Məhkəmə qərarları › İş №1(001)-518/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-518/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-518/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Şamaxı rayonu, Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-də avtobus sürücüsü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə 17 mart 2023-cü il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "xxxx" MMC-nin ərazisində tanışı X1 idarə etdiyi DAF markalı **-EG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində olan zaman sonuncunun yatmasından istifadə edib avtomobilin salonunda olan Bəhruz Məhərrəmova məxsus pul kisəsindən həmin dövrün Azərbaycan Respublikası milli pul vahidi ilə məzənnəsinə görə 892 (səkkis yüz doxsan iki) manat təşkil edən 40000 (qırx min) Rus rublu, 170 (bir yüz yetmiş) manat təşkil edən 100 (bir yüz) ABŞ dolları və 147 (bir yüz qırx yeddi) manatı gizli olaraq talayıb zərərçəkmiş Bəhruz Məhərrəmova ümumilikdə 1209 (bir min iki yüz dooquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bəhruz Məhərrəmov tanışıdır. Bəhruz Rusiyadan gəldikdən sonra onlar bir-birlərinə qoşulub yeyib içməyə getmişlər. Birlikdə içdikdən sonra o, keflənmiş və Bəhruzun pulunu oğurlanmışdır. Həmin zaman o, kefli olmuşdur. 2 gün sonra isə Bəhruzun pulunu geri qaytarmışdır. Götürdüyü pullar manat, rubl və dollar olmaqla qarışıq olmuşdur. Bəhruzla birlikdə araq içmişlər və o, öz hərəkətlərini bilmədən pulları götürmüşdür. Həmin puldan 300 manatını xərcləmişdir. O, "xxxx" MMC-də avtobus sürücüsü işləyir və 650 manat əmək haqqı alır. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs Bəhruz Məhərrəmova vurulmuş maddi ziyanı tamamilə ödədiyini, tək anası ilə yaşadığını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış zərərçəkmiş hüquqi şəxs X1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, uzun illərdir sürücü kimi fəaliyyət göstərmiş, sonuncu dəfə icarə əsasında DAF markalı **-EG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmiş, həmin avtomobillə Rusiya Federasiyasına və Azəbaycan Respublikasına yük daşıma ilə məşğul olmuş, yeddi il olar ki, Sumqayıt şəhərində yaşayan Ələsgəri tanımış və normal münasibətləri olmuş, mütəmadi görüşmüşlər. 2023-cü ilin fevral ayının axırlarında Ələsgərlə görüşəndən sonra özü Rusiya Federasiyasının Krasnadar şəhərinə yük aparıb, oradan da Bakı şəhərində yerləşən "xxxx" MMC-yə məxsus yük gətirmiş, 16 mart 2023-cü il tarixdə idarə etdiyi avtomobillə Azərbaycan Respublikasının ərazisinə keçəndən sonra Ələsgər istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq, görüşmək istədiyini bildirmiş, onlar Ceyranbatan qəsəbəsi ərazisində görüşüb birlikdə avtomobildə olan yükü boşaltmaq üçün Bakı şəhəri, Binəqədi rayonu Baksol yolunda yerləşən "xxxx" MMC-yə məxsus anbarın həyətinə gəlmişlər, yük boşaltma səhəri günə qaldığından axşamı orada avtomobildə qalmalı olmuşlar. Odur ki, anbarın yaxınlığında “24 Saat” marketə gedib kolbasa, çörək, şirə, 0,5 lterlik araq almış, Ələsgərlə avtomobilin salonunda oturub yeyibiçmişlər. Pul qabını avtomobilin salonuna qoymuş, pul kisəndə 40000 rus rublu, bir ədəd 100 ABŞ dolları və 147 manat nəğd pul omuş, 17 mart 2023-cü il tarixə keçən gecə yemək yedikdən sonra yuxulamış, bundan istifadə edən Ələsgər pul kisəsində olan pulları oğurlayaraq getmiş, ayılandan sonra DİN-in 102 Xidməti-Zəng Sisteminə zəng vurub, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə ərizə ilə müraciət etmiş, cəmində ona 1209 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "xxxx" MMC-nin ərazisində baş vermişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və X3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Maddi ziyanın könüllü olaraq ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "xxxx" MMC-nin ərazisində tanışı Bəhruz Məhərrəmovun idarə etdiyi DAF markalı **-EG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində olan zaman sonuncunun yatmasından istifadə edib avtomobilin salonuna qoyduğu pul kisəsindən oğurladığı 1209 manat pul vəsaitini Bəhruz Məhərrəmova qaytarmışdır. İş üzrə zərərçəkmiş şəxs X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1209 manat maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də avtobus sürücüsü vəzifəsində işləyir və aylıq 500.0 manat məbləğində əmək haqqı alır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməli, təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməklə, cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar