Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-505/2025 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Alıqulu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 28 sentyabr 2025-ci ildə saat 04:53 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 10-cu kilometrində idarə etdiyi “Toyota” markalı “Aqua Hibrid minik” modelli 20BQ145 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun soldan 3-cü zolağı ilə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən avtomobili manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olmadığı vəziyyətdə avtomobili manevr etdirməməli, avtomobili yolun sol hərəkət zolağından sağ hərəkət zolağına istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalı, yolun sağ hərəkət zolağında piyadanın olduğu vəziyyətdə yolun soldan 3-cü hərəkət zolağından soldan 4-cü hərəkət zolağına avtomobili manevr etdirməməli, hərəkət üçün təhlükə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib qeyd edilən tələbləri pozaraq qarşısında eyni istiqamətdə hərəkətdə olan avtomobili sağdan ötmək üçün soldan 4-cü zolağa manevr edərək, həmin zolaqda dayanıb süpürgə ilə asfalt örtüyünü süpürən və bu anda dayandığı yerdən əlində tutduğu süpürgə ilə adi yerişlə yolun sağına doğru hərəkətə başlayaraq çəpinə 5,8 metr məsafə qət etmiş 1965-ci il təvəllüdlü piyada X6 avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Akif İsayevə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran alın sümüyünün ön kəllə çuxuruna keçən sınığı, baş beyinin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar, alının əzilmiş-cırılmış yarası, qabırğaların ikitərəfli sınıqları, dalağın cırılması, sol ayaq pəncəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunmuş sıyrıq halında əziyi, sağ bazunun aşağı 1/3-də qapalı, yerdəyişən sınığı və bədənin çoxsaylı sıyrıqları xəsarətlərini yetirməklə kəllə və skelet sümüklərinin sınıqları, baş-beyinə qansızma və dalağın cırılması nəticəsində inkişaf etmiş kəskin travmatik və hemorragik şok səbəbindən ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, baş vermiş hadisədən çox peşmandır. Hadisə vaxtı səhər saat 5 radələrində hava yağışlı, çiskinli olmuşdur. O, qarşısında adam və ya mane olduğunu düşünməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə vaxtı 3-cü zolaqla hərəkət etmiş, solunda “Kia Sorento” markalı, qarşısında “Chevrolet Cobalt” markalı avtomobil olmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti saatda 70-80 km. olmuşdur. “Chevrolet Cobalt” markalı avtomobil dayananda ara məsafəsi az olduğuna görə o, avtomobili saxlaya bilməmişdir. Hadisə 28 sentyabr 2025-ci il tarixdə saat 5 radələrində baş vermişdir. O, Xırdalan dairəsindən “20 Yanvar” dairəsi istiqamətində hərəkət etmişdir. Xırdalanda yerləşən postun qarşısına çatdıqda qarşısındakı avtomobilin sürücüsü əl əyləcindən istifadə etmişdir. O, məcburiyyət qarşısında qalıb, sağ tərəfə keçmiş, sağ tərəfdə adam olduğunu görməmişdir. O, piyadanı avtomobilin ön sol hissəsi ilə vurmuşdur. O, hadisədən sonra polisləri çağırmış, təcili tibbi yardım çağırmışdır. Hadisə Ekologiya postunun qurtaracağında baş vermişdir. O, hadisə vaxtı heç bir avtomobillə toqquşmamışdır. O, gündüzlər dərsdə olmuş, axşamlar taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, törətdiyi əməldən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, o və həyat yoldaşı səhər tezdən işə getmişdir. Həyat yoldaşının maşınla vurulmasını ona iş yoldaşı demişdir. O, xəstəxanada bilmişdir ki, həyat yoldaşı vəfat etmişdir. Hadisə 28 sentyabr 2025-ci il tarixdə baş vermişdir. Həyat yoldaşı yolda təmizlik işi ilə məşğul olmuşdur. Məhkəmə baxışı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, hadisə günü Mirsadiqə zəng etmiş, sonuncu hadisə törətdiyini ona demiş və polisə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuş, sürücü işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı yol nəqliyyat hadisəsinin Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində, avtomobil yolunda baş verməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli, 209 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 rəyindən görünür ki, X5 meyitində alın sümüyünün ön kəllə çuxuruna keçən sınığı, baş beyinin yumşaq qişasına, qişası altına, toxumasına və mədəciklərinə qansızmalar, alının əzilmiş-cırılmış yarası, qabırğaların ikitərəfli sınıqları, dalağın cırılması, sol ayaq pəncəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunmuş sıyrıq halında əziyi, sağ bazunun aşağı 1/3-də qapalı, yerdəyişən sınığı və bədənin çoxsaylı sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, xx.xx.2025-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə bilavasitə səbəbli əlaqəsi vardır. X5 ölümünə kəllə və skelet sümüklərinin sınıqları, baş-beyinə qansızma və dalağın cırılması nəticəsində inkişaf etmiş kəskin travmatik və hemorragik şok olmuşdur. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli, 8/2394 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, “Toyota Aqua” markalı, 20BQ145 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2025- il tarixli qərardan görünür ki, “X11 minik” markalı, 20BQ145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-243634/2025 nömrəli məktubundan görünür ki, DİN-in Baş X12 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2004cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə xx.xx.2034-cü il tarixədək müddətə etibarlı olan BD 081694 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən xx.xx.2026-cı tarixli məktub ilə məhkəməyə təqdim edilmiş Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində (Ekologiya_712 saylı post) quraşdırılmış “Təhlükəsiz şəhər” kameralarının xx.xx.2025-ci il tarixdə saat 04:50-dən 04:55-dək olan müddət ərzində qeydə aldığı videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə soldan 4-cü zolağa manevr edərək, həmin zolaqda dayanıb süpürgə ilə asfalt örtüyünü süpürən, üzərinə avtomobilin gəldiyini görüb yolun sağ tərəfinə doğru qaçmağa başlayan piyada X6 avtomobillə vurmuş, Təqsirləndirilən şəxs hadisədən sonra DYPİ-nin Ekologiya postuna qaçaraq hadisə barədə məlumat vermişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X11 minik” markalı, 20BQ145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk iş üzrə sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X11 minik” markalı, 20BQ145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-505/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-505/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver