Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-527/2023 17.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Məhkəmə iclasının katibi: X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər: X4, X5, X6, X3, X8 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X7 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi: Müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4, X5, X6, X3, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4, X5, X6, X3, X8 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət “Tiktok” sosial şəbəkəsində yayılmış məlumatlarla əlaqədar olmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X4, X5, X6, X3, X8 şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 bildirdi ki, Yevlax rayonu, Kövər kəndində qeydiyyatdadır, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayır, şikayət əsassızdır, məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə görünür ki, xüsusi ittiham qaydasında şikayət “Tiktok” və “Whatsap” sosial şəbəkələrində yayılmış məlumatlarla əlaqədar olmuşdur. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin sosial şəbəkələrin hüquqi ünvanı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin qeydiyyat yaşayış ünvanıdır. Sosial şəbəkələrin hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Belə olduğu təqdirdə “Tiktok” və “Whatsap” sosial şəbəkəsinin hüquqi ünvanı xaricdə yerləşir, Azərbaycan Respublikası ərazisində yerləşmir. Ona görə də hazırkı şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarında olan elektron çıxarışa əsasən X2 yaşayış və qeydiyyat ünvanı ünvan 2 olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bundan başqa analoji xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal Rayon Məhkəməsi ilə Gəncə Şəhər Məhkəməsi arasında olan işə baxılma yeri barədə fikir ayrılığına Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə aydınlıq gətirilmişdir. Həmin qərarda şəxsin hazırkı yaşadığı yerin onun “olduğu yer” kimi qəbul edilməli olduğu, xüsusi ittiham qaydasında şikayətə isə şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yeri kimi göstərilən ünvan üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalı olduğu göstərilmişdir. Belə olduğu təqdirdə, CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4-cü maddəsindəki qərardır. Belə ki, CPM-nin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin CPM-nin 302.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. CPM-nin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4, X5, X6, X3, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-527/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-527/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver