Məhkəmə qərarları › İş №1(001)-506/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-506/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-506/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də bənna işləyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonu, Üçtəpə ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 19 iyul 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Kiosk Press” adlı köşk-mağazasının satıcısı Şahid1 dəvəti ilə köşkə daxil olub orada birlikdə əyləşib söhbət edən zaman, Şahid1 qəflətən köşkün qarşısında dayanmış Şahid3 halının pisləşməsini görüb köməklik etmək məqsədilə köşkdən çıxmaqla nəzarətsiz qoymasından istifadə edərək, masanın üzərində olan 900 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 900 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən köşkdə alış-veriş edərkən orada işləyən Ruhin adlı şəxslə tanış olmuş, Ruhinin də Cəlilabad rayonundan olduğunu bilmiş və buna əsasən aralarında tanışlıqları yaranmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında hər hansı bir gecə klubuna gedib istirahət etmək üçün tanışı Şahid3 ilə birlikdə Xırdalan dairəsindən tanımadığı taksi avtomobillə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlib Binəqədi rayonu, Azadlıq prospektindən keçən zaman orada yerləşən “Kiosk Press” köşkdən həm siqaret və su almaq üçün, həm də həmyerlisi Ruhinlə görüşmək məqsədi ilə avtomobildən düşmüş və həmin köşkə yaxınlaşmışdır. O, köşkə yaxınlaşdıqdan sonra həmyerlisi Ruhinin köşkdə olmadığını, başqa bir həmyerlisi olan Fərhad adlı şəxsin orada olduğunu görmüşdür. Fərhadla söhbət zamanı sonuncunun həmyerlisi olmasını bildiyi üçün söhbət etməyə başlamışdır. Fərhad onu köşkün içərisinə dəvət etdikdə o, köşkün içərisinə keçib oturmuş, Fərhadla söhbətlərini davam etdirmişdir. Bir neçə dəqiqə sonra Fərhad çöldə köşkün qarşısında dayanmış Elnurun yerə yıxıldığını bildirmiş və dərhal köşkdən çıxıb sonuncuya yaxınlaşmışdır. O, çölə çıxmaq istədikdə Fərhad qışqırıb su gətirməyini bildirmişdir. Bundan sonra o, köşkdə satıcı oturan hissədə masanın üzərində su olduğunu, eyni zamanda masanın üzərində suyun yanında pullar olduğunu görmüşdür. Pula ehtiyacı olduğundan və onu heç kəs görmədiyindən masanın üzərində olan topa pulları götürmüşdür. Həmçinin suyu götürüb çölə çıxıb Fərhada vermiş, Fərhad sudan bir qədər Elnura vermiş və Elnur bir neçə saniyə sona özünə gəlmişdir. Elnur yemək yemədiyi üçün təzyiqi düşdüyünü demişdir. Daha sonra onlar köməkləşib Elnuru qaldırmışlar və Elnuru aparmaq üçün Fərhadla sağollaşıb yaxınlıqdan keçən tanımadığı taksi avtomobili saxladıb oradan çıxıb getmişlər. Xırdalan dairəsində avtomobildən düşmüş, Elnurdan özünü necə hiss etməsini soruşduqda sonuncu özünə gəldiyini və evə gedəcəyini demişdir. Bundan sonra Elnurla ayrılmış, tək yol gedərkən oğurladığı pulları çıxarıb saydıqda 900 manat pul olmasını bilmişdir. O, həmin pulları bir neçə gün ərzində öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin köşkdən əvvəlcədən oğurluq etmək fikri olmamışdır. Həmçinin Elnurla həmin köşkdən oğurluq etmək barədə əvvəlcədən və ya sonradan hər hansı bir razılaşmaları və sövdələşmələri olmamışdır. Ümumiyyətlə Elnurun da həmin zaman onun köşkdən oğurluq elməyindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəmiş və barışmışdır. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 161 ünvanında yerləşən “Kiosk Press” adlı köşk-mağaza ona məxsusdur. Lakin, həmin mağazanın idarə edilməsini Şahid2 həvalə etmişdir. Ruhin də onun razılığı ilə köşkə həmyerlisi Şahid1 satıcı kimi işə götürmüşdür. 2022-ci ilin iyul ayının sonlarında Ruhin öz istəyi ilə işdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ruhin ona zəng vurub köşkdən oğurluq baş verməsi barədə məlumat vermişdir. O, həmin zaman şəxsin işləri ilə bağlı bir az uzaqda olduğunu və gedib hadisə barədə polisə ərizə yazmasını bildirmişdir. İşlərini həll etdikdən sonra köşkə yaxınlaşıb köşkdən nə qədər pul oğurlanması ilə bağlı hesablama aparan zaman müəyyən olunmuşdur ki, köşkdən hadisə zamanı 900 manat pul oğurlanmışdır. Lakin, Ruhin bildirmişdir ki, Fərhad DİN-nin 102 xidmətinə məlumat verərkən dəqiq hesablama aparmadıqları üçün təxmini olaraq 2300 manata yaxın pulun oğurlanmasını qeyd etmişdir. Oğurlanmış 900 manat pul ona məxsus olmuşdur. İstintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmiş, sonuncu ilə barışmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən 2022-ci ilin iyul ayının axırlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanda yerləşən “Kiosk Press” adlı köşkdə nəzarətçi işləmişdir. Həmin köşk Zərərçəkmiş şəxs məxsus olmuş, sonuncu hər gün səhər saatlarında köşkə gələrək satıcıya, mağaza üçün məhsulların alınmasına və hesabatlara nəzarət etmişdir. 2022-ci ilin iyul ayının sonlarında o, işdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 06 radələrində köşkə gəldikdə satıcı Şahid1 ona bildirmişdir ki, həmin gecə köşkdən pul oğurlanmışdır. O, hadisənin necə baş verməsini soruşduqda Fərhad ona xx.xx.2022-ci il tarixdə saat 03 radələrində iki nəfər şəxsin köşkə yaxınlaşdığını, onlardan birinin onu soruşduğunu, həmin şəxslə söhbət zamanı həmyerli olduqlarını öyrəndiyi üçün söhbət məqsədilə köşkə dəvət etdiyini demişdir. Bir qədər köşkün içərisində oturub söhbət etdikdən sonra həmin şəxslərdən çöldə olan şəxsin halı pisləşmiş və yerə yıxılmışdır. Fərhad da bunu görüb çölə çıxmış və köşkdə olan şəxsə su gətirməsini bildirmiş, köşkdə olan şəxs də suyu gətirdikdən sonra halı pisləşən şəxsə vermişlər. Həmin şəxs özünə gəldikdən sonra onlar yol keçən taksi avtomobilə əyləşib getmişlər. Bundan sonra köşkə geri qayıtdıqda həmin şəxsin köşkdə açıq vəziyyətdə masanın üzərində olan pulları oğurladığını aşkar etmişdir. O, Fərhada DİN-nin 102 xidmətinə məlumat verməsini bildirmiş, Fərhad da DİN-nin 102 xidmətinə zəng vuraraq, oğurlanmış məbləği tam dəqiq bilmədiyi üçün təxmini olaraq 2300 manat pulun oğurlanması barədə məlumat vermişdir. Sonra köşkün sahibi Mayisə də hadisə barədə məlumat vermişdir. Mayis ona uzaqda olduğu üçün 7-ci polis bölməsinə gedib ərizə yazmağını bildirmiş, özü də Mayisin əvəzinə ərizə yazdığı üçün ərizəsində köşkü icarə əsasında işlətdiyini qeyd etmişdir. Əslində həmin köşk Mayisə məxsus olmuşdur. Daha sonra Mayis gəlmiş və dəqiq hesablamalar apardıqda məlum olmuşdur ki, həmin hadisə nəticəsində köşkdən ümumilikdə 900 manat pul oğurlanmışdır. O, sonradan bilmişdir ki, oğurluq hadisəsi həmyerlisi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 və Şahid1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 19 iyul 2022-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 161 ünvanında yerləşən “Kiosk Press” adlı köşk-mağazada baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 tanınmaya təqdim edilən şəxslər arasında Təqsirləndirilən şəxs tanımışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-940/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materillarından Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşavir Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs həbs müddətinin uzadılmasına dair vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(095)-232/2021 nömrəli hökmü ilə CM-in 228.1 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən (xx.xx.2022-ci il) hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də bənna işləməklə 480 manat əmək haqqı alır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(095)-232/2021 nömrəli hökmü ilə CM-in 228.1 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-in 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən (xx.xx.2022-ci il) hesablanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə hazırda baxılan iş üzrə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. Məhkəmə qeyd edir ki, CM-in 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1-1(095)-232/2021 nömrəli hökmü ilə təyin edilmiş sınaq müddətində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq şərti məhkum etmənin saxlanmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş islah işlər cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-940/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixli qərarla Binəqədi rayon prokuroru tərəfindən həbs müddətinin uzadılmasına dair vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 avqust 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləri növündə cəzanın dörd gününə bərabər hesabı ilə hesablanıb, ona təyin ediləcək islah işlər cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləri növündə cəzanın dörd gününə bərabər hesabı hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar