Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-525/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 2, ev 147 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 27 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,233 qram ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd bükümdə əldə edərək əynində olan tünd boz rəngli idman şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 21:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Stroy Detal küçəsi “AL Market” mağazasının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 23:00-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli idman şalvarın sol yan cibindən 1 ədəd kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,233 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, üzərindən aşkar olunması bildirilən psixotrop maddə ona məxsus deyildir. Həmçinin ittihamda onun saxlanılma vaxtı da səhv göstərilmişdir. Belə ki, o səhər saatlarında, yəni 27 aprel 2024-cü il tarixdə, təxminən saat 09:30-10:00 radələrində saxlanılmışdır. Həmçinin saxlanılan zaman Şahid2 orda olmamış, onu Şahid1 saxlamışdır. Qeyd etməlidir ki, o qeyd etdiyi saatda piyada hərəkətdə olan zaman ayağı siqaret qutusuna dəymiş, siqaret qutusunun içərisində nəsə olduğunu hiss etdiyi üçün qutunun içərisində siqaret olmasını ehtimal etmişdir. Bu səbəbdən sözügedən qutunu yerdən götürmüş, qutunun içərisinə baxan zaman orada siqaret yox küllər və psixotrop maddə olmasını görmüşdür. Bundan sonra qutunu tullamağına baxmayaraq polis əməkdaşları gəlib onu saxlayaraq şöbəyə aparmışlar. Bu barədə müdafiəçisinə nəsə bildirməmişdir, polislər tərəfindən saxlanılan zaman yaxud bölmədə olan zaman ona hər hansı bir təzyiq olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 2, ev 147 ünvanı yaxınlığında yerdən tapdığı 1 ədəd siqaretin qızılı kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetamini götürüb üzərində saxlamışdır ki, istifadə etsin. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Stroy detal küçəsi, «Al market»in yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində psixotrop maddələri saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirmişlər. Polis bölməsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan tünd boz rəngli idman şalvarın sol yan cibindən 1 ədəd siqaretin qızılı kağızında olan predmet aşkar edilərək götürülmüşdür. Üzərində aşkar olunmuş 1 ədəd siqaretin qızılı kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdrılıb, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Hadisə ilə bağlı digər əlavəsi yoxdur, o, psixotrop maddənin satışı ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Saxlanıldığı zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, hazırki ittiham üzrə onun heç bir təqsiri yoxdur, təqsirli olan zaman gedib cəzasını çəkmişdir. Hazırki cinayət işi üzrə isə günahsızdır, həmin psixotrop maddə ona məxsus olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 27 aprel 2024-cü ildə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Stroy Detal küçəsi, «Al market»in yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi RPİ-nnin 4-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman video çəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 2, ev 147 ünvanı yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onlar daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlayıb, bölməyə dəvət etmişlər, həmin zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir maddə olmasından məlumatları olmamış, sonuncunun üzərində psixotrop maddə olması şəxsi-axtarış həyata keçirilən zaman şəxsin özünün təqdim etməsi ilə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilməkdən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. 27 aprel 2024-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Stroy Detal küçəsi, «Al market»in yaxınlığında saxlayaraq Binəqədi RPİ-nnin 4-cü polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi-axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaretin qızılı kağıza bükülmüş bükümdə kristal formalı psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsin üzərində psixotrop maddə olmamasına dair bildirdikləri yalandır, onun yanında digər polis əməkdaşı Şahid2 da olmuşdur. Həmin zaman psixotrop maddə təqsilərndirilən şəxsin üzərində olmuşdur, bu hal da öz təsdiqini bölmədə həyata keçirilmiş şəxsi-axtarış zamanı tapmışdır. Şəxsi axtarış aparılanadək şəxsin üzərində hər hansı bir maddə olduğunu bilməmişlər, sadəcə şübhəli olduğu üçün əməliyyat məlumatı əsasında saxlayaraq polis şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:40-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 21:30-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd siqaretin qızıl rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə olan metamefetaminə bənzər kütləni və həmin tünd boz rəngli idman şalvarinin sağ yan cibindən bir ədəd Samsung marklı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin psixotrop maddəni 27 aprel 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapıb üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbi edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı sözügedən protokola əlavə edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola uyğundur. 28 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2339 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №173...” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,233 qram olan ağ rəngli kristallik maddə kustar üsullan hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert rəyinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 0,233 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,183 qram geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir. “Şübhəli şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, dindirmə istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə, saat 17:30-dan 18:00-dək keçirilmişdir. Dindirmə zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni ünvan 3 ünvanın yaxınlığında yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı bir formada təzyiq və təsir olmadığını bildirərək törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imzalamışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, dindirmə istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə, saat 15:30-dan 16:00-dək keçirilmişdir. Dindirmə zamanı protokolda əlyazma ilə özünü təqsirli bilib-bilməməsi barədə qrafaya kiril hərfləri ilə “bilirəm” qeyd etmiş, psixotrop maddəni ünvan 3 ünvanın yaxınlığında yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı bir formada təzyiq və təsir olmadığını bildirərək törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imzalamışdır. xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, onun barəsində digər qətimkan tədbirinin seçilməsi və saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzası başa çatdığına görə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-100/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2813 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 0,233 qram, ekspert tədqiqatından sonra qalan 0,183 qram psixotrop maddə- metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla 05 iyul 2024-cü il tarixli qərar ilə maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,183 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Leyla İsmayılova adında azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış və şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video-görüntüyə baxış zamanı qeyd alınmış videogörüntünü əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni özü təqdim edir və həmin maddənin özünə məxsus olmaması barədə hər hansı fikir bildirmir, şəxsi axtarış və götürmə barədə protokolu isə imzası ilə təsdiq edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Stroy Detal küçəsi, “Al market”in yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nnin 4-cü polis şöbəsinə gətirilmiş, şöbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni yerdən tapdığı və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şahidlərin verdiyi ifadələr digər iş materiallarına uyğun olmuş, təqsirləndirilən şəxsin bildiriklərinin əksinə iş materialları ilə ziddiyyət təşkil etməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələr də şahidlərin məhkəmə iclasında bildirdikləri ilə üst-üstə düşür. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə tərtib edilmiş protokolları özü və müdafiəçisi imza etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “psixotrop maddələri” adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-100/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. Belə olanda təqsirləndirilən şəxsin cəzası 13 noyabr 2023-cü il tarixdə başa çatmışdır. (Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməmiş, cəzası təxirə salınmamış, həmçinin barəsində amnistiya və yaxud əfvetmə tətbiq olunmamışdır.) CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasına görə yaranmış məhkumluğu ödənilmədən və götürülmədən, yəni azad edildiyi vaxtdan iki il müddət keçməmiş, 27 aprel 2024-cü il tarixdə qəsdən az ağır cinayət törətmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs qeyd edilən məhkumluğu 13 noyabr 2023-cü il tarixdən iki il keçdikdə, yəni 15 noyabr 2025-ci il tarixdən sonra ödənilmiş hesab olunacaqdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əməlində cinayətin residivinin mövcud olmasını, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:30-da şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2024-cü il tarixdə saat 17:30-dan 18:00-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2024-cü il tarixdə saat 15:30-dan 16:00-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, təqsirləndirilən şəxs qismində dindirildikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin təmin edilməsindən imtina edilmiş, həmin tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan-ekspertiza tədqiqatından sonra qalan çəkisi - 0,183 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2813 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməsi mümkün olmadığından ona məcburi müalicə təyin edilməməli, lakin yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 46 (qırx altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 46 (qırx altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri Binəqdi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. oğluna ümumilikdə Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni 26 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,183 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ 4-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 276 (iki yüz yetmiş altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-525/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-525/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver