Məhkəmə qərarları › İş №1(001)-513/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-513/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-513/2023 30.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 10:50 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızının, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «PROSPEKT» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, xx xxxxx 1984-cü ildə İsmayıllı rayonu, Qubaxəllili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, halhazırda yenidən nikaha daxil olmuş, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İsmayıllı rayonu, Bizlan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 05 iyul 2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyul 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 137,00 manat, iki uşağa cəmi 274,00 manat sabit pul məbləğində alimenti övladları 26 aprel 2007-ci il təvəllüdlü X4 və 20 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 sentyabr 2017-ci il tarixli, 2(002)-4278/2017 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(001)-553/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 03 mart 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 12 noyabr 2020-ci il tarixdən sonuncu təqdimat verilən 08 may 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 6960,00 manat aliment borcunu zərər çəkmiş şəxs Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda məhkəmə qətnaməsini qərəzli şəkildə ödəməkdən yayınmadığı üçün özünü təqsirli bilməyərək göstərmişdir ki fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni qeyri rəsmi bənna işləyir, aylıq gəliri 800,00 manat təşkil edir.Bundan başqa qeyd etmişdir ki, Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızı ilə 2006-cı ildə evlənmiş, birgə nikahlarından X6 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2017-ci ildə Zərərçəkmiş şəxs (Miriyeva) ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 28 sentyabr 2017-ci il tarixli, 2(002)- 4278/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və övladları sonuncunun himayəsinə verilərək əvvəli 12 iyul 2017-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 137,00 manat, iki uşağa cəmi 274,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 26 aprel 2007-ci il təvəllüdlü Tural Miriyevin və 20 oktyabr 2011-ci il təvəllüdlü Türkan Mirisoyun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Miriyevanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra edə bilməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(001)-553/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq maddi imkanı ilə bağlı olaraq ödəniş edə bilməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qərəzli şəkildə icra sənədini icra etməkdən yayınmadığı, ikinci dəfə nikaha daxil olduğunu, himayəsində 01 (bir) azyaşlı övlıdının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, aliment borcunun bir hissəsini ödəməsini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızı bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə evlənmiş, birgə nikahlarından X6 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2017-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 28 sentyabr 2017-ci il tarixli, 2(002)-4278/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladları onun himayəsinə verildiyi üçün əvvəli 12 iyul 2017ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 137,00 manat, iki uşağa cəmi 274,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 26 aprel 2007-ci il təvəllüdlü T.Miriyevin və 20 oktyabr 2011-ci il təvəllüdlü T.Mirisoyun yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(001)-553/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızı Təqsirləndirilən şəxs öhdəliyində olan aliment borcunun bir qismini ödəsə də, o, alimentin borcunun hamısının ödənməsini tələb edir və bunları nəzərə alaraq Təqsirləndirilən şəxs cəzalanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 12 iyul 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 137,00 manat, iki uşağa cəmi 274,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 26 aprel 2007-ci il təvəllüdlü X4 və 20 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 sentyabr 2017-ci il tarixli, 2(002)-4278/2017 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(001)-553/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 01 iyun 2023-cü il tarixli tələbnamədən Təqsirləndirilən şəxs 06 dekabr 2018-ci il tarixədək olan aliment borcunu Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızının xeyrinə ödəməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 sentyabr 2017-ci il tarixli, 2(002)-4278/2017 saylı qətnaməsinin icrasını təmin etdiyi üçün onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 sentyabr 2017-ci il tarixli, 2(002)-4278/2017 saylı qətnaməsinə əsasən məlum olur ki, 12 iyul 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 137,00 manat, iki uşağa cəmi 274,00 manat sabit pul məbləğində alimenti övladları 26 aprel 2007-ci il təvəllüdlü X4 və 20 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Abdullayeva (Miriyeva) Sevinc Mirzəqulu qızının xeyrinə aliment Təqsirləndirilən şəxs tutularaq ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-553/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir.Həbsdə saxlama müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan qəbzlərə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun bir hissəsi ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini və şahidlərin ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmişdir.Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ikinci nikahdan himayəsində 01 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, aliment borcunun bir hissəsini zərərçəkmiş şəxsə ödəməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin,Təqsirləndirilən şəxsnın azadlığın məhdudlaşdırılması cəzasını – yaşadığı – ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqanına məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı,Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanda yerləşən evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar