Məhkəmə qərarları › İş №1(001)-511/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-511/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-511/2022 03.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1989-cu ildə Ağcabədi rayonu, Ağabəyli kəndində doğulmuş, subay, (himayəsində iki azyaşlı uşağı olan), Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu, Ağabəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi fərdi evdə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə səhər saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunun Papanin adlanan ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini va naməlum miqdarda narkotik terkibi çetene (kanabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə ilə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşmış, metamfetaminin bir hissəsini şüşə boru vasitəsi ilə, qurudulmuş marixuananı isə siqaretin içərisinə doldurub çəkmək vasitəsi ilə istifadə etmiş, 04 aprel 2022-ci il tarixdə saat 16:00-da Binəqədi RPİ-si 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanında yerləşən binanın qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş ve saat 18:20-də şöbədə üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol yan iç cibindən üzərində "Rothmans” yazısı həkk olunmuş siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,268 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin, yarı yanmış bir ədəd siqaretin içərsində tütün ve cüzi miqdarda narkotik tərkibi şatena (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri və bir ədəd içərisində psixotrop maddə hesab olunan metamfetaminin izləri olan boruşəkilli şüşə predmeti aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, təxminən bir ildirki, narkotik vasitələrdən istifadə edir. Həmin narkotik vasitələri müxtəlif ünvanlarda müxtəlif şəxslərdən əldə edir. Sonuncu dəfə o, 03 aprel 2022-ci il tarixdə, səhər təxminən saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonunun Papanin deyilən ərazisində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 35 manata bir büküm el arasında şüşə adlanan psixotrop maddə olan metamfetamin və bir büküm narkotik vasitə olan qurudulmuş marixuana alıb cibindəki siqaret qutusuna yerləşdirib üzərində saxlamışdır. Metamfetaminin bir hissəsini o, siqaret qutusundakı boru vasitəsi ilə istifadə etmiş, qalan hissəsi isə sellofan bükümdə qalmışdır. 04 aprel 2022-ci il tarixdə günorta təxminən saat 16 radələrində o, ünvan 3 ünvanında piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin polis əməkdaşları onun narkotik vasitələrdən istifadə etməsində şübhələnildiyini bildirərək onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Polis şöbəsində onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan iç cibində olan üzərində “Rothmans” sözləri yazılmış siqaret qutusundakı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü, içərisində qurudulmuş marixuana olan bir ədəd siqaret kağızından olan bir ədəd bükümü ve bir ədəd kustar üsulla hazırlanmış borunu təqdim etmişdir. Onun tərəfindən təqdim edilmiş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm, içərisində qurudulmuş marixuana olan bir ədəd siqaret kağızından olan bir eded büküm ve bir ədəd kustar üsulla hazırlanmış boru təhqiqatçı tərəfindən siqaret qutusu ilə birlikdə zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o arvadından boşanıb və iki azyaşlı uşağı hazırda onun himayəsindədir. Göstərilənlərin nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 04 aprel 2022-ci il tarixdə təxminən saat 14 radələrində əməliyyat qrupu ilə birlikdə o, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə getmişdir. Təxminən saat 16 radələrində ünvan 3 ünvanında yerləşən binanın qarşısında onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 4-cü PŞ-nə gəlmişdir. Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Malik Əhmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra, şöbədə təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindəki üzərinə “Rothmans” yazısı həkk olunmuş qara rəngli siqaret qutusundakı bir ədəd şəffaf sellofan bükümü, bir ədəd siqaret kağızından olan bükümü ve bir ədəd kustar üsulla hazırlanmış borunu təqdim edərək, şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminin, siqaret kağızından olan bükümə narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, şəffaf sellofan bükümdəki psixotrop maddə olan metamfetaminin bir hissəsini o, təqdim etdiyi boru vasitəsi ilə istifadə etmişdir. Şəffaf sellofan bükümün içərisində ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kristal şəkilli kütlənin olması müəyyən edilmişdir. Siqaret kağızından olan bükümdə isə bitki mənşəlli kütlənin olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rangli gödəkçənin sol yan iç cibinden aşkar edilmiş içerisinde narkotik vasite ve psixotrop maddə olan siqaret qutusu tərəfimdən kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). “Şübhəli şəxsin tutulması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 19). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da Binəqədi RPİnin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən binanın qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rangli gödəkçənin sol yan iç cibindən aşkar edilmiş içerisində narkotik vasitə və psixotrop maddə olan siqaret qutusu aşkar edilərək götürülmüşdür (cild 1, i.v 34-35). Məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli, 7/324 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz 0,268 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 ədəd boruşəkilli şüşə predmetin içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və təqdim edilmiş metamfetaminlə eynilik tədqiqatı aparmaq mümkün deyildir. (cild 1, i.v 45-48). Məhkəmə-bioloji ekspertizasının 05 aprel 2022-ci il tarixli, 7/324 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd siqaretin içərisində tütün və cüzi miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hissəcikləri vardır. (cild 1, i.v 51-54). 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 69-70). “CD diskə baxış keçirilməsi haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 06 aprel 2022-ci il tarixldə şəxsi axtarışda mütəxəssis Binəqədi RPİ-nin KTQ-nun ekspert kriminalisti vəzifəsində xidmət aparan Binəqədi RPİ-nin ekspert kriminalisti polis kapitanı X3, Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Binəqədi RPİ-nin 4-cü PŞ-nin Polis sahə inspektoru polis baş leytenantı Şahid2 iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs könülü olaraq əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindəki üzərinə Rothmans yazısı həkk olunmuş qara rəngli siqaret qutusundaki bir ədəd şəffaf sellofan bükümü, bir ədəd siqaret kağızından olan bükümü və bir ədəd boruşəkilli şüşə predmeti təqdim edərək, şəffaf sellofan bükümda psixotrop maddə olan metamfetaminin, siqaret kağızından olan bükümdə narkotik vasitə ola qurudulmuş marixuananın olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, şəffaf sellofan bükümdəki psixotrop maddə olan metamfetaminin bir hissəsini o, təqdim erdiyi boru vasitəsi ilə istifadə etmişdir. Şəffaf sellofan bükümün içərisində ağ rənğli, psixotrop maddə olan metamfetaminə bənzər kistalşəkilli kütlənin olması müəyyən edilmişdir. Siqaret kağızından olan bükümdə isə bitki mənşəlli kütlənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən aşkar edilmiş içərisində bir büküm içərisində narkotik vasitə olan, bir büküm içərisində psixotrop maddə olan və bir ədəd boruşəkilli şüşə predmeti olan bir ədəd siqaret qutusu təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 94-95). Təqsirləndirilən şəxs tərəfindən verilmiş başqa yerə getməmək barədə iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CPM-in 165-ci maddəsinə əsasən bir sıra yazılı öhdəliklər götürmüş və iltizamda göstərilən şərtləri pozduğu halda barəsində daha ciddi qətimkan tədbiri seçilə biləcəyini öz imzası ilə təsdiqləmişdir. (cild 1, i.v 96). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli 1703 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hazırda Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.113-114). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin törədilməsində təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, CM-in 234.2 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi olmadığı üçün həmin maddələrlə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli, 7/324 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 05 aprel 2022-ci il tarixli, 7/324 nömrəli rəyi və məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2022-ci il tarixli 1703 saylı rəyi sübut növü kimi qiymətləndirilmişdir. Şəxsi axtarış və götürmə protokolu ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,268 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra 0,218 qram çəkidə qalmış hissəsi, 1 ədəd boruşəkilli şüşə predmeti və 1 ədəd yarı yanmış siqaret maddi sübut kimi tanınması nəzərdə tutulmuşdur. Şəxsi axtarış zamanı aparılmış video çəkilişin 1 ədəd diski maddi sübut kimi tanınmış və cinayət işində saxlanılması qərara alınmışdır. (cild 1, i.v 116-122). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surəti). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, iş materiallarında olan tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinirək 2500 manat məbləğində cərimə edilmişdir. 07 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.11-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzalardan azad edilmişlər. Həmin qərarın 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmü ilə məhkum olunduğu cərimə cəzasından 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 2.11-ci maddəsinə əsasən azad edildiyindən və 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürüldüyündən, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (04-06 aprel 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Binəqədi RPİ-də saxlanılan qalıq çəkisi 0,218 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd boruşəkilli şüşə predmeti və 01 ədəd yarı yanmış siqaret, şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) iş saatı üçün cəmi 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,218 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd boruşəkilli şüşə predmeti və 01 ədəd yarı yanmış siqaret məhv edilsin. İş üzrə ekspertiza xərci 168 (yüz altmış səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 28 (iyirmi səkkiz) iş saatı üçün cəmi 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Bakı şəhəri "xxxx" ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: "xxxx" ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar