Məhkəmə qərarları › İş №1(001)-524/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-524/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-524/2024 13.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) İdrisli Jalə Qalib qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,560 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 19:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş, orada həmin tarixdə saat 20:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,560 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə il olar ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir. 06 aprel 2024-cü il tarixdə, günorta saatlarında o, narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhərində yerləşən və «Papanin» kimi tanınan əraziyə getmişdir. Orada o, əvvəllər tanımadığı, lakin zahiri görünürüşündən narkotik vasitə istifadəçisinə oxşar bir şəxsə yaxınlaşaraq həmin şəxsə, bədənində ağrılar olduğunu və buna görə də narkotik vasitəyə ehtiyacının olduğunu bildirmişdir. Həmin şəxs ona, 10 manata bir büküm heroin verə biləcəyini bildirmişdir. O, razılaşaraq həmin şəxsə 10 manat pul verib qarşılığında şəffaf sellofona bükülmüş halda olan heroini əldə edərək əynində olan şalvarının sağ yan cibinə qoymuş və gecə vaxtı yaşadığı evdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin tarixdə saat 19:00 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında olarkən ona, iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər, Binəqədi rayon polis idarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlamaqda şübhəli bilindiyini bildirərək onu 5-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Polis bölməsinə getmişdir. Polis bölməsində olarkən təhqiqatçı tərəfindən ona müdafiə hüquqları izah edilmiş və o, maddi imkanı olmadığı üçün dövlət hesabına pulsuz müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra ona, Bakı şəhəri, 11 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və o, həmin siyahıda adları qeyd olunan istənilən vəkil tərəfindən müdafiə olunmağına etiraz etmədiyini bildirmişdir. Bir müddət sonra təhqiqatçı tərəfindən ona, 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. O, həmin vəkillə tanış olduqdan sonra hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Təhqiqatçı tərəfindən buna dair protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulmağı haqqında qərar qəbul edilmiş, həmin qərarın surəti təqdim edilmiş, o cümlədən şübhəli şəxs kimi bütün hüquq və vəzifələri ona izah edilmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən ona, barəsində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra o, ərizə ilə müraciət edərək, barəsində aparılacaq şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak etməsini istəmədiyini qeyd etmişdir. Bundan sonra müdafiəçinin iştirakı olmadan barəsində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Proses başlamadan öncə təhqiqatçı tərəfindən ona, eləcə də digər iştirakçılara, həmin prosesin video çəkilişlə baş tutacağı bildirilmiş və heç biri buna etiraz etməmişlər. Bundan sonra təhqiqatçı ona, üzərində narkotik vasitə və ya daşınması qanunla qadağan edilmiş digər əşya vardırsa həmin əşyaları təqdim etməyi təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan, şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmış və başqa heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı o, təhqiqatçıya, masanın üzərinə qoyduğu bükümün içərisində olan kütlənin heroin olduğunu, bir neçə il olar ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni də həmin gün günorta saatlarında «Papanin» kimi tanınan ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini, sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını, lakin həmin tarixdə saat 19:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı üçün istifadə edə bilmədiyini bildirmişdir. Onun təqdim etdiyi və içərisində narkotik vasitə olan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyulmuş, zərf möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı ona, üzərindən aşkar edilmiş bükümün içərisindəki kütlənin narkotik vasitə olubolmamasının və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyini bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən onun barəsində şəxsi axtarış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və o, həmin protokolu oxuyaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. O saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərində şəxsi axtarış aparılarkən heç bir psixi və fiziki təsirə məruz qalmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən yalnız özünün şəxsi istifadəsi üçün istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini və narkotik vasitəni xəstəliyi ilə bağlı yaranmış ağrıları üçün istifadə etmək məqsədilə əldə etdiyini bildirərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon polis idarəsinin 5-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsini daşıyır. 06 aprel 2024-cü ildə işlədiyi Binəqədi RPİ-nin 5-ci PB-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olmayan, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi RPİ-nin 5-ci PB-nin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək, rəhbərlik etdiyi, Binəqədi RPİ-nin 5-ci PBnin baş əməliyyat müvəkkili Şahid1 da daxil olduğu əməliyyat qrupunu təşkil etmişdir. Üzərində narkotik vasitələri daşımaqda şübhəli bilinəli şəxsin müəyyən edilərək yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izldədikdən sonra 06 aprel 2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə ona özlərini təqdim etmişlər və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra onlar, həmin şəxsə, narkotik vasitələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etmədiyindən birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişlər. Orada əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi RPİ-nin 5-ci polis bölməsinin təhqiqatçısı polis mayoru Orxan Təhməzliyə təqdim ediməklə araşdırmanın aparılması da ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı bildirmişdir ki, o, bir neçə olar ki, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar olunmuş bükümün içərisində narkotik vasitə heroindir, o, həmin narkotik vasitəni həmin tarixdə, günorta saatlarında Bakı şəhərində yerləşən “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən 10 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli spesifik iyə malik kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 5-ci polis bölməsinin təhqiqatçısı polis mayoru Orxan Təhməzli tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə gətirildikdən sonra ona qarşı heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi RPİ-nın 5-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il, saat 20:15-də Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş qəhvəyi rəngli olan narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,560 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İlkin İsmayılovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 2313 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,510 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi X6 xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, X4 “büzdüm nahiyəsinin irinləmiş qabaq yarası, sağ bazu aşağı 1/3-nin yumşaq toxumalarının infeksiyası qanqrenası, sol aşağı ətrafın parezi və hepatit C” diaqnozu qoyulmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və xəstəliyini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2anını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 06 aprel 2024-cü il tarixdə saat 19:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 08 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 11:20-dən 12:15-ə qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon Prokurorluğuna müraciət edilmiş, Binəqədi rayon prokuroru Müdafiəçi qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,510 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,510 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar