Məhkəmə qərarları › İş №1(001)-510/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-510/2025

06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-510/2025 06.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini xüsusi ittihamçı qismində tanımaqla, yalan olduğunu bilə-bilə şəxsi nüfuzdan salan məlumatları mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymış və bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə böhtan atmış X2 CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli biib, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması ilə bağlı ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X1 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə etiraz edərək, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

4. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

5. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.

6. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.

7. Eyni Plenum qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə — təqsirləndirilən şəxs qismində tanınırlar. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyətli olmadıqda xüsusi ittihamçı qismində həmin şəxsin adından xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş onun qanuni nümayəndəsi tanınır.

8. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verilməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

9. Belə ki, məhkəmə, ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, CM-in 147.1-ci maddəsi “Şəxsiyyətin ləyaqəti” ilə bağlıdır və onun obyekti şəxsiyyətin ləyaqəti, şərəfi və nüfuzu, obyektiv cəhəti isə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf, ləyaqətini ləkələyən onu nüfuzdan salan məlumatları yayma başa düşülür, bu cinayətin subyekti fəal cinayət məsuliyyətinə cəlb olunan yaşı 16-dan yuxarı fiziki şəxs, subyektiv cəhəti isə həmin əməlin bilərəkdən, qəsdən (birbaşa qəsd) törədilməsidir, yəni şəxs öz əməlinin qanunsuz olduğunu bilir, nəticələrini görsə də bunu arzu edir. Göründüyü kimi, burada cinayətin obyekti dedikdə şəxsin şəxsi həyatının toxunulmazlığı, onun şəxsi həyatı, ləyaqəti, şərəfi, ləyaqəti və s. qanunla qorunan digər maraqları başa düşülür. Cinayətin subyekti dedikdə isə CM-in 147.1-ci maddəsinə görə, fəal cinayət məsuliyyətinə cəlb olunma yaşı tamam olmuş, anlaqlı fiziki şəxsdir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə cinayətin subyekti aydın olsa da, cinayətin obyekti başa düşülən deyildir. Çünki qeyd olunan əməlin obyekti dedikdə şəxsin şəxsi həyatının toxunulmazlığı, onun şəxsi həyatı, ləyaqəti, şərəfi, sağlamlığı və s. qanunla qorunan digər maraqları başa düşülürsə, burada şəxs anlayışı hüquqi şəxslərə aid edilə bilməz.

10. Qeyd edilməlidir ki, CM-in 147-ci maddəsi “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” hesab olunan 19-cu fəsildə əks olunmuşdur. Fəslə daxil olan cinayətlərə baxdıqda isə aşkar görünür ki, qeyd edilən cinayətlərin obyekti qismində fiziki şəxslərin azadlığı və ləyaqəti çıxış edir. Qeyd edilən amillər isə bir daha təsdiq edir ki, həmin növ cinayətlərin zərərçəkmişi kimi hüquqi şəxslər çıxış edə bilməz. Bunun əsas səbəbləri isə obyekt faktoru, cinayətlərin xarakteri və işgüzar nüfuz fərqidir. Burada obyekt faktoru dedikdə cinayətin obyektinin insanın konstitusion hüquqları, fiziki azadlığı, şərəf və ləyaqətinin olması başa düşülür, hüquqi şəxs isə, yəni şirkət, təşkilat bioloji varlıq olmadığı üçün onun “azadlıqdan məhrum edilməsi”, “girov götürülməsi”, “insan alverinə məruz qalması”, “təhqirə” və ya “böhtan”a məruz qalması hüquqi baxımdan mümkün deyildir. Cinayətlərin xarakterinə gəldikdə həmin kateqoriya cinayətlər bilavasitə insan orqanizmi və ya fərdi mənəviyyatı ilə bağlıdır. İşgüzar nüfuz fərqinə dair isə qeyd edilməlidir ki, hüquqi şəxslərin “ləyaqəti” deyil, “işgüzar nüfuzu” olur. Hüquqi şəxsin işgüzar nüfuzuna xələl gətirildikdə isə bu, Cinayət Məcəlləsi ilə deyil, Mülki Məcəllənin müddəaları ilə tənzimlənməlidir. Belə ki, Mülki Məcəllənin “Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” adlı 23-cü maddəsinin 6-cı bəndində aşikar göstərilmişdir ki, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən məsələlərin tənzimləmə qaydası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında daha ətraflı əks olunmuşdur.

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 302.1.2-ci maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir.

12. CPM-in 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır.

13. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir.

14. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 CM-in 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

15. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar