Məhkəmə qərarları › İş №1(001)-524/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-524/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-524/2021 10.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 12 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 13 iyun 2021-ci il tarixdə saat 15:30 radələrində Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,245 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nərimanov Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 15.09.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 12.06.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsində üzdən tanıdığı şəxsdən, kağıza bükülmüş vəziyyətdə 01 büküm narkotik vasitə olan heroini 25 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş qalan hissəsini isə üzərində gəzdirmişdir ki, bədənində ağrılar olan zaman qəbul etsin. 13.06.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədov küçəsində piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin inzibati binasına dəvət etmişlər və o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində olan qeyriqanuni əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Həmin zaman o, əynindəki şalvarın cibindən içərisində heroin olan 01 ədəd kağızda olan bükümü masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərindən digər heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 13 iyun 2021-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanına gəlmişlər. Həmin zaman xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdəfiçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış aparılmazdan əvvəlTəqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuş və həmin bükümün icərisində narkotik maddə hesab olunan “heroin” olduğunu bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və qəhvəyi rəngli maddə olduğu aşkar edilmiş və həmin kütlə baxışda iştirak edən iştirakçılara nümayiş etdirilmişdir. Bunun ardınca aşkar edilən kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, aşkar olunan narkotik maddə heroini 12 iyun 2021-ci il tarixdə axşam saatlarında «Keşlə» qəsəbəsində tanımadığı şəxsdən 25 manata almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsinə dair barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 13.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək daşıması və üzərində saxlaması barədə Binəqədi RPİ-nin 5-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 13.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 13.06.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PBnin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd ağ rəngli kağız bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. 14.06.2021-ci il tarixli, 6/2410 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi olan üzərində «vət. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm…» yazı və imzalar olan zərfdə təmiz çəkisi 1,245 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,245 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,195 qram. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 5(001)-837/2021 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. 15.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 15.06.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. 21.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd ağ rəngli kağız bükümdə olan maddəni təqdim edib, həmin bükülünün içərisində heroin olduğunu, onu öz istifadəsi üçün 12 iyun 2021-ci il tarixdə Keşlə adlanan ərazidə tanımadığı şəxsdən 25 manata aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. 14.08.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli, 1(005)-245/2019 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, 7(002)-967/2020 nömrəli qərarı ilə isə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 07.09.2021-ci il tarixli, 3310 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 11.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,245 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 1,195 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. AZE 12157967 və AZE 12157966 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02.08.2009-cu il təvəllüdlü X4 və 29.01.2014-cü il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və məhkəmə qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni cəzasının çəkilməmiş hissəsi ərzində (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi onun əməlində CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını göstərir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs13 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 15 iyun 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 13 iyun 2021-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bunlarla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə təqsirli bilindiyi cinayət əməlini Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, 7(002)-967/2020 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli, 1(005)-245/2019 nömrəli hökmü ilə məhkum olunduğu 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, yəni cəzasının çəkilməmiş hissəsi ərzində törətmişdir. CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, 7(002)-967/2020 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli, 1(005)-245/2019 nömrəli hökmü ilə məhkum olunduğu 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və sonuncunun şərti olaraq vaxtından əvvəl azad edilməklə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsi hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və dərhal məhkəmə iclas zalından həbs ediləcəyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 1,195 qram narkotik maddə olan heroin və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, 7(002)-967/2020 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli, 1(005)-245/2019 nömrəli hökmü ilə məhkum olunduğu 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 9 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli, 1(005)-245/2019 nömrəli hökmü ilə məhkum olunduğu 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, 7(002)-967/2020 nömrəli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 10 (on) ay 9 (doqquz) gün çəkilməmiş qalan hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 1,195 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar