmışlar. 0,253 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin xx.xx.2024-cü il tarixli, 3022 saylı ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş və diskdə olan video görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə uyğunluq təşkil etmişdir Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Məryəm Səfərli və xx.xx.2015-ci il təvəllüdlü Saleh Səfərli adlı övladları var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 3 (üç) ildir və şəxsin barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin ediməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış massivində yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 20:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 17:20-dən 18:30-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə saat 11:00-dan saat 12:10-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməyərək Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanununi qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,253 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. xx.xx.2024-cü il tarixli, 3022 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mülaicə təyin edilməli və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış massivində yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,253 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar