Məhkəmə qərarları › İş №1(001)-509/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-509/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-509/2025 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunın sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, ünvan 1 ünvanda yaşamış, Cəlilabad Hərbi Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.4, 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək, qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri Binəqədi rayonunun, 7-ci mikrorayon ərazisində yerləşən 11 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X4”na əsasən cəzaçəkmə müəssisəsində saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya sayılan – 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış və gəzdirmiş, 18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində əvvəlcədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 8 saylı dəstənin dəhlizində müəssisənin əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə onun üzərində qəflətən axtarış aparılarkən əynində olan gödəkçənin sağ cibində saxladığı həmin bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin oktyabr ayından 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 18 sentyabr 2025-ci il tarixdə yoxlama vaxtı, saat təxminən 08:00 radələrində 11 saylı Cəzaçəkmə müəssisəsinin daxilində olan 8 saylı dəstənin dəhlizində pilləkana yaxın yerdən bıçaq tapmışdır. Tapdığı əşya bükülü vəziyyətdə olduğundan əvvəlcə içərisində nə olduğunu bilməmişdir. Fikindən keçmişdir ki, bükülünü açıb baxdıqdan sonra aparıb növbətçi hissəyə təhvil versin. Bıçaq parçanın içərisində olduğundan və maraqlı göründüyündən götürmüşdür. Bıçağı tapmasından heç 5 dəqiqə keçməmiş onu yoxlamışlar. Bıçağı tapdığı yer düz kameranın aşağı hissəsidir. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün yəqin ki, kamera görüntüləri artıq qalmaz. Bıçağı götürdüyü zaman hazırki iş üzrə də şahid olan Xəqanı gəlmiş və ondan əlindəkinin nə olmasını soruşmuş, o da bıçağ olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsinin aşağıda göstərilən ziddiyyətli hissəsi elan edilmişdir: “18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində qeydiyyatda olduğu 8 saylı dəstənin dəhlizində müəssisəsinin əməkdaşları tərəfindən onun üzərində qəflətən axtarış aparılırkən əynində olan gödəkçənin sağ cibində saxladığı bıçaq aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş bıçağı həmin gün saat 8:00-da qeydiyyatda olduğu dəstənin dəhlizində gəzərkən yerdə olan qara parçanın altından tapmış və cibinə qoyaraq üzərində saxlamışdır.” İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs ifadənin özü tərəfindən verildiyini və imzalandığını, lakin tərəfindən saat 16:30-da yoxlama aparılmasının qeyd edilmədiyini, bıçağın qeyd etdiyi kimi tapdığı zaman götürülməsini, yoxlamanın 16:30-a qədər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə onun üçün 1 günün də çox önəmli olmasını, bunun üçün də aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, bir az oxumaq qabiliyyəti zəifdir, müstəntiq 2 dəfə onun yanına gəlib-getmiş, iş materiallarında olan yazıları o çap hərfləri ilə yazmışdır, həmin əlyazma ona məxsusdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin TİTŞ-in böyük inspektoru, ədliyyə mayoru Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs üzərində 18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində 11 saylı Cəzaçəkmə müəssisəsinin daxilində yerləşən məhkumun qeydiyyatda olduğu 8 saylı dəstənin dəhlizində müəssisənin əmədaşları tərəfindən qəflətən axtarış aparılarkən məhkumun əynində olan gödəkcənin sağ cibində saxladığı bıçaq aşkar olunaraq götürülmüşdür. Baxışda onunla yanaşı digər əməkdaşlar Xəqani və Rəşad da iştirak etmiş, həmçinin hal şahidləri də olmuşdur. O, şəxsən aşkar edilmiş bıçağı görmüşdür. Baxışda onun iştirak etməməsi, yalnız Xəqani adlı nəzarətçinin baxışda iştiraketməsi barədə təqsirləndirilən şəxsin bildirdikləri həqiqətə uyğun deyildir. O, şəxsi axtarışda iştirak etmiş, ümumiyyətlə bir nəzarətçi baxışı təkbaşına həyata keçirə bilməz. Baxışda 3 nəfər nəzarətçi, yəni o, Rəşad və Xəqani iştirak etmişdir. Hal şahidləri olaraq isə məhkumlar Zəkəriyyə Babayev və Şahid4 iştirak etmişdir. Onlar bıçağı aşkar etdikdən sonra məhkumu əməliyyat şöbəsinə təhvil vermişlər, məhkumun dindirilməsini əməliyyat şöbəsi həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rejim və Nəzarət Şöbəsində böyük nəzarətçi, ədliyyə giziri Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi 11 saylı Cəzaçəkmə müəssisəsində məhkumdur. 18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və sonuncunun üzərində olan gödəkcənin sağ yan cibindən bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs isə həmin bıçağı tapmasını bildirmişdir. Keçirilmiş baxışda onunla yanaşı müəssisənin digər əməkdaşları, Rəşad və İkram da iştirak etmiş, onlarla yanaşı 2 nəfər də məhkum, yəni Zəkəriyyə və Elxan adlı şəxslər hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxsin üzərinə saat 16:30 radələrində deyil, səhər 08:00 radələrində baxış keçirilməsi barədə bildirdikləri həqiqətə uyğun deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinində ədliyyə mayoru Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 18 sentyabr 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, həmin zaman sonuncunun üzərində olan gödəkcənin sağ yan cibindən qatlanıb-açılan bıçaq aşkar edilmişdir. Həmin baxışda onunla yanaşı müəssisənin digər əməkdaşları İkram və Xəqani iştirak etmişdir. Zəkəriyyə Babayev və Şahid4 adlı məhkumlar da hal şahidi qismində cəlb edilmişlər. Təqsirləndirilən şəxs bıçağı tapdığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən onun olmaması barədə bildirdikləri isə həqiqətə uyğun deyildir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş şahid BaŞahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, 18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrinde Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 8 saylı dəstənin dəhlizində müəssisəsinin əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakı ilə İqbalın üzərində qəflətən axtarış aparılırkən əynində olan gödəkçənin sağ cibində saxladığı 1 ədəd bıçaq aşkar edilərək götürülmüş, bundan sonra müəssisənin əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edilmiş, həmin bıçaq qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmiş və bütün iştirakçılara ucadan oxunmuş, şikayət və təkliflər olmamışdır. Protokol məhkum Təqsirləndirilən şəxs, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, 18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrinde Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 8 saylı dəstənin dəhlizində müəssisəsinin əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakı ilə İqbalın üzərində qəflətən axtarış aparılırkən sonuncunun əynində olan gödəkçənin sağ cibində saxladığı 1 ədəd bıçaq aşkar edilərək götürülmüş, bundan sonra müəssisənin əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edilmiş, həmin bıçaq qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmiş və bütün iştirakçılara ucadan oxunmuş, şikayət və təkliflər olmamışdır. Protokol məhkum Təqsirləndirilən şəxs, iştirakçılar və onun tərəfindən imzalanmışdır.” İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin TİTŞ-in böyük inspektoru, ədliyyə mayoru Şahid2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rejim və Nəzarət Şöbəsində böyük nəzarətçi, ədliyyə giziri Şahid3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinində ədliyyə mayoru Şahid1, hal şahidləri Şahid5 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 8 saylı dəstənin dəhlizində üzərində qəflətən axtarış aparılan zaman əynindəki gödəkçənin sağ cibindən ümumi uzunluğu 20 sm (tiyəsi 9 sm, tutacağı 11 sm) olan zavod üsulu ilə hazırlanmış 1 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Cəlilabad Hərbi Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 1-1(096)-01/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.4, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, o Azərbaycan Respublikası CM-in 32.4, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəlli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-1(106)01/2020 saylı qərarından görünür ki, Cəlilabad Hərbi Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 1-1(096)- 01/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,206.3.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək artırılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3/1077 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Həsənov X2 Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə həmin zaman qüvvədə olan CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2000-ci il tarixli hökmü ilə həmin zaman qüvvədə olan CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 3 ilə endirilmişdir. Bundan başqa o, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 32,3145.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə 2 ay 8 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu il tarixdə cəzası 9 ilə endirilmiş, xx.xx.2016-cı il tarixdə amnistiya aktına əsasən azad edilmişdir. Bubdan başqa o, Cəlilabad Hərbi Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.4, 206.3.2, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək, ona qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2005-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişər təyinatlı turist bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2005-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(001)-509/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkəməyə verilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs üzərinə baxışın bıçağı tapdıqdan az müddət sonra saat təxmini 08:00-09:00 radələrində keçirilməsi, həmçinin baxışda yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rejim və Nəzarət Şöbəsində böyük nəzarətçi, ədliyyə giziri Şahid3 iştirak etməsi barədə ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2025-ci il tarixdə şahid qismində dindirildiyi zaman, o cümlədən xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirildiyi zaman ifadələrində onun üzərində xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində baxış keçirilməsini bildirmiş və müvafiq dindirilmə protokollarını imza etmiş, həmin dindirilmələr zamanı üzərinə baxış keçirilməsində yalnız Şahid3 iştirak etməsi barədə heç bir xüsusat bildirməmişdir. Göstərilənlərə yanaşı, baxışın keçirilməsinə dair protokolda saat 16:30 qeyd edildiyi və baxışda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin TİTŞ-in böyük inspektoru, ədliyyə mayoru Şahid2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rejim və Nəzarət Şöbəsində böyük nəzarətçi, ədliyyə giziri Şahid3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinində ədliyyə mayoru Şahid1, hal şahidləri Şahid5 və Şahid4 iştirak etmələri göstərildiyi halda müvafiq protokolu da imzası ilə təsdiq etmişdir. Həmçini təqsirləndirilən şəxs əlyazma ilə yazdığı izahatında da hal şahidlərinin və müəssisə əməkdaşlarının iştirakları ilə üzərinə baxış keçirilməsini göstərmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsində iştirak etmiş Şahid2, Şahid3, Şahid1 məhkəmə iclasında, hal şahidləri Şahid5 və Şahid4 ibtidai istintaq dövründə vermiş olduğu ifadələr oxşar məzmunlu olmuş və iş materialları ilə uyğunluq təşkil etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı üzərinə baxışın bıçağı tapdıqdan dərhal sonra keçirilməsi və həmin bıçağı təhvil vermək fikri olması barədə verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixli qərarı ilə ona qəti olaraq təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs hazırk cinayət əməlinə görə 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 5 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-1(106)01/2020 saylı qərarı ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 4 (dörd) il, 3 (üç) ay, 25 (iyirmi beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəza müddətinin əvvəli hazırkı hökmün tarixindən, yəni 22 yanvar 2026-cı il tarixdən hesablanmalı, onun hazırda azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut, yəni Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsa da, bundan əvvəlki cinayət əməlinə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkdiyindən hökmlərin məcmusu qaydasında ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 (on iki) saat vaxt sərf etmişdir. Hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 132 (yüz otuz iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-1(106)01/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 11 (on bir) il, 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) il, 3 (üç) ay, 25 (iyirmi beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-1(106)01/2020 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (yüz otuz iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar