Məhkəmə qərarları › İş №1(001)-518/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-518/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-518/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlunun Təqsirləndirilən şəxs X4 Addıxanovnanın iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 36, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 20 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,526 qram ağ rəngli kristalşəkiili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf selofana bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 20:10-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsini 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 36-cı korpusun yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 21:30-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,526 qram ağ rəngli kristalşəkiili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, tutularaq bölməyə gətirilərkən üzərində psixotrop maddə metamfetamin olduğunu, üzərində baxışın videoçəkiliş ilə həyata keçirildiyini, ittiham aktında göstərilənlərin doğru olduğunu, əməlindən peşman olduğunu, tutularkən hər hnası təziq və ya hədə qorxu olmadığını və hazırda ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə, narkotik vasitələrin əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Əməliyyat tədibrilərinin keçirilməsi məqsədi ilə ondan və Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 20 yanvar 2024-cü il tarixdə saat 20:10-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 36 ünvanının yaxınlığında olan zaman əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cı polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə bölmədə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümdə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda tanımadığı şəxsdən 30 (otuz) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 20:10-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf selofan bükümlə bağlı sual verildikdə, o, həmin bükümün içərisində psixotrop maddə “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,59 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bir ədəd şəffaf selofan bükümdəki maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaq götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/393 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Oleq Konstantinoviç (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,526 qram olan ağ rəngli, kristallikşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələr” in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,526 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,476 qram geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, onun barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınaraq saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 426 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narokomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, təhqiqatçı Mirsiyaf Hüseynov vətəndaş Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında öncə ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində ki, göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkisi ölçüldükdə müəyyən edilir ki, çəkisi 0,59 qram təşkil edir. Daha sonra aşkar olunmuş 01 ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli mənşəyi bilinməyə spesifik iyə məxsus naməlum maddə aşkar edilmişdir. Aşkar olumuş maddə ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə o həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Mirsiyaf Hüseynov tərəfindən axtarış keçirilir lakin heçnə aşkarlanmır. Daha sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükülmüş halda olan ağ rəngli kütlə, yəni psixotrop maddə metafmetaminə bənzər maddə qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürlənərək imzalanır. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra içərisində psixotrop maddə metafmetaminə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm zərfə qoyularaq zərfin ağzı möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilir. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,526 qram çəkidə olan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,476 qram psixotrop maddə olan metamfetamin və şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk maddi sübut hesab edilmişdir. Psixotrop maddə olan metamfetamin Bakı şəhəri Binəqədi RPİ-də saxlanılmış, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 8 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti qutardığına görə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası 6 ay azaldılaraq 1 il, 9 aya endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-249/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-97/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-249/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza 6 ay azaldılmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,526 qram çəkidə olan və tədqiqatdan sonra 0,476 qram qalıq qalmış psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınması nəzərə alınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bir ədəd “DVD” formatlı diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə olunması nəzərə alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “psixotrop maddələri” adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən olunmuşdur. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Belə ki, araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 8 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti qutardığına görə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası 6 ay azaldılaraq 1 il, 9 aya endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu müəyyən etmək üçün sonuncu tərəfindən törədilmiş cinayət əməllərinin və məhkum edildiyi cəzaların ayrıayrılıqda tədqiq etməyi zəruri hesab edir. Göründüyü kimi, ilk dəfə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-nin 126.3-cü maddəsi ilə (ağır cinayət) təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəza müddəti qutardığına görə azad edilmişdir. Ağır cinayət törətməyə görə cəzanın çəkilib qurtarıldığı gündən altı il keçdikdə məhkumluq ödənildiyi üçün Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə məhkumluğu xx.xx.2025-ci il tarixdə ödənilmiş hesab olunmalıdır. Hazırki cinayət əməli isə Təqsirləndirilən şəxs tərəfindən 20 yanvar 2024-cü il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasın görə məhkumluğu ödənilmədən törədilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Az ağır cinayət törətməyə görə cəzanın çəkilib qurtarıldığı gündən iki il keçdikdə məhkumluq ödənildiyi üçün və Təqsirləndirilən şəxs hazırki əməli 20 yanvar 2024-cü il tarixdə törətdiyi üçün qeyd olunan hökmlə təyin edilmiş cəza üzrə məhkumluq ödənilmişdir. AR CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından sözügedən hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini təşkil edən cinayətlər sırasına aid edilə bilməz. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası 6 ay azaldılaraq 1 il, 9 aya endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Az ağır cinayət törətməyə görə cəzanın çəkilib qurtarıldığı gündən iki il keçdikdə məhkumluq ödənildiyi üçün qeyd olunan azadlıqdan məhrum etmə cəzasına görə Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2024-cü il tarixdə ödəniləcəkdir. Belə olan halda, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə yaranmış məhkumluq ödənilməmiş törətmişdir. Qeyd olunanlardan belə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmləri ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarına görə yaranmış məhkumluqları ödənilmədən törətmişdir. AR CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əməlində cinayətin təhlükəli residivinin mövcud olmasını, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:10-da şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2024-cü il tarixdə saat 15:40-dan 16:10-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə saat 10:55-dən saat 11:30-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, təqsirləndirilən şəxs qismində dindirildikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin təmin edilməsindən imtina edilmiş, həmin tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılanekspertiza tədqiqatından sonra qalan çəkisi – 0,476 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. xx.xx.2024-cü il tarixli, 426 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi mülaicə təyin edilməli və o qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlunun təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 47 (qırx yeddi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 47 (qırx yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 47 (qırx yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 282 (iki yüz səksən iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il, 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 1 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,476 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 282 (iki yüz səksən iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar