Məhkəmə qərarları › İş №1(001)-527/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-527/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-527/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatında olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə, saat 02:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, Zərərçəkmiş şəxs icarədarı olduğu ərzaq mağazasının giriş qapısının önündə olan dəmir barmaqlığın qıfılını əlində olan kiçik ölçülü dəmir parçası ilə sındırıb, giriş qapısının pəncərə şüşəsini həmin dəmir parçası ilə qıraraq mağazanın giriş qapısının pəncərəsindən içəriyə qanunsuz daxil olub oradan 1 qutusu 3.60 AZN olan 5 qutu “Davidoff” markalı, 1 qutusu 2.80 AZN olan 9 qutu “LD” markalı, 1 qutusu 3.40 AZN olan 4 qutu “Winston” markalı, 1 qutusu 3.90 AZN olan 27 qutu “Sobranie” markalı, 1 qutusu 2.00 AZN olan 11 qutu “Viceroy” markalı, 1 qutusu 3.60 AZN olan 33 qutu “Kent” markalı, 1 qutusu 1.80 AZN olan 5 qutu “Argo” markalı, 1 qutusu 2.50 AZN olan 6 qutu “More” markalı, 1 qutusu 2.20 AZN olan 12 qutu “Classic” markalı, 1 qutusu 2.00 AZN olan 6 qutu “Prima” markalı, 1 qutusu 2.20 AZN olan 19 qutu “Want” markalı, 1 qutusu 2.00 AZN olan 11 qutu “Magna” markalı, 1 qutusu 2.50 AZN olan 4 qutu “Pall Mall” markalı olmaqla, ümumilikdə 439.10 AZN dəyərində 152 qutu dolu siqaretləri və 5.90 AZN dəyərində xırda qəpik pulları gizli yolla talayaraq mağazadan götürdüyü sellofan torbaya yığmaqla Zərərçəkmiş şəxs ümumilikdə 445 AZN məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə, saat 01:45-də yaşadığı evdən çıxıb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisinə gəlmişdir. Həmin gün, saat 02:30-da yerdən tapdığı kiçik ölçülü dəmir parçası ilə stansiyanın ərazisində olan ərzaq mağazasının giriş qapısının önündə yerləşən, sağa-sola açılan dəmir barmaqlığa vurulmuş qıfılı sındırmışdır. Daha sonra isə həmin dəmir barmaqlığı açmış, əlindəki kiçik ölçülü dəmir parçası ilə ərzaq mağazasının plastik qapısının pəncərə şüşəsini sındırıb mağazaya qanunsuz daxil olmuşdur. Tez bir zamanda orada olan qutunun içərisindən bir qədər xırda qəpik pullar və rəfdə olan müxtəlif çeşidli dolu siqaret qutularını mağazanın içərisindən götürdüyü sellofan torbaya doldurub mağazadan çıxıb aralanmışdır. Bir qədər keçdikdən sonra əlindəki sellofan torba ilə Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən bazarın yaxınlığında olarkən polis əməkdaşlarının ona tərəf yaxınlaşdığını görüb qaçmağa başlamışdır. Qaçarkən oğurluqda istifadə etdiyi dəmir parçasını dəqiq xatırlamadığı bir yerə atmış, polis əməkdaşlarından isə qaça bilməmişdir. Belə ki, həmin polis əməkdaşları onu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində saxlayıb Biləcəri st. X5 gətirmişdirlər. Daha sonra onun iştirakı ilə oğurladığı əşyalara və hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, konkret olaraq 5 manat 90 qəpik məbləğində xırda qəpik pullar və ümumilikdə 152 qutu müxtəlif markalı siqaretlər oğurlamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, himayəsində 01 nəfər az yaşlı uşağı vardır. Eyni zamanda Zərərçəkmiş şəxs ilə barışmış və sonuncunun ondan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən deyilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 03 avqust 2020-ci il tarixdən bəri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən ərzaq mağazasını icarəyə götürüb işlədir. Belə ki, həmin ərzaq mağazasının içərisində olan bütün ərzaq məhsullarını öz şəxsi vəsaiti hesabına almış və həmin ərzaq məhsullarının pərakəndə şəkildə satışı ilə məşğul olur. 02 avqust 2021-ci il tarixdə, saat 03:30-də Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən verilmiş məlumat əsasında ona məlum olmuşdur ki, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən bazarda meyvə satışı ilə məşğul olan Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə, saat 02:30-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən, icarədarı olduğu ərzaq mağazasının giriş qapısının önündə olan dəmir barmaqlığın qıfılını əlində olan kiçik ölçülü dəmir parçası ilə qırıb, sonra isə giriş qapısının pəncərə şüşəsini həmin dəmir parçası ilə sındıraraq mağazanın giriş qapısının pəncərəsindən içəriyə qanunsuz daxil olub oradan 5 qutu “Davidoff” markalı, 9 qutu “LD” markalı, 4 qutu “Winston” markalı, 27 qutu “Sobranie” markalı, 11 qutu “Viceroy” markalı, 33 qutu “Kent” markalı, 5 qutu “Argo” markalı, 6 qutu “More” markalı, 12 qutu “Classic” markalı, 6 qutu “Prima” markalı, 19 qutu “Want” markalı, 11 qutu “Magna” markalı, 4 qutu “Pall Mall” markalı olmaqla, ümumilikdə 152 qutu dolu siqaretləri və 5.90 AZN dəyərində xırda qəpik pulları gizli yolla oğurlayaraq mağazadan götürdüyü sellofan torbaya yığıb dərhal hadisə yerindən uzaqlaşmış və bir qədər keçdikdən sonra Biləcəri st. X4 əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bu barədə ona məlumat verilən kimi dərhal Biləcəri st. XPŞ-nə gəlmiş və onun iştirakı ilə Təqsirləndirilən şəxs gizli yolla oğurladığı və ona məxsus olan 5.90 AZN dəyərində xırda qəpik pullara və ümumilikdə 152 qutu dolu siqaretlərə baxış keçirilmişdir. Baxış keçirildikdən sonra ona məxsus olan pullar və siqaretlər qəbzlə özünə təhvil verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona ümumilikdə 455.30 AZN (dörd yüz əlli beş manat otuz qəpik) məbləğində maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs oğurladığı ümumilikdə 152 qutu siqaretin dəyəri 449.40 AZN təşkil edir və 5.90 AZN məbləğində xırda qəpik pulları da oğurladığına görə ona dəymiş ziyan ümumilikdə 455.30 AZN təşkil edir. Oğurlanmış bütün predmetlər bütöv halda və tamlığı pozulmadan ona qaytarıldığına görə hadisə nəticəsində dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X4 Post Patrul Xidməti Tağımının polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanıyırdı. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən bazarda satıcı işləmişdir. Onunla hərhansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır. 02 avqust 2021ci il tarixdə, saat 02:30-də Biləcəri st. XPŞ-nin xidməti ərazsisində xidmətdə olarkən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının yerləşən ərzaq mağazası tərəfdən şüşə sındırılması səsi eşidib dərhal yaxınlıqda xidmət aparan post yoldaşları – PPXT-nin polis nəfərləri, polis serjantı Şahid2 və polis serjantı Şahid3 yanına çağırıb səs gələn tərəfə yaxınlaşmışdırlar. Həmin vaxt stansiyanın ərazisində yerləşən ərzaq mağazasının giriş qapısının önündə yerləşən dəmir barmaqlığın qıfılı sındırılaraq dəmir barmaqlığın açıldığını, həmçinin də giriş qapısının şüşəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdürlər, lakin mağazanın içərisində heç kim olmamışdır. Onlar dərhal yaxınlığa baxanda stansiyanın ərazisində yerləşən bazarın yaxınlığında bir nəfər şəxsin əlində sellofan torba ilə qaçdığını görmüş və tez bir zamanda onun arxasınca getmişdirlər. Qısa müddət keçdikdən sonra onlar həmin şəxsi əlindəki sellofan torba ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində saxlayıb Biləcəri st. XPŞ-nə gətirmişdirlər. Şöbənin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən ərzaq mağazasının giriş qapısının şüşəsini sındırıb içəriyə qanunsuz daxil olaraq oradan 5 manat 90 qəpik məbləğində xırda qəpik pullar və ümumilikdə 152 qutu dolu siqaretləri oğurlayaraq dərhal hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (i.v 1) 02.08.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 01 ədəd telefon, 01 ədəd dəmir parçası, içərisində 152 ədəd siqaret qutusu olan sellofan torba, 5,90 manat dəyərində olan xırda qəpik pullar aşkar olunmuşdur. (i.v.7) 02.08.2021-ci il tarixli predmetlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış kemirilən zaman predmetlər Təqsirləndirilən şəxs təqdim etdiyi 5.90 AZN dəyərində xırda qəpik pullar, 5 qutu “Davidoff” markalı, 9 qutu “LD” markalı, 4 qutu “Winston” markalı, 27 qutu “Sobranie” markalı, 11 qutu “Viceroy” markalı, 33 qutu “Kent” markalı, 5 qutu “Argo” markalı, 6 qutu “More” markalı, 12 qutu “Classic” markalı, 6 qutu “Prima” markalı, 19 qutu “Want” markalı, 11 qutu “Magna” markalı, 4 qutu “Pall Mall” markalı olmaqla, 152 qutu dolu siqaretlərdir. Baxış keçirilən siqaret qutularının hər birinin ağzı nazik sellofanla izolyasiya edilmiş, qutulatın bötövlüyü və tamlığı pozulmamışdır. (i.v. 11-13) 02.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v 19) 02.08.2021-ci il tarixli protokoldan görünür ki, 02 avqust 2021-ci il tarixdə, saat 02:30-da olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən ərzaq mağazasında baş vermişdir. (i.v. 43-50 02.08.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 5.90 AZN dəyərində xırda qəpik pullar, 5 qutu “Davidoff” markalı, 9 qutu “LD” markalı, 4 qutu “Winston” markalı, 27 qutu “Sobranie” markalı, 11 qutu “Viceroy” markalı, 33 qutu “Kent” markalı, 5 qutu “Argo” markalı, 6 qutu “More” markalı, 12 qutu “Classic” markalı, 6 qutu “Prima” markalı, 19 qutu “Want” markalı, 11 qutu “Magna” markalı, 4 qutu “Pall Mall” markalı olmaqla, 152 qutu dolu siqaretləri tamlığı pozulmamış vəziyyətdə 02.08.2021-ci il tarixdə təhvil almışdır. (i.v. 82) 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi yeri və şəraiti ifadəsində qeyd etdiyi formada əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. (i.v. 85-87) 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 88-89) AZE seriyalı, 11557754 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.10.2016-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. (i.v.107) 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı DYNPİ-nin Biləcəri st. XPŞ-nin MSY-dən dərhal azad edilmişdir.(i.v. 109-111) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 06.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Binəqədi rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.09.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsindən CM-in 315.1-ci maddəsinə tövsif edilmiş, ona 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 05 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v 117-118) Cəlilabad rayon Üçtəpə kəndi İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 148) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2021-ci il tarixli 9/5424 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 152 qutu siqaretlərin 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 439,10 (dörd yüz otuz doqquz manat on qəpik) manat müəyyən edilir. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (i.v.151-152) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2021-ci il tarixli, 3/1324 №-li rəyindən görünür ki, təqdim edilən asma qıfıl təyinatı üzrə yararsızdır, asılqanının dib hissəsindən başlayaraq deformasiya zədəsi həmin qıfılın kənar bərk-küt predmet (məsələn, təkər açarı, ling, metal çubuq və s. kimi alət və vasitələr) tətbiq edilməklə fiziki təsirlə qıfılın sındırılaraq açılması prosesində yaranmağa xarakterik zədələrdir. Tədqiqata təqdim edilmiş asma qıfılın daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. (i.v. 155-156) 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd asma qıfıl iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləcəri st. XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. 5 qutu “Davidoff” markalı, 9 qutu “LD” markalı, 4 qutu “Winston” markalı, 27 qutu “Sobranie” markalı, 11 qutu “Viceroy” markalı, 33 qutu “Kent” markalı, 5 qutu “Argo” markalı, 6 qutu “More” markalı, 12 qutu “Classic” markalı, 6 qutu “Prima” markalı, 19 qutu “Want” markalı, 11 qutu “Magna” markalı, 4 qutu “Pall Mall” markalı olmaqla, ümumilikdə 152 qutu dolu siqaretlər və 5.90 AZN dəyərində xırda qəpik pullar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və əmlakın sahibi Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmişdır. (i.v. 164-165) 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (i.v. 176- 177) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 29.11.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 02.08.2021-ci il tarixdə, saat 04.20-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 03.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs DYNPİ-nin Biləcəri st. XPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Çünki məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu 02.08.2021-ci il tarixdə, saat 04.20-dən 03.08.2021-ci il tarixədək Təqsirləndirilən şəxs DYNPİ-nin Biləcəri st. XPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək DYNPİ-nin Biləcəri st. XPŞ-nin MSY-dən azad edildiyi müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun, hazırkı cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 5 qutu “Davidoff” markalı, 9 qutu “LD” markalı, 4 qutu “Winston” markalı, 27 qutu “Sobranie” markalı, 11 qutu “Viceroy” markalı, 33 qutu “Kent” markalı, 5 qutu “Argo” markalı, 6 qutu “More” markalı, 12 qutu “Classic” markalı, 6 qutu “Prima” markalı, 19 qutu “Want” markalı, 11 qutu “Magna” markalı, 4 qutu “Pall Mall” markalı olmaqla, ümumilikdə 152 qutu dolu siqaretlər və 5.90 AZN dəyərində xırda qəpik pulların saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Biləcəri st. XPŞ-nin saxlanc anbarında saxlanılan 1 ədəd asma qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəlilabad rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 5 qutu “Davidoff” markalı, 9 qutu “LD” markalı, 4 qutu “Winston” markalı, 27 qutu “Sobranie” markalı, 11 qutu “Viceroy” markalı, 33 qutu “Kent” markalı, 5 qutu “Argo” markalı, 6 qutu “More” markalı, 12 qutu “Classic” markalı, 6 qutu “Prima” markalı, 19 qutu “Want” markalı, 11 qutu “Magna” markalı, 4 qutu “Pall Mall” markalı olmaqla, ümumilikdə 152 qutu dolu siqaretlər və 5.90 AZN dəyərində xırda qəpik pullar əmlakın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Biləcəri st. XPŞ-nin saxlanc anbarında saxlanılan 1 ədəd asma qıfıl hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (ik yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar