Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-507/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 02 avqust 2022-ci il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanında yerləşən «Kiosk Press» adlı köşk-mağazasına yaxınlaşıb köşkün satıcısı Şahid2 aromatlı elektron siqaret almaq istədiyini bildirmiş, Şahid2 çeşidin çox olduğunu söyləyib baxıb seçməsi üçün onu köşkün içərisinə dəvət etmiş, o, köşkə daxil olub bir neçə saniyə vitrində olan siqaretlərə baxdıqdan sonra köşkün içərisindəki masanın üzərində olan 950 manat pulu açıq talayıb köşkdən çıxıb qaçmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs 950 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə aralarında dostluq münasibətləri vardır. 01 avqust 2022-ci il tarixdə gecə radələrində Namiqlə Xırdalan dairəsi yaxınlığında görüşüb söhbət edərkən, ona təklif etmişdir ki, oğurluq edib əldə etdikləri pullarla gecə klublarından birinə gedib əylənsinlər. Namiq isə oğurluq etmək istəmədiyini bildirmişdir. Bundan sonra Namiqə təklif etmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Kiosk Press” köşkündə həmyerliləri var və oradan oğurluq edə bilərlər. Lakin Namiq yenə də onunla razılaşmamışdır. Eyni zamanda Namiq onda bir qədər pul olduğunu, birlikdə gecə klubuna gedə biləcəklərini demiş və özü də onunla razılaşmışdır. Bundan sonra tanımadıqları yoldan keçən taksiyə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Yol gedərkən qərara gəlmişdir ki, Namiqə heç bir söz demədən Azadlıq prospektində yerləşən “Kiosk Press” köşkünün yanında avtomobili saxlatsın və tək həmin köşkə yaxınlaşıb köşkdən biraz pul oğurlasın və gecə klubuna gedərkən özünün cibində də bir qədər pul olsun. Gecə saat 04 radələrində Azadlıq prospektində yerləşən “Kiosk Press” köşkünün yaxınlığından keçərkən yolun digər tərəfində sürücüyə avtomobili saxlamasını bildirmiş, Namiqə avtomobildə onu gözləməsini, köşkdən siqaret alıb qayıdacağını deyib avtomobildən düşüb tək həmin köşkə yaxınlaşmışdır. Köşkə yaxınlaşıb bir neçə saniyə dayanıb ətrafa və köşkün içərisinə baxmış, ətrafda heç kəs olmadığını, köşkdə isə bir nəfər satıcı olmasını görmüşdür. Satıcıdan “Vinston” markalı siqaret istəmiş, eyni zamanda satıcıdan aromatlı elektron siqaretlərin olub-olmamasını soruşmuş, satıcı da ona aromatlı elektron siqaretlərin bir çox çeşidi olduğunu və köşkə daxil olub vitrində olan həmin siqaretlərə baxıb seçə biləcəyini bildirmişdir. Bundan sonra, o, köşkə daxil olmuş və masanın üzərində pul olmasını görmüşdür. Daha sonra o, əlini masanın üzərinə atıb topa pulları götürüb köşkdən çıxmışdır. Qaçaraq yolu keçib dərhal avtomobilə qabaq sağ oturacağa əyləşib sürücüyə avtomobili sürməsini bildirmişdir. Bir qədər getdikdən sonra isə sürücüyə onları Xırdalan dairəsinə qaytarmasını bildirmişdir. Namiq nə üçün geri qayıtdıqlarını soruşduqda ona sonra deyəcəyini demişdir. Xırdalan dairəsinə qayıdıb avtomobildən düşdükdən sonra ikilikdə Namiqə Azadlıq prospektində yerləşən “Kiosk Press” köşkün içərisində masanın üzərindən pulları götürüb qaçdığını bildirmişdir. Bu zaman köşkdən götürdüyü pulları çıxarıb saymış və ümumilikdə 950 manat pul olmasını görmüşdür. Bundan sonra Namiqlə ayrılmış və bir neçə gün ərzində həmin 950 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin həmin pullardan Namiqə heç bir məbləğ verməmişdir. Hadisə zamanı satıcıya qarşı heç bir zor tətbiq etməmiş və onu hədələməmişdir. Hadisə zamanı yaxınlıqda heç kəs olmamış və hadisəni kənar heç kəs görməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş və aralarında barışıq olmuş, ona qarşı heç bir şikayət və tələb yoxdur. “Vətən müharibəsi” iştirakçısı olmaqla medallarının olmasını, törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 161 ünvanında yerləşən “Kiosk Press” adlı köşk-mağaza ona məxsusdur. 02 avqust 2022-ci il tarixdə səhər radələrində köşkdə satıcı işləyən Şahid2 ona zəng vurub bildirmişdir ki, bir nəfər şəxs köşkə daxil olub pulları götürüb qaçıb getmişdir. Bundan sonra dərhal köşkə yaxınlaşmış, Camalla söhbət zamanı sonuncu bildirmişdir ki, 02 avqust 2022-ci il tarixdə saat 04:30 radələrində köşkdə tək olan zaman bir nəfər tanımadığı şəxs siqaret istəmiş, daha sonra aromatlı elektron siqaretləri maraqlandıqda çeşid çox olduğu üçün Camal həmin şəxsi köşkə dəvət edib özü baxıb hansını istəyirsə seçməsini bildirmişdir. Həmin şəxs də köşkə daxil olub bir qədər siqaretlərə baxdıqdan sonra köşkün içərisində masanın üzərində olan pulları götürüb qaçıb getmişdir. Həmin hadisə nəticəsində köşkün içərisində masanın üzərində olan ümumilikdə 950 manat pul talanmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının axırlarından Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 161 ünvanında yerləşən “Kiosk Press” adlı köşkdə satıcı olaraq işləməyə başlamışdır. Köşkün sahibi isə Zərərçəkmiş şəxsdur. Orada iş rejimi hər gün axşam saat 19 radələrindən səhər saat 07 radələnirədək olan müddət ərzində olmuşdur. 02 avqust 2022-ci il tarixdə saat 04:30 radələrində işdə olarkən 1 nəfər tanımadığı şəxs köşkə yaxınlaşmış, həmin şəxs köşkün qarşısında dayanıb markası hazırda yadında qalmayan siqaret istədikdə həmin siqareti vermək istəyən zaman həmin şəxs aromatlı elektron siqaretlərin olub-olmamasını soruşmuş, bu zaman ona bir neçə çeşit aromatlı elektron siqaret olduğunu, hansından istəyirsə köşkə daxil olub baxıb göstərməsini bildirmişdir. Bundan sonra həmin şəxs köşkə daxil olmuş, ona köşkün içərisində aromatlı elektron siqaretlərin olduğu piştaxtanı göstərmişdir. Bir neçə saniyə sonra həmin şəxs köşkün içərisində masanın üzərində olan pulları götürüb qaçıb getmiş, bundan sonra həmin şəxsin arxası ilə çıxdıqda görmüşdür ki, həmin şəxs oradan uzaqlaşmışdır, ətrafda heç kəs yoxdur. Daha sonra Binəqədi RPİ-nə gəlib hadisə barədə məlumat vermiş və ərizə yazmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. Köşkə daxil olmuş şəxs ona heç bir zor tətbiq etməmişdir. Onun əlində hər hansı bir alət olmamışdır, həmçinin həmin şəxs onuhər hansı bir şəkildə hədələməmişdir. Hadisə zamanı həmin şəxs tərəfindən köşkdə olan masanın üzərindən 950 manat pul ələ keçirilmişdir. Həmin pullar satıcı işlədiyi köşkün sahibinə məxsus olmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 02 avqust 2022-ci il tarixdə olan soyğunçuluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanında yerləşən «Kiosk Press» adlı köşk-mağazasında baş vermişdir. Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Şahid2 tanınmaya təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq, köşkdən soyğunçuluq edən şəxs olduğunu bildirmişdir. Şübhəli şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulduqda Bakı şəhəri binəqədi RPİ-inin MSY-nə təhvil verilməsi qərara almışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan sonuncu barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsinin 3798 nömrəli arayışından və vəsaqələrdən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissə tərkibində “Vətən müharibəsi”ndə iştirak edərək göstərdiyi fədakarlığa və əsgəri vəzifə borcuna görə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif olunmuşdur. Bakı şəhəri qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, barışıq əldə edilməsi və ona qarşı şikayətin, tələbin olmaması, təqsirləndirilən şəxsin “Vətən müharibəsi” iştirakçısı olmasını və müxtəlif medallarla təltif olunması hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 19 noyabr 2022-ci il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilərək həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 22 may 2022-ci il tarixdə isə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-507/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-507/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver